Tofiq Yaqublu niyə ermənilərlə eyni mövqedən çıxış etdi?
Tarix: 03.04.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Martın 31-də “milli şura” və Müsavatın təşkil etdiyi mitinqdə uzun müddətdən sonra müsavatçı Tofiq Yaqublu da çıxış elədi və tribunadan kənar qalmağa layiq adam olduğunu bir daha göstərdi. Çünki Tofiq Yaqublu müxalifətin əsl mahiyyətini və özünün iç üzünü açıb ortaya qoydu: “Prezident deyib ki, biz İrəvanı da alacayıq. Bəlkə də bu kimlər üçünsə patriotik görünə bilər. Ermənistan həmin sərhədlərlə, həmin paytaxtla dünya birliyi tərəfindən qəbul olunub, BMT-nin üzvüdür. Azərbaycan da Türkiyə də onun sərhədlərini tanıyır”. Tofiq Yaqublu zatən müxalif siyasətçidir və radikal müxalifətçi kimi ənənəsinə sadiq qalaraq istənilən məsələnin əleyhinə çıxır. Amma Prezidentin fikirlərinin kontekstdən çıxarılması və onun fərqli şəkildə insanlara təqdim edilməsi cəhdi ilə yanaşı, məhz 31 mart mitinqində ermənilərin də dediyi fikirləri Tofiq Yaqublunun deməsi bir sıra suallar doğurur.
Qeyd edim ki, ermənilər də ölkə başçısının fikirlərini kontekstdən çıxararaq aləmə car çəkməyə çalışdılar ki, guya Azərbaycan böyük ordu ilə onların üstünə gələ bilər, İrəvan əraziləri gələcəkdə güc yoluyla geri qaytarıla bilər, Prezident İlham Əliyev İrəvanı da müharibə yolu ilə almaq kimi hədə-qorxular səsləndirir. Əslində isə məsələ necə olub?
Prezident YAP qurultayındakı nitqində Azərbaycanın indiki Ermənistan ərazisinə qatılan tarixi torpaqları barədə də danışarkən deyib ki, bu tarixi torpaqlar unudulmamalıdır: “Və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”.
Sual yaranır, ölkə başçısının Azərbaycanın tarixi torpaqları ilə bağlı bu pozitiv açıqlamasına neqativ don geyindirməklə ermənilərin dəyirmanına su tökmək kimlərə və nələrə xidmət edir axı? Bəyəm azərbaycanlıların o torpaqlara qayıtmaq hüququ yoxdurmu? Bu gün vaxtilə Bakıya köçərək burada yaşamış və Dağlıq Qarabağ münaqişəsi başlayanda paytaxtımızdan köç edən ermənilər belə, nə vaxtsa Bakıya qayıdacaqlarını deyirlər. Azərbaycan Prezidenti isə tarixi sənədlərlə sübut olunmuş və dünya tarixinə İrəvan xanlığı kimi düşmüş əzəli torpaqlarımıza qayıtmaq kimi strateji məsələni səsləndirib və oradan zorla qovulmuş azərbaycanlıların gələcəkdə yenidən öz torpaqlarında yaşayacaqlarını səsləndirib. O, tarixi unutmadığımızı nə zamansa yenidən orada azərbaycanlıların yaşayacağını deyib. Yəni məsələ heç də Tofiq Yaqublunun, dediyi kimi, Ermənistanı yer üzündən silmək kimi yozumuna bağlı deyil. Məsələnin mahiyyəti tam başqadır ki, bunu da ilk olaraq ermənilər fərqli istiqamətdə yozdular və ənənəvi erməni sifəti alaraq Ermənistanı dünyaya yazıq bir ölkə kimi təqdim edib təhdid altında olduqlarını göstərməyə çalışdılar. İndi bunu yenidən məhz erməninin dediyi tərzdə demək nə siyasətçi adına yaraşdı, nə müxaliflik əqidəsinə...
Əslində isə təəccüblənmədik, çünki biz artıq əksər müxalifətçilərin hər addımlarında ermənilərlə eyni mövqedən çıxış eləmələrinin şahidi olmuşuq. Tofiq Yaqublunun da son çıxışında ermənilərin mövqeyini müdafiə eləməsi təkcə populist çıxış deyildi, bu həm də Qərbdə ermənilərə bağlı güclərin, dairələrin verdiyi tapşırıq da ola bilər...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info