“AXC hökuməti təlim görməmiş gəncləri müharibəyə göndərir, biz də qırırdıq”
Tarix: 03.06.2013 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itirdiklərimiz hamımıza məlumdur. Təəssüflər olsun ki, üstündən 20 ildən artıq müddət keçməsinə baxmayaraq hələ də 20 % ərazimiz Ermənistan dövlətinin işğalı altındadır, 1 milyondan artıq soydaşımız isə qaçqın və məcburi köçkündür. Münaqişənin tənzimlənməsi vəzifəsini öz üstünə götürən ATƏT-in Minsk qrupu isə hələ də bir irəliləyişə nail ola bilməyib. Azərbaycan dövləti münaqişənin sülh yolu ilə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması üçün bütün qüvvəsini səfərbər edib. Lakin iş bununla bitmir. Dünyada ikili standartlar mövcud olduğundan beynəlxalq aləmin haqq işimizə dəstəyinə nail olmaq üçün kimliyindən, mövqeyindən asılı olmayaraq hər bir kəs bu işə öz töhfəsini verməlidir. Burada ən böyük rol ziyalıların, təhsil işçilərinin üzərinə düşür.
Sevindirici haldır ki, son dövrlərdə ziyalılarımız tərəfindən bu sahədə atılan addımlar, irəli sürülən təşəbbüslər artmaqdadır. Belə addımlara, müxtəlif səpkili tədbirlərin keçirilməsi, münaqişənin bədii əsərlər vasitəsilə oxuculara çatdırılmasını və s. misal göstərə bilərik. Dağlıq Qarabağ münaqişəsində erməni vəhşiliyinin, erməni faşizminin iç üzünün bədii dillə göstərildiyi növbəti bədii əsər AMİ-nin İxtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı, fəlsəfə doktoru Telman Haqverdiyev tərəfindən qələmə alınıb. T.Haqverdiyev həmin dövrdə ictimai-siyasi proseslərdə yaxından iştirak edən və hadisələri görən şəxs kimi prosesləri tarixi faktlara əsaslanaraq bədii formada təsvir edib. Əsərin adı “Şeytan tələsi”dir. Əsərdə erməni Surenin şəxsində “ASALA” terror təşkilatının və digər erməni terror təşkilatlarının üzvlərinin“Böyük Ermənistan” xülyasına çatmaq üçün törətdiyi vəhşiliklər, Benik və onun qızı Marqonun şəxsində isə erməni etnofundamentalistlərinin həyata keçirdiyi şovinizm siyasətinin nəticəsində məhv olan talelər göstərilir. Benik və Marqo müharibədən qabaq Bakıda yaşayıblar. Müharibə başlayandan sonra isə İrəvana köçmək məcburiyyətində qalıblar. İndi isə Bakının, oradakı rahat yaşayışın həsrətini çəkirlər. Benik həyat yoldaşını erkən itirir. Maddi cəhətdən acınacaqlı vəziyyətdə yaşayan Benikin qızı əxlaqsız yola düşür. Suren Benikdən və onun qızı Marqodan öz cinayətkar əməlləri üçün istifadə edir. Belə ki, Suren saxta sənədlər düzəldən dostu Samvelin vasitəsilə Benikə saxta sənəd düzəldir, onu Azərbaycana, Bakının Bayıl qəsəbəsində yaşayan bacısı Culyanın yanına xüsusi tapşırıqla göndərir. Tapşırığa görə Benik bacısının həyat yoldaşı Aliklə birlikdə Gədəbəyə gedir, orada çoban Qasımın əlini-ayağını bağlayıb kolun içinə atırlar, sürüdən isə Benik özünü gizlətmək, çoban kimi qələmə vermək üçün istifadə edir. Gədəbəyin Ermənistanla sərhəddə yerləşən hərbi hissələrini kənardan kamera ilə çəkməyə müvəffəq olur. Lakin əsgərlərimiz bunu görürlər, atışmada Benik qaçmağa, bacısının həyat yoldaşı Alikin maşınına minməyə müvəffəq olur. Ermənistana qayıtdıqdan sonra məxfi kadrları Surenə təhvil verir. Suren Marqo ilə Peterburqa yollanır. Məqsədi isə rus millətçilərini qızışdıraraq onların əli ilə azərbaycanlıları qətlə yetirməkdir. Suren bunu etmək üçün Marqonun “xidmət”lərindən belə, istifadə etməyə hazırdır. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi plandan duyuq düşür. MTN-in əməkdaşı mayor Zaman Abbasov Peterburqa ezam edilir. O, Rusiyanın polis təşkilatının əməkdaşı mayor Petrovla əməkdaşlıq edir. Suren rus millətçilərindən olan Saşanın yanına gəlir, ona pul qarşılığında azərbaycanlılara hücum etməyi təklif edir. Yeyib-içib sərxoş olandan sonra Saşa Surenlə dalaşır, Suren onu bıçaqlayıb öldürür, meyitini isə Neva çayına tullayırlar. Saşanın meyiti azərbaycanlı iş adamı Mübarizin restoranının yanında üzə çıxır. Suren və ətrafındakılar belə şayiə yayırlar ki, Saşanı azərbaycanlılar öldürüb. Lakin mayor Abbasovun, mayor Petrovun gərgin səyi nəticəsində əsl həqiqət üzə çıxır. Erməni şovinizminin qurbanı olan Marqo isə həqiqətləri danışması üçün polis şöbəsinə aparılır. Marqo nəzarətdə saxlanıldığı vaxt şöbənin əməkdaşı erməni Mirzoyan Marqoya təcavüz edir, Marqo isə əsəbdən başını divara vurub yarır. Mirzoyan polis şöbəsində işlədiyi müddətdə şöbənin rəisini rüşvətlə ələ ala bilir. Nəticədə Petrova mane olmağa nail olur. Azərbaycanlı iş adamı Mübarizin köməkçisi İlqarı həbs etdirir, ona Saşanın qətlini öz üzərinə götürməsini deyir. Lakin mayor Petrovun səyi və qətiyyəti nəticəsində cinayətin üstü açılır, Suren həbs olunur, Marqonun xəstəxanada beyninə qan sızıb ölür, Mirzoyan haqqında cinayət işi açılır, Peterburqun polis şöbəsinin rəisi isə işdən azad olunur, yerinə Petrov gətirilir.
