Tar mənim yol yoldaşımdır...
Tarix: 30.05.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Əməkdar artist Elçin Həşimov: “Bu, o demək deyil ki, biz bu sənətdə
ilk sayılırıq. Əgər bu gün biz sənətdə varıqsa, deməli, bizdən öncə
olan sənətkarların sayəsində meydana gəlmişik”


Muğam Azərbaycanı dünyada əvəzsiz mədəniyyət torpağı kimi tanıdan musiqi dünyamızdır. Bu gün millətimizin gəncləri muğamı damarlarında axan qan kimi dəyərləndirirlər. Bəli! Muğam Tanrının kökümüzə bəxş etdiyi ülvi bir nemətdir. Amma bu nemətin içində daha çox nemətlər var ki, onsuz muğam dünyasını təsəvvür etmək mümkün deyil. Bu gün gənclər muğamı gələcək nəsillərə qüsursuz çatdırır. Müsahibim bugünkü tar sənətini ustad sənətkarlardan sonra yaşadan görkəmli tarzənimiz, Əməkdar artist Elçin Həşimovdur. Bu il Prezident mükafatına layiq görülən incəsənət xadimləri sırasında onun da adı var.

Həşimov Elçin Ləzgi oğlu 1973-cü il sentyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Musiqi Akademiyasını tar ixtisası üzrə bitirmiş və hazırda Azərbaycan Milli Konservatoriyasının dosentidir. Eyni zamanda Musiqi Kollecində muğam müəllimi kimi dərs deyir. 1999-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestr solisti vəzifəsində çalışır.
Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, Niyazinin “Rast” və s. kimi milli tamaşalarda muğam partiyalarını ifa edib. Azərbaycan xalq musiqisi və muğamlarını bir neçə xarici ölkədə tərənnüm edib. 2000-ci ildə İstanbulda “Leyli-Məcnun” tamaşasında, 2001-ci ildə Strasburqda Azərbaycan AŞPA-ya qəbul edilərkən, 2002-ci ildə ABŞ Vaşinqton İpək Yolu Festivalında, Amsterdam Atlas Ansamblı layihəsində dünya musiqiçilərinin birgə orkestrində çıxış edib. 2003-cü ildə Səmərqənddə Beynəlxalq “Şərq Təranələrı” musiqi festivalında 2-ci yerə layiq görülüb. Eyni zamanda Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov, Aygün Bayramova ilə Avstriya, Belçika, Norveç, İsveç, İngiltərə, İspaniya, İran, Rusiya, Ukrayna, Belarus, Misir, İsveçrə, Finlandiyada birgə çıxış edib. 2005-ci ildə H.Əliyev Fondunun rəhbərliyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində gənc xanəndələrin püxtələşməsində çox böyük rolu olub və bu əməklərinə görə “Humay”mükafatına layiq görülüb. 2007-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. H.Əliyev Fondunun mükafatçısıdır. Fondun bir neçə layihəsində yaxından iştirak edib. 2007-ci ildə Xalq artisti, professor Siyavuş Kəriminin Latın Amerikası və Azərbaycan musiqiçilərinin birgə layihəsi olan “Trans Atlantik Non Stop” adlı kompakt diskində ifa edib. 2009-cu ildə H.Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Muğam Festivalında xanəndə, Əməkdar artist Təyyar Bayramovla Qran-Pri mükafatına və eləcə də müsabiqənin ən yaxşı musiqiçiləri adına layiq görülüblər. 2010-cu ildə “Tarım Kamanım mənim” adlı yeni instrumental audio CD-ləri işıq üzü görüb. Müsahibəmizi oxuculara təqdim edirik:


-Elçin müəllim, Prezident mükafatına layiq görülən incəsənət xadimlərindən birisiniz. Bəs siz Azərbaycanın tar sənətində bugünkü rolunuzu necə qiymətləndirirsiniz?
