Keçmiş prezidentə və həyat yoldaşına bir sıra imtiyazlar verilib
Tarix: 01.06.2013 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Milli Məclisin dünən keçirilən yaz sessiyasının son plenar iclasında Azərbaycanın keçmiş prezidenti və həyat yoldaşına bir sıra xüsusi imtiyazlar, o cümlədən xüsusi diplomatik status verilməsi ilə bağlı layihələr müzakirəyə çıxarılıb.
Bununla bağlı “İcra haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, "Əmək pensiyaları haqqında", “Milli arxiv fondu haqqında”, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sosial müavinətlər haqqında" qanunda əlavə və dəyişikliklər edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “İcra haqqında” qanunun 68-ci maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanın keçmiş prezidenti və onun həyat yoldaşına ayrılmış pensiyaya, sosial müavinətə qarşı mülki tələb yönəldilə bilməz. Yəni məhkəmələr onların pensiyalarına, onlar üçün ayrılan sosial müavinətlərə qarşı hər hansı borc tələbi, vurulan ziyanın ödənilməsi ilə bağlı tələb və s. bu kimi tələbləri yönəldə bilməyəcək. Azərbaycanın keçmiş prezidenti hazırda qanunvericilikdə edilən son dəyişiklikdən sonra hazırkı prezident məvacibinin yarısı qədər - 7500 manat pensiya alır. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun 6-cı maddəsinin beşinci hissəsinə edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikası Prezidentinə verildiyi kimi, keçmiş prezidentə və onun həyat yoldaşına da ömürlük diplomatik pasport veriləcək, bununla onlar da xüsusi diplomatik statusa malik olacaqlar. Buna görə dövlət rüsumu da tutulmayacaq.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, keçmiş prezident və onun həyat yoldaşı ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna 3 və 4-cü maddələr əlavə edilib. Sosial müavinətlər haqqında qanuna 7 maddə əlavə olunur.
Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov söyləyib ki, “Milli arxiv haqqında” qanuna keçmiş prezidentin yazışmaları ilə bağlı sənədlərin keçmiş prezidentin sərəncamında saxlanılması haqqında müddəa əlavə edilir. Layihələr səsə qoyularaq qəbul olunub.

Qanunsuz qeysəriyyə əməliyyatı aparanlarla bağlı cəzalar
sərtləşdirilib

İclasda Azərbaycanda qanunsuz qeysəriyyə kəsiyi əməliyyatı aparanlarla bağlı cəzaların müəyyənləşməsinə dair layihə müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub. Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar. Spiker Oqtay Əsədov bildirib ki, son vaxtlar hamilə qadınların USM müayinəsindən keçməsi məsələsi çox geniş yayılıb və bunun nəticəsində qeysəriyyə əməliyyatlarının sayı artıb: “Mən bunu çox neqativ hal hesab edirəm, Allahın işinə müdaxilə kimi qiymətləndirirəm. Biz gələcəkdə bunun qarşısının alınmasını və Azərbaycanda qadağan olunmasını düşünməliyik”. Deputat Musa Quliyev isə qeyd edib ki, uşaqların cinsinin əvvəlcədən müəyyən olunması və selektiv abortlarla bağlı məsələ “Reproduktiv sağlamlıq haqqında” qanunda öz əksini tapacaq və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Deputat Aytən Mustafayeva da bildirib ki, belə hadisələr ciddi demoqrafik dəyişikliyə gətirib çıxara bilər və bu səbəbdən selektiv abortlara qarşı çıxmaq lazımdır.
Deputat Rəfael Cəbrayılov da spiker Oqtay Əsədovun fikrini dəstəkləyərək bildirib ki, Azərbaycanda bu sahədə vəziyyət acınacaqlıdır. O deyib ki, 2012-ci il üçün rəsmi statistik məlumata görə, 14% oğlan, 46% qız uşağı qeysəriyyə əməliyyatı nəticəsində götürülüb. Layihə səsə qoyularaq qəbul olunub.

2012-ci il dövlət büdcəsinin
icrası ilə bağlı qanun layihəsi
təsdiqlənib

2012-ci il dövlət büdcəsinin gəlirlər hissəsinin icrası 17 281 521,6 min manat, xərclərinin - 17 416 453 min manat, büdcə kəsiri - 134,9 mln. manat, büdcə xəzinəsindəki qalıq - 464 989,9 min manat həcmində təsdiq edilib. Bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisdə ötən ilki büdcə icrasının müzakirəsi zamanı bildirib. Müzakirələrdən sonra Azərbaycanın 2012-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi səsə qoyularaq qəbul olunub. Qeyd edək ki, bu iclasla Milli Məclisin yaz sessiyası başa çatıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info