“Aktyorluq əsgəri xidmət kimidir”
Tarix: 29.05.2013 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Xalq artisti Ağaxan Salmanlı: “Tamaşaçılar həm müxtəlif zövqə, həm də teatr anlayışı baxımından müxtəlif düşüncə tərzinə malikdirlər”

Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. İlk olaraq Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə “Mozalan” kinojurnalında çəkilib. 1978-ci ildə Əməkdar artist, 2005-ci ildən isə Xalq artisti adına layiq görülüb. Azərbaycan teatr və kino aktyoru Ağaxan Salmanlı 2005-ci ildə “Qızıl dərviş” mükafatı laureatı da olub. 9 may 2012-ci ildə Prezident mükafatına layiq görülüb. Görkəmli aktyorla müsahibəmizi oxuculara təqdim edirik:

Teatr səhnəsi, aktyor, yaradılan obrazlar sanki həyatın əksi olan aynaya bənzəyir. Çünki insan oğlunun həyatında yaşadığı rollar teatr adlandırdığımız mədəniyyət ocağında, səhnədə sanki bir insan kölgəsi kimi əks olunur. Yaxşı ilə pisi, güclü ilə zəifi, ağıllı, yaxud dərrakəsiz insan simasını canlandırmaq hər bir insana nəsib olan istedad deyildir. Əlbəttə ki, bunu da Allah tərəfindən insana bəxş olunan bir hədiyyə adlandırmaq olar. Aktyor həyatı bəzən min simada, bəzən də bir xüsusiyyətdə minlərlə insan yaddaşına həkk olunur. Prezident mükafatına layiq görülən incəsənət xadimləri sırasında, yaratdığı obrazlarla hər zaman tamaşaçı rəğbəti qazanan sevimli aktyorumuz Ağaxan Salmanlının adı da var. Müsahibimiz Ağaxan Salmanlıdır.
-Ağaxan müəllim, Prezident mükafatına layiq görülən incəsənət xadimləri sırasındasınız. Bu gün sizin yaradıcılığınızda kino və teatr səhnəsi hansı anlamı ifadə edir?
- Mükafatın bir meyarı var. Səhnə sənətində göstərdiyi xüsusi xidmətlərə görə. 1959-cu il sentyabrın 1-dən bu günə kimi xidmətdəyəm. Mən deyərdim, bizim xidmət əsgəri xidmətdir. Günün istənilən vaxtı çağırıla bilərsən, şəxsi həyatındakı əhvali-ruhiyyəndən asılı olmayaraq səhnənin tələb etdiyi ovqatı yüksək səviyyədə yaratmalısan.Yaddaqalan yaradıcılığa malik olmalısan. Aktyorluq fəaliyyətimdə bununla bərabər, teatr tamaşaçısının komediyalara olan ehtiyacını ödəməyə çalışmışam, məsələn, “Pul dəlisi”, “Məhəbbət bir bəladır”, “Məzəli hadisə”, “Nənənin kələyi” kimi rol aldığım tamaşalar 90-cı illərdən bu günə qədər teatrın maliyyə və tamaşaçı cəlb etmə işinə kömək olub. Əlavə şəxsi populyarlıq və hörmətimdən də tamaşaçıların teatra cəlb olunması işində fəal olmuşam. 1978-ci ildən bu yana az vaxt deyil. Bu səbəbdən mən Prezident mükafatçıları sırasındayam, yəqin ki, gələcəkdə Prezident təqaüdçüləri cərgəsinə də keçərəm, nə yaşım var ki... Hələ 72-dir. Belə baxanda nə yaşdır ki?!
-Rollar və obrazlar bir aktyor üçün həyat aynasına çevrilmir ki?
- Bir qədər obrazlı sualdır, adamı düşünməyə vadar edir. Ayna əks edir, nə var, onu da göstərir. Bu baxımdan əgər tamaşaçı rollarımı-Cəfəri, Romeonu, Arturu, “Ağ Dəvə”dəki Balakərimi, “Səhər görüşləri”ndəki Lyubimçik Ağəlini, “Ordan-burdan”dakı “mne eto nado” deyən Doktor Bayramı və s. görəndə dözməyib söz atırsa, dialoqa girirsə, deməli, rollarım həyat aynasına çevrilə bilib.
- Peşəkar aktyor kimi müasir gənc aktyorların istedadından razısınızmı?
- İstedadı təbiət verir. Fitrətən olur insanda. O istedadı yoluna qoyan, relsə salan aktyorluq məktəbidir. Bizim özüllü, böyük tarixə, təcrübəyə malik milli aktyorluq məktəbimiz var. Gənclər öyrənməlidirlər. Çox təəssüf ki, indiki nəsil öyrənməkdən, oxumaqdan, zəhmətdən qaçır.
- Vaxtilə böyük rejissorla çalışmısımız. Onların yüksək, peşəkar işlərinin şahidi olmusunuz. Bəs bu gün gənc rejissorlarımızın işləri sizi qane edirmi?
- Bu gün gənc rejissorlara ayrılan diqqət, verilən imkan lazımi səviyyədə olmadığından heç bir gənci qınamaq olmaz. Gənclərə geniş imkan verin, sonra deyək ki, ay zəifdir, ya nədir? Bu gün biz gəncləri tanımırıq. Lakin rejissor sənəti mürəkkəb sənətdir. Gənc rejissor, məncə, 35 yaşı olan, arxada 10 il iş təcrübəsi olandır. Bu iş fəlsəfədir, burada dərin zəka rol oynayır. Həmişə deyirəm, bizim işdə əsas düşünən başdır, onun da ki rejissorda olmağı mütləqdir.
-Sizcə, bir aktyorun teatr səhnəsində səhnə həyatı və oynadığı obraza qarşı duyğularını zalda əyləşən tamaşaçı hiss edirmi?
- Tamaşaçılar həm müxtəlif zövqə, həm də teatr anlayışı baxımından müxtəlif düşüncə tərzinə malikdilər. Əgər aktyorun roluna baxıb, salonda gülən, yeri gələndə ağlayan, yaxud lal-dinməz fikrə dalan tamaşaçı varsa, demək, aktyor bunu tamaşaçıya hiss etdirə bilir. Aktyor da səhnədən elə bunları tamaşaçıya yaşatmaq istəyir.
-Ağaxan Salmanlı yaradıcılıq yolunda görmək istədiyi işləri görübmü?
- Bu iş tükənməzdir. Bitməyən arzular kimidir. Biri yerinə yetmədən o biri hazırdır. Lakin dünyanı heç kəs qucaqlayıb durmur. Çox işimi görmüşəm, hələ də görürəm. Son işim Mingəçevir Dram Teatrında hazırladığım "Tıq-tıq xanım" tamaşasıdır. Həmin teatr uşaqlar üçün başqa bir tamaşa hazırlamağımı istəyib, qismət olsa, yeni teatr mövsümündə balaca tamaşaçıları sevindirərik.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info