Radikal müxalifətlə radikal dindarlar niyə bir araya gəldilər?
Tarix: 30.03.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, seçki marafonunun əsas mərhələlərindən biri seçkiqabağı təşviqat dövrüdür. Hazırda Azərbaycanda təbliğat-təşviqat kampaniyası davam edir və namizədlər üçün də bərabərhüquqlu şərait yaradılır. Hətta beynəlxalq təşkilatların nümayəndələri, prosesləri izləyən əcnəbi siyasətçilər də bildirirlər ki, Azərbaycanda seçkiöncəsi normal ictimai-siyasi mühit formalaşıb. Amma belə bir mühitin olması, qeydə alınmış prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları üçün heç bir məhdudiyyətin olmaması, xalqın seçki prosesini maraqla izləməsi və təqdir etməsi yerli və xarici antiazərbaycan qüvvələrin böyük narahatlığına səbəb olub. Belə olmasaydı onlar Azərbaycanda olan öz əlaltılarını hərəkətə keçməyə çağırmazdılar. Radikal müxalifətin bu qüvvələrdən dəstək alması sirr deyil. Son zamanlar bu qüvvələrin aktivləşməsi isə bəzi məqamlardan xəbər verir.
Belə ki, siyasi partiyaların əsas fəaliyyətlərindən biri ölkədə keçirilən istənilən seçkiyə qatılmaqdır. Amma radikal müxalifət partiyaları hansısa maraqlar naminə bu amilə zidd addımlar atırlar. Hətta iş o yerə çatıb ki, seçkiləri boykot edərək hakimiyyət uğrunda sivil mübarizə aparmaq istəmədiyini bir daha sübut edən “milli şura” adlanan qurum radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaradıb. Bu isə bir daha Azərbaycanın əleyhinə olan təxribatçı qüvvələrin yeni öhdəlik götürdüklərindən xəbər verir.
Əslində, Qərbdəki bəzi dairələrin sifariş etdiyi mahnıya oynayan bu qüvvələrin birdən-birə Qərbin də sevmədiyi dindarlarla əlbir olmasının bir sıra səbəbləri var. Xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşa, vətəndaş itaətsizliyinə səsləyən “milli şura” və Azərbaycanda “cihad” arzusunda olan radikal dindarları birlikdə fəaliyyət göstərməyə təşviq edən başlıca səbəblərdən biri Azərbaycandakı hakimiyyət-xalq vəhdəti və birliyi amilidir. Sirr deyil ki, bu gün Azərbaycan xalqı hakimiyyətin fəaliyyətindən nəinki razıdır, hətta xalq daim öz gələcəyini indiki hakimiyyətə etibar edib. Regionda sabitliyin, inkişafın mərkəzi kimi göstərilən Azərbaycan bəs niyə bəzi qüvvələrdə qıcıq yaradır? “Milli şura” və radikal dindarlar Azərbaycan hakimiyyətindən ölkədəki sabitlik və tərəqqi, Azərbaycan xalqından isə onları daim müxalifətdə saxlaması, hər zaman mütərəqqi ideyaların daşıyıcısı olduğu üçün qisas almaq istəyir.
Digər maraqlı və diqqətçəkən məqam isə İran prezidentinin Azərbaycana səfərinə iki gün qalmış, “milli şura” ilə radikal dindarların tələm-tələsik bir araya gələrək vahid koordinasiya mərkəzi yaratmalarıdır. Niyə məhz indi və niyə məhz özlərinə zidd qüvvələrlə əlbirlik. Səbəblər çoxdur və belə bir koordinasiya mərkəzinin yaratdıqlarını elan etmələri bir daha bu qüvvələrin Azərbaycan üçün nə qədər yad olduğunu və düşmən münasibəti bəslədiyini göstərir.
Bir incə detalı da demək istərdik ki, Müsavatla birgə aksiya keçirməyə başlayan “milli şura” bu partiyanın da onlara dəstək verməsinə baxmayaraq, stadionu doldura bilmədiklərini gördülər. Zatən “milli şura” təkbaşına keçirdiyi mitinqlərdə qələbəlik yaşanmırdı və yeni qoşulan partiya da özü ilə heç bir effektiv yenilik gətirə bilmədi. Antiazərbaycan, antiislam fəaliyyəti ilə tanınan bəzi Qərb institutlarının müəyyən etdiyi istiqamət üzrə hərəkət edən Əli Kərimli indi də yeni taktikaya əl atmağa başlayıb. O martın 31-də keçirəcəyi mitinqdə radikal dindarların iştirakını təmin etmək məqsədilə bir-birinə zidd qütblər arasında manevr etməyə çalışır. Görünür, bundan əvvəlki mitinqin biabırçılıqla nəticələnməsi onu bu addımı atmağa sövq edib.
