Türkiyədə qarşıdurma səngimir
Tarix: 03.06.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


“Sosial şəbəkələr təxribat mənbəyi olmaqla, bütün cəmiyyətlər üçün ciddi təhlükədir, başbəlasıdır”

Son 3-4 gün ərzində Türkiyədə baş verən etiraz aksiyaları dünya mediasının diqqət mərkəzindədir. İstanbulun Taksim meydanında neçə müddətdir ki, inşaat işləri həyata keçirilir. Həmin işlərin nəticəsi olaraq meydanda avtomobillərin hərəkəti ləğv ediləcək, yeraltı avtomobil yolları çəkiləcək. Bu işlər çərçivəsində meydanda yerləşən Gəzi parkında bir neçə ağacın kəsilməsi böyük qalmaqala səbəb olub. Mədəniyyət xadimləri, bir neçə deputat və İstanbul sakinləri parka toplaşaraq ağacların kəsilməsinə etiraz ediblər. Amma sonradan bəzi qüvvələrin təhriki ilə dinc aksiya qarşıdurmaya çevrilib. Polis aksiyaçıların meydana daxil olmasına imkan verməyib. Hüquq-mühafizə orqanları aksiyalar çərçivəsində 2 mindən çox iştirakçını həbs edib.

Frankfurtda baş verənləri «görməyən» Qərb mediası İstanbuldan canlı yayımlar verir

«Euronews» xəbər verir ki, etiraz aksiyaları Türkiyənin 67 şəhərini əhatə edib. Əsas qarşıdurmalar İstanbulun Beşiktaş rayonunda baş verib. Belə ki, aksiya iştirakçıları Ərdoğanın iqamətgahına doğru irəliləməyə cəhd ediblər. Polis aksiya iştirakçılarının çoxluğunu görərək əsgərdən yardım istəyib. Əsgəri qüvvə iqamətgahı qoruma altına alıb. İzmirdə isə aksiya iştirakçıları hakim partiyanın qərargahına od vurub. Ankaradakı «Qızılay» meydanına toplaşan yüzlərlə aksiya iştirakçısı spirtli içki içərək ötən həftə bu məsələ ilə bağlı qəbul edilən qərara etirazlarını bildiriblər. Hüquq mühafizə orqanları ilə əhali arasında qarşıdurma səngimir, yüzlərlə yaralının olduğu deyilir. Baş verənlər, bir-iki ağac və ya Taksim meydanı məsələsi deyil. Etiraz artıq siyasi çalar alaraq ölkəni islamlaşdırmaqda ittiham edilən Ərdoğan hakimiyyətinə qarşı çevrilib. Etirazçılar ölkənin demokratik dəyərlərdən uzaqlaşdığını və islamlaşmaya doğru yuvarlandığını bildirirlər. Əhalinin kütləvi şəkildə islamlaşdırılması, Konstitusiyada müvafiq dəyişikliklər, islam normalarına uyğun qadağaların tətbiqi türk elitasını, qərbmeyilli ziyalı təbəqəni, gəncləri hiddətləndirir. Bu etiraz da Qərb dairələri tərəfindən dəstəklənir və qızışdırılır. Dünya mediasının aksiyalara geniş yer ayırması, əsas media orqanlarının İstanbuldan canlı yayımlar verməsi də bunu təsdiqləyir. Çox qəribədir ki, bu günlərdə Almaniyanın Frankfurt şəhərində də ciddi qarşıdurma oldu, insanlar həbs edildi, döyüldü, amma heç bir Qərb KİV-i bunu işıqlandırmadı. Bu, ikili standartlardır. Dünən də var idi, bu gün də var, sabah da olacaq.
Bu məsələdə xüsusilə sosial şəbəkələr fəallıq göstərib. “Facebook” və“Twitter” sosial şəbəkələrində təşkilatlanan qruplar hökumət əleyhinə kampaniya apararaq yalan məlumatlar yayıblar. Məsələn, həmin məlumatların birində qeyd edilir ki, parkda olan insanlara avtomatla silahlanmış dəstələr hücuma keçib. Belə xəbərlər etiraz dalğasını daha da alovlandırıb. İstanbuldan sonra etiraz aksiyaları Ankara, İzmir kimi böyük şəhərləri də əhatə edib. Hökumət rəsmiləri etiraf ediblər ki, polisin aksiya iştirakçılarına münasibəti bəzən həddini aşıb. Elə insanları ən çox qəzəbləndirən amillərdən biri də polisin həddindən artıq güc tətbiq etməsi, rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə etməsi olub. İstanbul bələdiyyəsinin başçısı Qədir Topbaş qeyd edib ki, bəzi məsələlərdə səhvə yol veriblər. O, parkda həyata keçirilən işlərlə bağlı insanlara tam məlumat verə bilmədiklərini, görülən işləri tam şəkildə izah edə bilmədiklərini etiraf edib. Onun sözlərinə görə, meydanda heç bir ticarət mərkəzi inşa edilməyəcək. Qeyd edək ki, bəzi sosial şəbəkələrdə ləğv edilən parkın yerində ticarət mərkəzi inşa ediləcəyi və həmin mərkəzin sahiblərindən birinin də baş nazirin müavini Bülənt Arıncın oğlu olduğu iddia edilib. Amma bu xəbər Topbaş, Arınc və baş nazir Ərdoğan tərəfindən yalanlanıb.

