“Dərsliklərin dili anlaşıqlı olmalı və tələblərə cavab verməlidir”
Tarix: 06.03.2018 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Melihə Əsədova: “Məktəblinin yaxın dostu müəllim və valideyndir. Biz bunu qəlbən hiss etməli, onların maraq dairəsinə uyğun fəaliyyətlərini dəstəkləməyi və həvəsləndirməyi bacarmalıyıq”

Bu gün gənc müəllimlərimiz şagirdlərə müasir tədris metodlarından istifadə etməklə bilik öyrədirlər. Təbii ki, tədris zamanı ən önəmli amil şagirdə həmin fənni sevdirmək, əsl bilik verməkdir. Bu sahədə öz fəaliyyəti ilə seçilən gənc müəllimlərimizdən biri də 111 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, BSU-nun doktorantı Melihə Əsədovadır:
-Son vaxtlar fəaliyyətinizdə hansı yenilikləriniz, uğurlarınız olub?
- Son vaxtlar ən yeni nailiyyətim Bakı Slavyan Universitetinin Azərbaycan dili ixtisası üzrə doktoranturanı bitirməyimdir. Müdafiəyə hazırlaşıram. Dissertasiya mövzum Azərbaycan dili üzrə “ Qərb qrupu dialekt və şivələrinin linqvistik təhlili”dir. Ümid edirəm ki, elmi işimdəki yeniliklər elm sahəsində gələcək nəsillərin axtardığı suallara cavab verəcək. Gələcəkdə daha böyük nailiyyətlərə imza atmaqda iddialıyam.
- Dərslərdə hansı yeniliklər tətbiq edilir, şagirdlərin marağını daha da artırmaq üçün hansı üsullardan istifadə edirsiniz?
-Bildiyimiz kimi, bu gün ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsiplərində pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəkildə (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir. Təlimdə bərabər imkanların yaradılması, şagirdyönümlülük, inkişafyönümlülük, fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması vacib amillərdən sayılır. Bunu əsas tutaraq qeyd edə bilərəm ki, dərs zamanı şagirdlərə istiqamət verməklə mərkəzdə şagird dayanır və onlarla daim dialoji ünsiyyət qurmaqla təlim nəticələrini əsas götürərək onların tələb və marağına uyğun rollu oyunlar, qruplarla, cütlərlə və fərdi şəkildə dərslərimiz qurulur. Bu gün mərkəzdə şagird dayanır, müəllim isə fasilitatordur.
-Dərslərdə müəllimlərin yeni texnologiyalardan istifadəsini necə dəyərləndirirsiniz. Bu, dərslərin keyfiyyətinin artmasına imkan verirmi?
-Kurikulum islahatını zəruri edən səbəblərdən biri də informasiya əsrinin tələbləridir. Məhz bu səbəbdən qeyd edə bilərəm ki, müəllimlərin yeni texnologiyalardan istifadə edə bilməsi tədrisdə öz səmərəli nəticəsini göstərir. Belə bir Çin hikmətli məsəli var: “Mənə de –mən yaddan çıxarım . Mənə göstər –mən yadda saxlayım. Məni cəlb et-mən öyrənim”. Bu nöqteyi-nəzərdən çıxış etmək imkan verir ki, şagird gördüyünü daha rahat təsvir edir və anlayaraq nəticə çıxarır. Müəllimlərimizin İKT sahəsində müsabiqələrdə uğurları məni çox sevindirir.
- Son illər Azərbaycan dili və ədəbiyyatı fənninə uşaqların marağının daha da artmasını müşahidə edirsinizmi?
-Azərbaycan dili və ədəbiyyat fənni elə bir fəndir ki, həmişə diqqət mərkəzində olub. Dövlət dilimizə –Ana dilimizə dövlətimizin qayğısı nəticəsində kitabxanalarımız kitablarla zənginləşib və şagirdlərimizin mütaliəyə marağı artıb. Şagirdlərimiz “Ədəbiyyat biliciləri”müsabiqəsinə cəlb olunmaqla Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsiistiqamətində əhəmiyyətli rol oynayır.
-Dərsliklərdə hansı yeniliklər var və bu istiqamətdə təklifləriniz varmı?
-Dərslikləri nəzərdən keçirəndə yenilikləri, onların yaxşı mənada təkmilləşdiyini görürük. Azərbaycan dili üzrə həm oxu, həm də dil qaydalarının paralel şəkildə tədris olunması təqdirəlayiqdir. Bu, şagirdlərdə nəinki oxuyub-anlama, həm də məntiqi və yaradıcı təfəkkürün inkişafına səbəb olur. Bir dərslik eksperti kimi təklif edərdim ki, kurikulum islahatı ali məktəblərdə də öz əksini tapsın. Bu həm qiymətləndirmədə obyektivliyə, həm də tələbələrin maraq dairəsini əhatə edər desək, yanılmarıq. Hətta bildiyimə görə, bəzi ali məktəblərdə yeni yanaşmalarla dərs keçən müəllimlərimiz var və nəticələr sevindiricidir. Çünki onlar da təlim məqsədlərinə uyğun olaraq tapşırıqları icra etdikcə fəal və ənənəvi dərs arasında fərqi müəyyən edərlər. Ümumiyyətlə, dərsliklərin dili anlaşıqlı və bütün tələblərə cavab verməlidir. Yəni dərslik bir nömrəli bilik mənbəyi olmalıdır. Şagirdi maraqlandıranvə axtardığı sualların cavabları, qaydalar tapşırığa uyğun orda öz əksini tapmalıdır. Bu qaranlıq məsələlər bəzi ibtidai sinif dərsliklərindədir. Onlara bir daha diqqət yetirilməsi tövsiyə olunur.