Radikallıq heç vaxt heç bir qüvvəyə başucalığı gətirməyib. O da gün kimi aydındır ki, siyasi radikalizmin dini radikalizmlə mahiyyəti eynidir. Dağıtmaq, zor, kütləni aqressivləşdirib hakimiyyətin üzərinə salmaq, kütləni zombiləşdirmək və s. İndiki halda iki radikal qrupun da birləşməsinin arxasında belə məqamlar dayanır. “Milli şura” və radikal dindarların başlıca hədəflərindən biri Azərbaycan xalqı ilə hakimiyyət arasında gərginlik yaratmaq, ölkəni döyüş poliqonuna çevirməkdir. Bu məqsədlə qarşıya qoyulan vəzifələrdən biri müxtəlif təxribatlar törədərək mümkün qədər çox mitinq iştirakçısının həbs olunmasına nail olmaqdır. Təbii ki, qanunları pozan, təxribatlara yol verən qanun qarşısında cavab verməlidir. Beləcə, həbs edilənlərdən siyasi dustaq oyunları da qurub, sonrakı mərhələ üçün öz fəaliyyətlərini, gələcək siyasi məhbus siyahıları ilə bağlı “perspektivlərini” düşünürlər. O da bəllidir ki, ölkədəki radikal dini qrupların başında Tale Bağırzadə dayanır və onun ardınca gedənlər, onu dəstəkləyənlər bu adamın ideyalarını, arzu-istəklərini daim həyata keçirməyə hazırdırlar. Elə eyni şeyi radikal müxalifət-siyasi radikallar haqqında da demək olar. Onların əksər qismi Əli Kərimlini özlərinə lider sayırlar. Hazırda isə Əli Kərimli ilə Tale Bağırzadənin yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlini təşkil edən məqsəd və öhdəlik isə seçkiöncəsi və seçkidən sonra Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir. Məsələ bu qədər sadədir...
Diqqətçəkən digər məqam isə budur ki, sosiallığın yaratdığı əlverişli imkanlardan yararlanan bu qüvvələr insanların beyinlərini də zəhərləməyə çalışırlar. Azərbaycanda heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan “milli şura” və radikal dindarlar formalaşdırdıqları trol dəstələri vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiya tirajlayır, dövlət və dövlətçilik üçün zərərli ideyaların yayılması ilə məşğul olurlar. Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə, təhqir etməkdən çəkinmirlər. Özlərinin “Facebook” səhifələrində sinəsində medal olan Qarabağ qazisinin görüntülərini paylaşaraq gülüş hədəfinə çevirən bu qüvvələr anormal bir şəkildə ona iradlarını bildirirlər ki, torpaqları işğalda olan şəxs sinəsinə medal taxmaz! Bu nə yanaşmadır, bu nə cür düşüncədir? Belə çıxır ki, Mübariz İbrahimov etdiyi qəhrəmanlıqlardan sonra sağ qalsaydı və ona Milli Qəhrəman adı verilsəydi, o bu ada layiq deyildimi? Bir sözlə, özlərinin çürük fəlsəfələrini, zərərli ideologiyalarını - bütün məsələlərə radikal yanaşmaq kimi pis vərdişlərini ictimai rəyə də sırımağa çalışırlar.
Qısası, bu gün prosesləri izlədikdə əminliklə demək olar ki, “milli şura” vətəndaş qarşıdurması yolu ilə Azərbaycan dövlətçiliyini məhvə doğru sürükləmək, radikal dindarlar isə ölkədə dünyəvi quruluşu ləğv etmək və şəriət qanunlarına əsaslanan rejim yaratmaq niyyəti güdürlər. Bu iki qeyri-konstruktiv qüvvənin bir araya gəlməsi Azərbaycan xalqı üçün yaxşı heç nə vəd etmir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info