Hövsan-Suraxanının dəyişən, yenilənən siması...
Tarix: 03.04.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


İqtisadiyyatı inkişaf edən ölkənin vətəndaşlarının yaşam standartları da dəyişir. Son illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, qeyri-neft iqtisadiyyatında baş verən müsbət dəyişikliklər də bu mənada əhalinin həyat tərzinə birbaşa təsir edib. Yeni iqtisadi şəraitə uyğun aparılan islahatlar isə əhalinin gəlirlərinin artmasına, paytaxtımızın daha da böyüməsinə, inkişaf etməsinə təsir edir. Təsadüfi deyil ki, Bakının artıq meqapolisə çevrilməsindən söz açan mütəxəssislər təkcə paytaxta bağlı rayonların deyil, Bakıətrafı kənd və qəsəbələrin də sürətlə dəyişdiyini, hər mənada böyüdüyünü deyirlər. Belə dinamik inkişaf edən rayonlardan biri də özünün qədimliyi, böyüklüyü və sosial-iqtisadi uğurları ilə seçilən Suraxanıdır.
Rayonun son iqtisadi və sosial uğurlarından söz açarkən bəzi statistik rəqəmləri qeyd etmək yerinə düşərdi. Təkcə ötən il ərzində rayonda bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Küçələr, məhəllədaxili yollar və yaşayış binalarının həyəti yenidən asfaltlanıb, piyada səkiləri təmir edilib, hasarlar rənglənib, yeni işıqlandırma dirəkləri quraşdırılıb, çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib, fasad hissəsi müasir üzlük daşları ilə bəzədilib, giriş blokları və pilləkənlər təmir edilib. 2017-ci il Suraxanıda 4840 yeni daimi iş yeri açılıb ki, bu da kifayət qədər yüksək göstərici kimi qiymətləndirilməlidir. Rayonda mühüm yenidənqurma layihələrinin reallaşdırılmasından söz açarkən onu qeyd etmək olar ki, ötən il küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən çox sahədə cari təmir işləri aparılıb.
Məlumdur ki, sənaye, kənd təsərrüfatı, müxtəlif istiqamətlər üzrə Bakıətrafı qəsəbələrin potensialını nümayiş etdirməsində yol infrastrukturunun danılmaz rolu var. Bu mənada Suraxanı rayonunda yol infrastrukturunun yenilənməsi və təmiri istiqamətində də xeyli işlər görülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən yolun bir hissəsi yenidən qurulub. Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik avtomobil yolu isə yenidən qurulur. Ötən il rayonda 20 “Nümunəvi abad məhəllə” salınıb. O cümlədən Hövsandakı “1941-1945” abidə kompleksinin əsaslı təmir edilməsini və ümumilikdə qəsəbənin simasının dəyişməsini də qeyd etmək lazımdır.

Təmir edilmiş binalar, sakinlərin rahatlığını təmin edən yeni park və həll olunmuş məişət problemləri...

