“Məqsəd odur ki, təhsilin keyfiyyəti yüksəlsin”
Tarix: 01.06.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin 200 saylı tam orta məktəbində “Son zəng” keçirildi. Açılış mərasimində çıxış edən məktəbin direktoru Qafar Hüseynov bu il təhsil müəssisəsini 293 “yaxşı” və “əla” qiymətlərlə oxuyan məzunun bitirdiyini bildirdi. Direktor bütün məzunlara gələcək həyatlarında uğurlar arzuladı.
Tədbirdə iştirak edən təhsil naziri Mikayıl Cabbarov isə bildirdi ki, “Son zəng” həm kədərli, həm də sevincli gündür: “Bu gün ona görə sevinclidir ki, artıq həyatın bir mərhələsi sona çatır və yenisi başlayır. Ona görə kədərlidir ki, illərlə doğma olan adamlarla vidalaşırıq”. Məzunlara bundan sonrakı fəaliyyətlərində uğur arzulayan nazir onların hər birinin qarşılarına qoyduqları məqsədə çatacaqlarına əmin olduğunu qeyd etdi. Onun sözlərinə görə, insan öz məqsədinə çatmaq üçün buna inanmalıdır. Orta məktəbi həyatın ən önəmli məktəbi sayan nazir müəllimləri və valideynləri də təbrik etdiı: “Valideynlərə təşəkkür edərək demək istəyirəm ki, hər biriniz müasir Azərbaycan üçün övlad və layiqli vətəndaş yetişdirmisiniz. Həyatda övladlarınıza verdiyiniz ən yaxşı miras isə onların təhsilidir. Belə bir nəticənin əldə edilməsi üçün məktəblərdə münbit və lazımi şərait yaradılmalıdır. Təhsil naziri olaraq bunun həllini valideynlərin məktəblərin idarə edilməsindəki rolunda görürəm”.
Tədbir bədii hissə ilə davam etdirildi və nəhayət, məktəbin məzunları üçün “Son zəng” çalındı.

“Müəllimlərin işə qəbulu zamanı qanunvericiliyin
tətbiqinə riayət olunması tələb ediləcək”

Jurnalistlərə açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirən təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda bəzi rayon Təhsil Şöbələri və məktəb direktorları tərəfindən müəllimlərin müsabiqədənkənar işə qəbul olunması məsələsinə toxundu. Nazir açıqlamasında bildirdi ki, müəllimlərin işə qəbulu prosesi də qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, Azərbaycanın təhsil sistemində istər müəllimlərin işə qəbul olunması, istərsə də təhsilin digər sahələrində mövcud qanunvericiliyin tətbiqi və buna riayət olunması tələb olunacaq: “Zamanla ölkənin təhsil sisteminin bütün sahələrində qanunvericiliyə tam əməl olunmasına nail olacağıq. Müəllimlərin işə qəbulu barədə isə hər hansı yeniliklər olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, 2013-2014-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinin vakant yerləri barədə məlumatların toplanılması iyunun ikinci yarısında həyata keçiriləcək. Kənd məktəbləri üzrə ən çox Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlərin olacağı gözlənilir.

“Xaricdə təhsil alan azərbaycanlı tələbələrin problemlərinin və
müraciətlərinin araşdırılması kampaniya xarakteri daşımır”


Təhsil Nazirliyinin “2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı” Dövlət Proqramı çərçivəsində təhsil alan gənclərin problemlərinin və müraciətlərinin onlayn göndərilməsi üçün yaratdığı elektron xidmətə azərbaycanlı tələbələr tərəfindən müxtəlif müraciətlər edilib. Nazir açıqlamasında onu da bildirdi ki, xaricdə təhsillə bağlı gənclərin müraciətləri müxtəlif olub. Nazir onların arasında əsaslı müraciətlərin də olduğunu bildirdi: “Elə müraciətlər var idi ki, azərbaycanlı tələbələr öz hüquqlarını tam şəkildə anlamırdılar. Zamanla onların araşdırılması həyata keçirildi və proses bu gün də davam etdirilir”. M.Cabbarov vurğuladı ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin problemlərinin və müraciətlərinin araşdırılması ümumilikdə Təhsil Nazirliyinin birbaşa vəzifələrinə aid olan bir məsələdir: “Bu, kampaniya xarakteri daşımır, bir gün, bir ay və yaxud bir həftə ərzində görülə bilən iş də deyil. Xaricdə təhsil alan şagirdlər və tələblər Azərbaycan Respublikasının vətəndaşları və ölkənin seçilmiş nümayəndələridir. Onlar dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin, qara qızılın insan qızılına çevrilməsi siyasətinin gələcək məhsullarıdır. Ona görə gələcəkdə də bu təbəqənin ehtiyaclarının öyrənilməsi, onların suallarına cavab verilməsi Təhsil Nazirliyinin diqqət mərkəzində olacaq. Vurğulamaq istəyirəm ki, dediyim hər bir söz Azərbaycanın xaricdə təhsil alan vətəndaşlarına aid deyil. Bu sözlər Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil alan tələbələrə də aiddir.

