Müxalifətin fəaliyyəti niyə “söyüş çevrəsi”ndən kənara çıxmır?
Tarix: 06.04.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Onlar normal siyasi mübarizə aparmaq qabiliyyətinə malik deyillər

Seçkidən-seçkiyə aktivlik göstərən müxalifət partiyaları bu dəfə də öz ampluasındadır. Müxalifətin radikal qolu seçkiyə qatılmaqdan boyun qaçırsa da, digər müxalif qüvvələr öz namizədlərini müəyyənləşdirərək seçki marafonunda uğurla təmsil olunurlar. Maraqlısı budur ki, seçkiyə hazır olmayan və bu səbəbdən də prezident seçkilərinə qatılmaqdan boyun qaçıran radikal müxalifət və onlara dəstək verən xaricdə yaşayan bir qrup mühacir öz həmkarlarını da söyməyə, aşağılamağa başlayıblar. Hətta iş o yerə çatıb ki, içərilərində “normal siyasətçi” kimi təqdim etdikləri “milli şura”nın sədri Cəmil Həsənli də sağına-soluna aşağılayıcı ifadələr sərgiləməyə başlayıb. O, bu günlərdə verdiyi müsahibəsində həmkarına-Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlunun bostanına daş atıb. Cəmil Həsənli Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini verməsini millətə təhqir hesab edib. Jurnalistin Sərdar Cəlaloğlunun debatlarda kifayət qədər müxalif fikirlər səsləndirməsini, insanlar arasında nüfuz qazanmasını və buna görə də Cəmil Həsənlinin təhqirində haqsız olmasını deməsindən sonra Cəmil Həsənli bildirib: “Sizin adını çəkdiyiniz və mənim də çox yaxşı tanıdığım Sərdar bəy çox maraqlı bir həyat yolu keçib və mübariz adam olub. Amma bu Sərdar bəy, artıq o Sərdar bəy deyil. İnanıram ki, Sərdar bəy məndən inciməz. Nə o, nə də onun rəhbərlik etdiyi partiya namizəd olmaq üçün 40 min imzanı toplaya bilməzdi. Nəzərə alın ki, Sərdar bəy 2013-cü il seçkilərində 40 min imza ilə qeydiyyata alınıb, seçki prosesində isə 21-22 min səs alıb və yaxud səs yazılıb. Alıbsa da, yazılıbsa da, son seçkilərin nəticələrində belə göstəriciləri olan adamın təzədən seçkiyə getməsi bir az adamın özünə hörmətsizliyidir”. Cəmil Həsənli həmçinin bildirib ki, insanların ona-Sərdar Cəlaloğluna hörməti, rəğbəti yoxdur.
Maraqlıdır ki, özü seçkiyə qatılmasa da, Sərdar Cəlaloğlunun seçkilərə qatılıb, fəal mübarizə aparmasına mız qoyan Cəmil Həsənli ADP sədrinin müxalifət düşərgəsində olduğunu qəbul etmək istəmir. Əslində isə hamı bilir ki, Sərdar Cəlaloğlu tez-tez kifayət qədər radikal çıxışlar edir və müxalifət partiyası kimi beynəlxalq təşkilatlar tərəfindən də tanınır. Bəs Cəmil Həsənli niyə Sərdar Cəlaloğlu haqqında belə düşünür, niyə onun seçkiyə getməsini öz-özünə hörmətsiz yanaşması kimi dəyərləndirir?
Əslində, Sərdar Cəlaloğlu Cəmil Həsənlinin daha çox öyə biləcəyi siyasətçi olmalı idi, nəinki aşağılamalı ola... Niyə? Kiçik bir xatırlatma edim - ötən prezident seçkilərində Sərdar Cəlaloğlu Cəmil Həsənliyə bir yaxşılığı ilə yadda qalmışdı. Ovaxtkı debatlar zamanı Hafiz Hacıyevlə Cəmil Həsənli arasında insident yaşanarkən yalnız Sərdar Cəlaloğlu Cəmil Həsənlinin ardınca studiyanı tərk eləmişdi. Jurnalistlər bunun səbəbini Sərdar Cəlaloğludan soruşanda isə o demişdi ki, Hafiz Hacıyevlə Cəmil Həsənli arasında studiyadan kənarda yumruq davası olmaması üçün bu addımı atmışdı ki, Cəmil Həsənlini qorusun! Bu da Sərdar Cəlaloğlunun çörəyinin duzsuzluğu… Yaxud da Cəmil Həsənlinin illər sonra Sərdar Cəlaloğluna “təşəkkürü”.
