“Avroliqaya düşməmək uğursuzluq olacaq“
Tarix: 22.02.2018 | Saat: 13:36:00 | E-mail | Çapa göndər


"Bu klubda işləmək hər kəs üçün şərəfdir. Sponsorlar, rəhbərlik tərəfindən dəvət gəldi. Məsələ isə ötən həftənin 5-ci günü rəsmiləşdi". Bunu "Neftçi" futbol klubunun yeni prezidenti Kamran Quliyev keçirdiyi brifinqdə deyib. Bu vəzifəyə "Sumqayıt"dan gələn K.Quliyev iş prinsiplərini açıqlayıb: "Həm "Sumqayıt"da, həm də əvvəlki iş yerlərində komanda ruhunun tərəfdarı olmuşam. Seçdiyim adamlar həmişəm mənə, çalışdıqları təşkilata dayaq olublar. Bu gündən bir yumruq kimi sıx işləyəcəyik. Eyni zamanda "Neftçi"nin yeni idman direktoru Ceyhun Sultanovu təqdim edirəm. "Sumqayıt" klubunda gördüyü iş göz qabağındadır. O, "Neftçi"də komanda və akademiya ilə bağlı bütün məsələlərə cavabdeh olacaq".
O, daha sonra klubda baş verəcəyk yeni təyinatlar barədə suallara aydınlıq gətirib: "Samir Abasovun gəlişi hazırda müzakirə olummur. Bizim baş məşqçimiz var. Tərlan Əhmədov klubumuzun tarixinə düşmüş mütəxəssis, Samir Abasov isə "Sumqayıt"ın ən sadiq funksioneridir. Mən hələ klubun əməkdaşlarını tanımıram. Elələri var ki, onlar barədə fikir sonradan formalaşacaq. İnsanları tanımaq lazımdır. Dürüstlük, fədakarlıq və sadiqlik əsas amillərdir. Mənim öz baxışım var. Çox sadiq həmkarlarla çalışacağam. Maliyyə-təsərrüfat fəaliyyətinə cavabdeh vitse-prezident Elnur Eyvazovla işləyəcəyəm. "Neftçi"yə layiq insanlar bu klubda olacaqlar".
K.Quliyev "Neftçi"nin hədəfləri barədə də danışıb: "Mən işlədiyim yerlərdə ən önəmli məsələ ab-hava olub. O cümlədən, "Neftçi" ətrafındakı qeyri-sağlam imic üzərində işləməliyik. Heyətlə bağlı nəinki "Sumqayıt"da, nə də "Neftçi"də məsələlərə qarışmıram. Baş məşqçinin tələbi üzrə futbolçular axtarılır. Bu məsələ ilə idman direktoru və seleksionerlər məşğul olur. Yalnız baş məşqçinin razılığı əsasında futbolçular cəlb oluna bilər. Əsas komanda adına layiq çıxış etməli, zirvələrdə olmalıdır. Bir neçə güclü əcnəbi futbolçu gətirməliyik ki, rəqabət artsın, yerlilər ondan nə isə öyrənsinlər. Yaxın bir həftə ərzində idman direktoru mənim üçün hesabat hazırlayacaq. Komandanın durumu haqqında daha dəqiq məlumat alacağam. Bundan sonra hara gedəcəyimizə qərar verəcəyik. Çalışacağıq ki, Avropa Liqasına vəsiqə qazanaq. Birinci gündən bu komandanın məsuliyyəti bizim çiyinlərimizdədir. Futbolçularla hansı komandaya gəldiklərinə dair söhbətlər aparılacaq. Kim "Neftçi"nin uğurları üçün çalışacaqsa, o da qalacaq".