“Apardığımız islahatların ictimailəşdirilməsini,
siyasiləşdirilməsini və mediada qabardılmasını
istəmirəm”

M.Cabbarov nazirlikdə aparılan struktur dəyişikliklərinə və kadr islahatlarına münasibət bildirərkən qeyd etdi ki, yeni struktur dəyişiklikləri çərçivəsində yeni təyinatlar baş verir: “Biz bilirik ki, ictimaiyyətin və medianın təhsil sahəsindən böyük gözləntiləri var. Təhsil sahəsində müəyyən işlər həyata keçirilir və bunlar təbii olaraq struktur dəyişikləri tələb edir”. Nazir bu məsələlərin ictimailəşdirilməsi və ya siyasiləşdirilməsinin tərəfdarı olmadığını söylədi: “Çünki bizim hamımızın məqsədi eynidir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan təhsilinin keyfiyyəti yüksəlsin. Bunun üçün lazım olan siyasi iradə mövcuddur. Bacardığımız hər bir işi həyata keçirəcəyik”. M. Cabbarov Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri və kadr islahatlarının media orqanları tərəfindən çox qabardılmasını istəmədiyini də vurğuladı: “Ümumiyyətlə, mən media nümayəndələrindən xahiş etmək istəyirəm ki, bu məsələlərin lazım olan səviyyədən artıq qabardılması o qədər də məqsədə müvafiq deyil”.

Orta məktəb dərsliklərinin hazırlanması prosesində
texnoloji dəyişikliklər baş verəcək

Orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı yeniliklərin olması gözlənilir. Bununla bağlı təhsil naziri bildirdi ki, orta məktəb dərsliklərinin hazırlanması prosesində texnoloji dəyişikliklər baş verəcək. Nazirin sözlərinə görə, hazırkı praktikaya əsasən, dərsliklər, xüsusilə yeni kurikulum əsasında hazırlanan dərsliklər tədris ilinin başlanmasına çox qısa bir müddət qalmış çapa təhvil verilir. O, buna misal kimi növbəti tədris ili üçün nəzərdə tutulmuş 6-cı sinif dərsliklərinin hələ də hazırlanması prosesinin davam etdiyini göstərdi: “Təbii olaraq dərsliklərin belə qısa müddət ərzində hazırlanması ilk növbədə müəllimlər üçün tədris prosesində çətinliklər yaradır. Onlar yeni dərsliklərlə tanış olmaq üçün kifayət qədər vaxt əldə etmirlər. Bunun nəticəsində istənilən texniki və digər mexaniki səhvlərin aradan qaldırılması üçün demək olar ki, kifayət qədər vaxt qalmır. Ona görə də biz hesab edirik ki, bu təcrübə dəyişilməlidir. Dərsliklərin hazırlanması ən azı bir tədris ilində başa çatmalıdır. Ondan sonra çox güman ki, müəyyən pilot məktəblər və siniflər müəyyənləşdirilməlidir. Hazırlanacaq dərslik ümumi istifadəyə verilməmişdən öncə həmin pilot məktəblərdə və siniflərdə bir il sınaqdan keçirilməlidir. Dərslik hazırlanması ilə məşğul olan mütəxəssislərin və ekspertlərin işi mükəmməl səviyyədə, müvafiq zaman ərzində, vaxt məhdudiyyəti olmadan keyfiyyətli həyata keçirilməlidir. Amma bu vaxt tələb edəcək. Təbii olaraq, bunun bu tədris ilində reallaşması qeyri-mümkündür. Çünki artıq tədris ilinin sonudur. Amma gələcəkdə, 2014-cü tədris ilinin əvvəlindən biz bu prosesi tətbiq etmək niyyətindəyik”.

Müəllimlərin maaşlarının artırılması prinsipləri
araşdırılır

Müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı məsələyə toxunan nazir qeyd etdi ki, bu, çox ciddi məsələdir. Nazir bildirdi ki, hazırda müəllimlərin əməkhaqlarının artırılması prinsipləri araşdırılır. Maaşların artırılması üsulunun tədrisin keyfiyyəti və bir sıra digər amillərlə bağlılığı var: “Mənim fikrimcə, bu məsələyə gözübağlı yanaşmaq bir az tələsik və qeyri-peşəkar olar”.
Ötən il attestat ala bilməyən məzunlar bağlı məlumat verən nazir qeyd etdi ki, bu məsələnin həllini tapması məqsədilə müvafiq dövlət qurumları ilə iş aparılır: “Bu il attestatların bütün məzunlara verilməsi ilə bağlı qərar tədris ilinin sonunda verilib. Ötən il attestat ala bilməyənlərlə bağlı bir neçə gün ərzində işin icrası qeyri-mümkün olan bir məsələdir. Düşünürəm ki, gələn tədris ilində biz müvafiq dövlət qurumları ilə birlikdə məsələnin həlli üçün addımlar atacağıq”.

“Məktəblərdə təmir adı ilə vəsait yığılmasına qarşı barışmaz mövqedə olacağıq”
Nazir açıqlamasında onu da bildirdi ki, istənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin təmir adı ilə vəsait yığması qeyri-qanunidir: “Azərbaycanın bütün ərazisində məktəb kollektivi və ya direktor tərəfindən hər hansı bir təmir işlərinin aparılması nəzərdə tutulmayıb”. O, qeyd etdi ki, orta məktəblərin cari təmir işləri Azərbaycan ərazisində müvafiq qanunvericiliyə uyğun olaraq mərkəzləşmiş qaydada aparılmaqla dövlət büdcəsindən maliyyələşdirilir. Nazirin sözlərinə görə, Təhsil Nazirliyinə bu məqsəd üçün kiçik bir vəsait ayrılır: “Əksər hallarda bu işlər Maliyyə Nazirliyi tərəfindən yerli rayon İcra Hakimiyyətlərinə dövlət büdcəsində ayrılmış maliyyə hesabına görülür. Ona görə də istənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin cari təmir adı ilə vəsait yığması qeyri-qanunidir. Əgər belə hallar varsa, Təhsil Nazirliyinə və aidiyyəti dövlət qurumlarına müraciətlər edilməlidir. Bu məsələlərlə bağlı biz barışmaz mövqedə olacağıq. Bu işlər müəyyən müddət aparacaq. Amma mən güman etmirəm ki, bu məsələni 2014-cü ildə KİV-də müzakirə etməli olacağıq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info