Qeyri-neft sektoru: Azərbaycan məhsullarının ixracı artır
Tarix: 13.03.2018 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Pambıqçılıq, ipəkçilik, arıçılıq kimi sahələrin inkişafı həm ixrac potensialı yaradır, həm də minlərlə yeni iş yeri

Müxtəlif sərgilərdə iştirak, ixrac missiyalarının təşkili, ticarət nümayəndələrinin fəaliyyətə başlaması bütövlükdə Azərbaycan məhsullarının daha böyük həcmdə dünya bazarına çıxarılmasını təmin edir
Qeyri-neft sektorunun inkişafının prioritet elan olunmasından sonra həyata keçirilən ardıcıl tədbirlər nəticəsində iqtisadiyyatın bu sahəsində ciddi nəticədə əldə olunub. Həm ötən ilin nəticələri, həm də cari ilin ilk iki ayının göstəriciləri təsdiqləyir ki, qeyri-neft sektorunda ixrac artıb. 2018-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. Bu, ölkə iqtisadiyyatında aparılan islahatların öz bəhrəsinin verməsi ilə bağlıdır. Neft amilini “unudaraq”, iqtisadiyyatın neftdən kənar sahələrinin inkişafı ilə bağlı islahatların aparılması, yeni proqramların qəbul edilməsi, ayrı-ayrı sahələr üzrə stimullaşdırıcı tədbirlər, dövlət dəstəyi qeyri-neft sektorunda canlanma yaradıb. Pambıqçılıq, ipəkçilik, arıçılıq sahələrinə dövlət dəstəyinin göstərilməsi kənd təsərrüfatının bu sahələrinin inkişafında yeni mərhələ yaradıb. Bu sahələrin inkişafı həm ixrac potensialı yaradır, həm də minlərlə yeni iş yeri. Qeyri-neft sahəsində istehsal olunan məhsulların dünya bazarında tanıdılması ixracı şərtləndirən mühüm amillərdən biridir. Yəni, məhsulun keyfiyyətli, ekoloji cəhətdən təmiz olmasını xarici alıcıya tanıtmaq lazımdır ki, ixrac həyata keçirmək mümkün olsun. Bu baxımdan “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliği işi həyata keçirilir. Müxtəlif sərgilərdə iştirak, ixrac missiyalarının təşkili, ticarət nümayəndələrinin fəaliyyətə başlaması bütövlükdə Azərbaycan məhsullarının daha böyük həcmdə dünya bazarına çıxarılmasını təmin edir. Bu il başlayandan ölkəmiz iki böyük sərgidə təmsil olunub. Belə ki, ötən ay Moskva keçirilən “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində dünyanın 65 ölkəsindən 2000-dən çox şirkətin məhsulları nümayiş olunub. Sərginin Azərbaycana aid pavilyonunda ölkəmizdə istehsal edilən meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar vahid ölkə stendi ilə “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisinin ziyarətçilərinə təqdim edilib. “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisinin rəsmi internet saytında, sərgi ziyarətçilərinə təqdim olunan kataloqlarda, bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, sərginin keçildiyi müddətdə zallarda yerləşən bütün monitorlarda "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycanın “Tac” şirkəti Rusiya bazarına “Gülüstan” limonad və mineral sularının ixracına dair müqavilə imzalayıb. Bundan başqa, Azərbaycan şirkətlərinin istehsal etdiyi şərab, qurudulmuş xurma, günəbaxan yağı, sərinləşdirici içkilər və s. məhsulların sərgidə iştirak edən Çin, Qazaxıstan, İsrail, Tayvan və Səudiyyə Ərəbistanına ixracına dair danışıqlar aparılıb. Pavilyonlarda Azərbaycanın 27 şirkətinin istehsal etdiyi məhsullar nümayiş olunub. Vahid ölkə stendinin təşkili xərcləri dövlət büdcəsi hesabına ödənilib. Sərgidə Azərbaycanın 4 şirkəti Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “İlin ən yaxşı məhsulu 2018” nominasiyası üzrə qızıl medallara layiq görülüb. Belə ki, Azərbaycanın “Ayan” MMC şirkəti mineral çeşmə suyuna və alkoqolsuz içkiyə, “Bal xurma” şirkəti quru xurma və yarıqurudulmuş xurma məhsuluna görə hər biri 2 qızıl medalla təltif olunub. Bundan başqa, “Azərstar” şirkəri fındıq nüvəsi və fındıq ununa, Babək “Sirab” ASC təbii və müalicəvi suya görə qızıl medal alıb. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu isə “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisinə göstərdiyi dəstəyə görə mükafata layiq görülüb. Fevralın 18-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində də “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub. Dubayın Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan sərgidə 120 ölkədən 5 mindən çox şirkət öz məhsullarını təqdim etdirib. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin Azərbaycana aid paviliyonunda 23 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullarını sərgi ziyarətçilərinə təqdim edib. Azərbaycan şirkətləri artıq nar şərab, qurudulmuş xurma, mineral sular, meyvə şirələri, makaron məmulatları, sərinləşdirici içkilər və s. məhsulların Malta, Dubay, Qətər, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı və Polşaya ixracına dair danışıqlar aparıblar. Sərgində Azərbaycanın “Azhazelnut” şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkət arasında 40 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalanıb. Bundan başqa, Azərbaycanın süd və şirniyyat məhsullarının Səudiyyə Ərəbistanı, Tunis və Birləşmiş Ərəb Əmirliklərində distributorluğunun açılması məqsədilə xarici şirkətlərin təklifləri müzakirə olunub. Sərgilər Azərbaycan məhsullarının tanıdılması və ixracında böyük rol oynayır. Gələn aydan yeni sərgi dövrü başlayır. Bu il Çində 3 turizm sərgisi keçiriləcək. AZPROMO-dan bildiriblər ki, aprelin 16-18-də paytaxt Pekin şəhərində XIV Çin Xarici Səyahət və Turizm Sərgisi və B2B təşkil olunacaq. Bu, Çində xarici turizmin inkişafı üçün nəzərdə tutulan illik turizm sərgisidir. Həmçinin mayın 24-27-də "SWTF 2018 - Shanghai World Travel Fair" və iyunun 14-17-də "ITE Hong Kong 2018 - The 32nd International Travel Expo Hong Kong" sərgiləri keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələrin sərgilərdə təmsil olunması gözlənilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info