Lavrenti Beriya və Xalq Cümhuriyyətinin Əks-kəşfiyyatı
Tarix: 27.03.2018 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Elşad QOCA |

28 may 1918-ci ildə öz müstəqilliyini dünyaya elan edən Azərbaycan Xalq Cümhuriyyəti təcili olaraq dövlət və hökumət strukturlarını, parlamentini, ordusunu və güc qurumlarını təşkil etməyə başladı. Təbii ki, bu vacib dövrlər idarə və müəssisələrində peşəkar mütəxəssislərə böyük ehtiyac vardı. Ancaq bütün sahələrdə böyük problemlər yaşanırdı.
Gənc ölkənin rəhbərləri bunu başa düşürdülər. Bu səbəbdən də dövlət qurumlarına, yeni yaranan Azərbaycan Ordusuna Bakıda yerləşmiş Denikin ordusunun zabitlərindən, çar dönəmində şəhərdə müxtəlif vəzifələr tutmuş, eləcə də neft sahəsində işləmək üçün Bakıya gəlmiş bolşevik və digər yönümlü qeyri-millətlərin nümayəndələrindən qə­bul etmək məcburiyyətində idilər. Onların bir çoxu məqsədli şəkildə casusluq fəaliyyəti ilə məşğul olaraq faktiki Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə işləyirdilər. Xüsusən də yenicə təşkil olunan milli ordumuzun sıralarında çoxlu sayda əcnəbi zabitlər xidmətə qəbul olunmuşdu. Ancaq bunu hamıya şamil etmək olmaz. Bildiyiniz kimi, dövlət strukturlarında, orduda çoxlu sayda gürcülər, eləcə də Şimali Qafqazın ayrı-ayrı bölgələrindən olan müxtəlif xalqların nümayəndələri gənc respublikaya vicdanla xidmət edirdilər. Bu barədə kifayət qədər arxiv sənədləri mövcuddur. Bu yazıda gənc Cümhuriyyətin təhlükəsizlik orqanlarında xidmət edən qeyri-azərbaycanlıların fəaliyyətindən bəhs edəcəyik.
Bildiyimiz kimi, AXC dövründə təhlükəsizlik və xüsusi xidmət orqanları üç mərhələdə fəaliyyət göstərmişdir: Hərbi nazirliyin tərkibində fəaliyyət gös­tə­rən kəşfiyyat və əks-kəşfiyyat bölməsi (28 mart 1919-cu il - 11 iyun 1919-cu il), Əksinqilabla Mübarizə Təşkilatı (11 iyun 1919-cu il - 6 mart 1920-ci il) və Bakı general qubernatorluğunun tərkibində fəaliyyət göstərən İnformasiya şöbəsi (12 mart 1920-ci il - 28 aprel 1920-ci il). Onu da qeyd etmək lazımdır ki, bu orqanların özündə də çoxlu sayda qeyri-azərbaycanlılar işləyirdi. Bu qurumların əməkdaşları yeri gəldikcə həm öz sıralarını, həm də orduya və digər dövlət qurumlarına soxulmuş casusları müəyyən edir və müvafiq tədbirlərin görülməsi üçün yuxarı instansiyalara məlumat verirdilər. Onların yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə işləyən onlarla casus şəbəkəsi zərərsizləşdirmiş, bir qismi isə respublikamızın hüdudlarından çıxarılmışdı. Ordunun, dövlət qurumlarının belələrindən təmizlənməsi istiqamətində arxivlərdə onlarla sənədlər saxlanılır.
Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin fəaliyyəti ilə əlaqədar əldə olun­muş arxiv sənədlərindən aydın olur ki, bölmədə azərbaycanlıların sayı az de­yildi. Ona görə də bölmənin əməkdaşları ölkə rəhbərliyini mühüm qərarlar qəbul etmək üçün vacib əməliyyat məlumatları ilə təmin etməyə çalışırdılar. Ölkədən kənarda fəaliyyət göstərən və bizə məlum olan kəşfiyyatçıların əksəriyyəti azərbaycanlılar idi.
Azərbaycan əks-kəşfiyyatçılarının yaddaqalan əməliyyat işlərindən biri barədə məlumat vermək istəyirəm. Bax, bu tarixi sənəd bir daha sübut edir ki, ölkənin təhlükəsizlik və xüsusi xidmət orqanlarında vətənini se­vən, onun maraqlarını hər şeydən üstün tutan vətəndaşlar işləməlidirlər. Tarixdən məlumdur ki, Mudros müqaviləsinə əsasən Azərbaycan ingilislərin təsir dai­rəsinə düşdüyündən 1918-ci ilin payızında general Tomson öz qoşunları ilə Bakıya gəlmişdi. Onun tələbi ilə Bakıda yerləşən Azərbaycan korpusunun qə­rargahı, o cümlədən Hərbi na­zirlik Gəncəyə köçürülmüşdü. İlk milli Azərbaycan hərbi hissəsələri yalnız Bakıya 1919-cu ilin 5 aprelində gələ bilmişdilər. 1-ci Tatar süvari alayının komandanı polkovnik Fərhad Ağalarovun rəhbərliyi ilə 1 piyada taboru, 400 nəfərdən ibarət süvari və 1 topçu alayın­dan ibarət hərbi hissənin Salyan kazarmasında yerləşdirilməsi nəzərdə tutulurdu. Eyni zamanda, hərbi nazirin də bu tədbirlə əlqədar Bakıya gələcəyi planlaşdırılırdı. Bakıda olan qarışıqlıq təbii ki, müəyyən hazırlıq işləri görməyi tələb edirdi. Hər cür təxribatların ola biləcəyi istisna edilmirdi.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general-leytenant M.Sulkeviç 31 mart 1919-cu ildə Azərbaycan qoşunlarının Gəncədən Bakıya getməsi ilə əlaqədar əks-kəşfiyyat işinin təşkili üçün daxili işlər nazirinin müavini general-mayor Sadıq bəy Ağabəyova 1559 saylı tam məxfi qrifli məktub yazmışdı. Məktub tarixi əhəmiyyət kəsb etdiyindən və bu yazının mahiyyətini açdığından sənədin mətnini olduğu kimi təqdim edirəm: «Azərbaycan qoşunlarının bu ilin aprel ayının 5-də Bakıya yola düşməsi ilə əlaqədar Hərbi nazir mənə bu vacib məntəqədə əks-kəşfiyyat işinin təşkilini tapşırmışdır. Elə bu məqsədlə mənim tərəfimdən esaul Yusupov (kəşfiyyat və əks-kəşfiyyat bölməsinin əməkdaşı -E.O. ) ezam olunur ki, xahiş edirəm etiraz etməyəsiniz. Gəncə şəhərində fəaliyyəti ifşa olunmuş casusluq cəhdi, hansı ki, 1520 saylı məktubla Daxili işlər nazirinə məlumat verilmişdir, açıq-aydın göstərir ki, casusluğun mərkəzi Bakıdadır. Və onun istiqaməti təkcə qoşunlara deyil, həm də hökumətə qarşıdır. Bunlara görə də hərbi idarə və DİN-in cinayət axtarışı şöbəsinin əks-kəşfiyyat işinin təşkili üçün birlikdə, meh­ri­ban­casına işləməsi olduqca vacibdir. Bu yüksək dərəcəli məsul iş mə­nim tərəfimdən ancaq etibarlı şəxsə, müsəlman zabitinə tapşırılır. Təbii ki, bu işi bizə aydın düşmən olan rusa və er­məniyə etibar etmək olmaz. Düşünürəm ki, Vətən üçün bu vacib işin daha yaxşı görülməsi üçün Siz də bu mövqedəsiniz. Bu iş respublikanın maraqları üçün həddən artıq etibar tələb edir ki, bunu da heç bir pula ala bilməssən.
Əlavə edilir: Xanım Smıslovanın həbs edil­məsi barədə qısa məlumat. Baş Qərargahın rəisi general-leytenant Sulkeviç».
Mək­tu­bun sonunda general-mayor S. Ağabəyov tərəfindən 2 apreldə qeyd yazılmışdır: «Qubernatora şəxsən təklif etdim ki, esaul Yusupova bu mə­sələdə yardım etsin və onun Bakıda fəaliyyətini axtarış polisinin rəisi ilə razılaşdırsın».