-Son vaxtlar buraxılış imtahanlarının yeni qaydada keçirilməsini necə qiymətləndirirsiniz? Bu, şagirdləri daha yaxşı oxumağa sövq edirmi?
-Buraxılış imtahanlarının yeni qaydada keçirilməsi hər kəsi narahat edir. Bu necə və hansı şəkildə keçiriləcək. Mən bunun həm müsbət, həm da mənfi tərəfini qeyd etmək istərdim. Elə şagirdlər var ki, onların söz ehtiyatı azdır və geniş fikir bildirməkdə çətinlik çəkirlər. Lakin qapalı suallarda daha aktiv özünü göstərir. Elə şagirdlər də var ki, onlarhər iki prosesin gedişatında yüksək nailiyyət əldə edə bilər. Yəni düşünürəm ki, şagirdlərin müxtəlif yöndə bilik və bacarıqları hərtərəfli nəzərə alınmalıdır.Yaxşı olardı ki, açıq suallarbarədə həm müəllimlərə, həm də şagirdlər arasında geniş məlumatlandırma və maarifləndirməişi aparılsın.
- Şagirdin ən yaxın dostundan biri də müəllimdir, deyirlər. Sizcə, bu, onların asudə vaxtının düzgün təşkilində müsbət rol oynayırmı?
-Çalışıram ki, şagirdlərimlə asudə vaxtın səmərəli keçirilməsini tənzimləyim. Asudə vaxt deyərkən ilk öncə, bəlkə də,ağıla yatmaq, dincəlmək, televizor seyr etmək gəlir. Bu belə deyil. Səmərəli vaxtın müxtəlif yolları vardır: Mühüm istiqamətlərdən biri teatr, gəzintilər, müxtəlif uşaq oyunları, yarışlara sövq etmə uşaqlarda sevinc hissi oyadır, onlarda vətənpərvərlik və öz xalqına məhəbbəti artırır. Kütləvi tədbirlərin hazırlanması, yəni kollektiv tədbirlərə cəlb edəndə şagirdlərdə kollektivliyə marağı və məsuliyyəti artırır və şəxsi maraqları üstələyir. Bu gün zamanın tələbinə uyğun təhsilə yanaşsaq, deyə bilərik ki, məktəblinin yaxın dostu müəllim və valideyndir. Biz bunu qəlbən hiss etməli, onların maraq dairəsinə uyğun fəaliyyətlərini dəstəkləməyi və həvəsləndirməyi bacarmalıyıq. Şagird hər çətinliyində müəllimini yanında görməlidir. Psixoloji tədqiqatlar göstərir ki, şagirdlərin fərdi xüsusiyyətləri təlim fəaliyyəti baxımından eynimənalı deyil. Onların temperament xüsusiyyətləri tədris fəaliyyətinə bilavasitə deyil, dolayısı ilə təsir göstərir. Şagirdlərin elə xüsusiyyətləri var ki, onlar, bir tərəfdən tədris fəaliyyətinə təsir göstərir,digər tərəfdən tədris fəaliyyətinin nəticəsi məhz onlardan asılıdır. Bunlar biri-biri ilə çox əlaqəlidir. Təhsil Nazirliyinin “İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi” istiqamətində layihələrin dəstəklənməsi təqdirəlayiq haldır. Layihələr təkcə şagirdlərə deyil, müəllimlərə də stimul verir. Müəllim şagirdlərlə hansı şəkildə işləməyi düşünür, onları zamanın nəbzinə uyğun inkişaf etdirməyi planlaşdırır. Çünki istedadlı uşaqların “adiləşməsi”, ümumi intellektual və yaradıcılıq potensialının tənəzzülü onlarda ruh düşkünlüyünə, özünə inamsızlığa gətirib çıxara bilər.Şagirdlərimizi sosial işlərə və layihələrə cəlb etməklə onlarda özünəinam hissi yaradır və həvəslənirlər. Gənc nəsli düzgünistiqamətləndirmək, hadisələridoğru qiymətləndirmək bacarığını aşıladıqca biz onları gələcəyə hazırlayırıq, onlarda əsl mənəvi xarakterin və hətta onların taleyinin formalaşmasına kömək edirik.Şagird, məktəb illərində öz vaxtına düzgün və səmərəli nəzarət edərsə, sabah gələcək həyatının taleyini düzgün quracaq.
- Müəllimlərin yeni layihələrə cəlb olunması onların fəaliyyətində hansı rolu oynayır?
- Müəllimlərin yeni layihələrə cəlb olunmasını alqışlayıram. Təhsil Nazirliyinin 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini, “Elektron təhsil”respublika müsabiqəsini təqdirəlayiq hal kimi qiymətləndirirəm. Qeyd etdiyim kimi, istedadlı şagirdlərin “adiləşməsi”, ümumi intellektual və yaradıcılıq potensialının tənəzzülü onlarda inamsızlığa gətirib çıxardığı kimi, eləcə də eyni fikirləri müəllimə də aid etmək olar. Amma belə layihələr müəllimləri “adiləşmək”dən xilas edir. İstedadlı, potensialı olan müəllimlər daxili təlatümünü yaxşı mənada fikirləri ilə ifadə edir və cəmiyyətə, millətinə yararlı olduğunu nümayiş etdirir. Mən həm şagirdlərə, həm də müəllimlərə gələcək işlərində müvəffəqiyyətlər arzu edirəm.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info