Növbəti hərracda 178 dövlət əmlakı öz sahibini axtarır
Tarix: 09.04.2018 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 8-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 178 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 22-si səhmdar cəmiyyət, 93-ü kiçik dövlət müəssisə və obyekti, 60-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Sumqayıt, Cəlilabad, Sabirabad, Şəmkir, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 5000 kvadratmetr arasında dəyişir.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Tərtər, Yevlax, İsmayıllı və digər şəhər və rayonlarda yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatı, Şəmkir yun tədarükü məntəqəsi, Qusar Tədarük Satış Bazası kimi iri dövlət əmlakları var.
Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşdirilməyə çıxarılıb. Samux rayonunda yerləşən "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsi belə əmlaklardandır. Həmin əmlakın ümumi faydalı sahəsi 250 kvadratmetrə yaxın, torpaq sahəsi isə 26 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi yeyinti, konservləşdirilmiş məhsulların hazırlanmasına, daxili tələbatın ödənilməsinə öz töhfəsini verə bilər.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Nərimanov rayonunda yerləşən 7 saylı mağazanı misal göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 400 kvadratmetrə yaxındır.
Mayın 8-də keçiriləcək hərracda investorlar üçün maraqlı ola biləcək digər bir məqam klub və mədəniyyət evlərinin özəlləşdirilməyə çıxarılmasıdır. Həmin əmlakların ilkin satış qiyməti o qədər də baha deyil. Məsələn, Yardımlı rayonunda yerləşən Şəhər klubu 2 min 500 manata özəlləşdirilməyə çıxarılıb. Əmlakın ümumi faydalı sahəsi 80 kvadratmetr, torpaq sahəsi isə 100 kvadratmetrdir. Hərraca qoşulmaq istəyənlər öncədən 250 manat beh ödəməlidirlər.
Xaçmaz rayonunda yerləşən Sərkərli kənd klubu da sərfəli qiymətə özəlləşdirilməyə çıxarılıb. Belə ki, həmin əmlakın ilkin start qiyməti 4 min 500 manatdır. Həmin obyektin ümumi faydalı sahəsi 66 kvadratmetr, torpaq sahəsi isə 1000 kvadratmetrdən çoxdur.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 48-i paytaxtda, qalanları isə Sumqayıt, Lənkəran və Siyəzəndə yerləşir. Belə əmlakların sahəsi 25 kvadratmetr ilə 1612 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlər sırasında “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Astara çay-3” və digər bu kimi səhmdar cəmiyyətlər var. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin buraxılış tarixi 2006-cı ildir.
Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara istənilən yerdən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır.
Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investor sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirmədə fəal iştirak etməyə dəvət edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info