- İlk olaraq diqqətinizə görə təşəkkür edirəm. Mənim bu sevincimə şərik olduğunuz üçün sizə minnətdaram. Əlbəttə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin incəsənət xadimlərinə verdiyi bu mükafat bizim üçün bir stimuldur. Məhz 2007-ci ildə İlham Əliyevin sərəncamına əsasən, mən altı il öncə Əməkdar artist adına layiq görüldüm. Bu son sərəncamı ilə bizim incəsənətimizdə, mədəniyyətimizdə gördüyümüz kiçik əməyimizə yüksək qiymət verərək, bizi və ailəmizi sevindirdi. Buna görə cənab Prezidentimizə təşəkkür edirəm. Azərbaycanın musiqi mədəniyyəti tarixində çox az halda fəxri ada layiq görülən gənc instrumental ifaçılardan biri idim. Çox sevindirici haldır ki, fəxri ada layiq görüldükdən sonra gənc ifaçıların instrumental musiqiyə marağı artıb. Mən buna çox sevinirəm. Əlbəttə ki, bu dövlətimizin gənclərə verdiyi önəmdən irəli gəlir. Biz də öz növbəmizdə qarşımıza qoyulan məqsədə çatmaq üçün işimizə dörd əllə sarılmışıq. Azərbaycanımızın mədəniyyətinin tərənnüm edilməsi yolunda, onun dünyaya çıxması üçün əlimizdən gələni əsirgəmirik. Sizin verdiyiniz suala isə daha çox məni dinləyən və yaradıcılığıma qiymət verən insanlar, tamaşaçılar, dinləyicilər fikir bildirə bilər. Mənim özüm haqqımda fikir bildirməyim təvazökarlıqdan uzaq olar. Mən hesab edirəm ki, indi mən yaradıcılığımla, sənətimlə məşğulam. Opera və Balet Teatrının solistiyəm. Son dövrlərdə isə ulu öndərin 90 illik yubileyi ilə əlaqədar Tacikistanın Düşənbə şəhərində Şərqin ilk operası olan “Leyli və Məcnun” tarixində və Azərbaycan mədəniyyəti tarixində vacib işə imza atdıq. Düşənbə şəhərində Tacikistan Səfiyyədin Ayna adına Opera və Balet Teatrının səhnəsində Tacikistan dövlət xoru, simfonik orkestri, dövlət baleti, ifaçıları Nofəl, Əməkdar artist Soduk Nurullayevlə qarşılıqlı tamaşa həyata keçirdik. Biz bu tamaşadan çox böyük uğurla qayıtmışıq. Burada musiqisi dahi Üzeyir Hacıbəyovun, sözləri Məhəmməd Füzulinin olan “Şəbi-Hicran”ın əcnəbi bir millətin bizim dildə oxuması çox sevindirici haldır. Bilirik ki, Tacikistan fars dilli ölkədir. Onu da qeyd edim ki, Məcnun rolunun ifaçısı, böyük xanəndəmiz, Xalq artisti Mənsum İbrahimov, Leyli rolunun ifaçısı isə gözəl sənətkarımız, Xalq artisti Nəzakət Teymurova idi. Tamaşanın musiqi rəhbəri görkəmli dirijorumuz, Xalq artisti Yalçın Adıgözəlov, quruluşçu rejissoru isə Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi. Bu Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abasəli Həsənovun xüsusi dəstəyilə və Tacikistan Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə hazırlanmış layihə idi. Məqsəd iki xalqın mədəniyyətini görüşdürmək idi. Mən deyərdim ki, bu işimiz bizim mədəniyyətimiz üçün gördüyümüz vacib töhfələrdən biridir. Yenicə qastrol səfərdən qayıtdığım üçün xoş təəssürat içindəyəm. Bir nüansı da qeyd etmək istəyirəm ki, bizim səfərimizdə rəhbərliyi Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi edirdi. Nəzərə alsaq ki, komandamızda mən, Nəzakət xanım və gözəl kamança ifaçımız, Əməkdar artist Elnur Əhmədov Milli Konservatoriyanın dosentləri, Mənsum müəllim isə professordur. Məhz buna görə Səyavuş müəllimin başçılığı ilə Tacikistanın Milli Konservatoriyası ilə görüşümüz oldu. İki ölkənin Milli konservatoriyaları arasında böyük bir memorandum imzalandı. Daha sonra orada master-klass oldu. Çox sevindirici hal oldu ki, iki nəfər tacik ifaçısı “Qarabağ şikəstəsi”ni ifa etdilər və bizimlə birgə səhnəni paylaşdılar. Bu, əlbəttə ki, xalqımızın incəsənət sahəsində və dünya mədəniyyətində ən böyük uğurlarından biridir.
