Qax, Zaqatala və Balakən məktəblilərini maraqlı ekskursiyalar gözləyir
Tarix: 15.03.2018 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax, Zaqatala və Balakən rayonlarının məktəblilərindən ibarət qruplar martın 15-də səhər saatlarında Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən Qax məktəbliləri ilə bir gün əvvəl rayon icra hakimiyyətində keçirilən görüşdə tur-aksiyaların əhəmiyyətindən söhbət açılıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığı vurğulanıb.
Martın 15-də səhər saatlarında tur-aksiya iştirakçılarını yola salmaq üçün Qax şəhərinin mərkəzindəki meydana toplaşan rayon rəhbərliyi, müəllim və valideynlər məktəblilərə tövsiyələrini veriblər. Yolasalma mərasimində bildirilib ki, məktəbliləri Nizami yurdunda, Şəmkir və Göygöl rayonlarında olduqca maraqlı ekskursiyalar gözləyir. Onlar əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Bu şəhərin tarixi məkanları - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi ilə tanışlıq, Gəncə Dövlət Filarmoniyasının yeni binasına ekskursiya məktəblilərin ürəyincə olacaq.
Tur-aksiya iştirakçıları Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər. Bundan əlavə, məktəblilərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, əyləncəli proqramların təşkili də nəzərdə tutulur.
Qax şəhərindəki 2 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Arzu Bədəlova, 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Orxan Məmmədov və digər məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.
Tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunub.
Sonra məktəblilər onlar üçün ayrılmış avtobusa əyləşərək ölkənin qərb bölgəsinə yola düşüblər.
X   X   X
“Ölkəmizi tanıyaq” tur-aksiyasına Zaqatala məktəbliləri də böyük həvəslə qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə-Şəmkir-Göygöl istiqamətində ekskursiyaya yollanan məktəblilərlə bir gün əvvəl Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə artıq beşinci ildir uğurla davam edən tur-aksiyaların yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün daha da zənginləşməsinə böyük töhfə verdiyini vurğulayıb. Bildirilib ki, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verilən böyük önəmin bariz nümunəsidir.
Martın 15-də səhər saatlarında Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında böyük qələbəlik var idi. Qərb bölgəsinə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün mərkəzin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər şagirdlərə öz tövsiyələrini verirdilər.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Qrupun rəhbəri, rayon təhsil şöbəsinin məsləhətçisi Rəna Abdurəhmanova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonların ekskursiyaların məktəblilər üçün faydalı olacağına əminliyini ifadə edərək deyib: “Bu gün məktəblilərin həyatında unudulmaz bir gündür. Onların əksəriyyəti ilk dəfədir respublikamızın bölgələrinə səyahət edir. Bu gənclər qərb bölgəsinin tarixi məkanlarını, məşhur turizm obyektlərini indiyədək televiziya ekranlarından izləyiblər. İndi isə onlar bu gözəllikləri öz gözləri ilə görəcəklər”.
Zaqatala şəhərindəki 1 saylı tam orta məktəbin şagirdi Azər Poladov, Lahıc kənd tam orta məktəbin şagirdi Ləman Bayramova və digər məktəblilər bu möhtəşəm layihədə iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.
Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusa əyləşərək Gəncə istiqamətində yola çıxıblar.
X   X   X
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları arasında Balakən məktəbliləri də var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya çərçivəsində martın 15-də səhər saatlarında Balakən rayonunun fəal məktəblilərindən ibarət qrup respublikamızın qərb bölgəsinə yola salınıb. Mədəniyyət Mərkəzinin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini veriblər.
Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən tur-aksiyaların böyüməkdə olan gənc nəslin vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirilib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, son illərdə keçdiyi sürətli inkişaf yolu, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. Məktəblilər, eyni zamanda, marşrut boyunca yerləşən şəhər və rayonlarımızda aparılan tikinti-quruculuq işlərinin, iqtisadi tərəqqinin canlı şahidi olacaq, yurdumuzun gözəlliklərini əyani şəkildə görəcəklər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info