İlk online elmi nəşriyyat: “Jomard Publihsing”
Tarix: 12.02.2018 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Müasir dünyada hər bir ölkənin nüfuzunu müəyyən edən amillərdən biri də elmin inkişafı ilə əlaqələndirilir. Təbii ki, bu mövqeyin əldə olunmasında elmi nəşrlərin əhəmiyyətli rolu var. Bu gün Azərbaycanda AMEA, universitetlər, digər elmi qurumlar və təşkilatlar tərəfindən çox sayda elmi jurnallar çap edilməkdədir. Bu sırada “Jomard Publihsing” Azərbaycanda və bölgədə ilk və yeni onlayn elmi nəşriyyatdır.
Bu barədə nəşriyyatın təsiscisi və ideya müəllifi “Azərbaycan” Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov məlumat verib. Qeyd edək ki, Azərbaycan Dövlət Universitetinin məzunu olan Yüsif müəllim bir sıra xarici ölkələrdə elmi ezamiyyətlərdə olmuş, Fransanın Nant Universitetində elmi tədqiqatlar aparıb, professor adı alıb. Azərbaycana döndükdən sonra yeni elmi jurnalların təsis edilməsi ideyası ilə çıxış edib. O, deyir:
--Azərbaycanda müxtəlif elm sahələri üzrə yeni elmi jurnalların təsis edilməsi və onların dünya elmi mühitinə inteqrasiyası hələ xaricdə olarkən düşündüyüm məsələlərdən idi. Layihəm İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun da diqqətindən kənarda qalmadı və dəstəkləndi. 2016-cı ildə “Müasir texnologiyalar və mühəndislik” (Modern Technology and Engineering), “Qabaqcıl riyazi modellər və tətbiqləri” (Advanced Mathematical Models & Applications), “Biologiya və yer elmlərində nailiyyətlər” (Advances in Biology & Earth Sciences), “Kənd təsərrüfatı və baytarlıq elmlərində tədqiqatlar” (Research in: Agricultural & Veterinary Sciences), “Kardioloq” (The Cardiologist), “Yeni dizayn ideyaları” (New Design Ideas), “Yeni materiallar, birləşmələr və tətbiqləri” (New Materials, Compounds and Applications) adlanan sırf elmi jurnallar təsis edildi. Qeyd edim ki, sonuncu jurnal Bakı Dövlət Universiteti ilə birgə təsis edilib. Jurnalların elmi istiqamətlərini seçərkən bir neçə mühüm amilə diqqət etdik: bu elm sahələrinin Azərbaycanda ənənəvi bazalarının olması, elmi istiqamətlərin aktuallığı və ölkəmizdə bu sahələrdə çap məhsullarının az olaması və ya heç olmaması. Bu məsələnin başqa bir önəmli təfəri də var. Alimlərimizə çap olunduqları jurnalların səviyyəsi ilə bağlı qoyulan tələblər artdıqca, onlar məqalələrini xarici, nüfuzlu, mötəbar bazalarda indekslənən jurnallarda çap etdirməyə can atırlar. Bu zaman onlar müəlliflik hüquqları ilə bağlı müəyyən sənədlərə imza atmalı olurlar. Bu isə ölkəmizdə istehsal olunan əqli məhsulun kənara axmasına səbəb olur. Belə jurnalları özümüz nəşr etməklə, nəinki bu prosesin qarşısını ala bilərik, həm də başqa ölkələrin elmi nəticələrini, innovativ həllərini ölkəmizə cəlb edə, onları sənayemizin inkişafına yönəldə bilərik.
--Qeydiyyat, dünya arenasına çıxmaq kimi məsələlərin həlli barədə nə deyərdiniz ?