Sosial şəbəkələr Qərb dövlətləri tərəfindən hansısa ölkədə qarışıqlıq törətmək istəyəndə «media», «söz azadlığı», özlərində olanda isə bəla olur

«Habertürk»ün canlı efirində sualları cavablayan Ərdoğan baş verən qarşıdurmalara görə sosial şəbəkələri ittiham edib. O qeyd edib ki, sosial şəbəkələr, əsasən də “Facebook” və “Twitter” cəmiyyətlər üçün problem, başbəlasıdır. Yalanın böyüyü buradadır. Baş nazir bildirib ki, adıçəkilən sosial şəbəkələr yalan, təxribat mənbəyi olmaqla, bütün cəmiyyətlər üçün ciddi təhlükədir. O, bildirib ki, Avropadakı nümayişlərdə polis müdaxiləsi Türkiyədəkindən yumşaq deyil. İngiltərədə olan şeylər bizdə də olur. Hökumət başçısı vurğulayıb ki, İstanbulda baş verən son qarşıdurmalar sosial şəbəkələr vasitəsilə aparılan təxribatların nəticəsidir və yalan axınının ardı-arası kəsilmir. Ərdoğan artıq müvafiq orqanlara baş verənləri ciddi araşdırmağı və təxribat törədənləri aşkarlamağı tapşırdığını deyib. O bildirib ki, əksər müxalifət partiyaları baş verənlərin təxribat olduğunu başa düşərək aksiyalara qatılmayıblar. Amma Cümhuriyyət Xalq Partiyası aksiyaların əsas istiqamətverici qüvvəsi olub. CXP-yə xəbərdarlıq edən Ərdoğan onları təhlükəli yoldan çəkilməyə çağırıb. Ərdoğan aksiyaları antidemokratik adlandırıb. Onun sözlərinə görə, aksiyaların arxasında müxalifət və xarici qüvvələr tərəfindən idarə olunan qruplaşmalar dayanır. Məqsəd növbəti seçkilərdə hakim partiyanın səslərini əlindən almaqdır. Cənab Ərdoğan, görünür, hələ də bilmir ki, sosial şəbəkələr Qərb dövlətləri tərəfindən hansısa ölkədə qarışıqlıq törətmək istəyəndə bəla olmur, əksinə media, söz azadlığı olur. Onlar üçün sosial şəbəkələrin bəla olması «çanaq öz başlarında çatlayanda» olur. Belə ki, sosial şəbəkə yalnız İngiltərədə iğtişaşlar və qarşıdurma olanda sosial bəladır. Orada 2011-ci ildə olduğu kimi sosial şəbəkələr məhdudlaşdırıla da bilər, bloqqerlər həbs də edilə bilər və bu, normaldır. Amma Türkiyədə, Azərbaycanda və s. sosial şəbəkə “media, söz azadlığıdır”, oradakı təhqirlər, yalanlar, iftiralar, şantajlar, qarşıdurmaya çağırışlar isə “xalqın sözüdür”, “azad fikirdir”. Əgər Türkiyə ölkə daxilində bu dərəcədə qarışıqlıq yaratmış şəbəkəni qadağan etsə, Qərb dövlətləri aləmi bir-birinə vuracaqlar ki, «söz azadlığı boğuldu», «demokratiya əldən getdi» və s. Amma özlərinə lazım olanda interneti də, sosial şəbəkəni də qadağan edir, jurnalistləri, bloqqerləri də həbs edirlər. Bu ikili standartlarla yaşayan Qərbin demokratiya gündəliyidir.
Azərbaycan ictimaiyyəti qardaş Türkiyədə baş verən bu hadisələri narahatlıqla izləyir. Ekspertlər Türkiyənin ictimai-siyasi həyatında baş verən reqressiv dəyişikliklərin aradan qaldırılmasını, dialoq mühitinin formalaşdırılmasını, hakimiyyətin narazı kütlələrin rəyini nəzərə almasını problemin həllində çıxış yolu kimi qiymətləndirirlər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info