“Təcavüzkarın qarşısı alınmasa, dünyada etnik münaqişələrin miqyası genişlənəcək”
Tarix: 16.03.2018 | Saat: 01:41:00 | E-mail | Çapa göndər


“Hər bir xalqa müqəddəratını istədiyi qədər təyinetmə hüququ verilərsə, dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər”. “Trend”in məlumatına görə, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov VI Qlobal Bakı Forumu çərçivəsində “Çoxluqlar azlıqlara qarşı” mövzusunda keçirilən paneldə çıxışı zaman deyib. Ə.Həsənov qeyd edib ki, hazırda dünyada etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən ən əsas mənfi amillərdəndir: “Azərbaycan da 200 ildən çoxdur ki, ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq onun doğurduğu qanlı faciələrdən və müharibədən əziyyət çəkir. Azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla onlara məxsus ərazilərdə ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq bu siyasətin əsas məqsədini təşkil edir. Azərbaycana qarşı etnik soyqırımı siyasətinin bünövrəsi XIX əsrin əvvəllərində bəzi xarici geosiyasi qüvvələrin təsiri və dəstəyi ilə başqa dövlətlərin ərazisində yaşayan ermənilərin Azərbaycana köçürülməsi nəticəsində qoyulub. Bu isə Azərbaycanın tarixi ərazilərində milli-etnik tərkiblə bağlı demoqrafik vəziyyətin dəyişməsinə ciddi təsir göstərməyə başlayıb”.

“DQMV-nin yaradılması ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları və etnik separatizmin təməlini qoydu”
Prezident köməkçisi bildirib ki, ermənilər milli-etnik zəmində qarşıdurmalar yaratmaq niyyəti ilə 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirərək, dinc əhalini kütləvi qırğınlara məruz qoyub: “Birinci Dünya müharibəsindən, eyni zamanda Rusiyada baş vermiş 1917-ci il fevral burjua və oktyabr bolşevik inqilablarından məharətlə istifadə edən ermənilər etnik separatizm iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci il mart ayında silahlı erməni millətçiləri Sovet Rusiyasının hərbi yardımı ilə Azərbaycanın bütün ərazisində dinc azərbaycanlı əhaliyə qarşı əsl soyqırımı törədərək, minlərlə insanı qətlə yetiriblər. Onlar Cənubi Qafqazın sovetləşməsindən sonra Azərbaycan torpaqlarını zəbt edərək, 1920-ci ildə Zəngəzuru və bir sıra digər torpaqları Ermənistan SSR-in ərazisi elan etdilər. Bununla kifayətlənməyən ermənilər Azərbaycanın qədim yaşayış məskəni olan Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməkdə davam etdilər. Nəticədə Mikoyan kimi ermənilərin təsiri və Stalinin göstərişi ilə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti statusu verildi”. Ə.Həsənov əlavə edib ki, DQMV yaradılarkən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə bölünüb, Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilib: “Eyni zamanda bu muxtariyyət statusu Dağlıq Qarabağda tarixən yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan və onların hüquqları kobudcasına pozularaq həyata keçirilib. Tarixi hadisələrin gedişi göstərdi ki, DQMV-nin yaradılması ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları və etnik separatizmin təməlini qoydu. 1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M.Qorbaçov və onun yaxın ətrafının ermənipərəst mövqe nümayiş etdirməsi nəticəsində ermənilər yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları ilə çıxış etməyə başladılar. SSRİ rəhbərliyinin bilərəkdən məsələyə vaxtında və prinsipial qiymət verməməsi, Ermənistanın əsassız ərazi iddialarının rədd edilməməsi erməni separatizmindən irəli gələn təxribatların və hərbi qarşıdurmaların yaranmasına səbəb oldu. 1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadığı əksər yaşayış məntəqələrini işğal etdilər. Həmin il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri SSRİ-nin keçmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törətdi”.
O xatırladıb ki, sonrakı illərdə ermənilər hərbi təcavüzün miqyasını daha da genişləndirərək Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunun ərazisini işğal ediblər: “Münaqişə zamanı Ermənistandakı tarixi torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən qovulan 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Təəssüf ki, 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın işğalçılıq siyasətindən və ərazi iddialarından əl çəkməməsi səbəbindən öz həllini tapa bilmir. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası 7 bəyanat və 4 qətnamə qəbul edib. Bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi tələbi qoyulub. Buna baxmayaraq, Ermənistan hələ də BMT-nin bu tələblərini yerinə yetirməkdən imtina edir”.