--Hər bir jurnal Fransada ISSN mərkəzində qeydiyyatdan keçirilir. Jurnalların tərtibatı, dövriliyi, redaksiya heyəti, əhatə etdiyi sahələr və başqa məsələlər bu mərkəzin ciddi tələblərini ödəməlidir. Bundan sonra uyğun sahə üzrə dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlərdən ibarət redaksiya heyəti, rəyçilər bazası formalaşdırılır. Bu alimlərin arasında Rusiya, Ukrayna, Bolqarıstan, Belarus, Gürcüstan və s. kimi ölkələrin akademikləri, digər ölkələrin uyğun profilli elmi müəssisələrinin rəhbərləri, dünyada tanınmış alimlər var. Daha sonra jurnalı dünya elmi mühitinə təqdim edir və alimləri öz məqalələrini çap üçün təqdim etməyə dəvət edirik. Jurnalın sonrakı uğuru, onun alimlər tərəfindən qəbul edilməsi, tanınmış alimlərin elmi məqalələrinin çap edilməsi üçün bir platformaya çevrilməsi kimi məsələlər redaksiya heyətinin apardığı siyasətdən, daxil olan məqalələrin rəy prosesinin şəffaf və obyektiv təşkili siyasətindən asılıdır. Bu proseslər əslində hər bir elmi jurnalın taleyini müəyyən edir. Biz beynəlxalq COPE (Çap Etikası Komitəsi) təşkilatının üzvüyük və çap siyasətimizi formalaşdırarkən onun prinsiplərini əsas götürürük. Bu təşkilatın sənədlərində müəlliflərin, redaktorların və rəyçilərin fəaliyyəti üçün etik prinsiplər öz əksini tapmışdır.
--Xarici mütəxəssislərin jurnallarınıza marağı necədir?
--Sualınızın ən yaxşı cavabını jurnalların çap edilmiş saylarında görmək olar: bu saylarda Yaponiyadan tutmuş Peruya qədər ən müxtəlif ölkələrdən olan alimlərin məqalələrini görmək mümkündür. Bundan başqa, saytımıza- http://jomardpublishing.com/ diqqət etməklə dünya xəritəsində bizə müraciət edən ölkələrin siyahısını da görmək olar: sayta bağlanmış sayma sistemi həftəlik qeydiyyatı aparır. Jurnallarımız gənc olmasına baxmayaraq artıq 20-yə qədər beynəlxalq indeksləmə sisteminə daxil olmuşdur. Bunlar ABŞ, Almaniya, Avstraliya, Hindistan, Yaponiya, Rusiya, İspaniya, Avstraliya və s. ölkələrin bazalarıdır. Bu yaxınlarda Rusiya Elmi İstinad İndeksi təşkilatı (РИНЦ) ilə bağlanmış müqavilə əsasında artıq ilk 3 jurnalımız bu bazada indekslənməkdədir. İlin sonunda bəzi jurnallarımızı PubMed bazasına təqdim edəcəyik. Təbii ki, son məqsədimiz Thomson Reuters Agetliyi, Scopus kimi bazalarına daxil olmaqdır. Əminik ki, son nəticədə buna da nail olacağıq.
--Bəs azərbaycanlı alimlərin jurnallarınıza marağı və əməkdaşlarınız haqqında nə deyərdiniz?
--Maraq var. Müəyyən baryerlər - jurnalların ingilis dilli olması və alimlərimizin bəzən texniki xarakterli vərdişlərinin az olması ilə bağlıdır. Buna baxmayaraq hər sayımızda yerli alimlərin də məqalələri çap olunur. Baş redaktorlardan Almaniyanı, Türkiyəni təmsil edənlər olsa da, əksər jurnallarımızın baş redaktorları da yerli alimlərimizdir. Əməkdaşlarımız elmi fəaliyyətlə məşğul olan, elmi çap işi siyasətini və texnologiyasını yaxşı bilən, xarici dillərdə danışan və müasir texnologiyalarla işləməyi bacaran yüksək səviyyəli mütəxəssislərdir.
--Gələcək planlarınız haqda nə deyə bilərsiniz?
--Elmi jurnallarımızı ən ciddi elmi indeksləmə bazalarına daxil etməyi, ehtiyac duyulduqca yeni sahələr üzrə də jurnallar təsis etməyi düşünürük. Bu istiqamətdə olacaq bütün təklifləri müzakirə etməyə hazırıq. Məqsədimiz Azərbaycan elmini dünyada layiqincə təmsil etmək, ölkəmizin elmi nüfuzunu yüksəltməkdir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info