Budapeşt məhkəməsi: “Erməni “fürer” yarım milyon yəhudini məhv edib”
Tarix: 09.02.2018 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“100 mindən çox erməni üçüncü Reyxin insanlıq əleyhinə törətdiyi cinayətlərdə iştirakçı olub”

Rusiyanın Əməkdar elm xadimi:
“Təkcə Qaregin Njdenin rəhbərliyi altında erməni legionu 20 mindən çox dinc insanı qətlə yetirib. Onun əlləri babalarımızın qanına bulaşıb”

Qondarma soyqırımı nağılı ilə dünyada özlərini məzlum millət kimi təqdim etməyi dövlət siyasəti xəttinə çevirən ermənilərin iç üzü, mahiyyəti bütün tribunalarda ifşa olunmalıdır. Dövlət başçısı İlham Əliyev də YAP-ın son qurultayında bildirdi ki, torpaqlarımızı işğaldan azad edənə qədər ermənilərə qarşı hücum siyasəti, onların təcrid olunması davam edəcək. Ona görə də bütün mümkün tribunalardan istifadə edərək erməni yalanları ifşa olunmalı, onların, əslində, soyqırımı törədən millət olduqları faktlarla sübut olunmalıdır: həm yəhudilərə, həm də Xocalıda azərbaycanlılara qarşı.


Rusiya Federasiya Şurasının sosial siyasət komitəsinin sədr müavini: “III Reyxlə yaxından əməkdaşlıq edən Qaregin Njdeyə Ermənistanın mərkəzində abidə ucaldılması yanlış addımdır. Bu, nasizmin təbliğatıdır”


Ermənilərə vurulan ən böyük zərbə onların faşistlərin yəhudilərə qarşı həyata keçirdikləri soyqırımında iştiraklarını yaymaqdır. Son vaxtlar bu məsələ ilə bağlı məlumatların bir çox media orqanında yer alması müsbət haldır. Bu elə məsələdir ki, ondan maksimum şəkildə istifadə etmək lazımdır. Rusiya kanallarında Ermənistanın faşist Njdeyə abidə qoyması narazılıqla qarşılandı və bu məsələ tez-tez gündəmə gətirilir. Faşistlə əməkdaşlıq etmiş birinə abidə qoyan və açılışında dövlətin başçısının da iştirak etdiyi millət və dövlət ən azından faşizmdən əziyyət çəkmiş dövlət və xalqlar tərəfindən kəskin şəkildə qınanmalı, etiraz bildirilməlidir. Bir neçə gün əvvəl Rusiya Federasiya Şurasının sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlovanın “Nezavisimaya qazeta”da bu haqda məqaləsi dərc edilmişdi. Lyudmila Kozlovanın məqaləsindən qeydlər: “Hitler Almaniyası üzərində tarixi qələbədən sonra hər kəsə elə gəlirdi ki, faşizm və nasizm əbədi olaraq keçmişdə qalıb. Bu gün isə biz əksini görürük. İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşən insanların xatirəsi təhqir olunur, onlara qoyulan abidələr dağıdılır. Xalqına xəyanətlə Hitler ordusunda vuruşaraq milyonlarla dinc insanın ölümünə səbəb olan nasistlər isə qəhrəmanlaşdırılır. Hətta nasizm simvolları dövlət səviyyəsində təbliğ olunur. III Reyxlə yaxından əməkdaşlıq edən Qaregin Njdeyə Ermənistanın mərkəzində abidə ucaldılması yanlış addımdır. Bu, nasizmin təbliğatıdır”. Rusiya Federasiya Şurasının sosial siyasət komitəsinin sədr müavini, Əməkdar həkim, Əməkdar elm xadimi, professior titullarını daşıyan biri tərəfindən bu fikirlərin səslənməsi Rusiya siyasi və elmi elitasında ermənilərlə bağlı mənfi fikir yaranmasının təsdiqləyir.

Rusiyalı politoloqlar “chang.org” platformasında Ermənistanda faşizmin “qəhrəmanlaşdırılması” əleyhinə petisiya yaradıblar
Kozlova yazır ki, Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması pis nümunədir: “Bunun qarşısı alınmadıqca nasizm meyilləri digər ölkələrə də sirayət edəcək. Belə şəxslər təbliğ oluna bilməzlər. Təkcə Qaregin Njdenin rəhbərliyi altında erməni legionu 20 mindən çox dinc insanı qətlə yetirib. Onun əlləri babalarımızın qanına bulaşıb”. Komitənin sədr müavini bu məsələnin ötən həftə Dumanın iclasında da müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, nasizmin baş qaldırması insan haqlarına ziddir və yolverilməzdir. Ona görə də rusiyalı politoloqlar “chang.org” platformasında Ermənistanda faşizmin “qəhrəmanlaşdırılması” əleyhinə petisiya yaradıblar. Sənədə qısa müddətdə 200 mindən çox imza atılıb.
Dünyanın ən güclü lobbi təşkilatlarından biri yəhudilərə məxsusdur və onlar başda ABŞ olmaqla bir çox dövlətdə ciddi söz sahibidirlər. Yəhudilər üçün isə faşistlər tərəfindən törədilən soyqırımı bütün dünya tərəfindən qəbul edilən elə bir qan yaddaşıdır ki, ona toxunmaq, müzakirə etmək belə, ciddi rezonans doğurur. Götürək elə Polşada qəbul edilən son qanunu. Bir neçə gün əvvəl Polşa parlamenti ölkələrində yaşayan yəhudilərə qarşı faşistlər tərəfindən törədilən qırğınlarda özlərinin məsuliyyət daşımadığını və bunu iddia edənlərin məsuliyyətə cəlb olunacağı ilə bağlı qanun qəbul edib. Bu qanun İsrail ilə Polşa arasında siyasi qalmaqal yaradıb. Nazirlər səviyyəsində dəvətlər ləğv edilib. Polşa dövlət başçısı əvvəlcə məsələyə bir qədər ehtiyatlı yanaşsa da, sonradan elan etdi ki, qanunu imzalayacaq və baxmaq üçün Konstitusiya Məhkəməsinə göndərəcək. Göründüyü kimi, yəhudi soyqırımı ilə bağlı xırda məsələ belə, İsrail tərəfindən böyük narazılıqla qarşılanır və təbii ki, adekvat adım atılır. İndi Njde də daxil olmaqla yəhudilərə qarşı qırğınlarda iştirak etmiş ermənilərlə bağlı əlimizdə olan məlumatlardan istifadə etmək lazımdır.