Hövsandan söz açmışkən bildirim ki, bu qəsəbə son illərdə daha da böyüməsi, sosial-iqtisadi uğurları ilə diqqət çəkir. Rayonun 6 qəsəbəsinin olmasına baxmayaraq, məhz Hövsan son illərdə surətlə dəyişir, inkişaf edir. Hələ 2007-ci ildə Hövsanda yaşayarkən qəsəbədə öz həllini gözləyən xeyli problemlərin şahidi olmuşdum. Hövsandan qısa bir reportaj hazırlayarkən isə artıq bir vaxtlar gözdən uzaq qalan bir qəsəbədə inanılmaz dəyişikliklərin olmasının şahidi oldum. Qəsəbənin bir hissəsini gəzərkən burada görülən işlərlə yaxından tanış oldum. Bəli, nəinki 2007-ci il Hövsanı, eləcə də beş il əvvəlin Hövsanı ilə indiki görkəmini dəyişmiş qəsəbə arasında xeyli fərq var. Qəsəbədə olarkən gördüyüm və görkəmini dəyişmiş bir məkan, xüsusilə diqqətimi çəkdi. Bu, Hövsanın mərkəz hissəsində qurulmuş kiçik bir parkdır.
Uzun illər Oqtay Şabanov küçəsi 20, 21a, 21b və 21v saylı binaların sakinləri belə bir böyük əraziyə məxsus binalarda məskunlaşan xeyli sayda insanın öz istirahətlərini səmərəli keçirə bilməmələri üçün parklarının olmamasından narazılıq edirdilər. Artıq ötən il sözügedən binaların arxasında böyük bir park salınıb. Bu binaların həyətlərində, yaxınlığında olan yollar isə asfaltlanıb, yeni səki daşları qoyulub. Parka yaxın küçələrin kənarında və binaların qarşısında səliqə-sahman yaradılıb, ağac və gül kolları əkilib.
Qeyd edim ki, haqqında söhbət açdığım həmin yeni parkın sahəsi təxminən 8 800,0 kv.metrdir. Bayram günlərində bu parkda istirahət edən sakinlərlə söhbətimdə onlar əvvəllər azyaşlı övladlarını parka aparmaq üçün qəsəbənin digər tərəfinə-bir qədər uzaq məsafəyə apardıqlarını dedilər. Amma bir ildən çoxdur ki, sakinlər istirahətini elə öz yaşadıqları binanın arxasında qurulan parkda səmərəli keçirirlər: “Hövsan on il əvvəl bir sıra məişət, sosial problemləri ilə gündəmə gəlirdi. Artıq özünüzün də gördüyünüz kimi, bura daha çox diqqət ayrılır, Hövsana şəhərin mərkəzində olan bəzi zavod, fabriklər köçürülür-iş imkanları artır, yaşayış kompleksi salınır, insanların istirahəti üçün hər cürə şərait yaradılır. Qışda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Hövsanda sakinlərlə görüş keçirərkən ona bir sıra həllini gözləyən problemləri də sadaladıq və o bizə söz verdi ki, tezliklə deyilən problemlər də həll olunmuş məsələlər sırasında olacaq. Nə deyim? Əgər yaşadığım qəsəbədən razıyamsa, buna görə rəhbər şəxslərə minnətdarlığımızı bildirməliyik”-deyə Hövsan sakini Bəxtiyar Cəfərov bildirdi. Doğrudan da, burada xeyli işlər görülüb, sakinlərin istirahəti üçün xüsusi söhbətgahlar, oturacaqlar, uşaqların əylənməsi üçün müxtəlif oyun elementləri quraşdırılıb, yaşıllıqlar salınıb, yeni ağacların əkilməsi ilə yanaşı, suvarma sistemi də quraşdırılıb.
Digər diqqətimi çəkən məqam isə nəinki Oqtay Şabanov küçəsində olan 20, 21a, 21b və 21v saylı binaların eləcə də qəsəbənin Elman Qasımov və İlqar Əhlimanov küçələrindəki xeyli sayda çoxmənzilli yaşayış binalarının əsaslı təmir edilməsi oldu. Binaların həyətində yeni səki daşları qoyulub, illərlə təmir edilməyən dağılmış səkilər yenilənib, həyətlər təmir olunmaqla yanaşı, ərazi xeyli genişləndirilib. Bu da binaların həyətində sakinlərə məxsus avtomobillərin saxlanılması üçün ideal şərait deməkdir. Haqqında söz açdığımız bu məkanın uzun illər daha bir böyük problemi olub-yağış sularının yaratdığı fəsadlar. Artıq bu ərazidə yağış sularının axıdılması məqsədilə barmaqlıqların qoyulmasının, binaların ətrafında olan kanalizasiya lüklərinin dəyişdirilməsinin şahidi oldum.

Nəqliyyat və kommunal-məişət problemlərinin həll edilməsi sakinləri razı salıb...

