ABŞ-ın Türkiyəyə işi düşüb: Suriyaya zərbə üçün İncirlikdən istifadə edilə bilər
Tarix: 13.04.2018 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Ərdoğan: “Nə ABŞ-la müttəfiqlikdən, nə Rusiya ilə enerji və təhlükəsizlik sahəsində qurulan münasibətlərdən, nə də İranla əlaqələrdən vaz keçmək niyyətimiz yoxdur”

“Kimyəvi silahlarla öz vətəndaşlarına hücum edən rejimi qorumaq da, terrorçular üzərindən Suriyanı bölməyə çalışmaq da yanlışdır”

Suriya məsələsi beynəlxalq siyasi həyatın əsas gündəmi olmaqda davam edir. Suriyaya mümkün ABŞ zərbələri və Rusiyanın ona qarşılıq verməsi ehtimalı artdıqca beynəlxalq ekspertlər təhlükəli ssenarilərə hazırlıqlı olmağı məsləhət görürlər. Ankarada keçirilən Rusiya-Türkiyə-İran dövlət başçılarının görüşündən sonra İsrailin Suriyadakı bazanı bombalaması və İranın 7 hərbi müşavirinin öldürülməsi, Şərqi Qutada kimyəvi silahdan istifadə edilməsi kimi faktlar təsdiqləyir ki, Suriyada davam edən proses müəyyən qüvvələri narahat edir. Məsələn, İsrail Suriyanın cənubunda İran qüvvələrinin çoxalmasını təhlükəsizliyi üçün təhdid hesab edir. İsraildə hesab edirlər ki İran qüvvələrinin İsrailə yaxın ərazilərdə çoxalması və gizli baza yaratmaq cəhdi Moskvanın razılığı ilə baş verir. İsrail Suriya ərazisini bombalamaqla göstərir ki, heç bir halda güzəştə getməyəcək. Bu proses fonunda Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Söhbət İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. Məlumata əsasən, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı Netanyahu bildirib ki, rəsmi Tel-Əviv İranın Suriyada hərbi iştirakına imkan verməyəcək. Rusiya prezidenti Suriyanın suverenliyinin qorunmasının vacibliyini vurğulayaraq ölkədə vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıb. İsraillə yanaşı, ABŞ da bir neçə gündür Suriyaya zərbə endirmək məsələsini müzakirə edir. ABŞ-ın müttəfiqi Britaniyanın baş naziri açıqlayıb ki, parlamentin razılığı olmadan Suriyaya raket zərbələri endirilməsinə icazə verə bilər. Deməli, Suriyaya zərbə vurulması ilə bağlı ciddi hazırlıq gedir. ABŞ prezidenti Donald Tramp Suriyaya zərbə endirilməsi ilə bağlı, hələ ki, son qərar verməyib, müxtəlif variantlar nəzərdən keçirilir. Ağ Evin sözçüsü Sara Sanders bəyan edib ki, Suriyaya zərbənin endirilməsi variantlardan biridir: “Prezident, hələ ki, son qərar verməyib”. O, həmçinin ABŞ-ın tərəfdaşları və müttəfiqləri ilə birgə bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdirildiyini vurğulayıb.

Ərdoğanla Tramp arasında telefon danışığı olub


ABŞ-ın Suriyaya zərbə endirilməsi ilə bağlı danışıqlar apardığı müttəfiqlərdən biri də Türkiyədir. Bəli, Türkiyə! Suriyanın şimalında terrorçulara dəstək verərək Türkiyənin maraqlarına qarşı çıxan, türk əsgərlərinin ölümünə səbəb olan, Menbiçdə PKK terrorçuları ilə çiyin-çiyinə dayanaraq Ankaranın oranı azad etməsinə imkan verməyən ABŞ-ın Türkiyəyə işi düşüb. Daha doğrusu, Türkiyənin yardımına ehtiyacı var. Məhz bu ehtiyac ABŞ və Türkiyə dövlət başçıları arasında telefon danışığını zəruri edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Anadolu Agentliyi xəbər verib. Məlumata əsasən, söhbət zamanı tərəflər Suriyadakı böhranla bağlı fikir mübadiləsi aparıblar. ABŞ Türkiyənin də Suriya əməliyyatında iştirakını istəyir. Amma ən böyük istəyi İncirlik bazası ilə bağlıdır.