“Xüsusi hərbi kurslar keçən “Daşnaksütyun” üzvləri reyxə qəbul edilir və faşistlərin bayrağı altında yəhudilər və qaraçılara qarşı qırğınlarda fəal iştirak edirdilər”
“Novosti.az” yazır ki, erməni nasist dəstələri faşist Almaniyasının ayağının dəydiyi hər yerdə yəhudilərin qırğınlarında aktiv iştirak ediblər. Saytın təqdim etdiyi məqalədə qeyd edilir ki, Dünya müharibəsinin başlanğıcında Alman reyxinin sərəncamında 3 mini CC və “Abver” kəşfiyyatında olmaqla 27 min erməni olub. Dro və Njde erməni legion dəstələri, onların nəzdində isə Avropa və Amerikada informasiya toplanması, faşistlər tərəfindən tutulan ölkələrdə yəhudilərin məhv edilməsi və cəbhə xəttində diversiya ilə məşğul olmaq üçün iki iri kəşfiyyat dəstəsi yaradılıb. Avstriyalı araşdırmaçı E.Faqyl hesab edir ki, erməni cəza dəstələrinin faşistlər tərəfində iştirakı “şübhəsiz ki, yəhudilərin məhvi məqsədi daşıyırdı”. Başqa bir araşdırmaçı S.Uilyamsın məlumatına görə, 100 mindən çox erməni üçüncü Reyxin insanlıq əleyhinə törətdiyi cinayətlərdə iştirakçı olub. Həmin ermənilərin əsas hissəsini peşəkar qatillər, talançılar, fırıldaqçılar və kriminal ünsürlər təşkil edib. Budapeşt məhkəməsinin materiallarına əsasən, İkinci Dünya müharibəsi zamanı nasist rejim tərəfindən “macarların füreri” təyin edilən erməni F.Salosyan təkcə Macarıstanda yarım milyon macar yəhudisini məhv edib. Sayt xatırladır ki, 1938-ci ildə CC-in gələcək “qruppenfüreri” və faşist gestaposunun rəisi Henrix Müller beynəlxalq erməni terror təşkilatı olan “Daşnaksütyun” üzvlərindən daxili agentura şəbəkəsi yaratmaq üçün gizli şəkildə Bakıya səfər edib. O, 17 oktyabr 1938-ci il tarixində “mühəndis Krauze” familiyası ilə “Krup və Ko” firmasının mütəxəssislərdən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycan paytaxtına gəlib. Həmin firma müharibə vaxtı ölüm düşərgələri şəbəkəsinin sahib olub və Nürnberq prosesi zamanı dünya və insanlıq əleyhinə cinayətlərdə günahkar bilinib. Berlinə qayıdan Müller rəhbəri Himlerə hesabat verib: “Bakıya səfərimdən sonra “Daşnaksütyun” təşkilatındakı agentlərimiz barəsindəki məlumatları təsdiq edə bilərəm”. “Mühəndis Krauze”nin erməni terrorçuları ilə görüşünü təsdiq edən məlumatlar saxlanılır. Hansı ki, həmin terrorçular NKVD-nin yerli bölməsi tərəfindən açıq şəkildə qorunub. Onlara nəinki “Daşnaksütyun” tərəfindən nəzarət edilib, demək olar ki, kadrların əksəriyyəti bu təşkilatın peşəkar qatillərindən, kriminal nümayəndələrindən təşkil olunub. Xüsusi hərbi kurslar keçən “Daşnaksütyun” üzvləri reyxə qəbul edilir və faşistlərin bayrağı altında yəhudilər və qaraçılara qarşı qırğınlarda fəal iştirak edirdilər. Həmin dövrdə erməni nasizminin ruporu Qaregin Ter-Arutyunyan (Njde) tərəfindən Bolqarıstanda yaradılan “Çekarqon” təşkilatı idi. Məhz Njde tərəfindən yəhudilərdən yaxa qurtarmaq üçün bir sıra addımlar atılıb. O, antropoloq və tarixçilərdən misallar təqdim edib ki, təki erməniləri yəhudi tərəfdarı elan etməsinlər. Bunun üçün o, məşhur alman alimləri və nasist rəhbərliklə əlaqələr yaradıb, bir sıra materiallar çap etdirib. Yəhudi qırğınlarında iştirak etmiş erməni general-nasist Kanayan faşist Almaniyasının məğlubiyyətindən sonra ABŞ-a qaçıb və Bostonda ölüb. Cinayətkar Dro-nun qalıqları 24 may 2000-ci ildə Ermənistana gətirilib və ehtiramla Baş-Aparanda qəbiristanlığında dəfn edilib. Nekroloqda qeyd edilir ki, “Dronun hərbi istedad və şücaəti Rusiya və Almaniyada qeyd edilib”…
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info