Povestdə diqqət çəkən məqamlardan biri də MTN-in əməkdaşı mayor Abbasovla Suren arasında restoranda olan söhbətdir. Abbasov Sureni danışdırmaq üçün özünü erməni Yervand kimi təqdim edir. Suren ona ötən əsrin 90-cı illərindəki vəziyyətdən danışır:
- “Yervand, görünür, sən çox ürəyi yumşaq adamsan. Mən də dağıdıcı müharibə istəmirəm. İki cür müharibə var. Onlardan biri odlu müharibədir ki, evləri, şəhərləri xarabalığa çevirir. İkinci müharibə isə üz-üzə dost deyib, gizlində düşmən olmaqdır. Çox təəssüflər olsun ki, bizim Moskvada olan adamlarımız Heydər Əliyevi vaxtında aradan götürə bilmədilər. Biz erməni millətçiləri indi də buna təəssüf edirik. Hakimiyyətə gələn əvvəlki uşaqlarla işimiz daha xod gedirdi. Onlar təlim görməmiş uşaqları müharibəyə göndərir, biz də qırırdıq. İndi isə düz deyirsən, azərbaycanlılarla odlu müharibə aparmaq bir qədər çətindir. Buna görə də biz onlara qarşı siyasi təxribatlar edir, terror müharibəsi aparırıq”.
Müəllif həmin dövrdə ictimai-siyasi proseslərin fəal iştirakçısı olduğundan bir çox məsələlərdə real faktlara əsaslanıb. Sözügedən AXC hakimiyyəti dövründə hərbi təlim görməmiş gənclər silahlı şəxslər tərəfindən maşınlara yığılır, valideynlərindən xəbərsiz cəbhə bölgələrinə göndərilirdi. Nəticədə itkilərimiz çox olurdu. Hətta bununla bağlı o dövrdə baş nazir olmuş Pənah Hüseynin açıqlaması var idi. O, həmin illərdə Azərbaycanda hərbi məsləhətçi qismində fəaliyyət göstərən türk generallarından birinin iclasda ağlaya-ağlaya müdafiə nazirinə hərbi təlim görməmiş gəncləri ön cəbhəyə göndərilməməsini dediyini bildirmişdi.
Əsərdəki hadisələri araşdırsaq, görərik ki, onların Sumqayıt hadisələri ilə də uyğunluğu mövcuddur. Belə ki, burada da Sumqayıtda cinayətkar Qriqoryanın etdiyi kimi Suren hətta erməni qızı Marqonun namusunu ləkələməkdən belə çəkinmir, Azərbaycanın çörəyini yeyən Alik isə Vətənə xəyanət edir. Digər bir məqam ümummilli lider Heydər Əliyevlə bağlıdır. Onu məsul vəzifədən uzaqlaşdırandan sonra ermənilər qızğın fəaliyyətə başlamışdılar.
Burada Marqonun dili ilə Ermənistanın hakimiyyət orqanlarının erməni terror təşkilatları ilə birgə fəaliyyət göstərməsi də qeyd olunur. Bu da Ermənistan dövlətinin terrorçu mahiyyətini ortaya qoyur. Ümumiyyətlə isə əsər gənc nəslə Ermənistan dövlətinin əsl işğalçı xislətinin çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Əkrəm Naibov kimi “ziyalı”nın, “vətənpərvər”in “Daş yuxular”ı ortaya çıxandan sonra “Şeytan tələsi” kimi əsl tarixi faktların bədii formada əks etdirildiyi əsərlərin yazılmasının vacibliyi bir daha ortaya çıxır.
Qeyd edək ki, müəllif bunu həm də Əkrəm Naibovun “Daş yuxular”ına cavab kimi qələmə alıb.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info