Piratçılıqla mübarizə üçün Avropanın 9 dövləti ilə birgə layihə hazırlanıb
Tarix: 29.05.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründəki fəaliyyətinə həsr olunan “Azərbaycan müəllif-hüquq sistemi 20 ildə” mövzusunda beynəlxalq konfrans keçirildi.
Tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirdi ki, qurum 1993-cü ildə Azərbaycanın ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda dövlət orqanı kimi yaradılıb. Onun sözlərinə görə, 1996-cı ildə isə əqli mülkiyyət üzrə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun qəbul edilib. Bildirildi ki, 2005-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi əsasnaməyə əsasən, Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ, digər əqli mülkiyyət hüquqları və qeyri-maddi mədəni irsin qorunması sahəsində mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir. Hazırda agentlik müəllif-hüquq sahəsində 70-dən çox vəzifə və funksiya yerinə yetirir.

Son 10 ildə Azərbaycanda
piratçılıq halları azalıb


K.İmanov bildirdi ki, Azərbaycan MDB və Avropa məkanında əqli mülkiyyət üzrə ən zəngin milli qanunvericilik bazasına malik olan ölkələrdən biri hesab olunur. Hazırda inzibati idarəçiliyi Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilən və bilavasitə müəllif-hüquq sahəsini tənzimləyən 5 qanun qüvvədədir. Ölkəmiz 1995-ci ildə BMT-nin ixtisaslaşmış Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv olub, sonrakı illərdə həmin təşkilatın inzibati idarəçiliyində olan müəlliflik hüququ və əlaqəlı hüquqlar sahəsində 5 konvensiya və müqaviləyə qoşulub.ÜƏMT ilə fəal əməkdaşlığın nəticəsi olaraq 2006-cı ildə Azərbaycan hökuməti ilə bu təşkilat arasında Əməkdaşlıq Proqramı imzalanıb. O da vurğulandı ki, agentliyin tabeliyində “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi” yaradılıb ki, bu mərkəzin bazasında rəqəmli hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər bölməsi fəaliyyət göstərir. Əqli mülkiyyət sahəsinin inkişafının Uzunmüddətli Milli Strategiyasının layihəsi hazırlanıb. Ölkə başçısının 2012-ci ildə təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış”İnkişaf Konsepsiyasına bilavasitə müəlliflik hüququ sahəsinə aid olan 8 konkret məsələ daxil edilib.
K.İmanovun sözlərinə görə, Azərbaycanda aparılan ardıcıl tədbirlər nəticəsində son 10 ildə ümumdaxili məhsulda kreativ sənayenin payı 2 dəfədən çox artaraq 4,5%-ə yüksəlib. O bildirdi ki, ölkədə son 10 ildə piratçılığın səviyyəsi isə müxtəlif seqmentlər üzrə 9-28% aşağı düşüb: “Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyat sistemini tətbiq edən ilk ölkələrdən biridir. Əsərlərin qeydiyyat sisteminin tətbiqinə 1996-cı ildən başlanılıb. Həmin vaxtdan indiyədək agentlikdə 9 minə yaxın əsər qeydiyyatdan keçirilib. Qeydiyyat elektron qaydada da aparılır. Bununla əlaqədar olaraq xüsusi “Elektron xidmət” bölməsi yaradılıb. Müəllif, agentliyin “www.copag.gov.az” saytındakı “Elektron xidmət” bölməsinə daxil olaraq, əsərini qeydiyyatdan keçirə bilər.
Bildirildi ki, piratçılıqla mübarizənin gücləndirlməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib ki, bu dəyişikliklərə əsasən nəzarət markası yapışdırılmadan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin kommersiya məqsədi ilə satışı və ya yayımı məqsədilə ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması qadağandır: “Bu gün artıq bir faktdır ki, Azərbaycan əqli mülkiyyət hüquqlarının təminatında əldə olunmuş uğurlara görə, ABŞ-ın Ticarət Nümayəndəliyi Ofisinin “Xüsusi 301-ci Proqram”ının qara siyahısından problemsiz ölkə olaraq çıxarılıb”.

