“Vergi sistemi açıq və şəffaf çalışacaq“
Tarix: 14.02.2018 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergi. Şəffaflıq. İnkişaf" mövzusunda konfrans keçirilib.Vergilər nazirinin müşaviri Elçin Məmmədov konfransın əhəmiyyətindən danışıb və tədbirin vergi işçilərinin peşə bayramına təsadüf etdiyini qeyd edib. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son dövrlər vergi sahəsində həyata keçirilən tədbirlərdən danışıb.
Çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib ki, Vergilər Nazirliyi öz hədəfini iki istiqamətdə görür. Nazirlik “Dövlət büdcəsi haqqında" qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin edəcək. "Nazirlik üçün əsas məqsəd bu il bütün vergiödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir. Bunun üçün nazirlik vergiödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək. Burada mövcud olan xidmətlərə bir sıra əlavələr olacaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlara öz fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə bu işlərdə onlara dəstək olmaqdır. Düşünürəm ki, bu, əsasən, kiçik və orta biznes üçün, xüsusilə vacibdir. Çünki böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirirlər. Lazım olduğu halda kiçik vergiödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq", - deyə M.Cabbarov vurğulayıb.
O bildirib ki, Azərbaycanın makroiqtisadi göstəricilərində 2017-ci ildən başlanan pozitiv dinamikanın bu il də davam edəcəyi gözlənilir. 2018-ci ildə dövlət investisiya xərclərinin artırılması qeyri-neft sektorunun inkişafını dəstəkləyəcək. Nazir qeyd edib ki, ölkə rəhbərliyinin qeyri-neft sektorunda alternativ gəlir mənbələrinin yaradılması, ixracatın stimullaşdırılması istiqamətində qəbul etdiyi proqramların icrası, aqroparkların, sənaye park və zonalarının yaradılması, ölkənin tranzit və logistik potensialının yüksəldilməsi həm ümumi iqtisadi aktivliyə, həm də büdcə gəlirlərinə müsbət təsir göstərəcək.
Mikayıl Cabbarov Vergilər Nazirliyinin fəaliyyətində müsbət və mənfi məqamları da açıqlayıb. Nazir Vergilər Nazirliyinin mövcud fəaliyyətinin qiymətləndirilməsi və gələcək strategiyası haqqında danışarkən deyib ki, qurum öz inkişafında böyük yol keçib: "Bu yolun həm müsbət, həm də mənfi səhifələri olub. Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixcəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq əksəriyyəti elektronlaşdırılıb. "Çağrı Mərkəzi", "Bir pəncərə" sisteminin əsası bu nazirlikdə qoyulub.Mənfi səhifələrə gəldikdə bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi, xüsusən, kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir".

Azərbaycanda stimullaşdırıcı vergi siyasətinə keçiləcək
Nazir deyib ki, dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq.
Onun sözlərinə görə, həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək: "Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artımı təmin edə bilsin”.Nazir belə fikir də səsləndirib ki, "Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır".Onun sözlərinə görə, vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var: "Vergi orqanının vəzifəsi bu səhvin başvermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma “vergi ödəyicisinə göstərilən xidmətlər” anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir. Vergilər Nazirliyi düzgün vergi planlaşdırılması ilə vergidən yayınmanı fərqləndirə bilir. Birinci müsbət qarşılanırsa, ikincisini cinayət sayırıq və onun cəzasının qaçılmaz olduğunu təmin etmək üçün əlimizdən gələni edəcəyik".Nazir qeyd edib ki, bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergi toplanmasından könüllü vergi ödənilməsinə keçidi təklif edir. "Bu vergi orqanı ilə vergi ödəyicisi arasında sağlam münasibətlərin olduğunu əks etdirməklə bir sıra istiqamətlərdə də öz pozitiv effektini verəcək və cəmiyyətdə sahibkarın rolunun və nüfuzunun artırılmasına xidmət edəcək. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. İzahat işi aparacağıq ki, qanuna riayət etməklə yaşamaq daha sərfəli və şərəflidir, nəinki qanunu pozmaqla yaşamaq. Vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda qurban deyil, vətəndaş və partnyor görsünlər. Hansının ki, vəzifələri ilə yanaşı, hüquqları da var. Hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır", - deyə M.Cabbarov vurğulayıb.
Nazir qeyd edib ki, Prezidentin apardığı siyasət Cənubi Qafqaz regionunda Azərbaycanın liderliyini təmin edir: "Lakin biz nəzərə almalıyıq ki, regionun digər dövlətləri xarici və Azərbaycan investorlarının sərmayələrinin cəlb edilməsi uğrunda rəqabət aparırlar, xüsusilə bu, qeyri-neft sektoruna aiddir. Sahibkardan qanuna riayət olunmasını tələb etmək üçün Vergilər Nazirliyinin onunla münasibətdə fəaliyyəti sui-istifadə hallarının istisna edilməsi prinsipi üzərində qurulmalıdır. Təbii ki, qanuna riayət etməyən və yaxud maraqlarına uyğun gələndə qanunu yada salan vergi ödəyicisi bizdən heç bir güzəşt gözləməməlidir. Tanınmış yerli və xarici şirkətlərin də qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verdikləri bizə məlumdur. Bu şirkətlər vergi yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini də işə götürə bilər və maraqlarını müdafiə edə bilən bahalı və bacarıqlı hüquqşünasları da işə cəlb edə bilərlər. Bu gün yalnız onu deyə bilərəm ki biz bu hallar barədə məlumatlıyıq, biz tez öyrənirik və belə davranış davam edəcəyi təqdirdə bir gün vergi müfəttişinin sizin qapını döyməsinə hazır olun. Əgər siz hesab edirsiniz ki, mən mübaliğə edirəm, yadınıza salın, nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir. Dövlətin, vətəndaşın və sahibkarın maraqları bir-birinə uyğun gəlməlidir. Qanunu eyni cür və bütün vergi ödəyicilərinə tətbiq etmədən qanunçuluğa əməl edilməsini və iqtisadiyyatın inkişafını təmin etmək mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində bazarın ayrı-ayrı iştirakçılarına seçmə yolu ilə verilən, hətta ən kiçik güzəştlər bütün iqtisadiyyatın rəqabətliliyinə təsir göstərir və işğuzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Məhz buna görə bazar iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsi təkcə vergilər naziri və vergi işçiləri üçün deyil, hər bir vətəndaş üçün vacib olmalıdır. Məhz buna görə hər bir xərclədiyimiz manat leqal iqtisadiyyatda dövriyyə etməlidir".

“Aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək”
Nazir deyib ki, vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılması, şübhəsiz ki, Vergilər Nazirliyinin insan resurslarına, kadrların peşəkarlığına tələbləri artırır.M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb: “Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir". Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: "Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apelyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq".
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info