BMT Baş Assambleyasının sədri Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun rolu barədə
Tarix: 09.04.2018 | Saat: 12:44:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatı (BMT) ATƏT-in Minsk qrupundan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcəyini gözləyir.
Bunu Trend-ə özəl açıqlamasında BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak deyib.
O bildirib: “BMT-nin Təhlükəsizlik Şurasının dörd və Baş Assambleyasının üç qətnaməsi var. Mən BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri kimi istərdim ki, bu qətnamələr icra olunsun. Hazırda bu məsələnin həlli üçün qəbul edilən vasitə və ya format ATƏT-in Minsk qrupudur. Bu mexanizmə hörmət etmək və onun potensialından tam istifadə etmək lazımdır. Mən Minsk qrupundan bu münaqişənin sülh yolu ilə həlli üçün mümkün olan hər şeyi edəcəyini gözləyirəm”.
BMT-nin münaqişələrin qarşısının alınması və onların həlli istiqamətində gördüyü işlərə dair suala cvab verən M.Layçak qeyd edib ki, BMT-nin işi, adətən, münaqişə başladıqdan sonra sezilir:
“BMT Təhlükəsizlik Şurası görüşlər keçirir və adətən, qətnamələr qəbul edir. Bəzən, zərurət yarandıqda sülhməramlı qüvvələrin yeridilməsi qərarı qəbul edilir. Lakin 2016-cı ildən BMT-nin münaqişələrə yanaşması dəyişib. Belə ki, təşkilatın üzv ölkələri "Sülhü dayanıqlı etmək" adlı yeni konsepsiya ilə bağlı razılığa gəliblər. Bu konsepsiya, əsasən, münaqişələrin qarşısının alınmasına və münaqişə əlamətlərinə reaksiya göstərilməsinə istiqamətlənib. Münaqişənin əlamətləri baş qaldırdığı təqdirdə, biz münaqişələrin qarşısının alınması üçün preventiv diplomatiya, vasitəçilik kimi alətlərdən istifadə etməliyik. Münaqişələrin qarşısını almaqla insanların həyatını xilas edirik və milyardlarla dollara qənaət edirik”.
M.Layçak deyib ki, aprelin 24-25-də Nyu Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında sülhün dəstəklənməsi və münaqişələrin qarşısının alınması üzrə müzakirələr təşkil olunacaq:
“Bir çox ölkələrin prezidentləri, hökumət başçıları, xarici işlər nazirləri, görkəmli şəxslər bu tədbirə dəvət olunacaq. Tədbir zamanı onlar münaqişələrin qarşısının alınması və nizamlanmasında BMT ilə iş təcrübəsi barədə danışacaqlar. Ümid edirəm ki, bu müzakirələr bizə təkcə münaqişələrin aradan qaldırılması deyil, həm də qarşısının alınmasında daha yaxşı nəticələr əldə etməyə kömək edəcək”.
BMT və Azərbaycan arasında əməkdaşlığın cari səviyyəsindən danışan M.Layçak vurğulayıb ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının çox hörmətli üzvüdür:
“Bir müddət əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdu. Bu sizin ölkənizi qlobal diqqət mərkəzinə çevirmişdi. Azərbaycan BMT-də baş verən bütün proseslərin, xüsusilə də enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunması, terrorçuluqla mübarizə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üzrə proseslərin konstruktiv və çox fəal üzvüdür. Bütün bunlar yüksək qiymətləndirilir. Bu amillər sayəsində Azərbaycan BMT sistemində mühüm iştirakçı kimi tanınır”.
Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransından danışan M.Layçak deyib ki, bu tədbir onun Bakıya gəlişinin əsas səbəbidir:
“Qoşulmama Hərəkatı BMT üzvlərinin 2/3 hissəsini təşkil edən, 120-dən artıq ölkədən ibarət çox vacib təşkilatdır. Bu səbəbdən imkandan istifadə edərək, konfransda çıxış etmək istədim. Hesab edirəm ki, bu tədbirin ən əsas ismarıcı çoxtərəfliliyin və hər bir ölkə tərəfindən riayət edilməli olan qaydalar, normalar və prinsiplərə əsaslanan sistemin möhkəmləndirilməsinin zəruriliyidir”.
BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri bildirib ki, səfəri çərçivəsində Azərbaycan Prezidenti, eləcə də xarici işlər naziri ilə görüşüb:
“Biz Birləşmiş Millətlər Təşkilatının gündəliyinin təbliğində və həyata keçirilməsində Azərbaycanın rolu barədə danışdıq. Mən BMT-nin fəal üzvü kimi Azərbaycanı yüksək qiymətləndirdim. Azərbaycan BMT prinsiplərinin və təşkilatın Nizamnaməsinin fəal tərəfdarı hesab olunur. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun irəliləməsində, terrorçuluqla mübarizədə, xüsusilə də enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında fəal bir ölkə kimi qəbul edilir. Mən Azərbaycanı bu aktiv roluna görə, eləcə də BMT gündəliyinin, xüsusilə Dayanıqlı İnkşaf Məqsədlərinin icra olunmasında, yoxsulluğun azaldılmasının, gender bərabərliyinin, təhsilin və səhiyyənin əlçatan olmasının təmin edilməsi üzrə yüksək qiymətləndirdim”.
Sonda M.Layçak BMT Baş Assambleyasının sədri qismində prioritetlərindən danışıb:
“BMT Baş Assambleyasının sədri bir illik mandata malikdir. 2017-ci ilin sentyabrda başladığım səlahiyyətlərin icrasına cari ilin sentyabrında yekun vuracağam. Baş Assambleyanın sədrliyi ilə yanaşı, hazırda BMT-də 18 müxtəlif prosedurun icrası ilə məşğulam. Onlardan 8-i islahatlarla bağlı prosedurdur. Bu prosedurlara səfirlər təyin etmişəm və onlar bu prosedurları mənim adımdan idarə edirlər. Nəticələrin əldə olunmasını təmin etmək üçün onlarla əlaqə saxlayıram. Mən yüksək səviyyəli dörd tədbir təşkil etməyi planlaşdırıram. Dediyim kimi, onlardan biri sülhün dəstəklənməsi və münaqişələrin qarşısının alınması ilə bağlıdır. Ötən ay mən su ehtiyatlarının təhlükəsizliyi üzrə bir tədbir təşkil etmişdim. Mayda Gənclər dialoqu baş tutacaq. Bu tədbir gənclərin təhsilə çıxışının təmin olunmasına, məşğulluğuna və zorakı ekstremizmə gətirib çıxaran radikallaşmadan mühafizəsinə həsr olunacaq. İyunda isə biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün əlavə maliyyə ehtiyatlarının əldə olunması yollarını müzakirə edəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info