“Söyüş teatrı”nın aktyorları
Tarix: 29.03.2018 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Son zamanlar ictimai rəyin və kütlə psixologiyasının bəzi Qərb dövlətləri tərəfindən yeni üsullarla-sosial media və sosial şəbəkələr vasitəsilə idarə olunduğu dünyamızda Azərbaycan üçün yeni təhlükələr yaranıb. Bəli, məhz sosial şəbəkələr bu gün kütlə psixologiyasına o qədər ciddi təsir edir ki, hətta bunun ən ağır formada əziyyətini və cəzasını hələ də “ərəb baharı” yaşayan ölkələr çəkir. Məhz sosial şəbəkələrdən başlanan bu inqilabların ağır iqtisadi-siyasi fəsadları bu gün bütün dünyanı bürüyüb. Amma elə ölkələr, elə xalqlar da var ki, onlar belə incə nüansları vaxtında anlayıb, mövcud təhlükələri problemsiz keçirlər. Qısası, xaricdən ictimai rəyin idarə olunduğu dövlətlərin tənəzzülü və məhvi labüddür.
Azərbaycan kimi ölkələrdə isə xalqın dövlətə, insanların dövlətçiliyə bağlı olmasını artıq dünyanın aparıcı dövlətlərində çoxdan anlayıblar. O da bəllidir ki, ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edilmiş və daxili çaxnaşmaların ağır fəsadlarını görmüş bir ölkə üçün xaotik vəziyyətə qayıdış daha real görünmür. Amma bu gün bunu reallaşdırmağa çalışanlar meydana çıxıblar. Özü də fərqli metodlardan, fərqli üsullardan və fərqli fiqurlardan istifadə edirlər. Onlara aktiv müxalif siyasi mühacirlər də deyirlər. Əslində, bu mühacirlərin sayı az olsa da, onların insanlarımızın psixologiyasına vurduqları zərbələrin sayı hesabı yoxdur.
Doğrudan da, bu gün Azərbaycan qadını artıq sosial şəbəkələrə daxil olarkən burada olan siyasi təbliğatlarla qarşılaşırsa, bunun əksər hissəsi xaricdən yazılan söyüşlər, təhqir və küçə terminləri ilə bol olan səhifələr, videolar və statuslardır. Hətta iş o yerə çatıb ki, insanların diqqətini çəkmək üçün jonqlyorluq edən bu gənclər xaricdə uşaqları, qeyri-millətləri də bu işə cəlb edərək, guya, Azərbaycan hakimiyyətinə qarşı zəncilərin və uşaqların da narazılığının yaranması görüntüsü yaradırlar. Bu qədər gülməli və səviyyəsiz bir siyasi mübarizəni seçən bu gənclərin məqsədi, amalı, istəyi nədir axı?
Bu gün Azərbaycan özünü xarici təsirlərdən daha dayanıqlı qorumaq üçün o qədər güclənib ki, xalq öz dövlətinə, hakimiyyətinə o qədər bağlıdır ki, nəinki Almaniya və ya Avropanın hər hansı bir ölkəsində küçədə çəkilən söyüş səhnələri ilə dolu anormal videolar, çağırışlar, “ideoloji silahlar” ölkəmizə tuşlansa belə, bunun heç bir nəticəsi olmayacaq. Sadəcə, müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bu aktyorların üç məqsədi var-birincisi, onlar və onlara qoşulub dəstək verən bir neçə mühacir öz siyasi oturumunu qarantiləməyə çalışır. İkincisi, Azərbaycandan min bir hiylə və oyunlarla qaçıb, qaçandan sonra siyasətdə tanınmağa çalışan bu gənclər və ya bu şəxslər nifrət etdikləri bir cəmiyyətə, xalqa-öz Vətəninə maksimum zərbə vurmağa çalışırlar. Bunun üçün də onlar Azərbaycanda durumun, guya, ağır olması ilə bağlı təbliğatlar aparırlar, xüsusi videobağlantılarla öz aralarında gülməli debatlar təşkil edirlər, videoroliklər çəkirlər, söyüş və təhqirlərlə öz aqressiyalarını ortaya qoyurlar.
