“Uşaqlara mütaliəni sevdirmək lazımdır”
Tarix: 28.05.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Kurikulum Mərkəzində ədəbiyyat üzrə işçi qrupun üzvü Məlihə Əsədova:
“İndiki gənclər kitaba həvəs göstərmirlər, bunun üçün də
sinifdənxaric oxunu çox təşkil etməyə üstünlük verilməlidir”

Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Dövlətin təhsil siyasəti ölkənin gələcək inkişafı üçün sağlam təməl formalaşdırıb. Bu siyasət çərçivəsində həm ölkədə təhsilin səviyyəsini qaldırmaq, həm də bu sferada infrastruktur, maddi-texniki bazanı möhkəmləndirmək prioritet istiqamətlərdəndir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Təhsilin inkişafına göstərilən diqqət və qayğı onu göstərir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Təsadüfi deyil ki, son bir neçə ildə - XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanıb. Ölkəmizdə çoxsaylı məktəb binası tikilir, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bu proses ən ucqar bölgələrimizi də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək göz önündədir. Təhsilin inkişafında müəllimlərin rolu danılmazdır. Müsahibimiz Nəsimi rayonu 111 saylı tam orta məktəbin müəllimi, kurikulum üzrə 5-ci siniflər üçün proqram müəllifi, Azərbaycan dili üzrə həmmüəllif, Kurikulum Mərkəzində ədəbiyyat üzrə işçi qrupun üzvü Məlihə Əsədovadır:
-Ölkədə həyat keçirilən təhsil islahatını çox bəyənirik. Məktəbdə təchizatla bağlı heç bir problem yoxdur. Yeni ağıllı lövhələr, kompyuterlə təminat çalışmaq üçün böyük həvəs yaradır. Bundan başqa məktəblərdə kurikulumun tətbiq olunması şagirdlərdə nitqin inkişafına səbəb olub. Sərbəst fikir yürüdürlər, böyük bir fəallıq hiss edirik. Ənənəvi üsuldan fərqli olaraq indi şagirdlər bu üsulu daha çox bəyənirlər, daha aktivdirlər, fikir yürütmələri onlarda böyük üstünlüyə səbəb olur. Eyni zamanda müəllimlərin də artıq dərsə münasibəti dəyişib. Yəni, daha çox yaradıcı müəllimlər üzə çıxardılır. Mən təlimlərdə iştirak edərkən kurikulumla bağlı müəllimlərdə nə qədər inkişafın olduğunu görürəm. İlk öncə ənənəvi təhsili dəstəkləyirlər, sonra yeniliyi gördükdə onlarda həvəs yaranır. Yaşlı nəsil bir qədər yeni islahatları bəyənmir, onlara çətin gəlir. Amma sonra özləri də bəyənərək ən fəal müəllimlər olurlar. Kurikulumla bağlı kurslara getmədən öncə sanki nəsə axtarırdım, ama bilmirdim, ancaq Kurikulum mərkəzində kursa getdikdən sonra orada qərara gəldim ki, axtardığım məhz bu imiş. Ondan sonra çevrəmin genişlənməsi, təlim keçmə fəaliyyəti mənim həyatımda yaşıl bir işıq yandırdı. Hətta elə həvəsləndim ki, “İlin müəllimi” layihəsinə qatılmışam. Artıq özümdə böyük bir inam, güc hiss etdim ki, mən bu işi görməyi bacararam. Ümid edirəm ki, bu müsabiqədə qalib olacam. Artıq müəllim kimi 13 il, təlimçi kimi isə 2 ildir ki, fəaliyyət göstərirəm. Hər zaman istəyirəm ki, yenilikləri öyrənim. Bu bizim dünyagörüşümüzə çox təsir edib.
- Gənc müəllim kimi 5-7-ci sinif şagirdləri ilə çalışmaq çətinlik yaradırmı?
