HEGELİN TARİX NƏZƏRİYYƏSİNDƏ ŞƏRQ-QƏRB DİXOTOMİYASI
Tarix: 12.02.2018 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Rəhim Həsənov |

AMEA-nın Fəlsəfə İnstitunun doktorantı
e-mail:hesenli.82@inbox.ru
055-661-08-10

Şərq təfəkkürü təəssüratçılıqla, 
Qərb təfəkkürü təfərrüatçılıqla səciyyələnir.
Şərqdə cəmiyyət insanların toplusu, 
Qərbdə insanlar cəmiyyətin hissələridir. Əbunəsr Farabi


Obyektiv idealizmin nəhəng nümayəndəsi, rasionalist metafizikanın məhək daşlarını yaradan Georq Vilhelm Fridrix Hegelin 1818-ci ildən dərs dediyi Berlin universitetində fəlsəfə tarixinə aid qələmə aldığı mühazirələr toplusu onun ölümündən sonra tələbələri tərəfindən çap olundu. “Fəlsəfə tarixinə dair mühazirələr” (“Vorlesungen über die Geschichte der Philosophie”) adlı əsərində o öz dövrünə qədər yazılmış fəlsəfi əsərlərə orjinal bir tərzdə yanaşmış, fəlsəfə tarixinə özünəməxsus tərzdə yanaşmış və əsasən antik dövr filosofları haqqında məlumat vermişdir. İlk dəfə olaraq Hegel fəlsəfə tarixinə bir tədqiqatçı kimi obyektiv qiymət vermiş, fəlsəfi təlimlərin bir-birinə qarşı qoyulması, əks tərəflərin qarşılaşdırılması fikri ilə razılaşmamışdır. Məfkurəvi məxəz rolunu oynayan bu əsərdə dahi filosof fəlsəfə tarixini fəlsəfi düşüncələrin, biliklərin inkişafı kimi nəzərdən keçirmişdir.
İdealist dialektikanın banilərindən biri olan G.V.F.Hegelin 1822-1830-cu illərdə Berlin universitetində dərs dediyi mühazirələr əsasında yaradılan “Tarix fəlsəfəsinə dair mühazirələr” (“Vorlesungen über die Philosophie der Weltgeschichte”) əsərində isə ayrı-ayrı xalqların xarakterlərinin, psixoloji keyfiyyətlərinin yaranmasında coğrafi mühitin göstərdiyi təsirdən söz açılır. Tarix fəlsəfəsinin insan zəkasının tam təntənəsi olduğundan söz açan Hegelə görə tarixdə inkişaf müəyyən mərhələlər üzrə gedir, bu da əsasən mütləq ruh və ideyanın davamlı inkişafından ibarətdir. Tarixə nikbin bir dünyagörüşlə baxan Hegel göstərirdi ki, tarix azadlığın inkişafıdır, bu inkişafın sonunda hamı öz azadlığını dərk edəcəkdir. “Dünya ruhu”nun ağıllı, zəruri təzahürü olan ümumdünya tarixinin əsas və son qayəsi ruhun azadlığını dərk etməsi və anlamasıdır. (1, səh. 32)
Hegelin “Tarix fəlsəfəsi” əsəri “Giriş” hissəsi də ehtiva olunmaqla “Şərq dünyası”, “Yunan dünyası”, “Roma dünyası” və “German dünyası” adlı dörd fəsildən ibarətdir. Əsərin “Giriş” hissəsi “Tarixi araşdırmağın növləri və fəlsəfi tarix araşdırmanın ümumi prinsipi”, “Bu prinsipin daha yaxından incələnməsi”, “Dünya tarixində baş verən proseslər” adlı bölmələrdən ibarətdir. “Şərq dünyası” adlı fəsil isə “Çin”, “Hindistan” (“Buddizm”), “İran” (“Zend xalqı”, “Assuriyalılar, babillilər, midiyalılar və farslar”, “Fars imperiyası və komponentləri” adlı yarımparaqraflar) adlı paraqraflardan ibarətdir. “Yunan dünyası” adlı fəsil isə “Yunan ruhunun elementləri”, “Kamil fərdin formalaşması”, “Yunan ruhunun tənəzzülü” adlı paraqraflardan ibarətdir. “Roma dünyası” adlı fəsil isə “İkinci Karfagen müharibəsinə qədər Roma”, “İkinci Karfagen müharibəsindən imperiyaya qədər Roma” adlı paraqraflardan ibarətdir. “German dünyası” adlı fəsil isə “Xristian german dünyasının elementləri”, “Orta əsrlər” və “Müasir dövr” adlı adlı paraqraflardan ibarətdir. (2)
Filosofun gəldiyi qənaətə görə dünyada tarix boyu ruh hökm sürür və dövlətdə də ilahi bir ideya vardır. Əslində ümumdünya tarixi şüurunda azadlıq və tərəqqi mövcuddur. İnsanlar rifahı istəsələr də onlar bir qayda olaraq azadlıq tələb edirlər. Dövlət isə azadlığın reallaşdırılması ilə məşğuldur, çünki onun əsas funksiyası – hüquq və mühafizədir. O mistik baxımdan dövləti mənəvi mahiyyət kəsb edən ilahi ideya kimi xarakterizə edirdi. Hegel tarixdə fərdlərin ehtiraslarının rolunu da inkar etmir, lakin ayrı-ayrı fərdlərə malik olan bu ehtirasın tarixi perspektivində ümümxalq iradəsinin olmasını da inkar etmirdi.
Ümumiyyətlə, Hegel tarixi müstəqil bir sahə kimi görürdü. Hegelə görə dünya fiziki və psixi təbiətlə əhatə olunmuşdur və hər iki təbiətin əsasında ruh vardır. Bu təbiətin tarixi də elə məhz ruhun tarixidir və dünya tarixi də ruhun yaranmasının davamından ibarətdir. Hegelə görə ruh tarixdə üç mərhələdə özünü necə göstərir:
¬ Ruhu biz bəzi anlayışlarla dərk edə bilərik.
¬ Bəzi ideyalar vasitəsi ruhu dərk edə bilərik.
¬ Ruhun təcəssümü olan dövlət formasında dərk edə bilərik.
Dahi filosofa görə tarixi hadisələr aşağıdakı tərzlərdə qələmə alınır:
1. İbtidai tarix tərzi tarixçi şahidi olduğu hadisələri eynilə təsvir etməsilə xarakterizə olunur. Bu baxımdan tarixçinin ruhu ilə qələmə aldıqlarının ruhu ekvivalent təşkil edir. Tarixçi hadisələrin çərçivəsindən kənara çıxmır və hadisələri olduğu kimi qələmə alır. Hegel bu qəbildən olan tarixçilərə nümunə kimi Heredotu və Fukididi göstərir. Çünki həm Heredot, həm də Fukidid tarixi hadisələri sadə üslubla xronoloji formada vermişdir. Hegelin fikrincə ibtidai tarix tərzində hadisənin özü yoxdur, sadəcə hadisə barədə tarxçinin məlumatı vardır, mühüm olan isə hadisənin məlumat kimi təqdim olunmasından çox hadisənin özüdür. (3, Səh.9)
2. Refleksli tarix tərzində tarixçi öz yaşadığı dövrdən əvvəl baş vermiş hadisələri təsvir edir. Refleksli tarix tərzində tarixçinin ruhu ilə yazdıqlarının ruhu eyni deyil. Burada mənbə qismində hazırda baş verən hadisələr çıxış etmir. Refleksli tarix tərzi də öz növbəsində 4 formada təzahür edir:
I. Ümumi tarix- bu formada tarixçi keçmişin ruhu ilə bu günün ruhu arasında əlaqə yaradır. Amma tarixçi bu günün ruhu içində qalması nöqteyi-nəzərindən hadisənin mahiyyətinə baş vura bilmir. Çünki bu günün ruhu ilə keçmişin ruhu eyniyyət təşkil etmir.