Təsəvvür edin ki, Azərbaycan haqqında xoş təəssüratları olan bir alman və ya holland öz ölkəsində belə teatr səhnələri ilə rastlaşaraq bu siyasi savadı olmayan gənclərin gecə-gündüz apardığı söyüş və təhqirlərlə dolu qarayaxma kampaniyasının şahidi olur. O nə düşünəcək? Əlbəttə ki, bizim insana-həmin gənclərə nifrət edəcək ki, bu necə aksiya, necə bir düşüncə tərzidir ki, şəkilləri özlərinə layiq yerlərə- zibilqabı yapışdırırlar. Bəyəm bütün almanlar öz siyasi rəhbərlərindən razıdırlarmı? Onları belə iyrənc metodlara əl atan görmüsünüzmü? Yoxsa Ermənistandan qaçan siyasi mühacirlərin analoji addımlar atmasının şahidi olmusunuz. Yox. Çünki erməni uzağı düşünərək öz düşmənini bu formada sevindirmək istəmir.
Bizim bu üzdəniraq bir qrup azərbaycanlı mühacirlərin taktikaları da maraqlıdır. Onlar sosial problemlərdən tutmuş siyasi məsələlərə qədər hər şeyi böyüdərək, hər cümlələrinin ya əvvəlində, ya da sonunda “mənim xalqım” və s. kimi fikirlərdən istifadə edərək özlərini xalqa yaxın bir qəhrəman kimi göstərməyə cəhd edirlər. Təbii ki, onlara inanan, baş qoşanlar da olacaq. Hətta Cəmil Həsənli, Əli Kərimli kimilər Orduxan kimi danışıq qabiliyyəti belə olmayan, şüurundansa əzələ kütləsi çox olan bir gülməli fiqurun, erməni mətbuatında belə manşet olan “sosial şəbəkələr qəhrəmanının” tərəfini saxlayacaqlar. Amma onlar belə, gözəl bilirlər ki, xalq bu cür populist çıxışlar edənləri, xarici xüsusi xidmət orqanlarına, hətta erməni lobbisinə işləyənləri az görməyib. Ona görə də bu gəncləri dəstəkləyənlərin özləri gülünc duruma düşürlər.
Bu adamlar, hətta çox gülünc şüarlar da seçirlər. Təsəvvür edin ki, “Hazır olun, biz gəlirik!”, “Tezliklə ölkədə hər şeyi dəyişəcəyik” deyən, siyasətin A-sı ilə B-sini tanımayan gənclər bəyənməyib, qaçdıqları ölkəni dəyişməyə çalışırlar. O başqa söhbətin mövzusudur ki, onların və onlara dəstək verən radikal müxalifətin idarəetmədə olması hansı faciəvi halların yaranmasına səbəb olar. Bir anlıq təsəvvür edək ki, sərnişini olduğumuz avtobusun sükanını sürücülük barədə heç bir təsəvvürü olmayan şəxsə etibar etmişik.
Avropaya qaçıb oradan aqressiv, təhqir və terror zehniyyətli ideologiyalarla sosial şəbəkələrdə öz ölkəsinin gənclərinin beynini çirkləndirməyə çalışanların digər anormal fəaliyyəti isə uzun illərin siyasi təcrübəsinə malik olan, dövləti, dövlətçiliyi sevən və öz xalqına, dövlətinə sadiqliyini daim sözündə və əməlində göstərən dövlət adamlarını hədəfə almalarıdır. Buna misal olaraq Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu tez-tez qaralayaraq onun haqqında yalan, şər-böhtan dolu statuslar paylaşmalarını göstərmək olar. Baxın, bilmədikləri mövzularda fikir yürüdənlər, siyasətdə söyüşdən başqa, heç nə ilə tanınmayanlar dövlət xadimlərinə ağıl verməyə çalışırlar...
