Şamaxı soyqırımı: dinc əhaliyə divan tutmaq üçün 75 maşın silah, 2 min erməni əsgəri göndərilmişdi
Tarix: 26.03.2018 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


1918-ci il mart qırğınlarının əsas səbəbləri haqqında əvvəllər Bakıda yaşamış, sonralar Almaniyaya mühacirət etmiş, kadet partiyasının üzvü B.Baykov xatirələrində belə yazırdı: “Çar Rusiyasının bütün neftini Bakı verirdi. Neftin əksəriyyəti Volqa çayı vasitəsilə Rusiya şəhərlərinə daşınırdı. Volqada buzların əriməsi ilə ticarət gəmilərinin fəaliyyəti martın ortalarında başlanırdı. Bolşeviklərin təxirəsalınmaz vəzifəsi Bakını tezliklə işğal etmək idi”.
Sonradan üzə çıxdı ki, bu mənfur plana ermənilər tərəfindən Azərbaycanın müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirmək də daxil edilmişdi.
AZƏRTAC 1918-ci il mart soyqırımı tarixinin ən dəhşətli səhifələrindən olan Şamaxı qırğınının bəzi məqamları barədə məlumatları təqdim edir.
Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin “əks-inqilabçı elementlərlə” mübarizə şüarı altında bütün Bakı quberniyasında yaşayan azərbaycanlılara qarşı 1918-ci ilin martından başlayaraq həyata keçirdiyi genosiddə ermənilər fəal rol oynayırdılar. Şaumyanın göstərişi ilə Stepan Lalayev 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərindən gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah-sursat paylamışdı. Bu dövrdə müxtəlif cəbhələrdən 7000 erməni əsgəri Bakıya gətirilərək Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edildi. Erməni alimi Q.Avetisyan qeyd edirdi ki, “Bakıda 25 alay, 18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi”. İstintaq Komissiyası tərəfindən hazırlanan sənədə görə, hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.
Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərilən teleqramdan: Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilib
Yelizavetpol (Gəncə) Müsəlman Milli Şurasının sədri Xasməmmədov 1918-ci il martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi təcili teleqramında yazırdı ki, martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış top və pulemyota malik əsgər dəstəsi Şamaxı qəzası istiqamətində göndərilib. Dəstə yolboyu 15-dən çox müsəlman kəndini məhv edib, Şamaxı şəhərini dağıdıb. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilib. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşıb. Təcili hökumətin köməyi lazımdır.
Azərbaycan nümayəndələrinin tələbi ilə Cənubi Qafqaz Seymi Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və süvari hissələri, iki təyyarə, zirehli qatar, çoxlu silah və sursat ayırdı. 1918-ci il aprelin əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 2 minə yaxın silahlı dəstə Tiflis və Gəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutdu. Eyni zamanda, şimaldan, Dağıstan tərəfdən, Bakı istiqamətində Nəcməddin Qotsinskinin qüvvələri hücuma keçdi. Lakin bütün bunlara baxmayaraq, azərbaycanlılara qarşı erməni qırğınlarının qarşısını almaq mümkün olmadı.

Erməni quldur dəstəsinin başçısı: Biz bura Şamaxını yerlə-yeksan etməyə, müsəlman əhalini qırmağa gəlmişik

Şamaxıda dinc əhaliyə qarşı cinayətlər 1918-ci il martın əvvəllərində rus-türk cəbhəsindən geri qayıdan 400 erməni əsgərinin Kürdəmirdən Şamaxıya gəlməsi ilə başladı. Onların niyyətindən xəbərsiz olan Bakı Müsəlman Komitəsi Şamaxı şəhər rəhbəri Teymur bəy Xudaverdiyevə məlumat verərək Şamaxıya qayıdan erməni əsgərlərinə yardım göstərməyi xahiş etmişdi. Buna görə də Şamaxı rəhbərliyi onları qarşılamaq üçün Ağsuya nümayəndə heyəti göndərdi. Lakin nümayəndə heyəti yolda olarkən xəbər tutdu ki, həmin erməni dəstəsi bir neçə hissəyə bölünərək müdafiə cəhətdən ən zəif yaşayış məntəqələri olan Bico və Ləngəbiz kəndlərinə hücum edib. Atışma nəticəsində bir neçə müsəlman və erməni də ölmüşdü. Ermənilər bu barədə dərhal Bakı erməni komitəsinə məlumat verdilər. Onlar da yerli əhalini tamamilə məhv etmək üçün qısa müddətdə müxtəlif silahlarla təchiz edilmiş 3 min ermənini Şamaxıya göndərdilər.
Bundan xəbər tutan Müsəlman İcraiyyə Komitəsinin yerli şöbəsi Şamaxı əyalət rəisi Hacıcamalbəyovu, əyalət qazisi Abdulxalıq Əfəndi Əfəndiyevi və erməni yepiskopunu onlarla danışıqlara göndərdi. Nümayəndə heyəti onlardan geri qayıtmalarını xahiş etdikdə, erməni quldur dəstəsinin başçısı cavabında bildirib ki, “biz bura qayıtmaq üçün deyil, Şamaxını yerlə-yeksan etməyə, müsəlman əhalini tamamilə qırmağa gəlmişik”. Bundan sonra nümayəndə heyəti Şamaxıya qayıdaraq vəziyyətdən çıxış yolları axtarmağa başladı. Ertəsi gün erməni yepiskopu Baqrat və molokanların nümayəndəsi Karabanov Müsəlman İcraiyyə Komitəsinin Şamaxı şöbəsinə gələrək Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içərək söz verdilər. Səhəri gün – 1918-ci il martın 18-də səhər saat 6 radələrində ermənilər Şamaxını mühasirəyə alaraq 10 topdan, yüzlərlə pulemyotdan və digər silahlardan şəhəri atəşə tutdular. Şəhərin bir neçə məhəlləsində yanğınlar başladı. Həmin gün axşam müdafiəsiz qalan şəhər əhalisi təslim olmaq məcburiyyətində qaldı. Ermənilər dinc əhaliyə qarşı dəhşətli soyğunçuluq və qırğınlar törətməyə başladılar. Şəhərdə az-çox salamat qalmış tikililər yandırıldı, şəhər yaxınlığında olan qəbiristanlıqlar təhqir edildi. Şamaxıda ermənilər törətdikləri qətlləri xüsusi qəddarlıqla həyata keçirdilər. Belə ki, qətl edilənlərin qolları, ayaqları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, ağlasığmaz işgəncələrlə öldürülmüşdülər.