II. Praqmatik tarix – bu formada tarixçi tarixə praqmatik və əxlaqi cəhətdən yanaşır, keçmişdən dərs çıxarmaq istəyir. Lakin Hegelə görə tarixdən analogiya yolu ilə dərs çıxartmaq mümkün deyil, çünki dünənlə bu günün mövcud vəiyyəti eyni deyildir.
III. Tənqidi tarix – bu formada tarixçi keçmişdə olan hadisələri sərfnəzər edir, bu hadisələrin doğru olub olmadığını araşdırır.
IV. Xüsusi tarix – bu formada tarixçi tarixi müəyyən bölgülər üzrə araşdırır, məsələn incəsənət tarixi, hüquqi, tarixi, elm tarixi, ədəbiyyat tarixi kimi. Xüsusi tarixlərin məcmusu isə bizə aid olduğu çağın ruhu barədə məlumat verir.
3. Fəlsəfi tarix isə tarixin rasional şəkildə dərk olunmasıdır. Dünyaya hakim olan ağlın təzahürü dünyanın ən son məqsədi olan azadlıq deyası ilə üst-üstə düşür. Dünya tarixinin fonunda da ruh dayanmışdır. Fəlsəfənin əsas vəzifəsi ideyanın dünya tarixində necə inkişaf etdiyini göstərməkdir. (3, Səh.14)
Filosof bu qənaətə gəlir ki, ruhun əsas struktur xüsusiyyəti azadlıq anlayışında ehtiva olunmuşdur. Dünya tarixi azadlığın inkişafıdır və ruhun yeganə məqsədi də məhz azadlıqdır. Bu məqsəd dünya tarixinin istiqamətləndiyi məqsəddir, mütləq ruhun və dünyanın da istədiyi budur. Ruh əvvəlcə öz mahiyyətini qavrayır və daha sonra da öz məqsədini həyata keçirməyə başlayır.
Hegelə görə tarixin mənası təsadüfi hadisələrdən ibarət deyildir və qanunauyğun bir mahiyyət kəsb edir. Tarix substasional bir xarakterə malikdir və bu substasionallığın əsasında «sonsuz qüdrətə malik olan zəka» durur. Bütün tarixi proseslər bütövlük təşkil edir, zaman ərzində «mütləq ruhun» yaşayış yerini dəyişməsi məsələsi ortaya çıxır. Əvvəllər Şərq ölkələrində olan «mütləq ruh» Yunanıstandan və Romadan sonra Prussiya dövlətində bərqərar olmuşdur. Hegel «Tarix fəlsəfəsi» əsərində əsası Herder tərəfindən qoyulan tarixsizm - yəni, tarixin mənası nəzəriyyəsini inkişaf etdirməyə cəhd göstərmişdir və bir sıra digər maraqlı fikirlərdə irəli sürmüşdür.
Hegel «Fəlsəfə tarixi» əsərində Şərq dünyası adı altında verilən başlıqda Hindistan, Çin və İranı eyni bir bölgüyə daxil edir. Bu ölkələr arasında Hindistana, hind təfəkkür tərzinə daha çox üstünlük verən Hegel Hindistanı sehirli, mistik bir məkan kimi xarakterizə edir. «Çinə bənzər bir biçimdə Hindistan da antik olduğu qədər bu günə aid bir görünüş olsa da öz daxili dünyasındakı yetkinliyə mükəmməl bir formada çatmışdır. Hindistan hər zaman xəyalların ilham qaynağı və bizə hələ də sehirli bir dünya, pərili bir diyar olaraq görülür.» (4). Hegel «Fəlsəfə tarixi» əsərində “tilsimli ölkə” deyə adlandırdığı Hindistanın tilsimindən özü də ayrıla bilmir, hind fəlsəfə tarixi haqqında yetərli məlimat verir, kastaların bölgüsü, brahmanlar və hind adət-ənənələri haqqında söhbət açır.
