Hələ də soyqırımı cinayətləri baş verir, bunun səbəbi ikili standartlar və aparıcı dövlətlərin buna vaxtında münasibət bildirməməsidir
Tarix: 31.03.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Martın 31-də Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı işə başlayıb.
Trend-in məlumatına görə, “Soyqırımlarının dərsləri” mövzusunda keçirilən konfrans “Quba soyqırımı” filminin nümayişi başlayıb.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Akademik respublika elmi konfransının dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.
Ə.Həsənov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandığını xatırladaraq bildirib ki, Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” təsdiq edilib.
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi 2007-ci ildə Quba şəhərində aşkar olunmuş məzarlığın qorunub saxlanması məsələsinin həmişə Azərbaycan Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayaraq deyib: "Dövlət başçısının tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2017-ci il iyunun 5-də “Quba şəhərində Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalamışdır. Sərəncam əsasında Kompleksdə mövcud vəziyyətin araşdırılması və baş verən aşınma proseslərinin qarşısının alınması məqsədilə komissiya yaradılmışdır. Komissiya belə bir qənaətə gəlmişdir ki, insan qalıqlarının çürüməsinin sürətlənməsi və torpağın sürüşmə hallarının aktivləşməsi məzarlığın olduğu şəkildə qorunub saxlanmasını çətinləşdirir. Ona görə də həmin ərazidəki insan sümüklərinin dini adət-ənənələrə uyğun dəfn olunması, qəbirüstü xatirə lövhəsinin qoyulması, gələcəkdə zəruri hallarda tarixi araşdırma məqsədilə qazıntı işləri üçün şəraitin yaradılması məqsədəuyğun hesab olunmuş və bu barədə ölkə rəhbərliyinə məruzə edilmişdir. Artıq Komissiyanın təklifləri nəzərə alınaraq, soyqırımı qurbanlarının qalıqları dəfn edilib və məzarüstü xatirə lövhəsi qoyulub".
Daha sonra Ə.Həsənov qeyd edib: "Əslində azərbaycanlıların 1918-ci il soyqırımı Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda xalqımızın üzləşdiyi ən ağır sınaq idi. Amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı. Bildiyiniz kimi, iki aydan sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi üçün cənab Prezident 2017-ci il mayın 16-da xüsusi Sərəncam imzalamışdır.
Tarixin müxtəlif dövrlərində xalqımız erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora məruz qalsa da həmin hadisələrə heç bir siyasi-hüquqi qiymət verilməsi mümkün olmamışdı. Ona görə ki, hər dəfə ermənilər məkrli niyyətlərini öz havadarlarına, başqa sözlə mərkəzi hakimiyyətə, real güc sahiblərinə arxalanaraq və onların iştirakı ilə həyata keçirirdilər. Bu 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə və sonrakı dövrdə də məhz belə olmuşdur. Elə bu səbəbdən də soyqırımı faktları gizlədilir və ya təhrif olunmuş şəkildə təqdim olunur, elmi tədqiqat işləri sərt inzibati-ideoloji nəzarət altında aparılırdı. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında hifz edilməsinə, xalqın öz tarixindən ibrət dərsi götürməsinə imkan verilmirdi. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.
Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində aparılan işlər sayəsində faciə ilə bağlı faktlar geniş beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan məlumatlandırılmışdır".
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan Respublikası 1996-cı ilin mayında “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya”ya qoşulub: "Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunub. Lakin həmin sənədin qəbulundan 70 il keçməsinə baxmayaraq hələ də dünyanın bir çox yerlərində soyqırımı cinayətləri baş verir. Bunun başlıca səbəbi dünyada hökm sürən ikili standartlar, beynəlxalq birliyin, xüsusilə də aparıcı dövlətlərin soyqırımı cinayətlərinə vaxtında adekvat münasibət bildirməməsidir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar.
Digər tərəfdən, Azərbaycanda olduğu kimi, hər bir ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin milli sərvət, bəşəri dəyər kimi qəbul edilməsi, multikulturalizmin və tolerantlığın cəmiyyətin həyat tərzinə çevrilməsinə nail olunması lazımdır.
Bugünkü respublika elmi konfransı erməni millətçilərinin insanlığa qarşı əməllərini ifşa etməklə yanaşı, bir daha belə halların baş verməməsi, insanların sülh və əmin-amanlıq şəraitində təhlükəsiz yaşayışının təmin olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyətə ölkəmizin elm ictimaiyyətinin bir töhfəsidir. Şübhə yoxdur ki, konfransda maraqlı məruzə və çıxışlar dinləniləcək, yeni faktlar və dəyərli təkliflər səsləndiriləcəkdir".




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info