Prezident İlham Əliyev Bərdə türbəsində
Tarix: 25.03.2018 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycandakı tarixi-dini abidələr ölkəmizin tarixinin zənginliyini sübut edir. Belə abidələrdən biri də Bərdə rayonundakı Bərdə türbəsi və Torpaqqala kompleksidir. Bu məkanın əsaslı şəkildə yenidən qurulması Azərbaycan dövlətinin mədəni irsimizə qayğıkeş münasibətinin bariz nümunəsidir. Tarixi kompleksin əsaslı yenidən qurulması ilk növbədə zəngin mədəni irsimizin qorunması, inkişafı və bərpası istiqamətində atılan addımların ardıcıl olduğunu göstərir. Bu layihənin icrası, eyni zamanda, bölgələrimizin qədimliyini, tarixi, dini, mədəni abidələrlə zənginliyini dünyaya çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır, turistləri ölkəmizə cəlb etmək nöqteyi-nəzərindən mühüm rol oynayır. Bərdədə bu layihənin həyata keçirilməsi bir daha sübut edir ki, Azərbaycanda tarixi, dini, mədəni abidələrin qorunub saxlanılaraq, gənc nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin bütün bölgələrini əhatə edir və bu prosesdə İslam abidələrinin, onun müqəddəs dəyərlərinin mühafizəsi xüsusi əhəmiyyət daşıyır.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Prezident İlham Əliyevə məlumat verdi ki, Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilib. Türbə eramızdan əvvəl inşa olunan Torpaqqala adlı müdafiə divarlarının ərazisində yerləşir. Qülləvari quruluşa malik türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövrdə xarakterik olan dəfn üçün ayrılmış sərdabə təşkil edir. Yerüstü qat isə xatirə abidəsidir və monumental xarakter daşıyır. Türbə xarici fasad üzrə kürsüdən, gövdə və günbəzdən ibarətdir. Hündürlüyü 13 metr olan türbənin bayır tərəfdən diametri 10 metrdir. Kürsüdən başlayaraq yuxarıdakı haşiyəyə qədər hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn kitabədə “Allah” sözü mütənasib sürətdə təkrarlanır. Məhz bu səbəbdən abidəyə el arasında “Allah-Allah” türbəsi də deyilir. Abidənin kimin şərəfinə tikildiyi məlum deyil. Ehtimal olunur ki, Elxanilər sülaləsindən olan bir şəxs üçün inşa edilib.
Bildirildi ki, uzun illər baxımsız vəziyyətdə olan türbənin bərpasına ötən əsrin 60-ci illərində başlanılıb. Lakin səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib, kitabələr silinib, üzərinə qoyulan ağır beton konstruksiya isə çatların əmələ gəlməsinə səbəb olub. Türbənin və əhatəsində olduğu Torpaqqala divarlarının bərpasına 2012-ci ildə başlanıb və hazırda tam başa çatdırılıb. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. Burada 427 kvadratmetr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Quranın “Ayətül-Kürsü” ayəsi və kufi əlifbası ilə kitabələr bərpa olunub, kaşılararası hörgü tikişləri təmizlənərək xüsusi məhlul qarışığı ilə yenidən doldurulub, divarlardakı çatlar tam regenerasiya edilib. Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və burada mərmər sənduqə quraşdırılıb.
Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub. Bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib.
Türbə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info