Əks-kəşfiyyat işinin düzgün təşkili, bölmənin əmək­daşı esaul Usupovun və axtarış polisinin qarşılıqlı fəaliyyətləri sayəsində Azərbaycan milli hərbi hissələri Bakı şəhərinə daxil oldu.
Baş Qərargah rəisinin məktubundan hər şey aydın olur. Dövlətin strateji əhəmiyyətli vəzifələrində, təhlükəsizlik və xüsusi xidmət orqanlarında ürəyi vətən eşqi ilə döyünən, lazım gələrsə bu yolda canını qurban verə bilən insanlar çalışmalıdır. Ancaq həmin illər Bakıda, respublikanın digər yerlərində vəziyyət mürəkkəb olduğundan kəşfiyyat və əks-kəşfiyyat bölməsinin qüvvə və imkanları hesabına bu işin öhdəsindən gəlmək mümkün deyildi. Bu barədə Hərbi nazir Səməd bəy Mehmandarov və ordunun digər rəhbərləri ölkə rəhbərliyinə dəfələrlə raportla müraciət etmişdilər.
Denikinin ordusunun 1919-cu ilin mayında Petrovsk və Dərbəndi tutması Azərbaycan hökumətini təcili tədbirlər görməyə vadar etdi. Par­lamentin tapşırığı ilə iyun ayının 9-da dövlətin müdafiəsi ilə məşğul olacaq xüsusi qurum - Dövlət Müdafiə Komitəsi yaradıldı. 11 iyunda isə respublika ərazisində hərbi vəziyyət elan edildi. Məhz belə bir vaxtda ölkədə əks-kəşfiyyat işinin təmin edilməsi vacib idi. Məhz belə bir vaxt­da sırf əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olacaq yeni qurum Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) yaradıldı. Kəşfiyyat isə Hərbi nazirliyin tərkibində sax­lanıldı. Hərbi nazirliyin kəşfiyyat və əks-kəşfiyyat bölməsində xidmət et­miş əmək­daşların bir qismi kəşfiyyatda, digərləri isə Ordunun digər qu­rumlarında fəaliyyətlərini davam etdirməyə başladılar.
ƏMT-nin qısa vaxt ərzində formalaşdırılası üçün mümkün namizədlərin seçilməsi prosesinə göstəriş verildi. Bu sahədə peşəkarlar olmadığından təşkilat elə ilk günlərdən ciddi problemlərlə üzləşməli oldu. Və maraqlı burasıdır ki, Hərbi nazirliyin tərkibində fəaliyyət göstərən kəş­iyyat və əks-kəşfiyyat bölməsində xidmət edənlər ƏMT-də təm­sil olunmurdu. Yeni qurumun rəhbər və əməkdaşlarının heç birinin bu strateji əhəmiyyət kəsb edən sahə üzrə bilik və təcrübələri yox idi. Belə ki, ƏMT-yə əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü.
Təşkilatın əməkdaşlarının üçdə ikisi «Müsavat», üçdə biri isə «Hümmət» partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin «Müsavat»dan, müavininin isə «Hümmət»dən təyin edilməsi nəzərdə tutulmuşdu.
ƏMT-nin rəisi vəzifəsinə «Müsavat»çı və AXC parlamentinin aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanov, rəis müavini vəzifəsinə isə «Hümmət» partiyasının üzvü Mirfəttah Musəvi təyin edilmişdi. M.Musəvinin öldürülməsindən sonra rəis müavini vəzifəsini Mahmud bəy Səfikürdski yerinə yetirməyə başladı.
Azərbaycan KP(b)MK-nın gizli qərarına əsasən, ƏMT-yə 17 nəfər daxil olmuşdu. ƏMT-də hümmətçi əməkdaşları tək, müsavatçıları isə cüt rəqəmlə nömrələyirdilər. Partiya prinsipi əsasında yaranmış analoqu olmayan yeni qurumun elə ilk günlərdən fəaliyyəti şübhə doğururdu. “Hümmət”çi ƏMT-çilər gizli olaraq öz partiyalarının tapşırıqlarını yerinə yetirir, faktiki olaraq ölkənin əleyhinə işləyirdilər. Onlar Azərbaycanı Sovet Rusiyasız təsəvvür etmirdilər. Azərbaycanı Sovet Rusiyasız təsəvvür etməyənlər ölkənin müstəqilliyini və təhlükəsizliyini necə qoruya bilərdilər. Elə buna görə də təşkilatın fəaliyyətində tez-tez problemlər çıxırdı. Bəzən bir təşkilatın nümayəndələri əqidələrinə görə üzbəüz gəlirdilər. Bu barədə kifayət qədər faktlar mövcuddur.
Lakin Məmmədbağır bəy Şeyxzamanov ƏMT-də cəmisi 2 ay doqquz gün işlədikdən sonra, 20 avqustda öz ərizəsi ilə qurumdan çıxdı. O, fəaliyyətini parlamentdə davam etdirməli oldu. Elə həmin gün yeni rəis, Məmmədbağır bəyin qardaşı Nağı bəy Şeyxzamanov ƏMT-nin şəxsi heyətinə təqdim edildi. Bundan sonra təşkilatın işində irəliləyiş hiss olunsa da, qarşıya qoyulan tapşırıqları yerinə yetirmək mümkün deyildi. Təşkilatın əməkdaşları, əsasən, Denikin ordusuna, ermənilərə qarşı işləyirdilər. Bakı Möhkəmləndirilmiş Rayonunun (BMR) tərkibinə veriləndən sonra bolşeviklərə qarşı mübarizə gücləndi. BMR-in rəisi general Girey Tlexas qatı antibolşevik olduğundan ƏMT bolşeviklərə qarşı mübarizəni daha da gücləndirdi. Təşkilatın bir çox bolşevik üzvləri işdən uzaqlaşdırılmışdı.
Onu da qeyd etmək lazımdır ki, ƏMT-nin fəaliyyət göstərdiyi dövrdə qurumda təxminən dəyişən tərkibdə 120-dək əməkdaş işləmişdir. Bunların arasında xeyli sayda qeyri-azərbaycanlılar, o cümlədən ruslar, ukraynalılar, gürcülər və b. vardı. Onların da əksəriyyəti “Hümmət” partiyasının xətti ilə işə qəbul edilmiş bolşeviklər idi. Gürcü Aleksandr Şengeliya Bakı rayonlarından birinə rəhbərlik edirdi. Xəfiyyə (agentura) işləri üzrə şöbəyə Aleksandr Qoberidze rəhbərlik edirdi. Daha 20-yə yaxın rus və gürcü millətindən olanlar agent (əməliyyat müvəkkili) və baş agent (baş əməliyyat müvəkkili) vəzifəsini tuturdu. Təşkilatın senzura şöbəsinə Lavrenti Beriya rəhbərlik edirdi. O, əvvəl agent (əməliyyat müvəkkili) vəzifəsinə qəbul edimiş, sonra şöbə rəisi vəzifəsinə təyin olunmuşdu. Bəs Lavrenti Beriya ƏMT-yə necə düşmüşdü? Bizi də bu sual maraqlandırır. Elə bu yazımızın ali məqsədi də budur. Vaxtilə bu suala “AXC-nin təhlükəsizlik və xüsusi xidmət orqanları 1918-1920” kitabımda da cavab axtarmışam. Yenidən bu məsələyə qayıtmalı oldum. Bu barədə bir qədər sonra.
