İnformasiya və kommunikasiya texnologiyalarının inkişafında strateji hədəf
Tarix: 03.03.2018 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


2025-ci ildən sonrakı dövrdə regionun aparıcı texnologiyaəsaslı ölkəsinə çevrilmək əsas prioritetlərdən biridir
Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, həmçinin cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. İnformasiya kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanda yüksək texnologiyaların tətbiq olunması və ölkədə kosmik sənayenin yaradılması istiqamətində ardıcıl işlər həyata keçirilir.

İnformasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiya
Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Prezidentin 2014-cü il 2 aprel tarixli 359 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Dövlət Proqramının məqsədi Milli Strategiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir. Prezident tərəfindən müəyyən edilən yeni inkişaf strategiyası sayəsində ölkəmiz hazırda sürətli iqtisadi inkişaf tempinə, müasir və dayanıqlı infrastruktura, geniş kommunikasiya imkanlarına və əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir. Bu gün ölkədə İKT potensialının gücləndirilməsi, vətəndaşlara daha keyfiyyətli, rahat və müasir innovasiyaları tətbiq etməklə xidmət göstərilməsi, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, tranzit və regional informasiya magistrallarının yaradılması istiqamətində davamlı işlər görülür. Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin qəbul edilməsi də bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Sənəd telekommunikasiya sektorunun rəqabətqabiliyyətliliyi, innovativliyi, investisiya cəlbediciliyi və effektiv dövlət idarəetməsini dəstəkləməsi prinsipləri əsasında hazırlanıb.
Strateji Yol Xəritəsi: 3 strateji hədəf və 10 prioritet müəyyən edilib
Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji Yol Xəritəsində 2020-ci ilədək müəyyən edilmiş məqsədlərə çatmaq üçün 3 strateji hədəf və 10 prioritet müəyyən edilib. Strateji Yol Xəritəsində innovasiyaların tətbiqinin genişləndirilməsi üçün səmərəli mexanizmlərin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Azərbaycanın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə İKT-nin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Hazırkı güclü tərəf və imkanlarla Azərbaycanın 2025-ci ilədək telekommunikasiya sektorunun perspektivinə baxışı ölkənin telekommunikasiya və informasiya texnologiyaları infrastrukturunu gücləndirmək, bu sahədə göstərilən xidmətləri genişləndirmək və bütün tərəfləri bu xidmətlərdən istifadəyə təşviq etməkdən ibarətdir. Bu baxışın davamı kimi 2025-ci ildən sonrakı dövrdə gündəlik həyatda istifadə olunan xidmətlərin geniş tətbiqi nəticəsində regionun aparıcı texnologiyaəsaslı ölkəsinə çevrilmək əsas prioritetlərdən biridir. Bu məqsədlə, ölkədə, ilk növbədə geniş əhatə dairəsinə malik yüksəksürətli genişzolaqlı infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır. Bu məqsədə nail olmaq üçün 2020-ci ilədək aşağıda göstərilən üç strateji hədəfə çatmaq planlaşdırılır:
● idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi;
● sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması;
● hökumətin və sosial mühitin rəqəmsallaşdırılması.
