ATƏT/DTİHB-nin ilkin hesabatı media və ictimaiyyət tərəfindən ciddi etirazla qarşılandı
Tarix: 13.04.2018 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


“Seçki Müşahidə Missiyasının tərkibindəkilərin böyük əksəriyyəti seçki haqqında müsbət fikirdədir”

Prezident seçkilərini izləmək üçün Azərbaycana gələn ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları dünən ilkin hesabatlarını açıqlayıblar. Hesabatda yer alan qərəzli, subyektiv, reallığı əks etdirməyən məqamlar media nümayəndələrinin etirazına səbəb olub. Etiraz səsləndirən KİV təmsilçiləri bildiriblər ki, müşahidə missiyalarının rəyi qərəzlidir və həqiqəti əks etdirmir. İlkin rəy medianın və ictimaiyyətin narazılığına səbəb olub. Tədbirdə də qeyd edilib ki, bu rəy Azərbaycan xalqının iradəsinə ziddir. Qeyd edək ki, prezident seçkilərini 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib. Prosesləri izləyən beynəlxalq təşkilatlar seçkilərlə bağlı neqativ rəylər vermədilər.Buna misal olaraq Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) və Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının birgə bəyanatını göstərmək olar. Bəyanatda deyilir ki, Azərbaycanda prezident seçkiləri açıq, şəffaf, milli və beynəlxalq qanunvericiliyə uyğun keçdi. Azərbaycanda xalqın iradəsini sərbəst ifadə etməsi üçün, o cümlədən fiziki məhdudiyyəti olan şəxslər üçün bütün tədbirlər görülüb. Bundan başqa, vurğulanıb ki, beynəlxalq və yerli müşahidəçilər üçün bütün şərait yaradılmışdı.
Avropa İttifaqı Regional Komitəsi üzvlərinin müşahidə missiyası isə bəyanatında seçkinin uğurla təşkil olunmasından söz açıb. Qeyd edilib ki, Avropa İttifaqının Regional Komitəsinin 6 nəfərdən ibarət müşahidə missiyası seçki günü səsvermə prosesini izləyib:“Biz səsvermə günü 46 məntəqədə müşahidələr apardıq. Məntəqələrdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin səsvermə prosesini məhdudiyyətsiz izlədiklərinin şahidi olduq. Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi. Seçici fəallığı yüksək idi. Səsvermə prosesi dinc şəraitdə keçib. Seçki məntəqələrində səsvermə prosesinə kənar müdaxilələr müşahidə edilmədi”. Bəyanatda qeyd edilir ki, səslərin sayılması prosesini digər müşahidəçilər də məhdudiyyətsiz şəkildə izləyə və ona nəzarət edə bilirdilər.
Müşahidə qrupunun üzvləri apardıqları araşdırmalar və müşahidələr nəticəsində hesab edirlər ki, Azərbaycanda keçirilən prezident seçkiləri legitimdir. Seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir.
Cənub-Şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət Seçki Monitorinq Qrupunun müşahidə missiyasının üzvü Vokşi Albana isə müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında deyib ki, seçkilərdə səsvermə prosesi sakit, kənar müdaxilələr olmadan həyata keçirilib. O deyib: “Biz GISDI qeyri-hökumət təşkilatının böyük müşahidə missiyasının tərkib hissəsi olaraq seçkiləri müşahidə etdik. Səsvermə prosesi sakit, kənar müdaxilələr olmadan həyata keçirildi. Qanun pozuntusu hallarına rast gəlmədik. Səsvermə prosesində məntəqələrin daxilində və ya yaxınlığında kənar şəxslərin və polislərin olmasını müşahidə etmədik. Səsvermə ümumilikdə şəffaf keçib. Seçkilər beynəlxalq standartlara uyğun idi”.
Fransalı müşahidəçilər də seçkilərdən məmnun qaldıqlarını bildiriblər. Müşahidəçi Mişel Teğo seçki prosesinin qanunauyğun şəkildə keçirildiyini söyləyib. O bildirib ki, səsvermə proseduru Avropa standartlarına cavab verir.“Görüşdüyümüz digər müşahidəçilər də bizə heç bir qayda pozuntusu ilə rastlaşmadıqlarını, səsvermə prosesinin seçicilərə heç bir kənar təzyiq olmadan normal keçdiyini müşahidə etdiklərini dedilər. Seçkilər tam şəffaf keçdi. İlkin nəticələr “exit-poll”un nəticələri ilə üst-üstə düşdü. Bu seçkilər Azərbaycanda demokratik prinsiplərə uyğun atılan növbəti addım idi. Biz Azərbaycanın bu cür səyləri davam etdirməsini alqışlayırıq”, - deyə müşahidəçi qeyd edib.
