Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması dünya birliyini Xocalı faciəsini soyqırımı aktı kimi tanımağa çağırır
Tarix: 25.02.2018 | Saat: 05:52:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Xocalı soyqırımı ilə əlaqədar bəyanat qəbul edib


“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar bəyanat qəbul edib.
AZƏRTAC xəbər verir ki, bəyanatda son iki əsrdə erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə və kimi cinayətlər törətdikləri bildirilir. Qeyd olunur ki, XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarıb və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət edilib. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həyatını itirib, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.
Bəyanatda daha sonra deyilir: “XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir. 26 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə dəlik-deşik edilmişdi. Xəsarət alanlardan 487 nəfəri şikəst olub ki, onlardan 76 nəfəri azyaşlıdır”.
Bəyanatda vurğulanır ki, son illərdə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər daha ciddi nəticələr verməkdədir. Artıq bir sıra dövlətlər 1992-ci il fevralın 25-26-da soydaşlarımıza qarşı törədilmiş etnik təmizləmə cinayətinin əsl mahiyyətini anlayır, qətliama siyasi qiymət verilməsinin zəruri olduğunu başa düşürlər. ABŞ-ın 22 ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul ediblər. Eləcə də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı soyqırımı və insanlığa qarşı cinayət hadisəsi kimi tanıyıb, üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. Hazırda Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır.
Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən, ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb. Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu işğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 144 məbəd və 62 məscid dağıdılıb, talan edilib və yandırılıb. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib.
Bildirilir ki, Ermənistanın ölkəmizə qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Belə ki, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Bununla yanaşı, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olub və bütün dünyada geniş əks-səda doğurub.
Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya ilə müəyyən olunub.
“Xocalı soyqırımının 26-cı ildönümündə biz - Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox olan azərbaycanlıları, beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq. Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində məqsədyönlü şəkildə yüzlərlə uşaq, qadın və yaşlı insanların da daxil olduğu dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş bu qəddarlığı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi tanımağa çağırırıq. Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin”, - deyə bəyanatda qeyd olunur.
Sənəddə, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyinin bildirildiyi xatırladılır. Diqqətə çatdırılır ki, Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunsa da, Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Bundan əlavə, Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Bəyanat “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin 2018-ci il 24 fevral tarixli toplantısında qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
05.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info