Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Tarix: 01.03.2018 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Strasburqda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirib.
Anım mərasimində Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, Strasburq Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Elzas regionunda yaşayan soydaşlarımız iştirak edib.
Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi E. Eyyubov insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək, onun Azərbaycan tarixinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı səhifələrindən bir olduğunu diqqətə çatdırıb. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal nəticəsində 1 milyondan artıq azərbaycanlının doğma yurdundan didərgin salındığını diqqətə çatdırıb. O, Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi kütləvi qırğın nəticəsində 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini, 1275 nəfərin girov götürüldüyünü, 150 insanın isə itkin düşdüyünü qeyd edib.
“Bugünkü anım mərasimində iştirakımızla qətliamın qurbanlarının xatirələrini dərin ehtiramla yad edir, onların ailələri və yaxınları ilə həmrəyliyimizi nümayiş etdiririk. Əlbəttə ki, heç bir şey onların yaşadıqları itkilərlə, məruz qaldıqları iztirablarla müqayisə edilə bilməz”, - deyə E. Eyyubov vurğulayıb.
Dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətini xüsusi vurğulayan E. Eyyubov bu kampaniya sayəsində Xocalı soyqırımının dünyanın bir çox ölkələri tərəfindən soyqırım cinayəti kimi tanındığını qeyd edib. Bildirib ki, Xocalı soyqırımından 26 il ötməsinə baxmayaraq, onun ağrı-acıları yaddaşlardadır: “Azərbaycan xalqı bu tarixi, nifrət və barbarlığın qurbanı olan ailələrin iztirablarını heç vaxt unutmayacaq. Çünki bizim yaddaş borcumuz var. Təəssüf ki, bu soyqırımı törədənlər hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar. Xocalı sakinləri ədalətin bərqərar olmasını və bu qətliamı törədənlərin cəzalandırılmasını tələb edirlər. Əks təqdirdə, cəzasızlıq və susqunluq yeni insani faciələrin baş verməsinə gətirib çıxaracaq”.
Sonra fransız yazıçısı Jerar Kardon çıxış edərək Xocalı soyqırımının Dağlıq Qarabağ münaqişəsinin acı nəticəsi olduğunu bildirib. Sovet İttifaqının dağılmasından istifadə edərək “Böyük Ermənistan” qurmaq xülyasına düşən Ermənistanın torpaqlarımızı işğal etməyə başladığını vurğulayan J. Kardon Xocalıda yaşananları Srebrenitsa ilə müqayisə edib və onu Xocalı qətliamının təkrarı olduğunu diqqətə çatdırıb.
BMT-nin, Avropa Şurasının üzvü olan Ermənistanın digər bir üzv dövlətin - Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyini nəzərə çatdıran fransız yazıçısı ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycana aid tarixi-dini abidələrin, qəbirlərin məhv edildiyindən danışıb və onların məqsədinin insanları da öz mədəniyyətləri kimi məhv etmək olduğunu bildirib.
J. Kardon Azərbaycana son səfəri zamanı Füzuli rayonuna baş çəkməsindən və nənəsi ilə həyətdə oynayarkən Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmi ilə qətlə yetirilən 2 yaşlı Zəhranın məzarını ziyarət etməsindən söhbət açıb. “Onun məzarını görərkən məndə qəribə bir qəzəb və ikrah hissi yarandı. Məzarı üstünə gül qoyarkən qatilin nə qədər şərəfsiz və vicdansız olduğunu düşündüm. Mən hələ də bu hadisədən sonra azyaşlı uşağın məzarını ziyarət etdikdən sonra öz “kiçik işləri” ilə məşğul olan beynəlxalq qurumların nümayəndələrinin münasibətini və sonrakı susqunluğunu hələ də başa düşə bilmirəm: söhbət azyaşlı bir qız uşağından gedir və deməli, bu, o qədər də önəmli məsələ deyil...”, - deyə fransız yazıçısı bildirib.
J. Kardon qeyd edib ki, BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə, eləcə də digər beynəlxalq təşkilatların, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları indiyədək Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu gün Azərbaycan haqlı olaraq Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına riayət olunmasını tələb edir.
J. Kardon bildirib ki, Azərbaycanla tarixi əlaqələri baxımından, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa da münaqişənin həllində fəal rol oynamalıdır. Fransa Qərb ölkələrinin münaqişəyə münasibətdə qulaqbatırıcı sükutunu pozmaq üçün səsini eşitdirməlidir. Bu, siyasi və mənəvi bir xətadır.
Sonra dünya şöhrətli fotoqraf, bu qanlı hadisələrin şahidi olmuş Reza Deqati çıxış edib. Fotojurnalist kimi son 40 ildə dünyanın bütün müharibə və dəhşətlərini öz fotoaparatının yaddaşına həkk edərək onları şəkillərdə nəql etdiyini bildirən R. Deqati çıxışında ermənilər tərəfindən Xocalı sakinlərinin başına gətirilən işgəncə və müsibətlərdən, qətlə yetirilmiş insanların cəsədlərinin təhqir edilməsindən dəhşətə gəldiyini diqqətə çatdırıb.
“Bu səhnələr heç zaman mənim yaddaşımdan silinməyəcək. Bu qətliamın şahidi kimi mənim bunları çəkmək və dünyaya göstərmək kimi bir borcum var idi. Çünki hadisələrin şahidi olmaq həm də məsuliyyətli olmaq deməkdir. Mən bu məsuliyyəti dərk edərək, Azərbaycan xalqının başına gətirilən məşəqqətləri olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq istədim. Dünya bu hadisələrə biganə qalmamalıdır”, - deyə fotoqraf vurğulayıb. R. Deqati çıxışının sonunda qeyd edib ki, Xocalı qətliamından dərhal sonra Ağdam şəhərində olarkən çəkdiyi fotoşəkilləri özünün “Azərbaycan, günahsızların qətliamı” adlı kitabında toplayıb.
Anım mərasimində Xocalı soyqırımına dair Heydər Əliyev Fondu tərəfindən hazırlanmış qısametrajlı film nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
05.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info