İnfo-tur iştirakçıları: Qədimliyi və müasirliyi ilə göz oxşayan Naxçıvan böyük turizm potensialına malikdir
Tarix: 10.04.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının turizm potensialını tanıtmaq məqsədilə “Nəqşicahan Holdinq” tərəfindən aprelin 8-dən 10-dək qədim diyara “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində info-tur təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, info-tur çərçivəsində 12 ölkənin və Azərbaycanın 120-dən çox müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 200-dən artıq sahibkar və turizm sahəsinin mütəxəssisi muxtar respublikaya gəlib.
Səfərin ilk günü “Duzdağ” otelində “Nəqşicahan Holdinq” və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin yerli turizm nümayəndələrinin iştirakı ilə qonaqlarla görüş keçirilib.
Sonra qonaqlar Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında iştirak ediblər. Bir-birindən maraqlı musiqi nümunələrini dinləyən info-tur iştirakçıları müxtəlif növdə bişirilən kətələrin də dadına baxıblar.
Ardınca Culfa rayonunun ərazisində yerləşən “Əlincəqala” tarixi abidəsi və muzeyi ziyarət edilib. Məlumat verilib ki, Əlincəqala tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunub. Əlincəqala tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sahibkarlar və turizm sahəsi üzrə mütəxəssislər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumat alıblar. Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqlarda xoş təəssürat yaradıb. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi olan Möminə xatın türbəsi ilə tanışlıq zamanı bildirilib ki, türbə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin göstərişi ilə 1186-cı ildə tikilib. Həyat yoldaşı Möminə xatının məzarı üzərində ucaldılmış məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunub.
Xan sarayında info-tur iştirakçılarına məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasında xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Qonaqlar Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında da olublar. İnfo-tur iştirakçıları Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının məzarlarını ziyarət ediblər.
Duzdağ Fizioterapiya Mərkəzi, Uzunoba İstirahət Kompleksi, dəniz səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən Batabat yaylağı ilə tanışlıq da yaddaqalan olub. Məşhur üzən ada, Ağbulaq İstirahət Mərkəzi qonaqlarda xoş təəssürat yaradıb.
Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvanın turizm potensialı” adlı tanıtım filminə baxış keçirilib. Burada qədim diyarın çoxsaylı turizm məkanlarının təbliği məqsədilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış bukletlər də təqdim edilib. “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksi, Atçılıq Mərkəzi, Naxçıvan Biznes Mərkəzi ilə tanış olan info-tur iştirakçıları muxtar respublikada turizmin inkişaf imkanları, qədim diyarın sürətli sosial-iqtisadi tərəqqisi ilə bağlı ətraflı məlumatlar əldə ediblər.
Gəzinti əsnasında qonaqların bir neçəsi ilə görüşüb həmsöhbət olduq. Qonaqların fikrincə, Naxçıvanın geniş turizm potensialı var və mövcud potensialdan lazımınca istifadə olunması üçün qarşılıqlı əməkdaşlıqlar bundan sonra daha geniş məcrada davam etdirilməlidir.
İnfo-turun İran İslam Respublikasından olan iştirakçısı Araş Gəraylı AZƏRTAC-ın Naxçıvan bürosunun müxbiri ilə söhbətində bildirib ki, Naxçıvan çox gözəl və təmiz bir şəhərdir. “Bir neçə yerlə tanış olduqdan sonra belə qənaətə gəldim ki, Naxçıvanın böyük turizm potensialı var. Göstərilən tanıtım filmindən ətraflı məlumat aldıq ki, Naxçıvanda tarixi abidələrin bərpası, yeni turizm obyektlərinin tikintisi diqqətdə saxlanılıb, mühüm layihələr həyata keçirilib. Naxçıvanın kənd yaşayış məntəqələrinin abadlaşdırılması isə məni valeh etdi” – deyən Araş Gəraylı vurğulayıb ki, Əlincəqala çox möhtəşəm bir tarixi abidədir. Əslində, qala ilə bağlı məlumatım var idi, lakin orada olmağı çox istəyirdim. Bu gün İran İslam Respublikasından Naxçıvana gələn turistlərin sayı kifayət qədərdir. Biz də çalışacağıq ki, bundan sonra da muxtar respublikaya daha çox turistin gəlməsinə öz töhfəmizi verək.
Qardaş Türkiyədən gələn Serpil Onal isə onları Naxçıvana dəvət etdiklərinə görə əvvəlcə “Nəqşicahan Holdinq”ə minnətdarlığını bildirib. “Bu, Naxçıvana ilk gəlişim deyil. Lakin turizm sahəsi üzrə mütəxəssis kimi ilk dəfədir ki, belə böyük layihədə iştirak edirəm. Muxtar respublikanın özünəməxsus gözəlliyi, qonaqpərvər insanları və hərşeydən öncə, səliqə-sahmanı ilə seçilən şəhər və kəndləri var. Yaradılmış şərait Naxçıvanın turizm imkanlarını daha da artırır” – deyən Serpil Önal qeyd edib ki, muxtar respublika bu gün yerli və əcnəbi turistləri yüksək səviyyədə qəbul edəcək potensiala malikdir. Naxçıvan bütün bu gözəllikləri ilə qarşıdakı illərdə daha çox turist qəbul edəcək.
Paytaxt Bakı şəhərindən gələn Natiq Paşayev isə bildirib ki, Naxçıvan dini turizmin inkişafı baxımından da çox əhəmiyyətli diyardir. “Çünki burada qədim tarixi abidələr, bir çox dini ziyarətgahlar və dünya əhəmiyyətli “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksi yerləşir. Bildiyimiz kimi, bu məkan haqqında müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində bəhs edilir”, – deyən Natiq Paşayev vurğulayıb ki, Naxçıvanın müasir inkişafı gələcəkdə buraya daha çox turistin gəlməsinə şərait yaradır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info