- Azərbaycan mədəniyyətinin, muğam sənətimizin dünyada tanıdılması və dünya irsinə salınması üçün böyük işlər görülür. Bəs bir musiqiçi kimi, sizcə, bu təbliğatlar xalqımızın milli dəyərlərinin tanıdılmasında kifayət edirmi?
- Mən, əlbəttə ki, yaşımı nəzərə alıb danışa bilərəm. Bizim musiqiçilərimiz daim Azərbaycan mədəniyyətini xarici ölkələrdə tərənnüm ediblər. Nəzərə alsaq ki, vaxtı ilə xalqımız əsarət altında, başqa bir ölkənin tərkibində olub. Ona görə o dövrdə mədəniyyətimizi və musiqimizi xaricdə təbliğ etmək üçün məhdudiyyətlər olurdu. Lakin böyük sənətkarlarımız da olub. Adlarını sadalamaqla bitməz. Azərbaycan musiqi mədəniyyətini dünyada tanıtmaq üçün böyük işlər görüblər. Bu gün isə Azərbaycan dövləti artıq müstəqil bir dövlətdir. Bu müstəqilliyimiz bizə bütün sferalarda olduğu kimi, mədəniyyət sahəsində də çox böyük imkanlar yaradır. Azərbaycan tarı artıq Fransada UNESCO-nun səhnəsində ifa olunur, səslənir. Biz 2007-ci ildə Fransanın paytaxtı Parisdə “Leyli və Məcnun” tamaşasını səhnələşdirdik. Artıq nəinki biz, bizim musiqiçilərimiz, gənclərimiz, hətta uşaqlarımız da dünyanın bir neçə beynəlxalq müsabiqələrində iştirak edib, mükafatlar qazanırlar. Eyni zamanda Azərbaycan da hər il beynəlxalq müsabiqələrə ev sahibliyi edir. Bu, Azərbaycanın musiqi mədəniyyətinin dünyaya çıxması üçün böyük imkanlar yaradır. Bu gün musiqiçilərimiz daha çox qastrol səfərlərində olurlar. Artıq bizim Fransada və Avstriyada mədəniyyət mərkəzimiz var. Ölkəmizin Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Bu, mədəniyyətimizi dünyaya yaymaq deməkdir. Bu ən gözəl siyasətdir. Bizim afişamızın üzərində bir söz yazılmışdı. Bu fikri hörmətli səfirimiz Abasəli Həsənov təklif etdi və bu söz bir çox məsələləri həll etdi. Nə idi bu söz?-“Şərqin ilk operası”. Yəni, ilk operanı yazan xalqın mədəniyyəti çox dərindir və mədəniyyət bütün dünyada qələbə çalır. Biz bu gün mədəniyyətlə ölkəmizi daha çox tanıdırıq. Mən çox sevinirəm ki, sənət yoldaşlarımızla xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edirik. Biz Danimarkanın Kopenhagen şəhərində “World Music Expo” mərkəzində keçirilən “Vomeks” adlı festivalda iştirak etdik. Bu gün Azərbaycanın musiqi mədəniyyətinin xarici ölkələrdə təbliğ olunmasından çox razıyam. Qüdrətləndikcə daha da çox işlər görəcəyik.