Quliyev Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Tərlan Əhmədovla bağlı açıqlamasına da bir daha münasibət bildirib: "Ramin müəllimə böyük hörmətim var. "Sumqayıt" rəhbəri kimi dəfələrlə qəbulunda olmuşam. Onun sözlərinə biganə qala bilməzdik. Buna görə reaksiya verdik. Fürsətdən yararlanaraq, deyərdim ki, kluba ürəkləri döyünən adam olsa belə, istənilən formada müdaxilə ola bilməz. Lakin kimsə bizə tövsiyyə, məsləhət vermək istəsə, klubumuzun xeyrinə olsa, qulaq asmağa hazırıq. Bilirəm ki, Ramin müəllim əvvəlki "Neftçi" üçün çox darıxır. Məncə, elə buna görə də belə açıqlama verib".
Klubun uğurlu işi üçün ən vacib məsələlərdən birinin maliyyə olduğunu deyən K.Quliyev bu barədə də danışıb: "Elnur Eyvazov birinci gündən bu məlumatı mənə verib. Heç bir problem yoxdur. Klubumuzda maliyyə şəffaflığı var. Dövlət tərəfindən klubumuza qarşı heç bir iddia qaldırılmayıb. Maaş, mükafat sarıdan problemləri yoxdur. Eyni zamanda klubun layihələri var. Tezliklə bazanın tikintisinə start veriləcək. Yaxın 3-4 ay üçün yeni meydanlar tikib istifadəyə verəcək. Klubumuzun bazasının ən yüksək səviyyədə olması üçün sponsorlarımız lazımi şəraiti yaradacaqlar. Bir həftə vaxt istəyirəm ki, komandanı tanıyım. Ardıcıl ikinci il Avroliqaya düşməmək bizim üçün uğursuzluq olacaq. Bunun üçün buradayıq ki, komandada dəyişiklik olsun. "Neftçi" ölkəmizi avrokuboklarda təmsil etməlidir".
"Neftçi"nin rəhbəri azarkeşlərlə işə də önəm verəcəklərini vurğulayıb: "Düzdür, komandanın oyunu, nəticə vacibdir. Akademiya sarıdan problemlər var. Uğur qazanmaq üçün bizə hər cür şərait yaradılıb. Bizə vaxt da lazımdır. Azarkeşlər bizdən nəticə tələb edirlər. Biz də bu problemlər üzərində işləyəcəyik. Azarkeşləri tribunaya gətirən ilk amil oyundur. Onların bizdən küsməyə tam haqları var. "Sumqayıt"da işlədiyim vaxt ardıcıl 3 məğlubiyyətdən sonra azarkeşlərimiz azalırdı. İnanıram ki, tərəfdarlarımız bizə sonadək dəstək olacaqlar. Çünki "Neftçi" xalq komandasıdır".
K.Quliyev "Sumqayıt" azarkeşlərinə məktub hazırladığını da əlavə edib: "Neftçi"yə gəlmək qərarını vermək mənim üçün də çox çətin oldu. Bu klub mənim ilkim, məktəbim olub. "Neftçi"yə azarkeşlik edənlərin sayı qat-qat çoxdur. Sumqayıt futbolu üçün əlimdən gələni etdim. Lakin ən yaxşı anda tərk etdim. Qoyub-getmədim, tərk etdim. "Sumqayıt" nə vaxtsa Avroliqaya vəsiqə qazansa, burada az da olsa, payımın olmasına sevinəcəyəm".
Yeni klub prezidenti "Neftçi"nin yeni transferlərinə dəyərindən artıq məbləğin verilməyəcəyini söyləyib: "Dərk edirəm ki, "Neftçi"yə gələn futbolçunun məsuliyyəti və ondan tələb olunan nəticə yüksəkdir. Amma yenə hər şey bazar qiymətləri çərçivəsində olacaq. 5 manata layiq futbolçu "Neftçi"də 10 manat almayacaq. Problemimiz təkcə şişirdilmiş maaşlar deyil. Hərçənd, bu da var. Amma neçə faiz olduğunu deyə bilmərəm. Bizim əsas problemimiz futbolçuların "Neftçi"yə layiq səviyyədə çıxış etməmələridir. Hazırda kiminsə maaşına baxmaq düzgün olmaz. Yayda isə bir çox futbolçunun maaşına baxılacaq".




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info