“...beynəlxalq təsir mexanizmləri vasitəsilə işğalçı dövləti BMT-nin qətnamələrindəki tələbləri yerinə yetirməyə məcbur etməkdən çəkinirlər”
Ə.Həsənov vurğulayıb ki, münaqişənin bilavasitə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyinin bərpasının zəruriliyi bəyan edilib: “BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləsələr də, beynəlxalq hüquqa zidd olduğunu qeyd etsələr də, lakin bu halı birmənalı formada pisləməkdən və beynəlxalq təsir mexanizmləri vasitəsilə işğalçı dövləti BMT-nin qətnamələrindəki tələbləri yerinə yetirməyə məcbur etməkdən çəkinirlər. Ən yaxşı halda, BMT, ATƏT və Avropa İttifaqı, o cümlədən sülhyaratma prosesinə cəlb olunmuş Minsk qrupunun həmsədrləri “iki ölkə arasında kompromis mövqelər axtarmaq” və “onların özlərinin ortaq nöqtələr tapması” yolu ilə gedərək, münaqişəni birtəhər aradan qaldırmağa çalışırlar ki, bu da faktiki olaraq status-kvo vəziyyətini neçə illərdir uzadır. Digər tərəfdən Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməməsi, eləcə də qrupun üzvü olan böyük dövlətlərin problemə münasibətdə yekdil mövqedən çıxış edə bilməmələri münaqişənin dondurulmuş vəziyyətdə qalmasına səbəb olur”.


“Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir”

Prezidentin köməkçisi əlavə edib ki, Ermənistanın rəsmi şəxsləri dünya birliyinin bu münaqişəyə "ikili standartlar" prinsipindən yanaşmasını, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz öhdəliklərini və qəbul etdikləri qərarları həyata keçirmək üçün konkret addımlar atmaq iqtidarında olmadığını düşünərək, danışıqlar prosesini bilərəkdən ləngidir və mövcud status-kvonu davam etdirməyə çalışırlar: “Bey-nəlxalq hüquq baxımından milli azlıqların öz müqəddəratlarını təyin etməsi başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq və müstəqillik almaq formasında reallaşa bilməz. Çünki müstəqil dövlətin ərazisində neçə-neçə milli azlıqlar yaşayır və onlar belə bir hüquqa malik deyil. Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir. Digər tərəfdən hər bir xalqa öz müqəddəratını istədiyi qədər təyinetmə hüququ verilərsə, müasir dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər və əksər ölkələrdə saysız-hesabsız etnik münaqişələr, müharibələr baş verər. Hətta bu gün ikili standartlar siyasəti aparan polietnik dövlətlərin özləri belə, dəhşətli etnik separatizm dalğasına məruz qala bilər”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı irəli sürülən iddiaların beynəlxalq hüquqa zidd olduğunu, ermənilərin artıq öz müqəddəratını təyin etdiyini və Ermənistan adlı müstəqil dövlət yaratdıqlarını bildirib: “Azərbaycan Prezidentinin dediyi kimi, ermənilər yaşadıqları bütün digər ölkələrdə öz müqəddəratını təyin etmək fikrinə düşsələr, dünyada hansı vəziyyətin yaranacağını və hadisələrin baş verəcəyini söyləmək çox çətindir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası dünyamızda getdikcə daha da genişlənəcək. Bu da bəşəriyyətin arzu etdiyi dinc dünya nizamı üçün son dərəcə təhlükə yaradacaq”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info