“Gəncləri elə yetişdirməliyik ki, dövləti onlara həvalə edəndə narahat olmayaq”
Tarix: 25.05.2013 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin birgə reallaşdırdıqları layihə çərçivəsində “Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu” mövzusunda seminar keçirilib. Tədbirdə ölkəmizin 27 regionundan, eləcə də Bakı və Sumqayıt şəhərlərindən 300-dək gənc iştirak edib. Seminarda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb: “Gənclərin timsalında Azərbaycan dövlətinin gələcəyini görürəm. Gələcək nəsilləri elə yetişdirməliyik ki, sabah hakimiyyət mexanizmini, dövləti onlara həvalə edəndə narahat olmayaq və bu gənclik dövlətimizin, millətimizin gələcəyini bizdən daha yaxşı idarə etsin”.

“Həmin illərdə bəzi qüvvələr
gəncləri silahlandıraraq, qruplara bölərək öz məqsədləri üçün istifadə edirdilər”


PA rəsmisi qeyd edib ki, bu, sözün əsl mənasında ciddi məsuliyyət yaradır: "Azərbaycanın həyata keçirdiyi gənclər siyasətinin təməlində bu dayanır. Azərbaycan respublikasının gənclər siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Ümumiyyətlə, Azərbaycanın bütün ictimai-siyasi istiqamətləri və digər həyati əhəmiyyətli strategiyaları Heydər Əliyev tərəfindən qoyulub". Əli Həsənov Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəldiyi dövrdə baş verən prosesləri xatırladaraq həmin illəri anarxiya dövrü kimi xarakterizə edib: "Həmin illərdə milli düşüncəli gəncləri düzgün təşkilatlandıran insanlar olmalı idi. Təəssüf ki, 1991-93-cü illərdə Azərbaycan gəncliyi düzgün istiqamətləndirilmirdi, tərbiyə olunmurdu, enerjisindən, potensialından, intellektindən və fiziki imkanlarından səmərəli istifadə olunmurdu. Təəssüf ki, həmin illərdə bəzi qüvvələr gəncləri silahlandıraraq, qruplara bölərək öz məqsədləri üçün istifadə edirdilər. Faktiki olaraq Azərbaycan gəncliyi ayrı-ayrı partiyaların çərçivəsində kimlərinsə siyasi iddiasını reallaşdırmaq məqsədi ilə mübarizəyə qoşulmuşdu. Mübarizənin istiqaməti, amalı isə bəlli deyildi. Dövlət strukturları Azərbaycan gəncliyinin nəzarət altında olması təəssüratı yaradırdı, amma əslində belə deyildi". PA rəsmisinin sözlərinə görə, gəncliyimiz tam olaraq taleyin ümidinə buraxılmışdı: "Belə bir təəssürat yaradılmışdı ki, sanki gənclik nəyinsə uğrunda mübarizə aparır, çarpışır. Ona görə 1994-cü ildə Heydər Əliyev ilk növbədə daxili sabitliyi, qanunçuluğu, dövlətçiliyi və gənclik siyasətini dövlətin əsas istiqaməti olaraq ortaya qoydu. Həmin dövrü yaxşı xatırlayıram. Əlbəttə, ümummilli liderimizi hakimiyyətə Yeni Azərbaycan Partiyası gətirmədi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan xalqının, Yeni Azərbaycan Partiyasından olan və ya olmayan, siyasətə qoşulan və yaxud da qoşulmayan hər kəsin tələbi və dəstəyi ilə baş verdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra YAP-ın qabaqçıl düşüncəli, səriştəli, qabiliyyətli üzvlərini hakimiyyət strukturlarında yerləşdirdi və Yeni Azərbaycan Partiyası Heydər Əliyevin simasında və ətrafında iqtidar partiyasına çevrildi. Beləliklə, Heydər Əliyev bütün xalqın tələbi və dəstəyi ilə hakimiyyətə gəldi".

“Bəzi dövlətlər Azərbaycanda
1991-1993-cü illərdəki ab-havanı
istəyirlər”