- Mən peşəyə gələndə ilk olaraq fikirləşirdim ki, bu peşə mənə görə deyil. Ancaq indi psixologiyam dəyişib, özümü artıq bir psixoloq kimi bilirəm. Şagirdlərə münasibətdə, ünsiyyətdə artıq ən çətin şagirdi belə ələ almağı bacarıram. Şagirdlərimə gəldikdə isə doğrudur, indi uşaqlar daha qaynar olublar. Bu, bütün siniflərin problemidir. Əslində bu, məni çox narahat edir. Uşaqlara mütaliəni sevdirmək lazımdır və buna görə də belə qənaətə gəlirik ki, onları bu istiqamətə yönəltməliyik. Kitabı sevdirməliyik, çünki böyük bir kitabda olan məlumatı, romanı, hekayəni sevə biləcəyi halda, internetdən qaynaqlanaraq kiçik məlumatdan faydalanıb onun xülasəsini oxumaq yetərli deyil. Ona görə, şagirdlərdə məktub yazmaq problemi, nitq inkişafında zəiflik yaranıb. Şagirdləri daha çox mütaliəyə cəlb etmək lazımdır. İndiki gənclər kitaba həvəs göstərmirlər. Bunun üçün də sinifdənxaric oxunu çox təşkil etmək lazımdır. Bu baxımdan kurikulumla bağlı yeniliklərdən biri də odur ki, şagirdlər sinifdə oxuyub öyrənirlər. Əvvəllər şagirdlər evdə öyrənib gəlirdilər. Amma artıq mətni şagirdlərlə birgə sinifdə oxuyub müzakirə edirik, evə bir problem qalmır. Ən zəif şagirdi belə təhsilə cəlb edə bilirik. Əvvəllər əgər yalnız müəllimin fikri öndə idisə, indi artıq belə deyil. Müəllim də, şagird də şəxsiyyətdi, onların da fikri bizim üçün önəmlidir. Artıq biz sadəcə istiqamət veririk, şagird aparıcı rol oynayır, məlumatı toplayıblar, bir qədər sərbəstlikdir.
- Bəzən belə bir fikir də səslənir ki, indiki gənclər sonuncu, 10-11-ci sinifləri məhz ali məktəbə hazırlaşmağa sərf edirlər. Sizin bir müəllim kimi buna münasibətiniz necədir?
- Bu mənim ağrılı yerimdir. Şagirdlərdə, təəssüf ki, belə bir fikir formalaşıb. Mənə elə gəlir ki, kurikulumla gələn uşaqlarda fikir daha başqadır, ümid edirəm ki, nəsə alınacaq. İndiki nəsildə informasiya bolluğu çoxdur. Lakin bununla yanaşı, sanki bir boşluq yaranıb. Uşaqlar elə düşünürlər ki, 9-ci sinfə qədər gələcəklər, sonrakı 2 ili də ancaq ali məktəb üçün hazırlaşacaqlar. Yaxşı olardı ki, uşaqlar repetitor yanına getməsinlər. Təhsili məktəbdə öyrənsinlər. Yəqin ki, məktəbdə daha güclü təhsil lazımdır ki, məktəbdən sonra qalıb burada hazırlaşsınlar. Digər tərəfdən isə bu, bəlkə də müəllimlərin maddi vəziyyəti ilə bağlıdır. Əgər bu nəzərə alınsa, daha yaxşı olardı. Şagird çalışır ki, dərsdən daha tez çıxıb getsin repetitor yanına, müəllim də eynilə çalışır ki, tez gedib uşaqlara evdə dərs keçsin. Ona görə də uşaqlarda məktəbə maraq itir. Uşaqlarda elə fikir formalaşıb ki, fərdi şəkildə elmi kənardan alacaq və məktəbdə itirdiyi vaxtı orada qazanacaq. Müəllim də şagirddə həvəs görmür. Mən də repetitorluqla məşğul oluram. Mən maddi cəhətdən çox, öz üzərimdə işləyirəm. Onlarla daha çox işlədikcə, özüm də öyrənirəm. Məncə, əməkhaqqı çox olarsa, repetitorluq müəllim üçün artıq bir şeydir. Müəllim də işdən sonra dincəlmək, asudə vaxtını ailəsinə sərf etmək istəyir.