Bu gün hamıya, o cümlədən bütün tədqiqatçılara məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin əks-kəşfiyyat orqanı olan Əksinqilabla Mübarizə Təşkilatında (istintaq sənədlərində Müsavat əks-kəşfiyyatı kimi göstərilir) işləməyi Lavtenti Beriyanın bütün sonrakı karyerası ərzində başağrısına çevrilmiş, dəfələrlə yüksək səviyyələrdə müzakirə edilmiş, şəxsən Stalinin sorğu-sualına məruz qalmış və ona qarşı irəli sürülən ittihamlardan biri də məhz Müsavat əks-kəşfiyyatında işləməsi olmuşdur. Bu, onun ən zəif yeri idi, onu rəqibləri də bilirdi. Məqam düşdükcə bu məsələni gündəmə çıxarırdılar. Ümumiyyətlə, ƏMT-nin agenti (əməliyyat müvəkkili), sonra senzura şöbəsinin müdiri vəzifələrində xidmət etmiş Lavrenti Beriya haqqında dövlət arxivində materiallar o qədər də çox deyildir. Onun adı, əsasən, ƏMT-nin şəxsi heyətinin ərzaq təminatı və digər məqsədlərlə əlaqədar müxtəlif vaxtlarda tərtib olunmuş siyahılarda keçir. Materialların birində tərtib edilmiş 28 nəfərlik siyahıda 21 yaşlı Beriyanın soyadı 11-ci sırada verilmişdir. Agent vəzifəsində adı keçən Lavrenti Beriyanın mandat nömrəsi 1-dir. Sənəddə onun rus və gürcü dillərini bildiyi göstərilir.
Lavrenti Beriya barədə digər sənəd isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində (PR-21842 saylı istintaq işi) saxlanılır. Bu iş cəmi 2 sənəddən ibarətdir. Birinci sənəddə onun Müsavat əks-kəşfiyyatının əməkdaşı kimi 8 sentyabr 1920-ci ildə Bakıda Azərbaycan SSR Fövqəladə Komissiyasının əməkdaşları tərəfindən həbs edilməsi barədədir. İkinci sənəd isə L.Beriyanın 8 sentyabr 1920-ci ildə açılmış istintaq işinin 1932-ci ildə onun verdiyi göstərişinə görə Moskvaya, şəxsən özünə göndərilməsi haqqındadır. Çox maraqlıdır. Görünür, Beriya gələcək karyerası yolunda ona yarada biləcək əsas təhlükəni hiss edirdi. Ona görə də özünün Müsavat əks-kəşfiyyatında, daha düzü isə Azərbaycan Xalq Cümhuriyyətinin əks-kəşfiyyat orqanı olan Əksinqilabla Mübarizə Təşkilatında işləməsi faktını hər vasitə ilə silməyə çalışırdı. Silə bildimi? Təbii ki, yox.
Tanınmış tədqiqatçı Lev Bezımenski «Beriyanın işi. Əlli ildən sonra» (“Novoye vremya” jurnalı, N 23/2000 səh.30-34 ) adlı məqaləsində uzun illər SSRİ Nazirlər Sovetinin dəftərxanasının rəisi işləmiş Suxanova istinadən maraqlı faktlar söyləyir. Lavrenti Beriya istintaq sənədlərini aldıqdan sonra onu öz seyfində uzun illər saxlamışdır. Və həmin sənədləri, o cümlədən Bakıda Müsavat əks-kəşfiyyatına işə götürülməsi üçün verdiyi iltizamnaməni günlərin bir günü SSRİ Nazirlər Sovetinin dəftərxanasının rəisi Suxanov gizlincə Beriyanın seyfindən çıxarmışdı. Ancaq burada bəzi məqamlara xüsusi fikir vermək lazımdır. ƏMT-nin Dövlət arxivində mühafizə olunan şəxsi işlərin arasında, demək olar ki, iltizamnamələr yoxdur. Burada, əsasən, işə qəbul barədə ərizələr, vəsiqələr, çox az sayda fotoşəkillər saxlanılır. Suxanov iltizamnamə dedikdə, görünür, işə qəbul zamanı əməkdaşların üzərlərinə götürdükləri öhdəlikləri nəzərdə tutur. Əgər materiallar arasında belə əlavə sənədlər olsaydı, yəqin ki, indiki Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan istintaq işinin şəxsən Beriyanın özünə göndərilməsinə dair yazıda qeydlər olardı.
Bəs, görəsən Beriya özünə qarşı çevrilə biləcək bu sənədləri on illər boyu niyə saxlayırmış? Maraqlıdır, elə deyilmi? Təbii ki, o, bu sənədləri məhv edə də bilərdi. Görünür, ehtiyatlanıb, başa düşüb ki, ƏMT ləğv edildikdən sonra onun sənədləri arxivə verilə bilər və nə vaxtsa kiminsə əlinə keçə bilər. Bununla yanaşı, Beriyanın ƏMT-də işləməsi faktını bilənlər də az deyildi. Lavrenti Beriya sovet hakimiyyətinin ilk illərində bir neçə dəfə həbs olun­muş və izahatlarında ƏMT-yə “Hümmət” partiyasının tapşırığı ilə getdiyini bildirmişdi. Bu barədə ƏMT-nin 2-ci rəisi olmuş Nağı bəy Şeyxzamanlı 1964-cü ildə İstanbulda çap etdirdiyi «Azərbaycanın istiqlal mücadiləsinin xatirələri» kitabında belə yazır: «...Beriyanı «Hümmət» partiyasının töv­si­yəsi ilə ƏMT-yə işə götürmüşdüm. O vaxt bizim sərhədlərimizə təhdid edən çar generalı Denikin idi. General Denikin rus çarının saxlanması üçün vuruşurdu. Beriya sosialist kimi çar rejiminin əleyhdarı idi. Bizim işimizə yara­yacağını bildiyimdən qəbul etmişdim. O, son dərəcə məsuliyyətli bir işçi kimi görünürdü. 21 yaşı var idi. Onu senzura şöbəsinə götürmüşdüm. Qısa müddət ərzində özünü çox çalışqan işçi kimi göstərdi. Mən də onu şöbənin rəisi təyin etdim... Vicdanla çalışması, enerjisi, Qafqaz gürcüsü olması və ruslara qarşı vuruşması ilə özünü mənə sevdirmişdi. Xəzər dənizi yolu ilə limanlarımıza gələn gəmilərin sərnişinlərindən ələ keçirdiyi çox maraqlı və təşkilatımıza aid olan məlumatı əldə edə bilirdik. Beriya əldə etdiyi məlumatları mənə gətirir və izahat verirdi. Ürəkdən çalışdığını görürdüm...».
Nağı bəy Şeyxzamanlı xatirələrində bir məsələyə də toxunur. Lavrenti Beriya, sən demə, həm də qəddar imiş. Beriya Nağı bəyə bir sabah raport verir, Bakıya gələn gəminin sərnişinlərinin əşyaları arasında məktub tapılıb. Məktub müəllifinin tələbə olduğu aydın hiss olunur. O, anasına yazır: “Ana çox yaxında rus qoşunu müzəffəranə Bakıya girəcəkdir. Şə­hə­rin bü­tün binaları ikibaşlı qartal bayrağımızla bəzənəcəkdir. Çox keçmədən Tif­lis­də də gürcü bayrağı yerinə rus bayrağı dalğalanacaqdır”. Gənc oğlan hətta 15 gün sonra onu Bakıya gətirəcək paroxodun (gəminin) adını da məktubunda qeyd edir. Lavrenti Beriya Nağı bəydən tələbəni onun qarşılamasını xa­hiş edir. Nəhayət, 15-ci gün Beriya həmin tələbəni ƏMT-yə gətirir. Nağı bəy tələbənin ifadəsini oxuyur və dindirilmək üçün onun yanına gətirilməsini tapşırır. İçəri bənizi saralmış, görkəmindən lisey tələbəsinə oxşayan 17 yaşlı rus gənci daxil olur. Nağı bəy sərt şəkildə onu sual-cavab edir və yazdıqlarını kimdən öyrəndiyini soruşur. Gəncin cavab verəsi halı yox idi, onu başqa otağa keçirirlər. Sonra həmin tələbənin ana və bacısını Nağı bəyin otağına dəvət edirlər. Hər ikisi Nağı bəyin ayaqlarına düşüb yalvarır, onun əfv olunmasını xahiş edirlər. Nağı bəy qadınları sakitləşdirir, onların Bakıya nə üçün gəldiklərini, harada yaşadıqlarını, nə işlə məşğul olduqlarını öyrənir. Məlum olur ki, həmin gənc tələbədir, ananın sözünə qulaq asmayaraq könüllü orduya yazılıb. Nağı bəy vəziyyəti tam aydınlaşdırır, insanpərvərlik göstərərək üç gün sonra həmin rus qadını, qızını və oğlunu gəmi ilə Rusiyaya yola salır.
