Binəli Yıldırım: “Terrorizmə qarşı təkbaşına mübarizə aparmaq olmaz”
Tarix: 16.03.2018 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


“Dünyanı təhdid edən ciddi təhlükələrə qarşı dövlətlər birlikdə mübarizə aparmalıdırlar”

Dünən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, açılış mərasimindən sonra Forum işini panel iclasları ilə davam etdirib.Forumun birinci panel iclası “Güc anlayışı: böyük güclər və digərləri” mövzusuna həsr olunub.İclasın moderatoru, Serbiya Respublikasının sabiq prezidenti Boris Tadiç qloballaşma dövründə regionda və dünyada yaşanan problemlərdən danışıb, bu münaqişələrin yaranmasında və onların həlli prosesində güc amilinin roluna nəzər yetirib.
İclasın əsas məruzəçisi olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxışında Forumda qlobal məsələlərin müzakirə olunduğunu, dünyada baş verən problemlərin həlli yolları barədə ətraflı və səmərəli fikir mübadiləsinin aparıldığını bildirib. Binəli Yıldırım qeyd edib ki, Türk-İslam mədəniyyətinin zirvələrindən sayılan Nizami Gəncəvi yaradıcılığında insan və humanitar məsələlərə geniş yer ayırıb. O, Nizami Gəncəvinin və türk dünyasının digər görkəmli alim və mütəfəkkirlərinin ideya və dəyərlərinin, onların yaradıcılığının geniş təbliğ edilməsinin vacibliyini bildirərək, hazırkı dövrdə buna böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Türkiyənin Baş naziri deyib ki, qloballaşmanın təqdim etdiyi imkanlar barədə çox danışılır, lakin onun gətirdiyi problemlər və bunun üçün tələb olunan vəsaitlər barədə isə çox az söhbət açılır. Müasir texnologiyalar, İKT həyatımızı asanlaşdırdığı kimi, müxtəlif problemlərin də yaranmasına səbəb olur. Terrorizm, kiberhücumlar və s. problemlər artıq bütün dünyanı təhdid edən ciddi təhlükələrdir. Heç bir ölkə bu təhdidlərdən sığortalanmadığı kimi, ona qarşı da təkbaşına mübarizə apara bilməz. Buna görə də dünya ölkələri bu təhdidlərə qarşı birlikdə mübarizə aparmalıdırlar.
Türkiyənin Baş naziri bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Myanmada Rohingya müsəlmanlarının etnik təmizləmə siyasətinə məruz qalmasının, Suriya və İraq böhranlarının bütün dünyanın ortaq problemləri olduğunu və bu münaqişələrin tezliklə həll edilməsinin vacibliyini diqqətə çatdırıb. Baş nazir Binəli Yıldırım bütün bu problemlərin həll edilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, BMT-də islahatların aparılmasının önəmini qeyd edib.
Çıxışında Azərbaycanın və Türkiyənin birlikdə regional və beynəlxalq əməkdaşlığa böyük töhfələr verdiklərini bildirən Binəli Yıldırım bu baxımdan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP və digər layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Türkiyənin dünyada sülhün və əməkdaşlığın inkişafı, terrorizmə qarşı mübarizə sahələrində fəal iştirak etdiyini deyən Baş nazir Binəli Yıldırım ölkəsinin 4 milyona yaxın suriyalı qaçqını məskunlaşdırdığını bildirib, Türkiyənin İŞİD-ə, eləcə də Afrin əməliyyatında PKK, PYD/YPG terror qruplaşmalarına qarşı uğurlu antiterror əməliyyatlarından danışıb.
Vayra-Vike Freyberqa: “Müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmalıyıq”
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa qloballaşma dövründə müasir cəmiyyətlərin həyatında yeni sosial problemlərin meydana çıxdığını qeyd edib, onların təsirlərinin azaldılmasının vacibliyini vurğulayıb. Dünyada sülhün və əməkdaşlığın inkişafında fərqliliklərin aradan qaldırılmasının önəmini qeyd edən Vayra-Vike Freyberqa dedi ki, Avropa ötən yüzillikdə baş verən iki Dünya müharibəsindən ciddi dərs alıb. Buna görə də biz müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmalıyıq. Bu məsələdə insanların iradəsi əsas götürülməlidir.
ABŞ-ın BMT-dəki sabiq səfiri, “Gryphon Partners və Halilzad Associates”in prezidentiZalmay Xəlilzad qeyd edib ki, biz hazırda olduqca mürəkkəb dövrdə yaşayırıq. Bu mürəkkəbliyin əsas səbəbi böyük güclərin arasında rəqabətin olmasıdır. Konfransın aktual mövzuya həsr edildiyini diqqətə çatdıran Z.Xəlilzad bildirib ki, bu hədəfə nail olmaq üçün beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir. Böyük güclər arasında tarazlığın pozulması müxtəlif coğrafiyalarda münaqişə ocaqlarının yaranmasına səbəb olur. Bu vəziyyət davam etsə münaqişə ocaqlarının sayı daha da arta bilər. Bunun üçün mühüm beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də ciddi islahatlar aparılmalıdır.

Sergey Karaqanov:“Hazırkı münaqişələrin həllinə diqqət artırılmalıdır”

Rusiyalı politoloq, Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin fəxri sədri, Rusiya Ali İqtisadiyyat Məktəbinin dünya siyasəti fakültəsinin dekanı Sergey Karaqanov dünyada gedən münaqişələrin baş vermə səbəblərindən danışıb. Diqqətə çatdırıb ki, münaqişələr olduqca ciddi fəsadlarla nəticələnir. Buna görə də hazırkı münaqişələrin həllinə diqqət artırılmalı, yeni konfliktlərin yaranmaması üçün dialoq və əməkdaşlıq gücləndirilməlidir.
İtaliya Senatının vitse-prezidenti Linda Lanzillotta bildirib ki, müasir dövrdə baş verən münaqişələrin qarşısını yalnız çoxtərəfli əməkdaşlıq sayəsində almaq mümkündür. Biz dayanıqlı cəmiyyətlər yaratmalı, qlobal problemlərin həllinə ciddi yanaşmalıyıq.
Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun sabiq prezidenti, Çinin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun vitse-sədri Mey Caoran diqqətə çatdırıb ki, biz inklüziv cəmiyyətlərin yaradılması, əməkdaşlığın dərinləşdirilməsi, dünyadakı problemlərin həlli istiqamətində ciddi iş aparmalıyıq. O, inklüziv cəmiyyətlərin inkişafında sabitliyin və rifahın önəmini qeyd edərək bir çox ölkələrdə, xüsusən Çində bu istiqamətdə həyata keçirdiyi islahatlardan və onların uğurlu nəticələrindən danışıb. Bildirib ki, bu cür inkişaf münaqişələrin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Avstriyanın sabiq federal kansleri Verner Fayman inklüziv cəmiyyətlərin inkişafında cəmiyyətlər və ölkələr arasında əlaqələrin gücləndirilməsinin önəmini vurğulayıb. Bu baxımdan Avropa İttifaqı ölkələri arasındakı mövcud əməkdaşlığın uğurlu model kimi qəbul oluna biləcəyini qeyd edən V.Fayman diqqətə çatdırıb ki, dayanıqlı gələcək üçün hamının təhsilə əlçatanlığı təmin olunmalıdır. Bu gün təhsilə daha çox investisiya yatıran ölkələr gələcəkdə güclü dövlətlərə çevriləcəklər.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info