Hegel din fəlsəfəsinə həsr etdiyi olduqca geniş həcimli əsərində dini dünyagörüşlər haqqında məlumat verərkən ilk olaraq Şərqdə yaranmış dini ideologiyaların mənşəyi barədə öz fikirləri bildirir. Bu zaman o bir fəlsəfə tarixçisi mövqeyindən çıxış edərək yəhudilik, buddizm, brahmanizm, qədim Misir dinləri, Çin dinləri və islam dini haqqında önəmli bilgilər verir. Lakin, Hegel Şərq fəlsəfi fikirinə elə də ciddi münasibət göstərməmiş, Şərq dünyagörüşünü, Şərq fəlsəfəsini primitiv hesab edir, fəlsəfənin Qərbdən başladığını vurğulayırdı. «Hegel Şərq təfəkkürünü fəlsəfi fikirin aşağı səviyyəsi sayırdı. O göstərirdi ki, Şərq xalqlarının fəlsəfəsi müşahidə mərhələsindədir, ona görə də layiqli bir şey verə bilməmişdir.» (5, səh. 43).
Əgər biz fəlsəfə tarixinə diqqətlə nəzər yetirsək, Şərq-Qərb fəlsəfi ənənələrinin kompartivist, müqayisəli təhlilinin yaranmasında Hegelin oynadığı rol təkzibedilməz bir mahiyyət kəsb edir. Avropamərkəzçiliyin yaranmasına vəsilə olan Hegelin Şərq fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri barədə irəli sürdüyü ideyalar mübahisə doğurmaya bilməzdi. «Ruh fəlsəfəsi»nin «Subyektiv ruh» bölümündə ayrı-ayrı xalqların xarakterini də verən Hegel ümumdünya tarixinin üç hissədən ibarət olduğunu qeyd edirdi:
1. Şərq dövrü.
2. Antik dövr.
3. Alman dövrü.
Bunları mənəvi mahiyyətin dərk edilməsi pillələrinə görə sıralayan Hegel azadlığın dərkinin vacibliyini vurğulayırdı. Azadlığı insani mahiyyəti olduğunu və Şərq dünyasında heç kim azad olmadığını, alman və xristian dünyasında isə hamının azad olduğunu iddia edirdi. Alman xalqının müsbət və üstün xarakterləri haqqında uzun-uzun danışan Hegel Şərq xalqlarına etinasız münasibət bəsləyərək, Şərq xalqlarını düşüncə tərzinin və azadlığının ən aşağı səviyyədə olması qənaətinə gəlirdi. Hegelin fikrincə, Şərq dünyasında insan hələ dərk etmirdi ki, azadlıq onun mahiyyətidir. Ona görə də, burada hamı quldur. Antik dünyada bəziləri artıq başa düşürdülər ki, azadlıq onların mahiyyətini təşkil edir. Ona görə də bunu dərk etməyən Şərq dünyasından fərqli olaraq onlar azaddırlar. Nəhayət, Hegelin nəzərincə, alman və ya xristian dünyasında hamı özünün mənəvi mahiyyətini dərk edir və buna görə də burada hamı azaddır.
İnsan faktorunun mühüm nüansa çevrildiyi Hegel fəlsəfəsində ictimaiyyətin tarixi − ictimaiyyətin mənəvi inkişaf tarixi kimi qiymətləndirilmişdir. Fərdi və ictimai şüurun, bəşəriyyətin əqli cəhətdən inkişafı haqqında idealist nəzəriyyənin əsaslarını verən Hegel ümumdünya tarixinə azadlığın inkişafı nöqteyi-nəzərindən yanaşırdı. Hegelə görə Şərq dövründə yanız despot, yəni bir nəfər, antik dövrdə və ya yunan-roma dövründə bəziləri, alman və ya xristian dövründə isə hamı azaddır. Azadlığın mənasını ruhun özünüdərkində görən filosof onu dərk olunmuş zərurət sayırdı.
