“Mənim xasiyyətimlə rollarım uyğun gəlmir”
Tarix: 27.05.2013 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Əməkdar artist Cəfər Namiq Kamal: “Komik insan yoxdur, insanın düşdüyü vəziyyət komik olur. Komediya nə qədər ciddi oynanılsa, o qədər gülməli olur”

Müsahibimiz Prezident mükafatına layiq görülən incəsənət xadimlərindən biri, Əməkdar artist Cəfər Namiq Kamaldır. Cəfər müəllimlə müsahibəni oxuculara təqdim edirik:

Əhmədov Cəfər Namiq Kamal oğlu 16 avqust 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında çalışan Cəfər Əhmədov aşağıdakı rolları ifa edib: Rəcəb ("Şirinbala bal yığır" S.Qədirzadə), Elçi ("Bir parça Vətən" F.Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ.Coşqun), Aparıcı ("Şəhidlər" B.Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C.Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R.Əfəndiyev) və s. C.Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları yaradıb: Eynşteyn ("Ah,Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N.Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M.F.Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə.Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən adam ("Hərənin öz payı" X.Qoco), Şeyx Əhməd ("Ölülər" C.Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ.Əfəndiyev). Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb. Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Prezident mükafatçısıdır.

-Cəfər müəllim, bu il Prezident mükafatına layiq görülən görkəmli incəsənət xadimlərindən biri də sizsiniz. Azərbaycanın sevilən aktyorlarındansınız. Bu mükafatı sənət həyatınızda necə qiymətləndirirsiniz?
- Bu, bizim peşəmizdir. Mən artıq 42 ildir ki, professional səhnədəyəm. Məndən nə tələb edirlərsə, onu da edirəm. Qiymətləndirdikləri üçün təşəkkür edirəm. Bu işimizi ancaq tamaşaçı gözü dəyərləndirir. Onların sevgiləri və bizə qarşı diqqətləri, əlbəttə ki, biz sənət xadimlərini də fərəhləndirir.
- Aktyorluq sənətində Cəfər Namiq Kamalın görmək istədiyi işlərin hamısı həyata keçib?
- Bizdə dövlət teatrıdır. Hansı tamaşanın götürülməsi, rejissorun məni bu əsərdə görüb-görməməyi məndən asılı deyil. Amma hərdən olur ki, əsəri, rejissorun işini bəyənmədiyim üçün roldan imtina edirəm. Çünki bunu məcbur etmək olmaz. Bu, yaradıcılıqdır və bir işi gördükdə həvəslə görmək lazımdır.
- Teatr tamaşalarında oynadığınız rolların xüsusiyyətini özünüzdə hiss edirsinizmi?
- Xeyr. Ümumiyyətlə, aktyorlara “insan mühəndisi” deyirlər. Əgər mühəndis nəsə yaradırsa, aktyor da insan yaradır. Onda olmayan xasiyyət, dünyagörüşü o obrazda varsa, professional aktyor bu obrazı yarada bilir. Yəni, aktyorlar insan yaradıcısıdır. Əgər bu insanı yarada bilirsə, 30 il keçsə də, tamaşaçının yadından çıxmayacaq.
-Cəfər Namiq Kamal üçün aktyorluq və səhnə hansı məna ifadə edir?
- Aktyorluq dünyaya insan gətirmək deməkdir. Mən işimdən zövq alıram. Çünki bir insanı yaratmaq üçün təkcə məşq prosesində deyil, evdə, küçədə müxtəlif cəmiyyət auditoriyasında axtarışlar aparmaq gərəkdir. Bir insanın daxilini, zahirini, geyimini yaratmaq əvvəlcə əziyyətli olur. Amma yaratdıqdan sonra tamaşada sanki həmin insanın özü olursan. Düşünürsən ki, sən elə bu obrazı həyatında yaşamısan. Obraz maraqlı alınsa, tamaşaçı razı qalsa, aktyor da öz işindən həzz alacaq. Bu peşənin həyat yolu belə cızılır...
