Məhəmmədəli Əliyev Elşad Abdullayevi məhkəməyə verəcək
Tarix: 29.05.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


“Videoyazılarda olan danışıqlar və Elşad Abdullayevin mənim adımdan istifadə edib yazdığı məlumatların hamısı onun uydurmasıdır”

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin yaydığı sonuncu videogörüntülərdə adı hallanan Məhəmmədəli Əliyev sabiq rektorla bağlı bəyanat yayıb.
M.Əliyev bəyanatda bildirir ki, o, 1989-cu ildən Bakı Şəhəri İcra Hakimiyyətinin təmir-tikinti trestinin 7-ci mikrorayonda yerləşən yataqxanasında komendant işləyib. 1999-cu ildən yataqxana ABU-nun balansına keçəndən sonra komendant kimi fəaliyyətini davam etdirib: “Elşad Abdullayevlə mənim aramda normal işçi münasibətləri olub. Lakin, onun mənə qarşı etdiyi haqsızlıqlar mənim işdən qovulmağımla nəticələnib. Hazırda da o, mənə etdiyi qanunsuzluqları davam etdirir. Elşad Abdullayev kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə mənimlə bağlı yazılar, video görüntülər yayımladıqdan sonra mən yaşlı bir insan kimi, özüm və ailəm böyük stress keçirdim. Özü bir yana qalsın, məni də öz çirkin oyunlarına qatmaq istəyir. Elşad Abdullayevin bu qanunsuzluqları məni bəyanat verməyə məcbur edir”. M.Əliyev bəyan edib ki, E. Abdullayevin yaydığı videogörüntülər yalan və uydurmadır: “İctimaiyyətə bəyan etmək istəyirəm ki, videoyazılarda olan danışıqlar və Elşad Abdullayevin mənim adımdan istifadə edib yazdığı məlumatların hamısı onun uydurmasıdır. Təfsilatı ilə bildirmək istəyirəm ki, 2009-cu ilin dekabr ayının xatırlamadığım tarixində axşam saatlarında Elşad Abdullayev məni universitetdə olan xidməti otağına çağırıb özünün istirahət otağına apardı və orada mənə bildirdi ki, mən səni hazırlamaq istəyirəm, Mahirin itkin düşməsi ilə əlaqədar səni prokurorluğa çağıranda bu sözləri deyərsən. Elşaddan nə üçün məni prokurorluğa çağıracaqlarını soruşduqda, o dedi ki, mən sənə dediyim sözləri, ifadə verərkən deməlisən, yoxsa səni işdən çıxararam. Ailəmi dolandırmaq xatirinə Elşada “de görüm nə deyirsən, nə deməliyəm mən”, dedim.
Elşad Abdullayev ilkin olaraq təkid edirdi ki, ifadə verərkən yalandan deyim, guya Mahiri sonuncu dəfə 13 oktyabr 2003-cü ildə onunla pul vermək üçün Nizami küçəsi, 4 saylı evə girəndə görüşmüşəm, guya onun arxasınca isə 2 oğlan həmin evə girib, bundan başqa guya bir müddət sonra Mahirin dostu Sənan həmin evdən düşüb öz maşınına minib oradan uzaqlaşıblar. Bunu Elşad Abdullayev əvvəl özü şifahi olaraq istirahət otağında mənə bildirdi və növbəti gün gəlib bunu onunla müzakirə etməli olduğumu söylədi. Səhəri gün Elşadın köməkçisi məni yenidən axşam saatlarında xidməti otağına dəvət etdi. Bu dəfə Elşad Abdullayevlə onun iş otağında əyləşdik və o mənimlə əvvəlki gün özünün mənə dediyi qeyd olunan söhbət barədə müzakirə aparmağa başladı və mənə çıxanda dedi ki, prokurorluğa dəvət olunanda da bu cür ifadə verərsən. Növbəti gün Elşad məni yenidən yanına dəvət edərək ilkin olaraq mənə şifahi bildirdiklərini, kağızda yazılı formada verib tapşırdı ki, orada yazılanları əzbərləyib onun yanına gəlim. Bu yazılarda bundan başqa mənim guya Milli Təhlükəsizlik Nazirliyinə getməyim, guya orada Hilal Əsədovun və Əli Nağıyevin yanında olmağım, guya MTN-də Mətanət İsgəndərli, Ələddin, Sənanla üzləşməyim və digər söhbətlər əks olunmuşdu. Mən onları əzbərləyəndən sonra səhəri gün yenidən axşam saatlarında Elşadın yanına gedərək əzbərləmək üçün mənə verdiyi kağızda olan mövzu ətrafında danışmağa başladıq”.
M.Əliyev qəti şəkildə bildirib ki, heç vaxt MTN-də olmayıb: “Mən heç vaxt MTN-də olmamışam, orada hər hansı nazir müavininin qəbuluna girməmişəm, Hilal Əsədov, Əli Nağıyev, Mətanət İsgəndərli, Sənan, Ələddin və Elşadın göstərdiyi başqa şəxslərlə həyatım boyu heç bir ünsiyyətim, tanışlığım, qeyd olunan mövzularda söhbətim olmayıb. Mahirin nə səbəbə, hansı qaydada və şəraitdə itkin düşməsi, həmçinin bu hadisə ilə əlaqəli şəxslər barəsində heç bir məlumatım yoxdur. İnternetdə yayımlanmış videogörüntüdə əks olunmuş danışıqların hamısı Elşad Abdullayev tərəfindən qabaqcadan hazırlanaraq mənə verilib. Bunların hamısı Elşadın uydurması olub, o, sadəcə məndən istifadə edərək bu çirkin niyyətlərini həyata keçirməyə çalışıb. Bu söhbətdə iştirak etməyimə yeganə səbəb Elşadın məni işdən çıxarmasından qorxum olub. Eyni zamanda qeyd etmək istəyirəm ki, Elşad bir dəfə mənə dedikləri barədə ərizə yazıb prokurorluğa göndərməyimi xahiş etsə də, bundan imtina etmişəm. Bu səbəbə görə Elşad 2010-cu ilin iyul ayında məni işdən çıxarıb və həmin dövrdən nə onunla, nə də onun yaxın ətrafından hər hansı şəxslə heç bir əlaqəm olmayıb. Mən üç dəfə prokurorluqda bu məsələlərlə əlaqədar ifadə vermişəm. Bəyan edirəm ki, məndən ifadə alanda Elşad Abdullayevdən fərqli olaraq nə müstəntiqlər, nə də ki hüquq-mühafizə orqanlarının hər-hansı işçisi heç bir təzyiq göstərməyib, mənimlə normal qaydada davranıblar. İfadələrimi də tam düzgün olaraq, səmimi vermişəm və prokurorluqda verdiyim ifadələrimi bir daha təsdiq edirəm. Mən yaşlı insanam, qaçqın həyatı yaşayıram, Elşad Abdullayev kimi heç kəsi aldatmamışam və ona-buna hədə-qorxu gələrək evlərini satdırmağa məcbur etməklə pul qazanmamışam. Mənim 71 yaşımda Allahdan başqa qorxacağım bir kimsə yoxdur. Elşad Abdullayevə müraciət edib qəti şəkildə tələb edirəm ki, bir daha mənim adımdan istifadə etməsin, məni öz çirkin oyunlarına qatmasın. Əks təqdirdə onu məhkəməyə verəcəyəm”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info