Ümumdünya tarixini «ümumdünya məhkəməsi» deyə adlandıran Hegelə görə Qədim Şərq dünya ruhunun hələ ilkin mərhələsidir, yəni körpəlik çağıdır. «Beləliklə, ümumdünya tarixi Şərqdən Qərbə doğru istiqamət götürür; lakin tarixi inkişaf prosesində Şərq öz «marşrutu» ilə hərəkət edərək lazımi «mənzilə» yetişə bilməmişdir. Qərbi və Şərqi bir çox əlamət və keyfiyyətlərinə görə müqayisə edən dahi filosof Şərqin despotizmə meylli olduğunu dəfələrlə qeyd etmişdi. Hegelgöstərirdi ki, şərqli xarakterində zahirən bir-biri ilə ziddiyyət təşkil edən 2 cəhət özündə birləşmişdir: hamının (bütün ondan asılı olanların) üzərində hökm etmək ehtirası və özünün asılı olduğu adama kölə etiqadı.
Hegel öz fikirlərini əsaslandırmaq üçün bir çox Şərq xalqlarının həyat tərzindən bir çox misallar da gətirirdi... » (6)
Şərqdə Hegelə görə azadlıq məhdud bir səviyyədə özünə yer tapmışdır, əsarətin, ənənəviçiliyin və fərdiyyətsizliyin adı Hegelə görə Şərqdir. Burada Şərq ayrıca olaraq nə iqtisadi kateqoriya, nə də coğrafi bir termin deyildir. Bu göstəricilərlə Şərqin əlaqəsi olsa belə burada Şərq yalnızca insanın dünyaya baxışlar sistemi kimi nəzərə alınmalıdır. Bu baxımdan Şərqə Qərbin tam olmasa da bəzi bölgələrində və ya bəzi təbəqələrində rast gəlmək mümkündür. Yəni onlar da bu mənada Şərqli ola bilir, Şərqli dünyagörüşü ilə düşünürlər. Digər tərəfdən iqtisadi və coğrafi mənada Şərqin özündə də Qərbin aşılmamış formasına rast gəlmək mümkündür. Lakin Hegel birmənalı olaraq Şərqə laqeyd münasibət bəsləyə bilməzdi, çünki, özünün də qeyd etdiyi kim ümumdünya tarix öz inkişaf stimulatorunu məhz Şərqdən götürmüşdür. «Sonralar Avropanın dahi filosofu Hegel etirafla yazacaq: «Biz Şərqdən gəlirik; ümumdünya tarixi Asiyadan Avropaya hərəkət edib... Şərqin ilkin şərti və zəmini ailəyə əsaslanan millilikdir»».(7) Şərqlə Qərbi dəfələrlə qarşılaşdıran Hegel qeyd edirdi ki, Şərq şüuru Qərb şüuruna nisbətən daha poetik səciyyə kəsb edir. Hegel bu nisbəti xarakterizə edərkən yunan xalqını Qərb xalqları içərisində istisna təşkil etdiyini vurğulayır.
