Vayra Vike-Freyberqa: “VI Qlobal Bakı Forumunda dünyaya önəmli mesajlar çatdırıldı”
Tarix: 20.03.2018 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


İsmail Serageldin: “Forumda səslənən dəyərli fikirlər, təkliflər təşviq edilməli, buradakı mesajı liderlər öz ölkələrinə çatdırmalıdırlar”

Moldova Prezidenti İqor Dodon: “Hazırda bütün dünyada bir çox problemlər mövcuddur. Bu Forum həmin problemlərin həllində mühüm rol oynayacaq. Burada təhlükəsizliyin, sabitliyin əldə edilməsi, xalqlararası və dinlərarası dialoqun təşviqi ilə bağlı önəmli məsələlər müzakirə olundu”

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Kitab Sammiti təşkil olunub. Milli inkişafda, mədəni irsin qorunmasında və gələcək nəsillərə ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusuna həsr olunan Sammitin açılış sessiyası Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin moderatorluğu ilə keçib. Sessiyada çıxış edən Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa yazılı nitqin yaranmasından, kitab çapının tarixindən danışıb. Rumıniya ilə Azərbaycanın Milli kitabxanaları arasındakı əməkdaşlıqdan bəhs edən Rumıniya Baş nazirinin müavini Ana Birçall tezliklə ölkəsində Azərbaycan Mərkəzinin açılacağını bildirib. O, həmçinin gənclərə kitab sevgisinin aşılanmasının vacibliyini vurğulayıb. Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç elektron kitabların müasir insanların həyatındakı rolundan bəhs edib. O, gəncliyində kitaba olan münasibəti indiki dövrlə müqayisə edib, eyni zamanda, kitabxanaların müasir standartlara cavab verməsinin vacibliyini vurğulayıb. Latviyanın sabiq Prezidenti Valdes Zatlers ölkəsinin kitab, bilik təcrübəsinin tarixindən danışıb. Sovet dövründə kitab senzurasından və müəyyən kitabları müzakirə etməyin çətinliyindən bəhs edən keçmiş prezident ölkəsində uşaqlar və gənclər arasında kitaboxuma ənənəsinin olduğunu bildirib. Makedoniya Respublikasının Prezidenti George İvanov ideyalar, fikirlərlə kitabların yaxın əlaqəsindən danışıb. Tarixin müəyyən dövrlərində kitabların yandırılması faktına toxunan Prezident bildirib ki, kitablar yandırıla bilər, amma ideyalar, fikirlər yox. Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent kitabxanaların rolundan danışıb. O, kitabların insanlara daha sekulyar, daha humanist olmasında kömək etdiyini bildirib. Kitabların məlumat daşıyıcısı olduğunu vurğulayan İ.Parent kitabxanaların problemləri, onların həlli yollarından da bəhs edib. Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku tarix boyu kitabların məhv edilməsini xatırladaraq, nasistlər, həmçinin sovetlər dövründə kitablara qarşı bu əməllərin həyata keçirildiyini deyib. O, kitabın çox şeyi dəyişmək gücündə olduğunu, nəsillər arasında dialoq yaratdığını vurğulayıb. Beynəlxalq Kitab Sammiti açılış sessiyasından sonra panel müzakirələrlə davam edib. Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parentin moderatorluğu ilə “Kitab və mədəni irsimizin qorunması” mövzusunda keçirilən sessiyada Konqres Kitabxanasından Mary Jan Deeb kitabın bəşəriyyətin irsi olduğunu deyib. Konqres Kitabxanasının bu istiqamətdə gördüyü işlərə toxunan Mary Jan Deeb dünyada baş verən müharibələrin kitabxanaların fəaliyyətinə təsirini vurğulayıb. Xüsusilə də İraqdakı müharibə nəticəsində xeyli sayda kitabxananın zərər çəkdiyini bildirib. O, həmçinin təbii fəlakətlərin kitabxanalar üçün acı nəticələrindən danışıb. Natiq müasir kitabxanaların hazırkı problemlərinə toxunub, kitabxanaların bərpası və tikintisinin