Mənzil təminatı üçün tikilən yaşayış komplekslərinin sayı artır
Tarix: 10.03.2018 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Bu, əhalinin mənzil probleminin həlli ilə yanaşı, həm də dövlətin sosial-iqtisadi gücünün göstəricisidir

Abşeron rayonunun Saray qəsəbəsində AMEA əməkdaşları üçün tikiləcək kooperativ yaşayış kompleksinin təməli qoyulub
Dövlətin sosial siyasətinin əsas istiqamətlərindənbiri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Xüsusilə aztəminatlı və gənc ailələrin mənzil probleminin həlli prioritet kimi müəyyən edilib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bu istiqamətdə həyata keçirilən islahatların davamı olaraq dövlət başçısının 11 aprel 2016-cı il tarixli fərmanı ilə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi Azərbaycan vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, ölkə vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Artıq bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində uyğun qiymətə mənzil tikintisi sahəsində paytaxtda xeyli işlər görülüb. Yeri gəlmişkən, bu tipli mənzillərin tikintisi nəinki Bakı şəhərində, həm də digər rayon və şəhərlərdə aparılacaq.Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan və xarici dairəvi avtomobil yolunun kənarında yerləşən Yasamal Yaşayış Kompleksinin ümumi sahəsi 11,6 hektardır. Kompleks böyük bir ərazini əhatə etməklə, çox əlverişli – şəhərin ekoloji cəhətdən təmiz bir məkanında salınır.
Layihəyə görə kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin 2-bloklu 9-mərtəbəli, 12-sinin isə 1-bloklu 12-mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 31-33 kvadratmetr, ikiotaqlı mənzillərin 50-58 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetrdir.Mənzil almaq istəyənlərin əksəriyyətinin təmirli evə üstünlük verdiyini nəzərə alaraq, bütün mənzillər vətəndaşlara tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə təklif olunacaq.Yasamal Yaşayış Kompleksində ilk mənzillərin bu ilin yay aylarında gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək.
Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin uyğun qiymətə mənzil tikintisi üzrə növbəti layihəsi Bakı şəhərinin Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektarlıq ərazidə inşa olunacaq Hövsan Yaşayış Kompleksidir. Ötən müddət ərzində bu yaşayış kompleksinin ərazisi üzrə şəhərsalma əsaslandırılması hazırlanıb, binaların layihələndirilməsi işləri aparılıb. Ötən il dekabrın 24-də Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimi olub. Kompleks 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin 7-mərtəbəli 18 girişli, dördünün isə 10-mərtəbəli 1 girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır.
Dövlətin bu istiqamətdə həyata keçirdiyi layihələrdən biri kimi kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsi dünyada analoqu olmayan konstruktiv təcrübədir. Bu sahədə KİV nümayəndələri üçün tikilən ikinci bina da təhvil verilib və neçə-neçə evsiz jurnalist mənzil sahibi olub. İkinci binanın açılış mərasimində vurğulandı ki, artıq həmin ərazi “Jurnalistlər şəhərciyi”nə çevriləcək və bu məqsədlə hazırda 3-cü binanın tikintisi aparılır.
Ölkədə bu istiqamətdə reallaşan tədbirlər elm adamlarımıza da şamil olunur. Belə ki, dünən Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (ScienceCity) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək kooperativ yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək son illər rəhbərlik etdiyi qurumda əməkdaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, akademiya tarixində ilk dəfə olaraq tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb. Əlavə edib ki, əməkdaşların sosial problemlərinin həlli ilə bağlı işlərin görülməsi hər zaman rəhbərliyin diqqət mərkəzində saxlanılacaq.
Son illər ölkəmizdə sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edən akademik Akif Əlizadə əhalinin sosial rifahının yüksəldilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üzrə genişmiqyaslı və ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayıb. Bildirib ki, akademiya tarixində mühüm hadisə olan “Alimlər şəhərciyi”nin inşası da bu istiqamətdə atılan məqsədyönlü addımlardan biridir.
AMEA-da həyata keçirilən gənclər siyasətindən söz açan akademik A.Əlizadə bu qurumda təşkil olunan magistratura pilləsinin gənc kadrların elmə cəlb edilməsi istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyib. Alim gənclərin sosial problemlərinin həlli ilə də bağlı hər zaman lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək yeni kompleksin tikilməsinin Abşeron sakinləri üçün böyük əhəmiyyətə malik olduğunu deyib.
İ.Gülməmmədova “ScienceCity” yaşayış kompleksinin ekoloji təmiz havası olan ərazidə yerləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, burada müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.
Təhsil nazirinin müavini Firudin Qurbanov elm şəhərciyinin təməlinin qoyulmasını mühüm tarixi hadisə kimi qiymətləndirərək, bu layihəyə təhsil işçilərinin də qoşulmasının məqsədəuyğun olduğunu deyib.
Sonra akademik Akif Əlizadə rəmzi lenti kəsərək "ScienceCity" yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.
Qeyd edək ki, 7 hektarlıq ərazidə reallaşdırılacaq layihə çərçivəsində, ümumilikdə, 18 bloklu binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. İlk binanın inşasının isə 2 ilə başa çatdırılmasıplanlaşdırılır. “ScienceCity” yaşayış kompleksinin həyəti və ətrafında böyük parklar salınacaq, 1, 2 və 3 otaqlı mənzillər müasir dizaynda və yüksək keyfiyyətlə inşa olunacaq.
Beləliklə, hazırda vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam edir və bu, əhalinin mənzil probleminin həlli ilə yanaşı, həm də dövlətin sosial-iqtisadi gücünün göstəricisidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info