- Bir pedaqoq kimi gənclərimizin milli alətimiz olan tara qarşı sevgilərini necə qiymətləndirirsiniz?
- 2005-ci ildə gənclər arasında muğam müsabiqəsi keçirildi. Orada biz-mən və Elnur müəllim xüsusi olaraq “Humay” mükafatına layiq görüldük. Mükafatın səbəbi 2005-2006-cı illərdə keçirilən muğam müsabiqələri ilə Azərbaycan musiqisinə və Azərbaycan muğam sənətinə etdiyimiz töhfələr idi. Bu, o demək deyil ki, biz bu sənətdə ilk sayılırıq. Əgər bu gün biz sənətdə varıqsa, deməli, bizdən öncə olan sənətkarların sayəsində meydana gəlmişik. Biz nəyəsə yiyələnmişiksə, onların sayəsində olub. Biz bunu inkar edə bilmərik. Muğam müsabiqəsinin təsiri o oldu ki, yaxşı mənada axın başladı. Nəinki xanəndəlik sahəsinə, hətta instrumental ifaçılıq sahəsinə də axın oldu. Bu il artıq instrumental ifaçıların da beynəlxalq müsabiqəsi keçirildi. Deyərdim ki, bu gün çox istedadlı və gözəl potensiallı gənclərimiz var. Bu gün çox gözəl ifaçılarımız yetişdirilir. Onlar Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfələr verəcəklər. Şükürlər olsun Allaha ki, bu gün artıq tara, kamançaya biz seçim edə bilirik. Pedaqoq kimi onu da vurğulaya bilərəm ki, son dövrlərdə imkanlar da dəyişib. Gənclərin informasiyası da genişlənib. Hamıya qulaq asa bilərlər. Əvvəllər məhdudiyyətlər var idi. Bu gün isə sosial şəbəkələrdə istənilən məlumatı almaq mümkün olur. Bu baxımdan mən deyərdim ki, gənclərin imkanları daha genişdir. Kim ki bundan maksimum dərəcədə yararlanır, o udur.
- Elçin müəllim, bəs sizin üçün tar nə deməkdir?
- Tar mənim yol yoldaşımdır. Mənim həm atam, həm anam tara çox bağlı olublar. Mən dünyaya göz açandan tar evimizin baş küncündə olub. Hətta mən tar sənətinin dalınca getməsəydim belə, tar bizim evimizdə hər zaman olacaqdı. Çünki ailəmdə tara xüsusi sevgi və hörmət olub. Atamın ixtisası başqa sahə olsa da, o, hər zaman tar ifa edib. Həvəskar ifaçı olub. Anam da uşaqlıqdan tar səsi ilə böyüyüb. Çünki babam da tarda ifa edirdi. O da həvəskar ifaçı idi. Bir sözlə desəm, bu, bizim qanımızda var və ailəmizdə sırf professional sahədə mən çalışıram. Ailənin içində də bir cəmiyyət var. Mən bu cür cəmiyyətin içində böyümüşəm. Bu yaşam mənim həyatımın ayrılmaz bir hissəsidir. Bu alət də mənə ancaq hörmət gətirdi. Hara getdim, açılmayan qapıları üzümə açdı. Bir rütbə kimi tar dövlətin qayğısı adını çiynimə qoydu. Həqiqətən, dərk edəndə ki, bir zaman Sadıxcanın dizindən sinəsinə qaldırdığı tarı sən sinəndə tutursan, Qurban Pirimovun, Hacı Məmmədovun, Əhsən Dadaşovun və saysız- hesabsız sənətkarların ifa etdiyi aləti sən sinəndə tutursan, bu, həqiqətən də, müqəddəs bir alət hesab olunur...
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info