Tramp-Makron sövdələşməsi Ankaraya qurulmuş tələdir
Tarix: 29.03.2018 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


İddialara görə, Tramp Makronun aprel ayında Türkiyədə keçiriləcək Ərdoğan-Putin-Ruhani görüşünə qatılmasını istəyir
"Bizim onlar kimi hərəkət etməyimiz müzakirə mövzusu deyil". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sergey Skripal hadisəsi ilə bağlı Qərb ölkələri tərəfindən Rusiya diplomatlarının "arzuolunmaz şəxs" elan olunmasına münasibət bildirərkən deyib. Bolqarıstanın Varna şəhərində keçirilmiş Avropa İttifaqı-Türkiyə zirvəsindən qayıdan Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb. "İngiltərə və Rusiya arasında casusluq böhranı böyüyür. Aİ-nin 14 ölkəsi Rusiya diplomatlarını xaric etmək qərarına gəldi. Türkiyəyə bu yöndə bir təzyiq varmı?" sualına Ərdoğan belə cavab verib: "Xarici İşlər Nazirliyimiz Türkiyənin mövqeyini istər NATO-ya, istərsə də Avropa İttifaqına çatdırır. Bizim tamamən onlar kimi hərəkət etməyimiz söhbət mövzusu deyil. Bir iddiaya istinadən bəzi ölkələr addım atdı deyə, biz də eyni addımı atmalıyıq şəklində bir anlayış içində olmağımız mümkün deyil". Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya kimyəvi silah hücumuna məruz qalıb. Britaniya hökuməti hadisədə Rusiyanı ittiham edərək bu ölkə ilə siyasi təmasları dayandırıb, 23 rusiyalı diplomat-kəşfiyyatçını persona non-qrata elan edib. Ötən həftə Aİ liderlərinin Brüsseldə keçirilən zirvə görüşündə Britaniyanın baş naziri Tereza Mey hadisə barədə həmkarlarını məlumatlandırıb və onlara kəşfiyyat məlumatları təqdim edib. Bundan sonra Aİ bəyanatla çıxış edərək hadisədə Rusiyanı günahlandırıb. Martın 25-dən başlayaraq bir sıra Aİ ölkələri (son məlumata əsasən 16 üzv ölkə), eləcə də ABŞ, Kanada, Avstraliya, Ukrayna və digər dövlətlər Rusiya diplomatlarını "arzuolunmaz şəxs" elan etməyə başlayıblar. Türkiyənin üzv olduğu NATO-nun rəhbərliyi də təşkilatın mənzil-qərargahında akkreditə olunmuş 7 Rusiya diplomatına qarşı eyni addımı atıb. Bundan başqa, Rusiyanın NATO-dakı daimi nümayəndəliyində çalışan rusiyalıların sayı 30-dan 20-yə endirilib. Ərdoğanın bu açıqlamasından bir qədər sonra isə Türkiyə dövlət başçısı Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Qərara alınıb ki, aprelin 4-də Ankarada Suriya məsələsi ilə bağlı Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilsin. Bundan başqa, Vladimir Putinin Ankaraya səfəri çərçivəsində Türkiyə-Rusiya münasibətləri də ikitərəfli formatda müzakirə olunacaq. Bu arada maraqlı detal ABŞ prezidenti Donald Tramp və onun fransalı həmkarı Emmanuel Makronla arasında keçirilmiş telefon danışığı zamanı olub. Belə ki, Tramp və Makron Suriyada böhranın nizamlanması üçün Türkiyə ilə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Bu barədə ABŞ prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir. Ağ Evin məlumatına görə, tərəflər həmçinin ABŞ-Aİ arasında ticarət əlaqələrini və Çinin “ədalətsiz” ticarət siyasətinə qarşı atıla biləcək birgə addımları müzakirə ediblər. Ekspertlər hesab edir ki, ABŞ Parisi Suriya prosesinə daxil etmək istəyir. Bundan əvvəl Makronla Ərdoğan arasında Suriya məsələsi ilə bağlı bir neçə dəfə telefon danışığı olub. İddialara görə, Tramp Makronun aprel ayında Türkiyədə keçiriləcək Ərdoğan-Putin-Ruhani görüşünə qatılmasını istəyir. Ərdoğan-Makron və Tramp-Makron telefon danışıqları da bununla bağlıdır. Amma bunun reallaşması üçün Putin və Ruhaninin razılığı lazımdır. Bu halda Astana prosesində də müəyyən dəyişiklik olmalıdır. Türkiyənin Suriyada həyata keçirdiyi uğurlu əməliyyatlar fonunda Fransanın prosesə hansı formada qatılacağı sual doğurur. “Yeni Safak” yazır ki, “Tramp və Makronun Suriyada böhranın nizamlanması üçün Türkiyə ilə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini” qeyd etmələri əslində Ankaraya qurulmuş tələdir və Türkiyə buna aldanmamalıdır. Bu arada bəlli olub ki, Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Menbiç əyaləti ilə bağlı məsələni müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək. “Sabah” nəşri xəbər verir ki, o, ABŞ dövlət katibinin müavini ilə görüşəcək. Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfəri nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi bu səfərin təxirə salınmasına səbəb olmuşdu. Xatırladaq ki, Menbiçə hazırda ABŞ hərbçiləri və terrorçu PKK/YPG-PYD nəzarət edir. Rəsmi Ankara isə həmin əraziyə girəcəyini bildirir və Vaşinqtondan terrorçuların Menbiçdən çıxarılmasını tələb edir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info