Düzdür, belə qüvvələr bu gün azdır. Lakin sosiallığın yaratdığı imkanlardan yararlanaraq öz cəbhələrini genişləndirməyə çalışırlar. Bunun üçün isə gecə-gündüz sosial şəbəkələrdə insanlarımızın beynini doldurmağa çalışırlar ki, guya ən adi sosial problemlərinizin belə, səbəbkarı öz dövlətinizdir... Bəli, məhz dövlət. Hələ sosial şəbəkələrin olmadığı və hamının qulağını dikdiyi radioların dəbdə olduğu vaxt Qərbə bağlı bəzi radiolar, konkret olaraq “Azadlıq” radiosu sovet insanlarının istənilən probleminin səbəbinin sosialist üsul idarəsi olduğunu hər vəchlə insanlara təlqin edirdi. İndi dəyişən nədir? Ox həmin oxdur, hədəf fərqli hədəf olsa da, metod həmin metoddur. Sadəcə olaraq, yuxarıda da qeyd etdiyim kimi, indi kütlə psixologiyasına, ictimai rəyə daha çox sosial şəbəkələr vasitəsilə təsir etmək mümkün olur deyə, “tualetdə mübarizə aparanlar”dan insanların gözündə qəhrəman obrazı yaradaraq, hər kəsin həyatında olan istənilən problemin başında onun ölkəsinin, dövlətinin, hökumətinin durduğu təlqin edilir.
Bir xatırlatmanı da edim ki, uğursuz olan “Ərəb baharlarının” ilk günlərində meydanlara yığılan və insanların qəhrəman kimi baxdığı, əslində isə xaricdən idarə olunan xüsusi qruplar, qüvvələr, fəallar qabaqcadan muzdla tutulmuş, yetişdirilmiş xüsusi hazırlanmış şəxslər idilər. Onlar da kütləni qızışdıra, aqressivləşdirə bilirdilər... Oxşarlıqlar var, deyilmi? Söyüşlərlə, anormal videolarla gənclərimizin beyninə təsir etməyə çalışanlar insanlarımızı aqressivləşdirmirlərmi? Humanizm, ədalət, mənəvi dəyərləri unudan bu insanlar anlamırlar ki, sənin söyməyin, iyrənc ideologiyan sənin əleyhinə işləyir... Tənə, söyüş, təhqir obyekti kimi öz ölkəsindən olan insanları seçən bu siyasətbazlar niyə bir dəfə də olsun Azərbaycan üçün şərəf məsələsi olan Dağlıq Qarabağ və bu faciəni yaradan erməni siyasi rəhbərlər haqqında videolar, təbliğatlar aparmırlar? Niyə Xocalıda əli yüzlərlə dinc insanın qanına batan, Ermənistanda hələ də rəhbər vəzifələrdə çalışan, orduda fəaliyyət göstərən onlarla şəxsin fotolarını Almaniya küçələrinə yapışdırıb təbliğat aparmırlar? Bilirsiniz niyə? Onlar öz əməllərində səmimi deyillər, bu şəxslər üçün hədəfi fərqli istiqamətdə göstəriblər... Şəxsən mən bu beş-on gəncin fəaliyyətini həvəslə o vaxt izləyərdim ki, sivil qaydada savadlı bir şəkildə mübarizələrini quralar, ortaya alternativ fikir atalar, opponentlərinə hörmətlə yanaşalar. Amma bu insanların nəinki siyasi savadı, heç danışıq qabiliyyəti belə yoxdur. Hansı birinin siyasi nəzəriyyələrinin, analitik yazılarının, siyasi əsasları olan ideyalar, konsepsiyalar, platformalar, proqramlarının şahidi olmuşuq? Nelson Mandela uzun müddət həbsdə yatıb çıxdı, heç bunlar qədər xalqına minnət qoymadı. Amma bu gənclər həbslərdən keçdiklərini, xaricdə fəaliyyət göstərdiklərini deyərək xalqı onlara dəstək verməməkdə ittiham belə, edirlər... Çünki bir daha qeyd edirəm, bu adamlar xalqını düşünən insanlar deyillər. Vaxt gələcək onlardan istifadə olunmasının acısını çəkəcəklər. Bax onda onlar ömürlərinin sonunacan aktyorluq etdikləri “söyüş teatrı”nın səhnəsində itirilmiş şərəflərini axtarmaqla məşğul olacaqlar!




 
Müəllifin son yazıları

23.02.2018 “Orduxanlar” Xocalı faciəsi ilə bağlı niyə aksiya keçirmirlər?
06.02.2018 Müxalifətin “Facebook”dakı saxta profilləri...
10.01.2018 İpi xaricilərin əlində olanlar...
27.10.2017 AXCP-çilər niyə alternativ fikirdən qorxurlar?
23.11.2016 Qabanellinin “erməni sevdası”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info