Ümumiyyətlə isə müxalifət daxilində siyasətçilər daim bir-birini qəbul etməyib, öz siyasi ambisiyalarına görə həmkarlarını ya satıblar, ya aşağılayıb hörmətdən salıblar, ya da eyni birlikdə sonadək qalmayıblar. Bu cür hallara artıq cəmiyyətimiz alışıb və bu siyasətçiləri qeyri-ciddi adamlar kimi qəbul edirlər. Yəni yeni nə isə baş vermədi, bu davranışlar həmişə olub, AXCP Müsavatla, Müsavat digəri ilə yola getməyib. Qurduqları birliklər qısa zamanda dağılıb. İsa Qəmbər Əli Kərimlini ittiham edib, Əli Kərimli İsa Qəmbərə söz atıb və s. Öz aralarında qeyri-səmimi olanlara kütlə də səmimi baxmır… Bunu Cəmil Həsənli də gözəl anlayır. Cəmil Həsənli həm də ona görə bu dəfə namizədliyini verməkdən vaz keçdi ki, o özünə nəinki cəmiyyətdə, hətta müxalifət daxilində belə ciddi dəstək görmürdü.

Digər maraqlı məqam isə müxalifət daxilində son bir ildə “söyüş maşınının” işə düşməsidir. Belə küçə siyasətini - söyüş taktikalarını seçmələri görünür, həm də bu səbəbdəndir ki, normal yolla mübarizə apara bilməyəcəklərini sezib, keçirlər söyüş taktikasına. Bununla da onlar həm də xalqın gözündə cəsarətli qəhrəman obrazı yaratmağa çalışırlar. Əslində isə hər kəs gözəl bilir ki, belə siyasət əks-effekt verir. Axı bütün dünyada siyasətçilər gözəl anlayırlar ki, siyasi rəqibə qarşı “söyüş taktikasından” istifadə etmək uğursuzluğun başlanğıcıdır. İndiki halda həm iqtidarı, həm də elə seçkilərə qatılan müxalifəti söymək isə elə məhz radikal müxalifətə yaraşardı ki, bunu da AXCP-Müsavat birliyi, “milli şura” və onların dəstəklədikləri xaricdə yaşayan bir qrup siyasi mühacirlər edirlər.
O da bütün dünyada qəbul olunmuş bir qaydadır ki, siyasi partiyan varsa, sənin əsas məqsəd və fəaliyyətlərindən biri seçkiyə qatılmaq, seçkilərdə qalib gəlmək üçün siyasi konsepsiyalar, fəaliyyət planları hazırlamaq və s. olmalıdır. İndiki halda, hansısa xaricdən gələn tapşırığa uyğun addım ataraq seçki proseslərindən kənar qalan, özlərini “ağıllı” göstərən radikal müxalifətdəkilərin özləri də gözəl bilirlər ki, seçkidə iştirak edib-etməmək onların adına heç bir dəyişiklik etməyəcəkdi. 2013-cü il seçkiləri bunu bir daha əyani şəkildə sübut etdi. Xalq onlara dəstək vermədi, vermir, xalq öz taleyini daha real qüvvəyə, təcrübəli siyasətçilərdən təşkil olunmuş komandaya bağlayır. Cəmil Həsənlinin Sərdar Cəlaloğlunun bostanına daş atdığını, Sərdar Cəlaloğlunun da “Müsavat mənə seçkilərdə dəstək olmadı” dediyi bir komandaya, düşərgəyə necə etibar edəsən axı? Doğrudan da, bizim müxalifət anormallıqları ilə dünyada olan müxalif qüvvələrdən daim seçilib, bu gün də seçilir. Yuxarıda da qeyd etdiyim kimi, əsas hədəfi seçkidə iştirak olan dünya müxalifətindən fərqli olaraq bizdəkilərin əsas hədəfi bir-birini qırmaq, seçkidən yayınıb aksiyalar keçirməklə xaricdən maliyyə almaq və s. məsələlərdir. Real, sivil müxalifət radikal müxalifətin hücumuna məruz qalırsa, bunun günahı elə hər ikisindədir.
Həm də ki saxta mühacir qiyafəsinə bürünərək Avropada oturum almaq üçün söyüşlərlə mübarizə aparanlara dəstək verənlərdən nə gözləyəsən axı? Digər tərəfdən, Cəmil Həsənli Sərdar Cəlaloğlunu özünə, xalqa hörmət etməməkdə ittiham edir. Bəs Cəmil Həsənli özünə hörmət edirmi? Edirsə, niyə Orduxanın tərəfini saxlamasını aşkar bildirir. Bu, o Orduxandır ki, “Ermənilər bizim abidələrimizi dağıtmayıblar”- deyir… Qısası, məsələni hansı istiqamətə çevirsən yenə də müxalifət düşərgəsində ürəkaçan nə isə görmürsən. Bunlar ya özləri özlərini bəyənmirlər, ya beynəlxalq təşkilatların fəaliyyətini-onlara dəstək verməməsini, ya da hökumətin siyasətini. Hansı məzhəbə qulluq edirlərsə, heç özləri də bilmirlər...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info