Lavrenti Beriya rəisinin, yəni Nağı bəyin hərəkətindən narazı qalır, “Nağı bəy, sizin rus düşmənçiliyinizi çox zəif gördüm. Nə üçün siz o ilan balasını cəzasız buraxdınız”, deyir. Nağı bəyin ona cavabı da maraqlıdır, “Beriya, mən səni bu qədər qəddar və vəhşi bilməzdim. Sənin haqqında əldə etdiyim məlumata görə, sən hələ məktəbdə oxuduğun zaman dostlarına böyüyəndə Amerikaya gedib qanqster olacağını söyləyirmişsən. Demək sən belə bir ruh daşıyırsan. Doğrusu, inanmazdım. Özü də o, hissə qapılmış bir uşaqdır”. Tarix Nağı bəyin fikrini təsdiqlədi. Beriya sovetlər tarixində ən qəddar rəhbərlər sırasında xüsusi yer tutur.
Bolşeviklər Denikin ordusunu darmadağın etdikdən sonra Azərbaycana tərəf irəliləməyə başlamışdı. ƏMT, digər dövlət qurumları ilə birlikdə ölkənin müstəqilliyi uğrunda mübarizəyə hazırlaşırdı. Məhz belə bir vaxtda ƏMT-nin məsul əməkdaşı Lavrenti Beriya yoxa çıxır. Nağı bəy onu çox axtarır, tapa bilmir. Ancaq onun 2 aylıq maaşını Beriyanın anasına göndərir.
28 aprel 1920-ci ildə sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra Nağı bəy Şeyxzamanlı da ölkəni tərk etmək məcburiyyətində qalır və Gürcüstana keçir. O, Tiflisdə şirniyyat mağazasında təsadüfən Beriya ilə rastlaşır. Beriya könülsüz keçmiş rəisinə yaxınlaşır. Salamlaşırlar. Nağı bəy ilk olaraq ona belə sual verir: “Nə üçün mənə bildirmədən Gürcüstana keçdin?” Əvəzində Beriya, guya ƏMT-nin bolşevikləri təqib etməsi ucbatından yollarının ayrıldığını və bu səbəbdən təşkilatda qala bilmədiyini söyləyir. Ancaq 2 aylıq maaşını anasına göndərdiyi üçün Nağı bəyə təşəkkür edir. Rəislə köhnə işçi arasında söhbət davam edir. Nağı bəy ona bolşeviklərin Azərbaycanda, xüsusən də Bakıda törətdikləri vəhşiliklərdən danışır. Xalqın rus çarının atasına rəhmət oxuduğunu bildirir. Beriya isə Nağı bəyin bu məsələdə yanıldığını, bolşeviklərin Qafqaza hürriyyət və sədaqət gətirdiklərini, türk, Şərq və islam dünyasının kapitalistlərin bolşeviklərin sayəsində xilas olacağını və yaxınlarda bolşeviklərin Tiflisə girəcəyini söyləyərək ona getməsini tövsiyə etmişdi.
Beləliklə, Beriya ona qayğı göstərən rəisinə kömək etməmişdi. Əvəzində Nağı Şeyxzamanov Qafqaza hürriyət və azadlıq gətirənlərin bir zaman Beriyanın özünü də məhv edəcəklərini bildirmişdi. Xatirələrində Nağı bəy vaxtında Beriyanı tanımadığını, öyrənmədən, bilmədən bir ilan bəslədiyini, onu himayə etdiyini yazır. Eyni zamanda, ƏMT-nin bütün əməkdaşlarının Beriyaya qayğı göstərdiyini qeyd edir.
Bəs Lavrenti Beriyanın sonrakı taleyi barədə nə bilirik? Onun sovet hakimiyyəti dövründəki fəaliyyəti məlumdur. Beriya çox sürətlə hakimiyyət pillələrində irəliləyib. Hətta, az qala, qeyri-rəsmi olaraq sovetlər birliyində Stalindən sonra ikinci şəxs statusu qazanıb. Kremldə hamı ondan çəkinirdi. Stalinə sədaqətini sübut etmək üçün dəridən-qabıqdan çıxıb. Düşmənləri daim ən zəif yerindən onu vurmağa çalışıblar. Onlar bilirdilər ki, Beriya gənc yaşlarında 1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin əks-kəşfiyyat funksiyasını yerinə yetirən Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşı olub. Bu da onun karyerası ərzində əməlli narahatçılıq yaratmış, şəxsən Stalinin iştirakı ilə vaxtaşırı hakimiyyətin yuxarı eşalonunda müzakirə edilmişdir. Bu fakt bizə məlum idi. Keçmiş sovet tədqiqatçıları bu barədə xeyli sayda materiallar dərc etdirə bilmişdilər. Ancaq bu faktın detallarına qədər kimdəsə müfəssəl məlumat yox idi. Tanınmış tədqiqatçı, onlarla qiymətli əsərlərin müəllifi Adıgözəl Məmmədovun “Kremldə türk agenti Beriya, 0029 saylı iş” adlı tam məxfi materiallar əsasında yazdığı kitabı bütün qaranlıq məqamlara aydınlıq gətirdi. 1920-1950-ci illəri əhatə edən kitabda bir-birindən əhəmiyyətli faktlar verilmişdir. Onun tarixin qaranlıq anlarına işıq salan bu əsərində biz yalnız Lavrenti Beriyanın ƏMT ilə əlaqəli olan hissələri üzərində fikrimizi davam etdirəcəyik.
Lavrenti Beriya həbs edildikdən sonra 1953-cü ilin iyun ayında SSRİ Baş Prokuroru Rudenko tərəfindən dindirilmişdir. İstintaq protokolundan və daha doğrusu, Beriyanın verdiyi cavablardan aydın olur ki, o, “Hümmət” partiyasının zəmanəti ilə 1919-cu ilin payızında (əslində, iyun-avqust aylarında - Elşad Qoca) ƏMT-yə göndərilib. ƏMT-yə işə girmək tapşırığını isə Mirzə Davud Hüseynovdan alıbmış. Burada müsavatçılar və kommunistlər birlikdə ağqvardiyaçılara qarşı mübarizə aparırmışlar. Ancaq Beriya ƏMT-də, guya kommunist İsmayılovun rəhbərliyi ilə daxil olan vətəndaş məktubları ilə işləyir və lazım olanları seçərək Mirfəttah Musəviyə təqdim edirmiş. Beriya burada yalan danışırdı. O, ƏMT-də əvvəl agent (əməliyyat müvəkkili), sonra isə senzura şöbəsinin rəisi vəzifələrini tuturdu. Bunu Dövlət arxivində saxlanılan və yuxarıda təqdim etdiyimiz sənədlər də sübut edir. Onun adı ƏMT ilə əlaqədar müxtəlif vaxtlarda tərtib edilmiş siyahılarda keçir. Siyahının birində 11-ci sırada agent kimi onun soyadı göstərilir. Mandat nömrəsi 1-dir. “Hansı dilləri bilir” qrafasında “rus dilində savadlı”, “türk dili” əvəzində “gürcü dili, savadlı” yazılıb. Digər siyahıda isə “senzura işləri üzrə rəis” yazılıb.