Yuxarıda qeyd edilən və sadalanmayan onlarla açıqlamalar və bəyanatlara nəzər yetirdikdə görürük ki, müsbət rəylər seçkilərin uğurlu təşkilindən və keçirilməsindən xəbər verir. Amma uğurla təşkil olunmuş seçkilərə qara yaxanlar da oldu. Daha doğrusu, qara yaxan təşkilat. Seçkiləri izləmək üçün Azərbaycana gələn ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (ASPA) müşahidə missiyalarının, digər beynəlxalq müşahidəçilər və qurumlardan fərqli şəkildə, ortaya neqativ fikirlər qoyması onların Azərbaycana qarşı hansı niyyətdə olmasından xəbər verdi. Yəni sözügedən müşahidə missiyası sanki Azərbaycana seçkiləri izləməyə deyil, əvvəlcədən hazırlanmış, düşünülmüş mənfi fikirlərlə dolu bəyanat verməyə gəlmişdi. Doğrudan da, sual yaranır, necə olur ki, bütün təşkilatlar seçkilərlə bağlı mənfi hal tapa bilmir, müsbət rəy bildirirlər, yalnız bir təşkilat seçkilərdə neqativ halları aşkar edir? Yəni yalnız bu qurumun öz rəyində daha çox tənqidləri qabartması onların bəyanat və fikirlərində qeyri- səmimi olmalarından xəbər verdi. Bu təşkilatlarda olan qərəzlilik nə ilə bağlıdır, axı?
Adətən, bu cür hallar baş verəndə aşkar olur ki, qurumun məqsədi seçkini izləmək deyil, Azərbaycanı tənqid etməkdir. O da bəllidir ki, belə qalmaqal yaratmağa hesablanmış anormal rəylər və bəyanatlar daha çox Azərbaycana qarşı olan bəzi xarici güclərin sifarişi ilə hazırlanır. Ümumilikdə isə xalqın gözü tərəzidir və hamı da gözəl anladı ki, onlar seçkini izləmək məqsədilə deyil, sırf qərəz və böhtan xarakterli mövqe ilə gəlmişdilər. Əslində isə məqsədlərinə nail olmadılar.
Elə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov da məsələyə münasibət bildirərkən belə düşündüyünü ortaya qoyub. O deyib ki, əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr kimi yaymaq tərəfdaş ölkənin xalqının iradəsinə və seçiminə hörmətsizlikdir. N.Məmmədov qeyd edib: “Beynəlxalq” Seçki Müşahidə Missiyasının Prezident seçkiləri ilə bağlı bəyanatı ilə tanış oldum. Avropada bəzi qurumların tərəfdaşları ilə əməkdaşlığı hansı cür başa düşdüyünü yaxşı bildiyim üçün bəyanatın məhz indiki variantda verilməsi məni təəccübləndirmədi. Hər şeydən əvvəl, bu qədər şişirtmək heç düzgün deyil, bu necə beynəlxalq müşahidə missiyası oldu? Birincisi, Seçki Müşahidə Missiyasının (nə üçün özünü beynəlxalq adlandırır, başa düşmək olmur) özünün tərkibindəkilərin böyük hissəsi seçki haqqında müsbət fikirdədir. Bəs demokratiya harada qaldı? İkincisi, seçkini müşahidə edənlərdən - Müşahidə Missiyasından dəfələrlə çoxsaylı və nüfuzuna görə heç də aşağı olmayan digər missiyaları saymamaq (başqa tərəfləri saymamaq bu qurumlarda artıq pis vərdişə çevrilib) və əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr haqqında bəyanat kimi yaymaq (bu da köhnə qaydadır) tərəfdaş ölkənin seçicilərinə və xalqına, onların iradəsinə və seçiminə hörmətsizlikdir. Əgər Müşahidə Missiyasının bu nümayəndələri hesab edirlərsə ki, bu mövqe milyonlarla seçici tərəfindən qəbul edilər, onlar tam yanılırlar. Belə qərəzli, həqiqətdən uzaq qərar qəbul etməzdən əvvəl bir az da olsa düşünmək yaxşı olardı". Millət vəkili Hikmət Babaoğlu APA-ya deyib ki, “ATƏT PA, ATƏT DTİHB və AŞPA müşahidə missiyalarının birgə rəyi obyektivlikdən uzaq və qərəzlidir: “Təəssüf ki, biz, bəlkə də seçkidən əvvəl hazırlanmış mətnin media qarşısında oxunaraq, ölkəmizdə keçirilən demokratik seçkilərə kölgə salmağa cəhd göstərilməsinin şahidi olduq. Bu, ATƏT və AŞPA kimi ciddi qurumların müşahidə missiyasına yaraşmır. Mətbuat konfransında Azərbaycan mətbuatının heç bir sualına cavab verilmədi. Səsləndirilən tənqidi fikirlərin arqumentləri də açıqlanmadı. Ona görə də bu, daha çox əvvəlcədən planlaşdırılmış siyasi şouya bənzəyirdi”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info