Mədəniyyət barəsinə gəldikdə isə Hegel deyirdi ki,  Şərq mədəniyyəti Tac-Mahal kimi misilsiz böyük incilər yarada bilər. Lakin, Şərq mədəniyyəti əsl mədəniyyət yarada bilməz. Bunu Hegel onunla xarakterizə edirdi ki, Şərqdə yalnız bir şəxs öz azadlığını dərk edir, bir nəfər azaddır – o isə despotdur, hökmdardır. Hegel incəsənətin özünün də üç sahəyə bölündüyü fikrini irəli sürür: simvolik incəsənət, klassik incəsənət və romantik incəsənət. Simvolik incəsənətin əsas səciyyəvi xüsusiyyəti burada yaradılanların ideyaya uyğun gəlməməsidir, incəsənət burada məqsəddən kənar bir hal daşıyır. Hegelə görə incəsənətin nəzəri formada inkişafının ilk təzahürü olan simvolik incəsənət öz xarakteristikasını Şərq mədəniyyətində, xüsusilə də qədim Hindistan, İran və Misir incəsənətində özünə yer tapmışdır. Filosof 1817-1829-cu ildə qələmə aldığı «Estetikaya dair mühazirələr» (“Vorlesungen über die Ästhetik”) əsərində bu məsələlərə geniş aspektən yanaşır. “Şərqdə bölünməz, möhkəm, vahid, substansional olanlar üstünlük təşkil edir... Qərb isə, xüsusən yeni dövrdə, sonsuzluğun müntəzəm bölünməsindən və parçalanmasından çıxış edir.” (8, səh.311)
Xristianlıq dini barəsində mühazirələrə qulaq asaraq böyüyən Hegelin islam dininə, islam fəlsəfəsinə laqeyd münasibət bəsləməsi təbii idi və o qeyd edirdi ki, islam artıq çoxdan tarixi səhnədən çıxara Şərq ətalətinə qayıtmışdır. Hegel din barəsində, həqiqət barəsində söhbət açdığı zaman qeyd edirdi ki, əsl həqiqət yalnız və yalnız konkret bir şey olmalıdır. Həqiqətin konkret olmasına bir çox misallar gətirən Hegel bu nöqteyi nəzərdən də xristianlığı digər dinlərdən üstün tutmuş, əsasən Şərqdə özünə vüsət tapan iudaizimin və islamın əsl mahiyyətini xarakterizə edə bilməmişdir. İudaizm və islam kimi Şərq dinlərində tanrı ideyası mücərrəd bir mahiyyət kəsb edir, bu mahiyyətdə konkretlik çalarları müşahidə olunmur. Xristianlıq dinində isə iudaizm və islamdan fərqli olaraq İsus Xristos obrazı bu mücərrəd tanrıya konkret olan bir «görünüş» əta edir. Hegel elə hesab edirdi ki, mücərrəd tanrı obrazı qarşısında Şərq insan zəngin ilahi duyğulardan mərhum olur, bu ilahi duyğular yalnız xristian dünyası üçün nəzərdə tutulmuşdur. Çünki, onlar konkret olaraq ilahi duyumu İsa peyğəmbərin obrazı vasitəsilə hiss edə bilirlər.
Ümumiyyətlə, fəlsəfi təfəkkürün inkişafı tarixində Hegelin əsas xidməti dünyanın dialektik anlayışını, gerçəkliyin idrakına dialektikcəsinə yanaşmanın prinsiplərini sistematik bir formada işləyib hazırlamaqdan ibarətdir. Eyni zamanda onu da qeyd etmək yerinə düşərdi ki, Hegel dialektik fikirlərin banisi deyildir. Fəlsəfə tarixinə biz əgər diqqətlə nəzər salsaq dialektik fikirlərin qədim Şərq ölkələrində və Antik Yunanstanda da mövcud olduğunun şahidi olarıq. İlk dəfə Hindistanda və Çində meydana gələn dialektik fikirlər Antik Yunanstanda müəyyən bir inkişaf mərhələsinə yüksələ bilmişdi. Hegel fəlsəfə tarixində ilk dəfə olaraq gerçəkliyin dialektik anlayışının metodunu, dialektik məntiq sistemini, dialektik düşüncə üsulunun əsas prinsiplərini işləyib hazırlamış, bunları idealist təməllər üzərində şərh etməyə çalışmışdır və buna nail olmağı bacarmışdır. Lakin Hegel əsası Qədim Şərq ölkələrində qoyulan dialektik fikirlərdən bəhrələnsə də bunu o özü etiraf etmir və yalnız antik fəlsəfəni tərənnüm edirdi. Ümumiyyətlə, Hegel fəlsəfəsi arzuolunmaz fikrlərdən xali deyildir. Hegelin «mütləq ideya» anlayışının dərk olunması prosesini son mərhələ hesab etməsi və elə burada dünyəvi əqlin sonuncu pilləsinin ortaya çıxması kimi ideyası dialektikaya zidd olan fikirlərin əsasını təşkil edirdi.