- Cəmiyyətin aktyorluq sənətinə marağı göz qabağındadır. Aktyorluq sənəti isə əlçatmaz sənətdir. Bu sənətə yiyələnmək, bu istedada sahib olmaq hər kəsə nəsib olmur. Bəs təhsilsiz gənclərin aktyor olmaları indiki dövr üçün hansı zərurətlər yaradır?
- Mən Nəsibə Zeynalova ilə universiteti bir ildə bitirmişəm. Amma Nəsibə xanım dərsə gəlmirdi. Onun təhsili olmasa da, istedadı var idi. O istedadı ona Allah vermişdi. Biz universiteti 1972-ci ildə bitirmişik. Universitet sadəcə yönəldir, təhsil verir. İstedad isə Allah tərəfindən bəxş olunur.
- Sənət fəaliyyətində dram teatrında çalışırsınız Ancaq seriallarda komik obrazlar yaradırsınız. Müxtəlif səpkili obrazlar sizə aktyorluq həyatınızda çətinliklər yaratmır ki?
- Mən dram teatrında 35-40-a yaxın obrazlar yaratmışam. Rollarımın əksəriyyəti komediya obrazlarıdır. Çünki mən komediya aktyoruyam. Amma ciddi rollar da oynamışam. Aktyor hər bir rolu oynamağı bacarmalıdır. İstər dram, istər faciə, istərsə də komediya olsun, bu peşəni insan yarada bilirsə, o, bütün obrazları yaradacaq. Məncə, aktyorun ampluası olmamalıdır. Komik insan yoxdur. İnsanın düşdüyü vəziyyət komik olur. Heç kim özünü gülünc vəziyyətə qoymur. Bu onun ədasında var. Komediya nə qədər ciddi oynanılsa, o qədər gülməli olur.
- Öz xasiyyətiniz rollarınızdakı obrazla uyğun olubmu?
- Mənim xasiyyətimlə rollarım uyğun gəlmir. Mən tamam başqa insanam. Mən bir az ciddiyəm. Amma oynadığım rollar başqa insanlardır.
- Aktyorluq sənətini seçəndə hansı fikirləriniz var idi?
- Biz heç bilmədik ki, bu, necə oldu. Qardaşım İlham Namiq Kamalla uşaq yaşlarından evdə kiçik teatrlar göstərirdik. Daha sonra “Pionerlər evi”nə getdik. Bizi bu sənətə Tanrı yönəldib. Buna “alın yazısı” deyirlər. Çünki nəslimizdə heç kim aktyor olmayıb və bu yolu ilk biz getdik.
- Bu gün İlham müəllimlə bir filmə ya da seriala çəkilsəniz, daha çox dram, yoxsa komik obraza üstünlük verərdiniz?
- Mənim üçün fərqi yoxdur. Əgər rol məni cəlb etsə, oynayaram. Biz bir çox tamaşalarda tərəf-müqabili olmuşuq. “Lənkəran xanın vəziri” tamaşasında mən vəzir, İlham isə xan obrazını yaradıb. “Mənim ərim dəlidir” tamaşasında iki yaxın dostu canlandırmışıq. Bundan sonra da rollar olsa, əlbəttə ki, sevə-sevə oynayaram.
- Sovet dönəmində yazılan ssenarilər daha çox üstünlük təşkil edir, yoxsa bu günün tələblərinə uyğun olan ssenarilər?
- O vaxt ssenari yazan çox idi. İndi ssenari yazanların sayı azdır. Ssenarilər isə əvvəlki kimi deyil. Bəlkə də işi peşəkar insana vermirlər. Bu da pisdir. Amma “Üç bacı” serialının ssenari müəllifinin işini bəyənirəm. Bunun nəticəsidir ki, hər kəs bu serialı sevir.
- Azərbaycan incəsənətindəki fəaliyyətinizdə gələcək arzularınız və planlarınız...
-İlk öncə can sağlığı. Sonra isə arzulayıram ki, hər kəs öz yerini bilsin. Hamı ağla qaranı seçsin. Uğurlar!
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info