Lalayevin qəddarlığı hətta silahdaşları T.Əmirov və İ.Boqomolovun da narazılığına səbəb olmuşdu

Şamaxı hadisələri ilə bağlı “Azərbaycan” qəzetinin 1918-ci il 19 saylı buraxılışında gedən bir yazıda müəllif qeyd edirdi ki, S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur. Şamaxıda qırğına rəhbərlik edən S.Lalayevin qəddarlığı o həddə çatmışdı ki, bu, hətta onun silahdaşları olan T.Əmirov və İ.Boqomolovun da narazılığına səbəb olmuşdu. İ.Boqomolovun A.Caparidzenin adına göndərdiyi müraciətdə deyilirdi: “Bir daha sizdən xahiş edirəm ki, cəllad Lalayevi həbs edəsiniz. O, çoxlu sayda qadın və uşaq öldürmüş, evləri qarət etmişdi. Əmirov onu, həbs etmək istədikdə, qaçıb gizlənib. Hamı təsdiq edir ki, o, məscidi yandırıb və orada çoxlu qadını qətlə yetirib.” Lakin A.Caparidze bu müraciətə heç bir cavab vermədi. Çünki o, S.Lalayevi himayə edən S.Şaumyanın onun həbsi ilə bağlı hərbi-istintaq komissiyasının sədri Kojemyakoya etdiyi etirazdan xəbərdar idi.

Ermənilər əhalinin sığındığı Allah evini də yandırdılar

Şamaxıda bu dövrdə ermənilər tərəfindən 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan, 743-cü ildə inşa edilmiş Cümə məscidi də yandırıldı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Çoxlu sayda qadın və uşaq həyatlarını xilas etmək üçün bu məscidə pənah gətirmişdi. Onlar belə hesab edirdilər ki, ermənilər əhali arasında böyük nüfuza malik olan Molla Cəfərqulu Axundun da içərisində olduğu Allah evinə toxunmağa cürət etməzlər. Lakin erməni quldurları məscidə daxil olan kimi axundun gözlərini çıxardı, dilini, qulağını, burnunu kəsdi, diri-diri dərisini soyaraq güllələdilər. Bundan sonra dinc əhalini məscidə yığaraq yandırdılar.

Şamaxı qəzasının 90-a yaxın, rayonun isə 40-dan artıq kənd və obası faciəyə məruz qalıb

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8-12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir. Fövqəladə İstintaq Komissiyası isə 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyünü açıqlamışdı. Lakin ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə hesablamalarına görə, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirib. Onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub. Digər mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı qətlə yetirdiyi bildirilir. Bu dövrdə Şamaxı qəzasında 120 kənd olub ki, bunlardan da 86-sı erməni təcavüzünə məruz qalıb. Komissiya öz işini dayandırdığından soyqırımına məruz qalmış digər 33 kənd haqqında məlumat toplamaq mümkün olmayıb. Şamaxı qəzası üzrə təcavüzə məruz qalmış kəndlər hazırda Şamaxı, Qobustan, Kürdəmir, Ağsu, İsmayıllı rayonlarının ərazisində yerləşir.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən bəri Şamaxının yerli tədqiqatçıları da ciddi araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi və yerli havadarlarının iştirakı ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında (bugünkü Şamaxı və Qobustan rayonları ərazisindəki kəndlər) 6-8 min nəfər qətlə yetirilib. Şamaxı şəhəri, onun kənd və obalarından didərgin, qaçqın düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Mənbələrdə bu qırğın zamanı Şamaxı qəzasında 58 kəndin yerlə-yeksan edildiyi, yandırıldığı haqqında məlumat verilir. Həmin siyahıya faciə törədilmiş bəzi kənd və obaların adı düşməyib. Siyahıya adı düşməyən kənd və obaları da əlavə etsək, məlum olur ki, 1918-ci il soyqırımı zamanı Şamaxı qəzasının 90-a yaxın, rayonun isə 40-dan çox kənd və obası faciəyə məruz qalıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info