Hegel fəlsəfəsindəki bu ziddiyyətlərin əsas səbəbi azadlığın mahiyyəti haqqında irəli sürdüyü dolaşıq fikirlər idi. İnkişafı triada formasında təşkil edən Hegel inkişafın Qərbdə sona çatdığını etiraf etməklə böyük səhvə yol veriridi. İnsanların yoluna işıq saçan bu mayak, bu düha günəşi insanlara azadlığın gerçək mahiyyətinin qavranılmasının, azadlığın dərk olunmasının zəruriliyini bildirir, bütün gərgin və ziddiyyətli ömrünü də yalnız azadlığın dərkinə sərf edirdi.
Hegel elə bir fəlsəfi sitem yaratmışdır ki, bu fəlsəfi sistem təkcə alman xalqı deyil, bütün bəşər xalqları obyektiv bir surətdə mənimsəyərək ondan faydalana bilər. Hegel zəkasının, dühasının yaratdığı bu mənəvi və zəngin sərvət elmin bütün sahələrinə dair olan materialları özündə cəmləşdirmişdir. Mükəmməl fikir xəzinəsini yaradan Hegel, həqiqətin və gerçəkliyin dərk olunması prosesində bəşəriyyət üçün katalizator rolunu oynayır.
Təkcə klassik alman fəlsəfəsində deyil, ümumdünya fəlsəfə tarixində Hegel fəlsəfəsi, müəyyən mənfi xarakterlərə, məhdud cəhədlərə baxmayaraq özünə bilik zirvəsində əvəzolunmaz bir yer tutumuşdu. İnsanların praktiki və eləcə də mənəvi fəaliyyətinin ayrı-ayrı sahələri üçün lazım olan bu fəlsəfi sistem, bu mirası mənimsəmək, obyektiv dəyərləndirmək lazımdır. Haqqında söhbət açdığımız dahi filosof Hegel fəlsəfəni xalq ruhunun bir tərəfi, bir hissəsi kimi göstərmişdir. Biz ümid edirik ki, Qərbin bu möhtəşəm düşüncə sahibinin fikirləri heç bir tərəddüd və ziddiyyətə yol verilmədən, düzgün və uğurlu bir biçimdə Şərqdə və xüsusilə də Azərbaycanda elm və mədəniyyətin, mükəmməl bir fəlsəfi dünyagörüşünün yaranmasına müsbət təsir göstərəcəkdir.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. Həsənov R. Georq Vilhelm Fridrix Hegelin ruh fəlsəfəsi. Bakı,Təknur, 2011.
2. Гегель Г.В.Ф. Философия истории. СПб., 1993.
3. Hegel. Tarih felsefesi. İstanbul, 2006
4. http://www. blog.milliyet. com.
5. Zeynalov M. Fəlsəfə tarixi. Bakı, Azərbaycan nəşriyyatı, 2001.
6. http://www.merkez.az (F. Mustafa. Qloballaşma və mədəniyyət).
7. http://www.azərbaycanlı (N. Şəmsizadə. Azərbaycançılıq dünya azərbaycanlılarının milli ideologiyasıdır).
8. Г.В.Ф.Гегель. Лекции по эстетике. Т.2, СПб., Наука, 2001,




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info