Sənin “Hümmət” partiyasının xətti ilə ƏMT-də işlədiyini kimlər təsdiq edə bilər, sualına cavabında Lavrenti Beriya nəyə görəsə yalnız Mirzə Davud Hüseynov və Qasım İsmayılovun adlarını çəkir. Mənə elə gəlir ki, Beriya bunu bilərəkdən edirdi. Çünki dindirmə dövründə həyatda nə Mirzə Davud Hüseynov, nə də kommunist İsmayılov vardı. Təbii o, özünü müdafiə edirdi. Bəzən məlumatların üstündən keçir, tarixi səhv deyirdi. Belə faktlar az deyil. Məsələn, dindirmələrin birində belə bir izahat verir ki, 1920-ci ilin martında Musəvinin qətlindən sonra Hüseynovun məsləhəti ilə ƏMT-dən işdən çıxdım. Səbəbini isə ƏMT-nin artıq tam müsavatlaşmasında görürdü. Bu məqamda da Beriya səmimi deyil. Əvvəla, ƏMT-nin hümmətçi rəis müavini Mirfəttah Musəvi 1920-ci ilin martında deyil, 1919-cu ilin sentyabr ayının 15-də öldürülmüşdü. Beriya isə bu hadisədən sonra beş-altı ay ƏMT-də işləmişdi. Və Nağı bəyin yazdığı kimi işğala iki ay qalmış qəfildən yoxa çıxmışdı. Onun ölüsündən, dirisindən xəbər yox idi. Əgər Nağı Şeyxzamanov dəqiq bilsəydi ki, Beriya sağdır, bəlkə də başqa cür hərəkət edərdi. O bilirdi ki, Beriyanın maddi imkanı yaxşı deyil, ona görə də işdə olmaya-olmaya Beriyanın iki aylıq maaşını anasına göndərmişdi. Dindirməyə Beriya özü əlavə edir ki, hələ 1920-ci ildə Azər.KP(b)MK-nın katibi Kaminskinin adına onun müsavatçıların xeyrinə əməkdaşlığı ilə əlaqədar ərizə daxil olmuşdu. Bu ərizə MK-nın Rəyasət Heyətində ciddi şəkildə araşdırılmış və guya o, bəraət qazanır. Hətta 1937-1938-ci illərdə Kaminski tərəfindən MK-da təkrar məsələ qaldırılmış və Beriyaya qarşı olan ittihamlar hər iki müşavirədə əsassız sayılmışdır.
Prokuror vaxtı ilə ƏMT-də onunla birlikdə işləmiş İsa Məlikovun (həqiqətən də ƏMT-də işləyənlərin siyahısında onun adı keçir, bəzi yerlərdə soyadı Məlikzadə kimi yazılıb - Elşad Qoca) izahatından bir neçə məqama cavab verməsini tələb edir. İ.Məlikov ifadəsində göstərir ki, Beriya “Hümmət”in üzvü deyildi, söhbət zamanı o, bu partiyanın üzvü olduğunu inkar edirdi.
Lavrenti Beriya prokurora cavabında bu faktın düzgün olmadığını və İsa Məlikovu bolşevik partiyasına rəğbəti olan şəxs kimi tanıdığını söyləyir.
1953-cü ildə Stalinin ölümündən sonra sovet hakimiyyətinin yuxarı dairələrində gərgin anlar yaşanırdı. Lavrenti Beriya və onun yaxın çevrəsinə daxil olan vəzifəli şəxslər bir-birinin ardınca həbs edilirdi. Onlardan biri də Beriyanın ən yaxın silahdaşlarından sayılan və sovetlər dönəmində SSRİ dövlət nəzarəti və dövlət təhlükəsizliyi naziri və s. kimi yüksək vəzifələrdə çalışmış əslən Azərbaycandan olan Vselovod Nikolayeviç Merkulov idi. Merkulov kimdir? Bu suala aydınlıq gətirsək, oxuculara çox şey məlum olacaq. O, Zaqatalada anadan olmuşdu. Tiflisdə gimnaziyada, Peterburqda universitetdə oxumuşdu. Hərbi xidmət keçəndən sonra Tiflisə qayıdaraq burada dövri mətbuatda maraqlı bədii və publisistik yazıları ilə çıxış edirdi. Rus dilini zəif bilən və yazı-pozusu olmayan Lavrenti Beriya Tiflisdə pedaqoji fəaliyyətlə məşğul olan Vselovod Merkulovu Fövqəladə Komissiyaya işə dəvət edir. Xidməti fəaliyyətinə adi kargüzarlıqdan başlayan Merkulov qısa müddət ərzində aparıcı şöbələrə rəhbərlik etməyə başlayır. Yüksək savadı olan Merkulov Zaqafqaziya və Gürcüstan SSR-ə rəhbərlik etdiyi dövrlərdə Lavrenti Beriyanın köməkçisi vəzifəsinə qədər yüksəlib və onun sınanmış əməkdaşlarından biri olmuşdur.
Sonralar Beriya NKVD-nin (XDİK) sədri olanda Merkulovu özü ilə bu sistemə gətirib, hətta bir müddətdən sonra müavin vəzifəsinə təyin edib. Bütün yazışmalar, o cümlədən çıxışlar, məktublar, kargüzarlıq sənədləri onun tərəfindən hazırlanır və yaxud nəzarətində olurdu. Moskvada onu “ziyalı cəllad” kimi qələmə verirdilər. Xaraktercə zəif olduğundan Beriya həmişə onu danlayırmış. Onun Beriyanın məhkəməsində verdiyi ifadəsi fikrimizi daha aydın söyləməyə kömək edəcək: ...”Vəzifəyə təyin olunduqdan sonra Lavrenti Beriya məni tez-tez kabinetinə çağırırdı. Bu onun, əsasən, təqsirləndirilən şəxslərdən ifadə aldığı vaxtlar olurdu. O, işgəncə verməyi xoşlayır və bunu mənim yanımda daha yaxşı nümayiş etdirirdi ki, mən də öyrənim. Sonra işgəncəni davam etdirməyi mənə tapşırırdı. Əvvəllər bu vəziyyəti çətin qarşılayırdım. Sonra düşündüm ki, rəhbərin tapşırığı yerinə yetirilməlidir”.
SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi yaradılanda Vselovod Merkulov Beriyanın Stalinə təqdimatına əsasən, nazir vəzifəsinə təyin edilir və 1946-cı ilə qədər bu vəzifədə çalışır. 1946-cı ildən 1950-ci ilədək müxtəlif qurumlarda çalışan Merkulova Stalin sonradan SSRİ dövlət nəzarəti naziri vəzifəsini tapşırır. 1952-ci ildə səhhətində yaranmış problemlə əlaqədar uzun müddətli məzuniyyət götürür. Stalinin ölümündən sonra yenidən dövlət təhlükəsizliyi orqanlarına qayıtmaq üçün Beriyaya xahişlə müraciət edir. Lakin onun istəyi baş tutmur. Əvvəl Beriya, 18 sentyabr 1953-cü ildə isə Merkulovun özü həbs olunur.
SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaqda həm də Lavrenti Beriyanın 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatında (istintaq sənədlərində Müsavat əks-kəşfiyyatı işlədilir - Elşad Qoca) qulluq etməsi faktını gizlətməsi araşdırılır. Bu işlə əlaqədar onun ən yaxın əlaltılarından olan və bir sıra mühüm dövlət vəzifələrində çalışmış Vselovod Nikolayeviç Merkulovun istintaq və dindirilmə protokolundan çox şey aydın olur.
1932-33-cü illərdə Beriya Tiflisdə Zaqafqaziya Vilayət Komitəsində işləyəndə köməkçisi, həm də ticarət şöbəsinin müdiri Merkurovu yanına çağırır və deyir ki, düşmənləri onun, guya müsavat əks-kəşfiyyatında işləməsi barədə şaiyələr yayırlar. Və Merkulovdan xahiş edir ki, Bakıya getsin, partiya arxivində onu realitə edən sənədləri tapsın, yoxsa düşmənləri həmin sənədləri məhv edə bilərlər. Əgər həmin sənədlər məhv olunsa, o, özünü müdafiə edə bilməyəcək (əslində, Beriya sənədləri əldə etməklə izi itirmək istəyirdi). Bu məqsədlə Merkulov Bakıya gəlir. Təbii ki, o, Bakıda Mircəfər Bağırovun xəbəri olmadan heç bir iş görə bilməzdi. Həmin illər Bağırov Azərbaycanda elə mühit yaratmamışdı ki, kimsə onun xəbəri olmadan nəsə gizli iş görə bilsin. Merkulov Bağırovla görüşür və gəlişinin məqsədini bildirir. Yalnız bundan sonra partiya arxivində Beriya haqqında qovluqları (“Yoldaş Beriyanın şəxsi işi N 2, Bakı üzrə iş”) tapır və Tiflisə qayıdır.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, 1920-ci ilin sentyabr ayında Azərbaycan SSR Fövqəladə Komissiyası Lavrenti Beriyanı Müsavat əks-kəşfiyyatının agenti (əməkdaşı) kimi həbs etmişdi. O da məlum olur ki, 1920-ci ildə Azər.KP(b)MK-nın katibi Kaminskinin adına Beriyanın musavatçıların xeyrinə əməkdaşlığı ilə əlaqədar ərizə daxil olmuşdur. Bu ərizə MK-nın Rəyasət Heyətində ciddi şəkildə araşdırılmış və guya o, bəraət qazanmışdır.