Gördüyüm təqdirəlayiq hallardan biri də o oldu ki, paytaxtın mərkəzindən xeyli aralıda olan bu qəsəbədəki binaların təkcə yola yaxın olan hissəsində deyil, məhəllə daxilində-binaların qarşısında da yeni işıq dirəkləri quraşdırılıb. Belə dirəklər hələ Sovet dövründə mövcud olmuşdu, sonralar isə onlar, dirəklərin olduğu yolətrafı səkilər deformasiyaya uğramışdı. Ona görə də burada binaların ətrafı həmişə qaranlıq olurdu. Hövsanın digər ərazilərində də əhalinin mədəni istirahətinin təşkili məqsədilə həyətlərdə söhbətgahlar və yeni oturacaqların quraşdırılmasının, gənclərin vaxtlarını səmərəli keçirmələri, həmçinin sağlam və gümrah inkişafı üçün müxtəlif növ idman avadanlıqları, uşaqların əylənməsi üçün yelləncəklər, sürüşkənlər quraşdırılmasının şahidi oldum.
Ümumilikdə ilbəil məskunlaşmanın çoxaldığı bu qəsəbədə təmir bərpa işlərinin surətlə aparılması göz oxşayır. Hövsana daxil olarkən bütün binaların fasad hissələrinin rənglənmiş olmasını, binaların girişlərinin təmir edilməsini görmək qəsəbənin necə müsbət yöndə dəyişdiyini deməyə əsas verir. Qəsəbədə uzun illər mövcud olmuş su problemi isə, demək olar ki, qalmayıb. Sakinlər deyirlər ki, Hövsanda binalara uzun illər su aşağı təzyiqlə verilirdisə və nəticədə yuxarı mərtəbələrdə yaşayan insanlar susuz qalırdısa, indi nəinki su, qaz və işıqla da bağlı heç bir problem yaşanmır. Qəsəbədə ekoloji problemlərin də həllinə xüsusi önəm verilir. Əvvəlki illərdə Hövsanın bəzi hissələrində natəmizlik, səhralaşmış torpaqlar görmüşdümsə, indi qəsəbədə gəzdikcə tez-tez rast gəlinən zibil qutularının olması və xeyli ağacların əkilməsinin şahidi oldum.
Hövsanın nəqliyyat problemi də, demək olar ki, qalmayıb. Bir neçə ay öncə bu qəsəbəyə müasir -“BakuBus”a məxsus avtobusların verilməsi Hövsan sakinlərini razı salmaya bilməzdi. Artıq şəhərin mərkəzində olduğu kimi, Hövsanda da müasir dayanacaqlar quraşdırılıb, 175 nömrəli marşrut xətti üzrə Hövsan şosesi və Hövsan qəsəbəsində 30-a yaxın dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub. Dayanacaq məntəqələrindən 20-yə yaxını yeni təşkil edilib, kart balanslarını artırmaq üçün dayanacaqlarda terminallar quraşdırılıb. Bir sözlə, Hövsan sakinləri üçün istirahətlə yanaşı, nəqliyyat da komfortlu olub.
Hər yeni yaşayış kompleksi yeni iş yeri, yeni ailələrin qurulması, evsizlik probleminin həlli və s. perspektivlər vəd edir. Bu mənada Hövsan qəsəbəsində inşası başlanılan Hövsan Yaşayış Kompleksini də xüsusi qeyd edərdim. Əminliklə deyərdim ki, bu kompleks nəinki qəsəbənin, ümumilikdə rayonun iqtisadi gücünün, sosial durumunun, insanların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına səbəb olacaq. Bakının sürətlə inkişaf edən bu hissəsində, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşən bu kompleksin 20 hektarlıq ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası da mövcuddur. Ərazidə yaşıllaşdırma prosesinin fəal surətdə davam etdirilməsi üzrə planlar Hövsan Yaşayış Kompleksinin gələcək sakinlərinin ekoloji cəhətdən təmiz və sağlam mühitdə yaşayışı üçün zəmin yaradır.
Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası da planlaşdırılır.
Bütün bunlarla bərabər, qəsəbədə öz həllini gözləyən problemlər də var. Qəsəbənin nisbətən kənar hissələrində, kənd Hövsanda yollarla bağlı problemlərin olmasının, xüsusən də yeni məskunlaşmış ərazilərdə ara yolların nəqliyyat üçün yararsız olmasının şahidi oldum. Həmçinin qəsəbədə hələ də bir sıra binalarda lift probleminin olması, xüsusilə də 21 nömrəli binaların bu problemdən xeyli əziyyət çəkməsinin şahidi oldum. Rayonda həllini gözləyən problemlərdə sadaladığım məsələlərin yaxın gələcəkdə prioritet olacağına ümid edirəm.
Beləcə, müşahidələrim əsasında deyə bilərəm ki, bu gün paytaxtımızın böyüməsi, inkişafında onun böyük bir parçası olan Suraxanı rayonunun sürətlə dəyişməsinin, sosial-iqtisadi yöndə xeyli işlərin görülməsinin rolu çoxdur. Suraxanı tədricən Bakının inkişaf mərkəzinə çevrilirsə, Hövsan qəsəbəsi də Suraxanının dəyişən, yenilənən siması olur...

Tural Tağıyev


"Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info