Əli Həsənov: “Belələri öz dövlətlərinə qarşı mübarizəyə sövq edilirlər“
Tarix: 21.03.2018 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


"Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək insanlıq simasını itirmək deməkdir"
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook" sosial şəbəkəsindəki səhifəsində ikinci dəfə xarici ölkələrdə anti-Azərbaycan kampaniyası aparan bir qrup şəxs haqqında status yazıb.
APA-nın məlumatına görə, Ə. Həsənov qeyd edib ki, Azərbaycan jurnalistlərinin Vll qurultayındakı çıxışında və "Facebook" vasitəsilə bir həftə əvvəl paylaşdığı statusda xarici ölkələrdə məskunlaşmış bəzi soydaşlarımızı milli-mənəvi dəyərlərimizə, dövlət simvollarımıza hörmətlə yanaşmağa, yaşadıqları ölkələrin müsbət nümunələrini əxz edərək opponentlərinə qarşı yalan, şantaj, qeyri-etik və qeyri-əxlaqi davranış nümayiş etdirməməyə çağırıb.



Azərbaycan prezidentinin köməkçisi bildirib ki, məqsədi bir tərəfdən siyasi mübarizə meydanında son zamanlar bəhs olunan şəxslər tərəfindən başladılmış və getdikcə genişlənən qeyri-əxlaqi mübarizə üsullarını aradan qaldırmaq, digər tərəfdənsə, bu cür hərəkətlərin heç kimə şərəf gətirməyəcəyinə, qeyri-əxlaqi davranış sahiblərinin xalqın nifrətini qazanacaqlarına onları inandırmaq olub: "Mən hər bir insanın mahiyyətində və əxlaqında bir xeyir başlanğıcı olduğuna inanıram və inandırmaq istəyirəm ki, bu və ya digər yad təsirlər, şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən kəsilməsi üçün səbəb ola bilməz. Müraciətim yayılandan sonra daxili müxalifətin, xaricdəki diaspor fəallarının bu polemikaya qatılacağını və indiki qeyri-normal halın aradan qaldırılması yollarının müzakirə ediləcəyini gözləyirdim. Ancaq bu gün dərin təəssüf hissi ilə bildirmək məcburiyyətindəyəm ki, Azərbaycan dövlətinə, hakimiyyətə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən ölkə Prezidentinə və onun köməkçisi kimi mənə qarşı çirkin kampaniya aparan həmin “insanlar” nəinki polemika mədəniyyətlərinin olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirdilər. Tam məsuliyyətimlə bəyan edirəm ki, cavabdeh olduğum sahədə çalışan şəxslərin heç biri və heç vaxt öz opponentlərinin şərəf və ləyaqətinə, milli-vətəndaş heysiyyatına toxuna biləcək leksikondan istifadə etməyiblər və belə hərəkətləri həmişə sərt formada qınayıblar. Biz həmişə istənilən şəxs, siyasi qurum və qüvvə ilə istənilən platformada sivil polemikaya açıq olmuşuq və bu gün də buna hazırıq. Görünür, mədəniyyət, əxlaq, tərbiyə və şərəf barədə anlayışları plintusdan da aşağı səviyyədə olan vidadi isgəndərli, isa sadıqov, elşad abdullayev kimilərdən qısa müddətdə möcüzəli transformasiya gözləmək əbəs imiş. Bir də təkrar edirəm, insanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərin dili ilə danışırlar. İnsanın mahiyyəti nədirsə, davranış və leksikonu da elədir. Böyük Füzulinin təbirincə desək, “kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Jurnalistlərin son qurultayında ifadə etdiyim fikri bir daha, bu dəfə ünvanlı şəkildə, mahiyyətcə düşük olanların diqqətinə çatdırıram: özünüzə rəva görmədiyinizi başqasına da etməyin! Ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini də təhqir etməz! Özünə rəva görmədiyi ədəbsiz ifadələri başqası barədə də işlətməz!".



Ə. Həsənov hazırda dünyanın bir parçası kimi virtual informasiya mühitində, azad internet və demokratiya şəraitində yaşadığımızı qeyd edib: "Siyasi mübarizə gedir və bundan sonra da davam edəcək. Sosial şəbəkələrdən qaçmaq mümkün deyil və görünən budur ki, gələcəkdə də qaca bilməyəcəyik. Amma unutmaq olmaz ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun şəkildə aparmalıyıq. Bu gün öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar. Belələri başa düşməlidirlər ki, müxtəlif fərziyyələrini mənim və hakimiyyəti təmsil edən digər şəxslərin adına çıxmaqla, “trollar”, “məqsədli təhqir” və s. bu kimi ifadələr ortaya atmaqla, heç kimə şərəf gətirməyən və sonu heç də yaxşı olmayan işə baş qoşurlar. Onlara bu ziyanlı əməllərdən əl çəkməyi tövsiyə edirəm. Yenə də jurnalistlərin qurultayında ifadə etdiyim və bəziləri tərəfindən təhrif olunmuş şəkildə şərh edilən fikrimə qayıtmaq istəyirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı mübarizəyə sövq edilirlər. Əlbəttə, bu fikri xaricdəki bütün soydaşlarımız haqqında söyləmək olmaz. Avropada yüz mindən çox azərbaycanlı məskunlaşıb, onların 15-20 min nəfəri fəaldır və ölkəmizin maraqlarını həmişə müdafiə edirlər. Hazırda söhbət müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir. Onlar iki əlin barmaqları ilə sayılacaq qədərdir. Mən üzümü məhz onlara tuturam və söyləyirəm: Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir. Düşünürəm ki, cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı, diasporumuz, media nümayəndələrimiz, ictimai fəallarımız seyrçi mövqe tutmamalıdırlar. Düşünürəm ki, məskunlaşdıqları ölkələrdə digər çoxminli soydaşlarımızdan nümunə götürərək, bu insanlar öz həyatlarını qanunlar və əxlaq normaları çərçivəsində qursalar, Azərbaycandakı qohum-əqrəbaları da onlara görə utanmaz, əksinə, qürur duyarlar".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info