Eyni zamanda rabitə əlaqələrinin inkişaf etdirilməsi, dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşdırılması, internetdən istifadənin genişləndirilməsi və özəl sektorun iştirakına təkan verilməsi məqsədilə normativ hüquqi baza təkmilləşdiriləcək. Ölkənin tranzit informasiya məkanına çevrilməsi və Azərbaycan Respublikasının ərazisindən keçməklə Şərqlə Qərb arasında informasiya axınının təmin edilməsi məqsədilə “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar “Elektron imza” sertifikatı ilə təmin olunacaqlar
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycandakı Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar naharda məlumat verib ki, Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq üçün Bakıda və regionlarda genişzolaqlı şəbəkə qurulur, yeni texnologiyalar, o cümlədən LTE texnologiyası tətbiq olunur. Azərbaycanın regionun ən təhlükəsiz DATA Mərkəzinə malik olduğunu xatırladan nazir Ramin Quluzadə Yevlax şəhərində Ehtiyat DATA Mərkəzinin qurulduğunu bildirib. Mərkəzin fəaliyyətinin genişləndirilməsi üçün "Microsoft" şirkəti ilə memorandum imzalanıb. Nazir deyib ki, elektron xidmətlərin cəmləşdiyi vahid platforma olan "Elektron hökumət" portalı vasitəsilə hazırda 89 qurum tərəfindən vətəndaşlara 440 elektron xidmət göstərilir. Portalın daimi istifadəçilərinin sayı 700 mindir. Ümumilikdə elektron xidmətlərə müraciət sayı 60 milyonu ötüb. 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar “Elektron imza” sertifikatı ilə təmin olunacaqlar. Bunun üçün müvafiq infrastruktur artıq hazırdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyətlə əlaqələr sektorundan “Palitra”ya bildiriblər ki, hazırda respublika üzrə əhalinin hər 100 nəfərinə düşən sabit şəbəkə abunəçilərinin sayı 15-ə, hər 100 ailəyə düşən abunəçilərin sayı 63-ə, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 106-ya bərabərdir. Əhalinin 78%-i internet, 72%-i isə genişzolaqlı internet istifadəçisidir. Xidmətlərin istifadəçilərə yaxınlaşdırılması və xidmət keyfiyyətinin artırılması məqsədilə mənzillərə yüksəksürətli internet xidməti verilməsinə imkan yaradan layihənin tətbiqinə başlanılıb. GPON texnologiyası vasitəsilə genişzolaqlı xidmətlərin əhatə dairəsinin artırılması məqsədilə ümumi tutumu 30 min abunəçi olan GPON avadanlığı quraşdırılaraq istismara verilib. Bu layihənin tətbiqi ilə əhali və təşkilatlar 1 Gbit/s və daha yüksəksürətli internet xidmətindən istifadə etmək imkanı əldə edib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi 2017-2018” hesabatına əsasən, Azərbaycan 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdə qərarlaşıb və bu göstərici ilə dünyanın orta göstəricisini 1.7 dəfə qabaqlayır. Müasir texnologiya sayəsində əlavə avadanlıq olmadan, bir xətt üzərindən əhaliyə telefon, internet və televiziya xidmətləri göstərilir. Eyni zamanda dördüncü nəsil simsiz rabitə texnologiyası üzərindən xidmət də həyata keçirilir. Artıq Bakıda və Xaçmazın 4 kəndində bu texnologiya test qaydasında tətbiq edilib. Bir il ərzində layihə Abşeron yarımadasını da əhatə edəcək. “İctimai İnternet” layihəsi çərçivəsində 18 məkan pulsuz internetlə təmin olunub. Avropada 1 internet provayderinin təmin etdiyi ən geniş pulsuz “Wi-Fi” zonası Bakıdadır. Yeni yaradılan xidmət mərkəzlərindən biri də “Şəbəkə”dir. Hazırda respublika üzrə 5 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda yerləşir, digəri isə Cəlilabad şəhərindədir. Xidmət şəbəkəsinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin ölkənin bütün böyük şəhər və rayonlarında açılması nəzərdə tutulur.
İkinci telekommunikasiya peyki bu ilin ortalarında orbitə çıxarılacaq
Azərbaycanın ikinci peyki - “Azerspace-2”-nin tikintisi üzrə işlər planlaşdırıldığı kimi aparılır. Peyk 2018-ci ilin ortalarında orbitə çıxarılacaq. Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan “Azerspace-1” peyki Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ölkədə internet və genişzolaqlı xidmətlərin inkişafı beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Belə ki, Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının, Cornell Universitetinin, Dünya üçün Biznes Məktəbinin ortaq əməkdaşlığı ilə 2017-ci ildə dərc olunmuş “Qlobal İnnovasiya İndeksi 2017” hesabatında Azərbaycan “Qlobal İnnovasiya İndeksi” üzrə əvvəlki mövqeyindən 3 pillə irəliləyərək dünyanın 127 ölkəsi arasında 82-ci yerə yüksəlib. Dünya İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan “Qlobal Rəqabətqabliyyətlilik İndeksi” üzrə dünyanın 137 ölkəsi arasında əvvəlki mövqeyindən 2 pillə irəliləyərək 35-ci yerə yüksəlib və MDB məkanında öz lider mövqeyini qoruyub saxlaya bilib. Həmçinin bu hesabata əsasən innovasiya amili üzrə Azərbaycan əvvəlki mövqeyindən 11 pillə irəliləyərək 33-cü yerə yüksəlib.
Anar Miriyev
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info