Deməli, Merkurovun Bakıdan apardığı sənədlər arasında yuxarıda verdiyimiz Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan Azərbaycan SSR Fövqəladə Komissiyasının PR-21842 saylı istintaq işi də vardı.
Və toplanılan sənədləri gizli olaraq 1938-ci ilədək Merkulov öz seyfində saxlayır. Yalnız 1938-ci ildə Beriya həmin qovluqları Merkulovdan istəyir və bildirir ki, müsavat əks-kəşfiyyatında işləməsi barədə Stalinə izahat yazmalıdır. Birlikdə izahat yazırlar. Daha doğrusu, Beriyanın fikirlərini Merkulov səliqəli şəkildə rus dilinin qaydalarına uyğun olaraq tərtib edir. Bununla yanaşı, Beriya qovluqları Merkulovdan götürür və bildirir ki, sənədləri və iza­hatı Stalinə şəxsən məruzə edəcəkdir. Həmin ərəfədə (bunu dindirmədə Be­riya özü bildirir) Ka­minski tərəfindən Sov.İKP MK-da Beriyanın müsavat əks-kəşfiyyatının agenti olması məsələsi təkrar qaldırılmış və ona qarşı olan it­ti­ham­lar əsassız sayılmışdır.
Beriyanın müsavat əks-kəşfiyyatında işləməsi faktı ilə əlaqədar uzun illər Azərbaycan SSR-yə rəhbərlik etmiş Mircəfər Bağırov da dindirilmişdir. Təsadüfi deyildir ki, Mircəfər Bağırovla Lavrenti Beriyanın sıcaq münasibətlərini Moskvada da bilirdilər. Məhkəmədə bu münasibətlərin haradan yarandığı məlum olur. Bildiyimiz kimi, 1920-ci ilin sentyabr ayında Azərbaycan SSR Fövqəladə Komissiyası Lavrenti Beriyanı həbs etmişdi. Mircəfər Bağırov onu həbsdən azad etdirir. Həm də nəinki azad etdirir, eyni zamanda onu Azərbaycan SSR Fövqəladə Komissiyasında işə düzəldir. Taleyin işinə bir bax! 1921-ci ildə vəzifə pilləsində Beriya sürətlə irəliləyir, komissiyanın sədr müavini, yəni Bağırovun müavini vəzifəsini tutur. Sonra, hətta Bağırovu da keçir. Və Mircəfər Bağırovun bir neçə dəfə ağır situasiyalardan çıxmasına yardım edir. Moskvaya, yüksək dövlət vəzifələrinə təyin olunanda da Lavrenti Beriya köhnə dostunu unutmur, daim onu müdafiə edir. Bunun səbəbi aydın olur. Verilən ifadələrdən o da aydın olur ki, Mircəfər Bağırovda Beriyanı həyatı boyu narahat edən məsələ barədə, yəni Müsavat əks-kəşfiyyatında xidmətinə dair sənədlər vardı. O, sənədləri çox etibarlı bir yer­də gizlətmişdi. Bağırovun uzaqgörənliyi burdan aydın olur. Görünür, o, hələ Azərbaycan SSR Fövqəladə Komissiyasında işləyəndə, sonra respublikaya rəhbərlik edəndə də bu məsələni diqqətdən kənarda qoymamışdı. Yəqin ki, Merkulovun 1932-33-cü illərdə Beriyanın tapşırığı ilə Bakıya gəlib arxivdə işləməsi və materiallar toplaması Bağırovun şəxsi icazəsi olmadan mümkün deyildi. Arxivdə Merkulova verilən materialların surətləri şübhəsiz ki, Bağırova təqdim olunmuşdu. Mircəfər Bağırov Beriya haqqında materialları etibarlı yerdə gizlətmişdi. Əski dostların münasibətlərinin mayasında Mircəfərin gizli yerdə saxladığı sənədlərin xüsusu rolu vardı. Və göründüyü kimi, bu dostluq səmimiyyət üstündə qurulmamışdı. Yəqin ki, Beriya bilirdi ki, istənilən bir xoşagəlməz hərəkət onun ən yüksək səviyyələrdə ifşası demək idi. “Dostlar”, hətta ölkənin taleyüklü məsələlərində bir-birini dəstəkləyir, birgə təkliflər verir və eyni mövqedən çıxış edirdilər. Bunu sovetlər ölkəsinin yuxarı eşalonunda təmsil olunan məsul şəxslər də bilirdilər.
Nağı bəy xatirəsində digər bir vacib məsələyə də toxunur. O, Beriyanı qəddar, etibarsız bir şəxs kimi xarakterizə etmişdir. Lavrenti Beriya ƏMT-də birgə işlədiyi yoldaşlarını da aradan götürmüşdü. Bununla yanaşı, o, Bakıda yüzlərlə məhz azərbaycanlı gənclərin qətlə yetirilməsində iştirak etmişdi. Həmin gənclərin bir çoxu onunla vaxtı ilə eyni məktəbdə oxumuş və ona qarşı diqqətli olmuşdular. Mən 1918-1920-ci illəri və qırmızı represssiya dövrünü öyrənən bir araşdırmaçı kimi belə düşünürəm. Beriya onu həyatı və xidməti boyu izləyəcəyi problemi bilirdi. Ona görə də sovet dönəminin ilk illərində fürsətdən istifadə edərək ƏMT-də işlədiyini bilən və onu yaxından tanıyan iş yoldaşlarını, tanışlarını, tələbə yoldaşlarını aradan götürməyə çalışırdı. Bu qaniçən və etibarsız məqsədinə çatmaq üçün hər şeyə hazır idi. Onun qaniçən olduğunu yalnız Nağı bəy deyil, hətta ən sadiq adamı Merkulov da bilirdi. Və təsadüfi deyildir ki, dindirmədə Merkulov Beriyanın həbs olunanlara şəxsən cəza verdiyini və bundan ləzzət aldığı barədə bir sıra faktlar söyləmişdi. Bildiyiniz kimi, 28 aprel 1920-ci il çevrilişindən sonra AXC, eləcə də onun təhlükəsizlik və xüsusi xidmət orqanlarında işləyən əməkdaşlarının taleyi ağır oldu. Onların bir qismi güllələndi, bir qismi isə həbsxalalara atıldı, ya da olmazın əzablar verildi. Deməli, Nağı bəy onunla birgə ƏMT-də çalışmış və ona diqqət, qayğı göstərmiş iş yoldaşlarını da aradan götürdü deyəndə, bunları nəzərdə tuturdu. Əlində geniş səlahiyyətləri vardı. Çünki Lav­renti Beriya Mircəfər Bağırovun himayəsi ilə bir müddət Azərbaycan SSR Fövqəladə Komissiyasında işləmiş və hətta rəis müavini vəzifəsinə qədər yüksəlmişdi. Təbii ki, vəzifə pillələrində belə sürətli yüksəliş təsadüfən olmamışdı. Yəqin ki, onun həm də “cəza vermə” metodu nəzərə alınmışdı.
Görünür, o vaxtlar Moskvada Lavrenti Beriyanın ifşa edilməsi üçün bütün istiqamətlərdə iş aparılırmış. Ən ali səviyyələrdə Beriyanın fəaliyyəti müzakirə olunurdu. Ən vacib ittihamlardan biri də onun ƏMT-yə necə düşməsi və orada işləməsi faktı idi. Bu barədə həmin iclasda M.Bağırov da sorğu-suala çəkilmişdi. Bunu dindirmə protokollarından da görmək olur. Sovet müstəntiqləri Beriyaya qarşı müxtəlif ittihamlar irəli sürürdülər. Hətta SSRİ-nin Türkiyədə fəaliyyət göstərən səfirliyinin də bu işdə rolu az deyildi. Səfirliyin əməkdaşları ƏMT-nin 2-ci rəisi olmuş Nağı bəy Şeyxzamanlının İstanbulda yaşadığını bilirdilər. Səfirliyin nümayəndəsi (yəqin ki, kəşfiyyat zabiti - Elşad Qoca) Nağı bəylə onun iş yerində görüşmüşdü. Olduqca maraqlı məqamdır. Nağı bəy Şeyxzamanlının xatirələrində bir məqam öz əksini tapır. Bunun əhəmiyyətini nəzərə alaraq mətni olduğu kimi oxucuların diqqətinə təqdim edirəm.