Yeni sistem vasitəsilə tərkibində əqli mülkiyyət olan digər mallara rəqəmsal kodlar veriləcək

K.İmanovun sözlərinə görə, Azərbaycanda piratçılıqla mübarizə güclənəcək və rəqəmli şəbəkədə hüquqların idarə edilməsi təkmilləşdiriləcək. O bildirdi ki, bu istiqamətdə Avropanın 9 dövləti ilə birgə yeni layihə hazırlanıb. K.İmanov qeyd etdi ki, layihə rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqlarının təminatı və idarə edilməsini, lisenziyalaşdırılma monitorinqinin aparılması, xüsusi məlumat bazasının yaradılmasını nəzərdə tutur: “Azərbaycanda “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” qanunun qüvvəyə minməsi ilə piratçılıqla mübarizə sahəsində ölkəmizdə yeni mərhələ başlayıb. Belə ki, pirat nüsxələrin istehsalının və yayılmasının qarşısının alınması üçün əsərlərin, fonoqramların, kompyuter proqramlarının və tərkibində əqli mülkiyyət hüququnun obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi nəzarət markaları yapışdırılacaq. Qanunun qəbul edilməsi ilə əlaqədar hazırda rəqəmsal şəbəkələrdə lisenziyalaşdırma və rəqəmli hüquqların idarə edilməsi üzrə elektron xidmətlər sisteminin formalaşdırılması işi başa çatmaqdadır. Bu sistem vasitəsilə kommersiya məqsədilə yayılan əsərlərə, fonoqramlara, audio-vizual əsərlərə və tərkibində əqli mülkiyyət olan digər mallara rəqəmsal kodlar veriləcək”.
Ölkə rəhbərliyinin qayğısı sayəsində ölkədə əqli mülkiyyət sahəsinin inkişafının diqqət mərkəzində olduğunu deyən K.İmanov bildirdi ki, bunun bariz nümunəsidir ki, Prezidentin sərəncamı ilə agentliyin 4 əməkdaşı orden və medallarla təltif edilib.
Tədbirdə çıxış edən Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər sektorunun müdiri Elxan Bağırzadə bildirdi ki, 20 il ərzində ölkədə müəllif hüquqlarının, qeyri-maddi irsin qorunması sahəsində böyük işlər görülüb: “Bu gün Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində tətbiq edilən sistem MDB məkanında ən inkişaf etmiş nümunəvi sistemlərdən biri hesab olunur. Hazırda ölkədə müəllif hüquqları sistemini tənzimləyən 5 qanun var və bunlar da uğurla davam etdirilir”.
Milli təhlükəsizlik naziri xidmətinin rəhbəri, general-mayor Fərhad Vahabov nazir Eldar Mahmudovun təbrik məktubunu çatdırdı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qurumla hər zaman qarşılıqlı fəaliyyət göstərdiklərini bildirdi. Onun sözlərinə görə, komissiya tərəfindən hazırlanan bütün vəsaitlərin müəlliflik hüquqları yüksək səviyyədə qorunur.

Ümumdünya Əqli Mülkiyyət
Təşkilatından yüksək qiymət


Ümumdünya Əqli Mülkiyyət Təşkilatının departament rəhbəri Mihail Svanther təşkilatın Azərbaycanda müəllif hüquqlarının müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndirdiyini bildirdi. O bildirdi ki, Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərdiyi 20 il ərzində mühüm inkişaf yolu keçib və beynəlxalq qurum Müəllif Hüquqları Agentliyinin fəaliyyətini hər zaman izləyir: “Azərbaycanın müəllif hüquqları sahəsində çalışan, xüsusilə Müəllif Hüquqları Agentliyində fəaliyyət göstərən mütəxəssislər bu sahənin inkişafına hər zaman öz töhfələrini verir. Prezident İlham Əliyevin, hökumətin və Müəllif Hüquqları Agentliyinin göstərdiyi səylər nəticəsində qanunvericilik sisteminin təkmilləşdirilməsi, müəllif hüquqlarının müdafiəsi sahəsində əldə olunan nailiyyətlər Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən yüksək dəyərləndirilir”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info