Əli Həsənov çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin müstəqil siyasəti xalqımızın iradəsi və milli maraqları üzərində qurulub: “Biz müstəqillikdən sağa-sola bir addım çəkildikdə, deməli, dövlətimizin maraqlarını haradasa qurban vermiş oluruq”. PA rəsmisinin sözlərinə görə, müxalifət deyir ki, ABŞ-ın dediyini niyə etmirsiniz: "ABŞ səfiri müxalifəti bir yerə yığır və deyir ki, biz iqtidara bunları dedik, iqtidar etmədi. Dərhal ondan bizə qarşı istifadə edirlər".
Bəzi dövlətlərin Azərbaycandan tələbləri məsələsinə toxunan PA rəsmisi deyib: "Azərbaycan Xəzərdə enerji resurslarını çıxarıb, xaricə satıb, dövlətimizin ehtiyaclarını ödəməkdən başqa, həm də Qazaxıstan, Türkmənistan neftini Xəzər üzərindən daşıyıb xaricə aparır. Azərbaycan burada tranzit funksiyasını yerinə yetirir. Bu tranzitdən Azərbaycan orta hesabla 1 milyard dollara qədər pul qazanır. Bəzi dövlətlər bizə opponentlik edib, ölkəmizin əleyhinə gedirlər ki, həmin tranziti özləri həyata keçirsinlər. Azərbaycan xalqı nə etməlidir? Onların fikrincə, biz əkinçiliklə məşğul olmalıyıq. Bu daşınma isə onların olmalıdır. Deməli, onun marağını təmin etdiksə, Azərbaycanın marağından bir addım çəkildik".
Ə.Həsənov bildirib ki, bəzi dövlətlər Azərbaycana qoşun yerləşdirmək istəyindədirlər: "Biz isə deyirik ki, sənin bu istəyin Dağlıq Qarabağ probleminin həllinə kömək edəcək, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, yaxud da gələcəkdə pozulmasının qarşısını alacaq? Deyirlər ki, biz o məsələyə qarışmırıq. Onda niyə hansısa xarici ölkəyə öz ərazimi qoşun saxlamaq üçün verməliyəm? Bəzi dövlətlər deyir ki, Bakı-Tbilisi- Ceyhan neft kəməri yetərli deyil, indi TANAP çəkirik. Niyə? Çünki onun burada tranzit maraqları var. Hesab edin ki, biz öz pulumuzu ona verməliyik". PA rəsmisinin sözlərinə görə, bəzi dövlətlər Azərbaycanda 1991-1993-cü illərdəki ab-havanı istəyirlər: "Kim harada, necə, nə cür istəyir, toplaşsın, mitinq keçirsin, yolu bağlasın, mağazalara hücum etsin. Belə cəmiyyət istəyirlər. Niyə deyirlər ki, Azərbaycandakı demokratiya bizi qane etmir? Çünki biz məsuliyyətli demokratiya tələb edirik. Biz deyirik ki, insan hüquqlarının balansı olmalıdır. Bir insanın hüququ başlayan yerdə, digərinin hüququ bitir. Balans hakimiyyətin əlindəki idarəçilik resursudur. Əgər bir qrup insanın istirahət etdiyi yerdə başqa bir qrup insan mitinq keçirmək istəyirsə, mütləq onun balansı tapılmalıdır. O yerdə mitinq keçirilməlidir ki, orada insanların istirahət hüququ pozulmur. Yaxud da bir insanın fərdi arzusu ictimai arzudan üstün tutulmamalıdır. İlham Əliyevin daxili siyasətinə, demokratiyaya, siyasi plüralizm məsələlərinə onların iradı bundan ibarətdir".

“Ermənistan Azərbaycanın layihələrindən bəhrələnsəydi, hər il büdcəsinə milyon dollarlarla vəsait daxil olacaqdı”


Şöbə müdiri qeyd edib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı zaman Azərbaycanın xeyrinə işləyir. PA rəsmisi bildirib ki, Azərbaycan güclənir, Ermənistan isə gündən-günə zəifləyir və insanlar buranı tərk edir: "Belə getsə, orada ancaq 1 milyon insan qalacaq. Qalanlar isə yaşlı, xəstə, ölkəni tərk edə bilməyənlərdir. Faktiki olaraq, bu ölkənin bütün resursları tükənib. Bir qrup separatçı Dağlıq Qarabağ münaqişəsi ətrafında özünün biznesini qurub".
Ə. Həsənov qeyd edib ki, Dağlıq Qarabağ ərazisindən narkotiklərin becərilməsi, daşınması və digər qeyri-qanuni əməllər üçün istifadə olunur: "Bununla uzağa getmək olmaz. Gec-tez Azərbaycan Dağlıq Qarabağı bu separatçıların əlindən azad edəcək. Əlbəttə, biz separatçıları oradan çıxardacağıq, orada doğulub yaşayanlar isə orada yaşamağa davam edəcəklər. Amma biz erməni separatçı rejiminin Dağlıq Qarabağda qalmasının və Ermənistanın bu rejimi dəstəkləməsinin qarşısını alacağıq. Bu mütləq olacaq. Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri ermənilərin resurs imkanlarını bir qarış da artırmayıb. Əksinə, rejimi qoruyacaq erməni tapmaq müşkül olub. Rusların köhnəlmiş tanklarını, texnikasını bir azdan saxlamaq mümkün olmayacaq". PA rəsmisinin sözlərinə görə, əgər Ermənistan Azərbaycanın layihələrindən bəhrələnsəydi, hər il büdcəsinə milyon dollarlarla vəsait daxil olacaqdı: "Ona görə də biz nikbinik. Əgər indiki status-kvo səbrimizin tükənəcəyi həddən keçsə, başqa vasitələrə keçmək imkanımız da var və bundan istifadə edəcəyik".
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info