“Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar“
Tarix: 13.03.2018 | Saat: 01:23:00 | E-mail | Çapa göndər



“Azərbaycan kütləvi informasiya vasitələri milli maraqlarımızı hər şeydən uca tutmalıdır”

Bakıda keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayı bir sıra yeniliklər və Azərbaycan mətbuatının inkişafına töhfə olacaq təkliflərlə yadda qaldı.
Qeyd edək ki, qurultayda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edib və o qurultayın açılışında dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu.
Jurnalistlərin VII qurultayının iştirakçılarına ünvanlanan məktubda deyilir ki, Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin I qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Qeyd edilir ki, Mətbuat Şurası dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib: “Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutub və cəmiyyətdə böyük nüfuz qazanıb. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirməsi bunun əyani sübutudur. Hazırda güclü iqtisadi və maliyyə potensialına malik Azərbaycanda hər bir sahənin, o cümlədən də kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir. İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırkı vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək. Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə möhkəm cansağlığı və qurultayın işinə uğurlar arzulayıram”.

“Mətbuat milli dəyərlərimizi, milli simvollarımızı müdafiə etməlidir”

Qurultayda Mətbuat Şurası sədrinin və nəzarət-təftiş komissiyasının hesabatları dinlənilərək, hesabat ətrafında müzakirə aparıldı, şuranın İdarə Heyətinin yeni tərkibi seçildi. Qurultayda, həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olundu. İdarə Heyəti üzvlərinin sayı 17-dən 23-ə çatdırıldı.
Qurultayda çıxışı zamanı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir sıra siyasi və mətbuatın hazırkı durumu ilə bağlı maraqlı məqamlara toxundu. Əli Həsənov qeyd etdi ki, Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələri Azərbaycanda uğurla inkişaf etdirilir: “Bu gün burada səsvermə keçirildi, özünüz hər şeyi gördünüz. Kimin nə deməsindən asılı olmayaraq, bu gün Azərbaycan mediasından kənara atılmış müəyyən nümayəndələr bu qurultay haqqında da, burada seçiləcək yeni heyət haqqında da, sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, opponentlər də olacaq. Sadəcə olaraq onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın”. Əli Həsənov bildirdi ki, ölkədən qaçan bəzi şəxslər bu gün Azərbaycanın simvollarını təhqir edirlər: “Həmin şəxslər xaricdə olduqları ölkənin pasportlarını alaraq, Azərbaycana qarşı təlimatlandırılırlar. Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar. Azərbaycan mətbuatında isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət etməlidirlər. Mətbuat milli dəyərlərimizi, milli simvollarımızı müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri də imtina ediblər. Həmin adamlar “Facebook”un imkanlarından istifadə edərək, Azərbaycana qarşı irinli çirkab yağdırırlar. Həmin adamlara qarşı müqaviməti ilk olaraq media göstərməlidir”.
Prezidentin köməkçisi qeyd etdi ki, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühiti yaranıb: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunun nəyi pisdir? Nəyə görə öz dövlətinin milli sərvətindən pay almaq qəbahət hesab olunmalıdır? Buna qarşı opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma sizi yönəltmək üçün və antiazərbaycan fəaliyyəti, sizin dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri ilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal hal hesab olunmalıdır? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər".

“Azərbaycan dövlətini heç kim heç zaman məğlub edə bilməz”

Mətbuat Şurasının reket nəşrlərlə bağlı “qara siyahı” hazırladığını xatırladan Əli Həsənov reket nəşrlərdə çalışanları doğru yola dəvət etdi: “Olan və olmayan kompromatları toplayıb insanları şantaj etmək yaxşı hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram. Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir. Hesab edirəm ki, "Mətbuat Şurası haqqında" qanun qəbul edilməsinin zamanı çatıb".
Ə. Həsənov onu da dedi ki, Mətbuat Şurasının “qara siyahı”sında olan media orqanlarının əməkdaşlarının adları mənzil alan şəxslərin siyahısına da daxil edilməyəcək.


“O partiyalar ki, maliyyə mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur”


Prezidentin köməkçisi partiyaların dövlətdən dəstək almasına etiraz edilməsinin də düzgün olmadığını qeyd etdi: "Təminatı olan siyasi partiyaların parlamentdə təmsil olunaraq, dövlətdən dəstək alan partiyaları ittiham etməyə haqları yoxdur. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyalarına ki, Azərbaycanın qanunları çərçivəsində bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar. Bunun nəyi pisdir? Amma o partiyalar ki, maliyyə mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksəktəminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız".
Əli Həsənov Azərbaycan dövlətinin qüdrətindən də söz açaraq bildirdi ki, heç kim heç zaman dövlətimizi məğlub edə bilməz: “Azərbaycan dövlətini heç kim heç zaman məğlub edə bilməz. Heç kim Azərbaycan dövlətini aşağılaya, dövlətimizi milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz”.
Qeyd edək ki, qurultayda bir sıra maraqlı çıxışlar da oldu ki, onlardan biri də Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrətin fikirləri idi.
Azər Həsrət dövlətin mediaya dəstəyinə ləkə yaxanları qınayaraq dedi:
“Necə olur ki, xaricdən pul alanda media müstəqilliyinə xələl gəlmir, amma dövlət öz vətəndaşına yardım göstərəndə media müstəqilliyi pozulur? Guya dövlətdən yardım almaq medianın müstəqilliyinə xələl gətirə bilər. Ancaq bunu deyən adamların özləri xarici dövlətlərdən külli miqdarda - yüz minlərlə, milyonlarla dollar alırlar”.
O dedi ki, həmin insanlar xarici ölkələrdən aldıqları yardımların qarşılığında Azərbaycan dövlətini tənqid etməklə məşğuldurlar: “Ölkədə xaos yaratmağa çalışırlar. Xarici dövlətdən maliyyə yardımı almaq medianın müstəqilliyinə xələl gətirmir, amma bir insanın, bir vətəndaşın, jurnalistin öz dövlətindən aldığı dəstək medianın müstəqilliyinə xələl gətirir?! Burada məntiq yoxdur, sadəcə olaraq, o adamların məqsədi Azərbaycan mətbuatını və Azərbaycan dövlətinin media siyasətini gözdən salmaqdır. Biz diqqətli olmalı və çalışmalıyıq ki, cəmiyyəti çaşdırmaq, ajiotaj yaratmaq, manipulyasiya etmək istəyən insanların qarşısını birlikdə alaq”.
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info