“El Pais”: “Avropa problemlərini təkbaşına həll etməlidir”
Tarix: 27.05.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Umberto Eko: “Əvvəllər Avropa ABŞ-ın köməyinə bel bağlayırdı, amma indi ABŞ başqa dövlətlərə dayaq durur”

İspaniyanın “El Pais” nəşri xəbər verir ki, Burqos Universiteti Umberto Ekoya “fəxri doktor” dərəcəsini verib: “Umberto Eko Burqosa zəvvar kimi gəlmişdi. “20 yaşım olanda mən orta əsr estetikası ilə bağlı elmi iş hazırlayırdım. Gördüm ki, tədqiqat obyektim olan, roman üslubunda tikilmiş kilsələrdə Apokalipsis, Kastiliya və Leon kilsələrindəki səhnələr təsvir edilib.
İndi olmasa da, ən gözəl məbədlərdən biri Burqosda idi. Mən “Qızılgülün adı” romanımı yazanda beynimdə Burqosdan olan kor bir kitabxanaçı haqqında süjet yarandı. Yəni, mənim bütün fikirlərim bu yerlə bağlıdır”, - deyə Eko bildirib. Mayın 22-də Burqos Universitetində məşhur alimə orta əsrlər tarixi sahəsində “fəxri doktor” dərəcəsi verilib: “Yazıçı, oçerklər və romanlar müəllifi, 1980-ci illərdə yazılmış “Fukonun kəfkiri” (1989) əsəri ilə (ədəbiyyatşünaslar bu əsəri dini bestseller adlandırırlar) oxucuların sevgisini qazanmış alim yaşından 20 il daha cavan görünür. Əlindəki əsadan isə yalnız söykənmək üçün istifadə edir. Bir gün əvvəl isə o, Burqosun yaşı min ildən çox olan kitabların saxlandığı arxivlərindən birində olub. Bizim söhbətimiz kitablar və internet haqqındadır. Ona görə ki, müəllif kifayət qədər informatikaya yiyələnir və belə nəticəyə gəlmək olar ki, əgər o, klassik əsəri - “Apokalipsisi gözləyənlər və optimistlər” (1964) əsərini yenidən nəşr etməli olsaydı, onu “Apokalipsisi gözləyənlər və internet istifadəçiləri” adlandırardı. Qutenberq qalaktikasından internet qalaktikasına doğru italyan semioloqu ədəbi əsərlərə əsaslanan, müasir həyatdan götürülmüş epizodlar və texniki detallardan ibarət hiylə toru hörür. Onun yalnız bir məhdudiyyəti var: nə italyan siyasəti, nə də Avropa böhranı haqqında bir kəlmə belə, yazmır. Sonuncu vəziyyət fikirləri Avropaya sevgi ruhu ilə dolu olan yazıçı üçün qəribə görünə bilər. Bu halda alim ideyalar böhranını irəli sürür. Umberto Eko hesab edir ki, Avropanın gələcək birliyi üçün Erazmus kimi (Avropa Birliyinin birlik ölkələrinin universitetləri arasında tələbə və müəllim mübadiləsini nəzərdə tutan qeyri-kommersiya proqramı) proqramlar hazırlamaq lazımdır: “Bu, çox gözəl ideyadır. Yalnız ona görə yox ki, avropalılara müxtəlif ölkələrdən olan insanlarla nikaha girmək imkanı verdi. Yaxın on ildə bu proqram azı iki dili mənimsəyən hakim sinfin yaranmasına şərait yaradacaq. Bu proqramdan kənarda nəyəsə nail olmaq çətindir”.
Dövrümüzün ən pis hadisələri sırasında alim rasizmi - irqçiliyi qeyd edir: “İnsanların bir-biri ilə münaqişədən kənar münasibətdə olmaları vacibdir. Biz rasizmlə yalnız ispanlar Türkiyəyə gələndə deyil, türklər İspaniyaya gələndə də qarşılaşırıq. Əsl rasizm kasıblar arasında baş verir, varlılar isə irqçi deyillər, çünki bu, onlara elə də ziyan vurmur. Hazırda rasizm problemi Avropa təhsili görməmiş immiqrantlarla əlaqədardır. Avropa Birliyinin bu hissəsi itirilərsə, sonumuzdur. Daha əvvəl Avropa ABŞ-ın köməyinə bel bağlayırdısa, ABŞ indi Çin və Hindistan kimi basqa dövlətlərə dayaq durur, Avropa isə problemlərini təkbaşına həll etməlidir”. “Böhran mədəniyyətə pis təsir göstərir, ona mane olur, yoxsa əksinə, onu tələsdirir?” sualına yazıçının cavabı: “Mədəniyyat daimi böhrandır. Mədəniyyət böhran keçirmir, onun özü fasiləsiz böhran deməkdir. Böhran mədəniyyətin inkişafı üçün lazımi şərtdir”. Umberto Eko özünün çoxsaylı əsərlərində iddia edir ki, əsl xoşbəxtlik biliyə can atmaqdır: “Aristotel bunu heyranlıq adlandırırdı. Filosoflar hər zaman şad nidalarla başlayırlar. Ancaq biliyin şadyanalığında aristokratik bir şey yoxdur. Mən uşaq yaşlarından kitablara aludə oldum və budur mən illərdir ki, xoşbəxtəm, bəzən isə əksinə, ancaq bununla belə fəal həyat tərzi keçirirəm”. Umberto kimi kitab fanatlarının həyatının belə ayrılmaz hissəsinə çevrilmiş internet haqqında isə yazıçının fikirləri: “İnternet ağıllı və axmaq insanların görüşdüyü həyat kimi bir şeydir. İnternetdə bütün biliklər, eyni zamanda onların qarşıdurması yerləşdirilib. Bu isə artıq faciə deməkdir. İnsan bütün bilikləri mənimsəyəndə informasiya artıqlığı yaranır. Mən məktəbə oxumağa gedəndə mənə qalın kitablar lazım olmur. Heç kimin ağlına gəlməz ki, uşağın beyninə Britaniya ensiklopediyasını yerləşdirsin...
Əlbəttə “Hərb və sülh”ü elektron variantda oxumaq olar. Ancaq həmin əsəri 10 il bundan əvvəl oxuyub, bu gün yenidən oxumaq istəyirsinizsə, kağız variantında keçmiş illərin qoyduğunuz işarələrini görə bilərsiniz. Onu elektron variantda oxuyursunuzsa, ilk dəfə oxuyurmuşsunuz kimi olur. Predmet kimi kitab da mövcudluğunu qoruyacaq, necə ki avtomobilin ixtirasından sonra velosiped mövcudluğunu qoruyub saxlayır. İnternet tənha insanların sayını artırır. O, çoxlarına evdən işləmək imkanı versə də, onların insanlardan təcrid olunmasına gətirib çıxarır. Ancaq bu təcridin də qarşısını almaq üçün internet “Tvitter”, “Facebook” kimi sosial şəbəkələr də təklif edir. Ancaq yenə də bu şəbəkələr də təcrid olunmanı gücləndirir”.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info