əhəmiyyətini vurğulayıb. Mary Jan Deeb Əfqanıstandakı kitabxanaların vəziyyətinin yaxşılaşdırılması və lazımi avadanlıqlarla təchiz edilməsi istiqamətində Konqres Kitabxanasının həyata keçirdiyi işləri qeyd edib, bütün ölkələrdəki kitabxanaların qorunub saxlanılmasına dəstək göstərdiklərini bildirib. İnternet arxivinin təsisçisi Briyuster Kahle rəqəmsal kitabxana materiallarının toplanması və qorunub saxlanılması üçün gördükləri işlərdən bəhs edib. B.Kahle dünya kitabxanalarındakı kitabların hamısının tamamilə rəqəmsallaşdırılmadığı üçün həmin kitabxanalara girişin olmamasının hələ də əsas problemlərdən olduğunu bildirib. O, rəqəmsal oxucularla işləməyin vacibliyini, müəllif hüquqları məsələsinin nəzarətdə saxlanılmalı olduğunu deyib. Dünya Bankının keçmiş baş məsləhətçisi Nadere Çamlo dahi Azərbaycan şairi Nizami Gəncəvinin fikirlərinə əsaslanaraq deyib ki, bilik hər kəsə açıq olmalıdır. Cəmiyyətin əsas iştirakçısı olan qadınların təhsil almaları və kitabların ötürülməsindəki rolundan danışıb. Nadere Çamlo ümid etdiyini bildirib ki, gələcəkdə qadınlar daha çox kitab oxuyacaq, tərcümə edəcək və onları gələcək nəsillərə ötürəcəklər. Qeyd edək ki, Beynəlxalq Kitab Sammitinin məqsədi milli-mədəni kimliyin və insan sivilizasiyasının qorunmasında kitabın və kitabxanaların rolunu vurğulamaqdır. Sammit ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə 2012-ci ildən keçirilir. İsmayıl Seragəldinin təşəbbüsü ilə I Beynəlxalq Kitab Sammitində Azərbaycanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təmsil edib. Sammit Vaşinqton (2012), Sinqapur (2013), Paris (2014), İsgəndəriyyə (2015) kimi dünya mədəniyyətinə qlobal təsiri olan şəhərlərdə təşkil edilib. Bununla da “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işini başa çatdırıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa Forumun bağlanış mərasimində çıxış edərək bu tədbirin əhəmiyyətini yüksək dəyərləndirib. O, VI Qlobal Bakı Forumunda dünyaya önəmli mesajlar çatdırıldığını söyləyib. Vayra Vike-Freyberqa hər zamankı kimi bu dəfə də Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi olduqlarını vurğulayıb. Moldovanın Prezidenti İqor Dodon tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib. O qeyd edib ki, hazırda bütün dünyada bir çox problemlər mövcuddur: “Bu Forum həmin problemlərin həllində mühüm rol oynayacaq. Burada təhlükəsizliyin, sabitliyin əldə edilməsi, xalqlararası və dinlərarası dialoqun təşviqi ilə bağlı önəmli məsələlər müzakirə olundu”. İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta da Forumun işinin uğurlu olduğunu deyib. Bildirib ki, bu Forum ölkələrarası münasibətlərin inkişafına, sülhün bərqərar olmasına layiqli töhfə verəcək: “Bu tədbirdə biz öz təcrübələrimizi və ideyalarımızı bölüşdük. Bu kimi tədbirlər gələcəkdə davam etməlidir. Burada iş adamlarının da iştirakı təmin edilməlidir”. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov VI Qlobal Bakı Forumunun işini böyük müvəffəqiyyətlə başa vurduğunu deyib. O əlavə edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı gündən bu vaxtadək qısa zaman kəsiyində böyük uğurlara nail olub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin qeyd etdi ki, inklüziv cəmiyyətlərin formalaşmasında bu tədbirin xüsusi əhəmiyyəti var. Forumda səslənən dəyərli fikirlər, təkliflər təşviq edilməli, buradakı mesajı liderlər öz ölkələrinə çatdırmalıdırlar. Bununla da VI Qlobal Bakı Forumu öz işini başa çatdırıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info