“....1950-ci il. İstanbulda - Bedestanda sakit bir guşədə əntiqvarçılıqla məşğul olaraq həyatımı təmin etmək üçün çalışırdım. Günlərin bir günü qarşımdakı sənətkar qonşuma yabançı bir nəfər yanaşdı. O, qonşumdan soruşdu: “Siz bu malın köhnə rus mənşəli olduğunu haradan bilirsiniz?” Qonşum cavab verdi: “Malın üstündə yazılıbdır”. Və məni göstərərək dedi: “Qonşum rusca bilir, o oxudu”. Yabançı mükəmməl türkcəsi ilə məndən soruşdu: “Demək siz rusca bilirsiniz. Rus dilini harada öyrənibsiniz?” Qafqazın Azərbaycanında öyrəndiyimi söylədim. Qafqazda da əntiqvarçılıqla məşğul olmağımı soruşdu. Torpaq sahibi olduğumu, kənd təsərrüfatı ilə məşğul olduğumu danışdım. “Eyni zamanda milli işlərimizlə də məşğul olurdum. Məqsədimiz istiqlal idi və məqsədimizə nail olduq. Milli Cümhuriyyətimizi yaratdıq, lakin çox təəssüf ki, yaşada bilmədik. Moskvanın hücumuna məruz qaldıq. Ölkəmizi işğal etdilər. Yaxşı, siz kimsiz? “ - deyə soruşdum. Sovet vətəndaşı və rus olduğunu söylədi. “Mən heç zənn etməmişdim. Çox təmiz türkcə danışırsınız. Ləhcəniz də rus olduğunuzu göstərmir. Burada nə işlə məşğulsunuz?” - deyə ondan soruşdum. Sovet konsulluğunda işlədiyini söyləyincə deyirəm: “Anladım, həm də yüksək rütbəli bir məmursunuz”. Yüksək rütbəli məmur olduğunu nədən bildiyimi soruşur. Artıq söhbətimiz ciddiləşir və sözlərimə belə davam edirəm: “İstinadım bu, sizin sözlərinizə inanıram. Sovet məmurusunuz və yüksək rütbəli oluşunuzu da izah edim, mən sovet konsulluğunun məmurlarının nə kiçiyini, nə də böyüyünü tanıyıram. Əlaqədə olmadım və olmaq da istəmirəm. Ancaq konsulluq məmurları məni tanıyırlar və bilirlər. Mənim ilə görüşməkdən çəkinirlər. Bunu siz məndən yaxşı bilirsiniz. Onların çəkinmələri və qorxmaları yalnız konsulluqdakı Kommunist Partiyasının səlahiyyətli komissarındandır. Onlar bir az şübhələndiklərini ya vəzifədən azad edərlər, ya da nəzarət altında kimsə ilə görüşdürmədən sovet ölkəsinə götürüb axırına çıxarlar”.
Bu vaxt bir müştəri gəlmişdi. Mən müştərimlə məşğul olarkən o getmişdi. Mən həmin gün o adamın sovet baş konsulu olduğunu öyrəndim. Aradan beş gün keçdi. Yenə gəldi və gördü ki, onu qarşılamadım. Mənimlə bir məsələni müzakirə etməyə gəldiyini söylədi. Təəccüblə üzünə baxdım və dedim: “Mənim sizinlə müzakirə edəcək heç bir məsələm yoxdur və olmaz da”. Mənə dedi: “Siz çox sərt danışırsınız. Hirslənməyin və məni dinləyin. Əgər xoşunuz gəlməsə, rədd edin. Siz dünya barışığı olmasını istəmirsinizmi? Bilirsiniz ki, Stalin öldükdən sonra Rusiyanı üç nəfər idarə edir: Beriya, Molotov və Malenkov. Eşitdiyimə görə, Beriya sizin idarənizdə məmur olmuş (ƏMT, yəni Müsavat əks-kəşfiyyatı nəzərdə tutulur - Elşad Qoca) və bu gün Beriya fikir cəhətdən başqalarından seçilən yeganə insandır. Moskvada hamı bilir ki, Beriya liberalizmə doğru yuvarlanmışdır. Kolxoz təşkilatının dağıdılmasının tərəfdarıdır. Siz ona bir məktub yazın, Qərb dünyası ilə anlaşsın. Bəlkə sizin tövsiyənizi dinlər və siz də dünya sülhü üçün bir rol oynamış olarsız.
S iz Beriyaya məktub yazın və orada ikinizin də bildiyi hadisələrdən bəhs edin ki, məktubun sizdən olduğunu anlasın. Mən də məktubu kuryerlə göndərərəm. Bir həftəyə onu alar”. Məndən cavab gözləyərkən ona dedim: “Bəli, mən dünyada sülh tərəfdarıyam. Bu sülhü bütün dünya arzulayır. Lakin bir məktubla sülhün gerçəklənməsinə inanmıram.
Mən o adi insana məktub yazmıram. Bir də sizin gəlib mənimlə danışmağınızı düzgün hesab etmirəm və istəmirəm”. Bir daha mənimlə görüşmədi. Aradan bir müddət keçdikdən sonra Beriyanın Kremldə öldürüldüyünü agentlər (mətbuat agentlikləri nəzərdə tutulur - Elşad Qoca) bütün dünyaya yay­dılar. O günlərdə İstanbulda çıxan “Vətən” qəzetinin jurnalistlərindən biri mənim yanıma gələrək Beriya barədə məlumat istəmişdi, mən də onu maraqlandıran suallara cavab vermişdim. Aradan bir müddət keçir. Moskvada Kommunist partiyasının XX qurultayı öz işinə başlayır. Qurultayın təfsilatını oxuyuram. Xruşşov Molotova, Malenkova və Kaqanoviçə dönərək deyir: “Əgər Beriya ölməsəydi siz sağ qalıb burada oturmazdınız. O alçaq milli Azərbaycan Cümhuriyyətinin kəşfiyyat xidmətində çalışmış və xaricdə yaşayan müsavatçılar ilə əlaqə yaratmış və sözləşmişdir. Sovet hakimiyyətini yıxmağı düşünmüşdü”. Bu sözləri oxuduğum zaman Moskvanın Beriyaya nə üçün məktub yazılmasını istədiyini anladım. Məktubu yazmadığım üçün daha sevindim. Deməli, mənim adımdan uydurma şeylər yazmışdılar. Beriyanı bu məktubun əsasında öldürmüşdülər. Bu məsələ bu günə qədər aydınlaşa bilmir...”
Nağı bəyin dediyi “uydurma məktub”un yazılıb-yazılmadığı barədə əlimizdə fakt yoxdur. Ancaq bir məsələ aydın idi ki, həmin illərdə Moskvada Beriyanın vəziyyəti ağırlaşmışdı. Ona qarşı bir sıra ağır, o cümlədən casusluq ittihamları irəli sürülmüşdü. Görünür, bu işdə Nağı bəydən də yararlanmağa çalışıblar. Belə olmasaydı, İstanbuldakı sovet səfirliyinin nümayəndəsi onunla görüşməyə və onu razı salmağa cəhd göstərməzdi. Deməli, sovet təhlükəsizlik xidmətinə Beriyanın AXC dövründə ƏMT-də Nağı bəylə birgə işləməsi faktı məlum idi. Ona görə də bu imkandan Beriyanın əleyhinə istifadə etmək istəyirdilər. Ancaq bir məsələyə də diqqət yetirmək lazımdır. Nağı bəy xatirələrində gümanla yazır ki, “mənim adımdan ona məktub yazmışdılar”. Bəlkə də yazmışdılar. Bəlkə də yox. Hər halda bu, faktın özü də maraq kəsb edir.