Türkiyə XİN: “İncirlik hərbi bazasından istifadə edilməsi NATO baş katibinin Ankaraya səfəri zamanı müzakirə olunacaq”

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun dünən verdiyi açıqlamalar Ankaranın ABŞ-ın mövqeyinə yaxın mövqedə olduğunu təsdiqləyir. Aksoy bəyan edib ki, aprelin 7-də Suriyada Duma şəhərinə qarşı hücumun rejim qüvvələri tərəfindən həyata keçirildiyinə dair güclü şübhələr var. Kimyəvi silah hücumları insanlığa qarşı cinayətdir, təkrarlanmaması üçün günahkarların cəzalandırılması lazımdır. Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Suriyadakı gərginliyin azaldılması üçün ABŞ-ın BMT-də təqdim etdiyi qərar layihəsinin rədd edilməsi qaçırılmış fürsətdir. XİN sözçüsü “ABŞ Suriyaya hücum edərsə, Türkiyə bu əməliyyatı dəstəkləyəcəkmi” sualına belə cavab verib: “Baxaq, görək hadisələrin inkişafı bizə nəyi göstərəcək. Prosesi yaxından izləməyə davam edirik”. Əməliyyatda Türkiyədəki İncirlik hərbi bazasından istifadə edilib-edilməyəcəyi barədə sualı cavablandıran H. Aksoy bu məsələnin bazar ertəsi NATO baş katibi Yens Stoltenberqin Ankaraya səfəri zamanı müzakirə olunacağını söyləyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qapalı danışıqlarla bağlı bəzi məsələlərə aydınlıq gətirib. Ərdoğan təxminən orta mövqedə dayanıb: "Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər. Biz hər iki yanlışla sona qədər mübarizə aparacağıq". Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan danışan Ərdoğan məqsədlərinə çatana qədər mübarizə aparacaqlarını vurğulayıb: "Suriyada sabitlik yaradacaq yeganə ölkə bizik - Türkiyədir". Ərdoğan Suriyanın Duma şəhərində qeydə alınan kimyəvi hücumdan danışaraq bu məsələni ABŞ və Rusiya ilə müzakirə etdiyini deyib: "ABŞ dövlət başçısı Donald Trampla telefon danışığım oldu. Bu gün də Rusiya prezidenti Vladimir Putinlə danışacağam. Birlikdə bu kimyəvi qətliamı necə durdura biləcəyimizi müzakirə edəcəyik. Türkiyə olaraq əvvəldən məqsədimiz Suriyada təhlükəsiz gələcəyi təmin etməkdir. Təhlükəsiz mühit yaranana kimi orda fəaliyyətimizi davam etdirəcəyik. Suriyada terror təşkilatlarına qarşı səmimi mübarizəni təkcə Türkiyə aparır. Bizdən başqa, hər kəs müxtəlif əməllərini gerçəkləşdirmək üçün terror təşkilatlarından alət kimi istifadə edir. Onların dərdinin Suriya, terrorçular olmadığı aydındır. Müttəfiqlərimizin əsgərlərinə qarşı silah işlətmək niyyətimiz yoxdur, amma dost kimi hər birinə tövsiyə edirəm ki, terrorçularla çox da yan-yana durmasınlar. PYD, DEAŞ kimi terror təşkilatlarını təhdid olaraq görür və lazım olanı etməyi vacib sayırıq". Ərdoğan qeyd edib ki, Suriya və İraqda nümayiş etdirilən bu "tamaşa" ucbatından dünya yaxın zamanda ən böyük təhdidlə qarşı-qarşıya dura bilər: "Biz artıq Suriya və İraqda oynanan bu "tamaşa"nın dayandırılmasını, maskaların çıxarılmasını, hər kəsin gerçək üzünü göstərməsini istəyirik. Kimyəvi silahlarla öz vətəndaşlarına hücum edən rejimi qorumaq da, terrorçular üzərindən Suriyanı bölməyə çalışmaq da yanlışdır". Ərdoğan onu da bəyan edib ki, Suriya qol güləşi meydanına çevrilməməlidir. Türkiyə dövlət başçısı bəyan edib ki, nə ABŞ-la müttəfiqlikdən, nə Rusiya ilə enerji və təhlükəsizlik sahəsində qurulan münasibətlərdən, nə də İranla əlaqələrdən vaz keçmək kimi niyyətləri yoxdur.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info