- Şagirdlərin təhsil və tərbiyəsində valideynlərin rolunu necə qiymətləndirirsiniz?
- Məncə, hər bir valideyn istəyir ki, övladı savadlı, tərbiyəli olsun. Lakin bəzən baxıram ki, təhsilə çətin tabe olan uşaqlar var ki, onlarda çevriliş yaratmaq qeyri-mümkündür. Onların valideynləri də sırf repetitora güvənirlər. Elə şagird var ki, deyir, mənim oxumağa həvəsim yoxdur, əsgərliyə gedəcəyəm, yaxud bəzləri instituta daxil olsa da, sonra deyir çıxmışam. Niyə oxumaq istəmirlər? Fikrimcə, onlarda bir arxayınçılıq yaranıb. Məhz burada valideynlərin rolu çox önəmlidir. Lakin təbii ki, hamı belə deyil. Azərbaycanda elmə maraq böyükdür. Elmdə boşluq yaratmaq olmaz.
-Son illər ölkədə müəllimlər arasında keçirilən müsabiqələri necə dəyərləndirirsiniz?
- Çox yaxşıdır. Çünki müəllimlərdə sağlam rəqabət yaradır. Bu işin arxasında dayana bilən, özündə qabiliyyət hiss edən müəllimlər bu işin arxasınca gedir. Ölkə başçısı tərəfindən müəllimlərin əməyinin qiymətləndirilməsi onlarda da çalışmağa böyük həvəs yaradır. Bununla yanaşı, mən düşünürəm ki, televiziyada elə verilişlər olmalıdır ki, məktəblərin, müəllimlərin işi nümayiş olunsun. Niyə telekanallarda “Xalq ulduzu” verilişi olsun, amma “xalq müəllimi” olmasın? Müəllimlər də öz şagirdləri ilə bərabər müəyyən layihələrlə bağlı sırf pedaqoji verilişlərdə iştirak edə bilər. Bu verilişdə təhsillə bağlı yenilikləri də təqdim etmək olar. Müəllimlərin də buna ehtiyacı var, şagirdlər də baxıb faydalana bilər. Ümumiyyətlə, tərbiyəvi əhəmiyyətli verilişlər çox olmalıdır. Təəssüf edirəm ki, çəkilən filmlər ancaq savaşdan, sevgidən, mafiyadan bəhs edir. Mövzular hamısı eynidir. Tədrislə bağlı veriliş açılsaydı, oraya müəllimləri cəlb etmək olar.
- Tədris vəsaitləri sizi qane edirmi?
- Hazırda Azərbaycan dili ilə bağlı qramatikaya az yer verilb. Əvvəllər daha çox yer verilirdi. Ədəbiyyatla bağlı da bir problem var ki, iki kitabla dərs keçməli oluruq. Yaxud bir məktəbdə bir dərslik, digər məktəbdə başqa dərsliklə keçilir. Bu da müəllimlərin narazılığına səbəb olur. İkivariantlı kitab çətinlik yaradır. Kurikulumla gələn kitablarda müəllimə seçim var ki, hansısa mövzunu əlavə keçsin. Ama hamı belə keçmir. Dərs deməyən müəllim kitab yaza bilməz. Kitabların yazılışında da müəllimləri dəvət etmək lazımdır. Müəllim bilir ki, hansı əksikliklər var. İstərdim ki, təhsillə bağlı televiziyada təbliğat güclü olsun. Kurikulumun tətbiqində bütün məktəblərdə hər sinifdə proyektor, kompyuter olması böyük effekt verərdi. İnanıram ki, hər sinifdə kompyuter olsa, müəllim hazırladığı materialı canlı şəkildə təqdim edə bilər.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info