L.Bezımenski yuxarıda göstərilən məqaləsində yazır ki, Beriyanın casusluq fəaliyyətinə Sovet İttifaqı Kommunist Partiyasının yuxarı dairələrində də inanırdılar: “...müəyyən edilmişdi ki, gizli xarici kəşfiyyata Beriya 1919-cu ildə hələ Bakıda olarkən satqınlıq etmiş, Azərbaycan hökuməti Müsavat əks-kəşfiyyatının məxfi-agentur vəzifəsinə daxil olmuşdur. Müsavat əks-kəşfiyyatının agenti Beriya Azərbaycanda inqilabi fəhlə hərəkatına qarşı fəal mübarizə aparmışdır. Beriya 1920-ci ildə Gürcüstanda olanda yenə də xainlik edərək, ingilis kəşfiyyatının filialı olan gürcü menşevik hökumətinin mühafizə xidməti ilə gizli əlaqəyə girmişdi... Gizli yolla əks-inqilabi gürcü menşevik mühacirləri və bir sıra xarici ölkə kəşfiyyatının agentləri ilə əlaqə saxlamışdır...».
Göründüyü kimi, L.Beriyaya qarşı irəli sürülmüş ağır ittihamlarda onun alman, ingilis, yuqoslav və Müsavat kəşfiyyatı ilə əlaqəsi də əsas yerlərdən birini tuturdu.
Beləliklə, 1953-cü ilin soyuq dekabr ayında Lavrenti Beriya casusluqda, hakimiyyəti ələ keçirməkdə, hakimiyyətdən sui - istifadədə, zorlamada və bir sıra ağır cinayətlərdə ittiham edilərək SSRİ Ali Məhkəməsinin Xüsusi Heyətinin qərarı ilə güllələnmişdir.
Beriya məhkəmədə Müsavat əks-kəşfiyyatında işləməsi faktını özünün ən ağır cinayətlərindən biri hesab etmişdi. Bu fakt Beriyanı sovet hakimiyyəti dövründə daim qarabaqara izləmiş, vaxtaşırı rəqibləri tərəfindən ona qarşı istifadə olunmuşdur. Eyni zamanda bu faktdan, ona qarşı irəli sürülmüş ittihamlardan əlavə, Mircəfər Bağırovun da əleyhinə istifadə edilmişdir. Mircəfər Bağırov Lavrenti Beriyanın cinayətkar əməllərindən, xüsusən də onun Müsavat əks-kəşfiyyatında işləməsindən xəbərdar olan şəxs kimi günahkar hesab olunmuş və güllələnmişdir. Beriyanın sadiq silahdaşlarından olan Vselovod Merkulov da dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq SSRİ Ali Məhkəməsinin Xüsusi Heyətinin qərarı ilə Lavrenti Beriya ilə eyni gündə güllələnmişdir.
Keçmiş SSRİ-də yüksək vəzifələr tutmuş, “ellər atası” Stalinin ən yaxın silahdaşlarından olan Lavrenti Beriya Sosialist Əməyi Qəhrəmanı, Sovet İttifaqı Marşalı kimi fəxri adlara layiq görülmüşdü. O, Sov.İKP MK Siyasi Bürosunun üzvü idi. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini, Dövlət Müdafiə Komitəsi sədrinin müavini və sair vəzifələrdə çalışmışdı. Onu da deyim ki, bunlar hələ tam siyahı deyil. Bir vaxtlar ƏMT-də, yəni Müsavat əks-kəşfiyyatının şöbə rəisi olan Lavrenti Pavloviç Beriya sovetlər dönəmində vəzifə pillələrində çox sürətlə irəliləyirdi. Stalin ölməsəydi, nələr baş verəcəkdi, hadisələr necə inkişaf edəcəkdi? Onu bir Allah bilir. Bizim bildiyimiz budur, Lavrenti Beriyanın ƏMT-də, yəni Müsavat əks-kəşfiyyatında işləməsi faktı həyatı boyu onu səksəkə içində saxladı və ona qarşı irəli sürülən ittihamların əsasına çevrildi.

P.S. Fikrimcə, bir məsələ mənim üçün hələ də açıq qalır. Lavrenti Beriyanın ƏMT-də, yəni Müsavat əks-kəşfiyyatında işləməsi faktını İosif Stalinin bildiyini istisna etmirəm. Çünki Stalin Bakını, Azərbaycanı yaxşı tanıyırdı. Həmin illərdə o, özü də Bakıda fəaliyyət göstərmişdi. Mövqeyindən və siyasi baxışlarından asılı olmayaraq tanınmış ziyalılarla, ayrı-ayrı şəxslərlə münasibəti vardı. Onun Bakıda ən azı bir gürcü və yerli kimi Lavrenti Beriyanın mövcudluğundan və onun nə işlə məşğul olmasından xəbərinin olmamasına inana bilmirəm. Beriyanın ƏMT-də, yəni Müsavat əks-kəşfiyyatında işləməsi faktı yüksək səviyyələrdə şəxsən Stalinin iştirakı ilə bir neçə dəfə müzakirə olunmuşdu. Və Beriyanın özünün dediyi kimi, şəxsən Stalinə bu məsələ ilə əlaqadar izahat yazmışdı. Nəticə nə olmuşdu? Beriya vəzifə pillələrində daha da irəliləmişdi. Ona daha ciddi tapşırıqlar verilmişdi. O, SSRİ-nin müdafiə sənayesinə cavabdeh şəxslərdən sayılırdı. Beriya yüksək səviyyəli təşkilatçı idi. Ölkənin “atom layihəsi”nin kuratorluğu ona həvalə olunmuşdu. Məhz Beriyanın nadir bacarığı sayəsində SSRİ atom bombasına sahib ölkələr sırasına çıxmışdı. Onu da qeyd etmək lazımdır ki, hətta rəqibləri belə Lavrenti Beriyanın nadir təşkilatçılıq qabiliyyətini etiraf edirdilər. O, SSRİ adlı superdövlət üçün böyük işlər də görmüşdü.
Yenidən Beriyanın ƏMT-də, yəni Müsavat əks-kəşfiyyatında işləməsi məsələsinə qayıdıram. Bəs, görəsən, dəfələrlə bu məsələnin ən yüksək səviyyələrdə müzakirəsinə nə ehtiyac vardı? Və nəticədə mən belə bir qənaətə gəldim. Sadəcə, Stalin öz eloğlusunun rəqiblərini sakitləşdirmək üçün hərdən onların Beriya barədə qaldırdıqları məsələyə yüksək səviyyələrdə münasibət göstərməyə məcbur olurdu. Deməli, bu müzakirələrə Stalin o qədər də ciddi əhəmiyyət vermirdi. Burada Stalin üçün elə gizli bir şey də yox idi, Beriya ƏMT-də, yəni Müsavat əks-kəşfiyyatında işləmişdi. Əgər bu məsələ prinsipial xarakter daşısaydı, ən azı Beriyanın hakimiyyət eşalonunda sürətli yüksəlişinin qarşısını alardı və ya ciddi cəza tədbirləri görərdi. Axı o, İosif Stalin idi, onunla zarafatın necə bitəcəyini hamı təsəvvür edirdi. Burada sual yoxdur. Yenə Adıgözəl bəyin yazdıqlarına qayıdıram. Müsavat və bolşevik hümmətçilərin birgə çalışdığı ƏMT-ni türk kəşfiyyatı formalaşdırmışdı. Onlar gənc dövlətin təhlükəsizlik orqanlarının qurulmasına kömək göstərirdilər. Lavrenti Beriyanı ƏMT-yə AXC hökumətinin tanınmış simalarından olan Mirzə Balanın təqdimatı ilə götürmüşdülər. Beriya isə ƏMT-yə, yəni Musavat əks-kəşfiyyatına guya bolşeviklərin tapşırığı ilə daxil olduğunu bildirirdi. O, türk kəşfiyyatı ilə əlaqədə fəaliyyət göstərirdi.

Yazının sonunda sevgili oxuculara tövsiyəm olacaq, imkan olsa Adıgözəl Məmmədovun “Kremldə türk agenti Beriya, 0029 saylı iş” əsərini oxusunlar. Yeni və daha geniş bilgilər alacaqlarına əminəm.






 
Müəllifin son yazıları

22.11.2017 Xeyirxahlığından həzz alan insan

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info