Professor Hans Köxler: “Azərbaycanda multikulturalizm mühiti daha yaxşı formalaşıb”
Tarix: 04.06.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


“Siyasətçiləriniz bu barədə yaxşı strategiyaya əsaslanırlar”

“Avropada isə bu sahədə siyasi və sosial gərginliklər, problemlər yaşanır”

Müsahibimiz Avstriyanın İnnsbruk Universitetinin fəlsəfə professoru Dr. Hans Köxlerdir. Avstriyalı professorla eksklüziv müsahibədə mədəniyyətlərarası dialoq, Avropada bu sahədə olan vəziyyət və problemlər barəsində danışdıq. Müsahibimiz öncə özü haqda məlumat verməklə söhbətə başladı:

-Mən Avstriyanın İnnsbruk Universitetində fəlsəfə professoruyam. Həmçinin bundan başqa, Türkiyənin Pamukkale Universitetinin fəxri professoruyam. Həmçinin mən fenomenologiya, fəlsəfi antropologiya, hüquq fəlsəfəsi, siyasi fəlsəfə sahələrində tədqiqatlar aparıram. Eyni zamanda məni Azərbaycana gətirən səbəblərdən biri də sivilizasiyalararası dialoq sahəsində tədqiqatlar aparmağımdır. Mən qırx ildir ki, bu sahədə tədqiqat aparıram və elmi yazılar yazıram. Bundan başqa, Beynəlxalq Tərəqqi Cəmiyyətini təmsil edirəm. Bu təşkilat 1972-ci ildə Avstriyanın paytaxtı Vyanada təsis olunub. Təşkilat Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərir. Təşkilat millətlərarası sülh danışıqları üzrə fəaliyyət göstərir. Biz bu sülhü təhsil, onun yayılması, tədrisi və maarifçilik istiqamətində daha çox yaymağa çalışırıq.
- Şərq ölkələrində fəlsəfə və fəlsəfi tədqiqatlar aparılması ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Birinci olaraq onu demək istəyirəm ki, Qərb üçün Şərq çox vacibdir. Biz öz mədəniyyətimiz, tariximizlə bərabər, Şərqi də bilməliyik. Biz ənənəvi olaraq tariximizi və mədəniyyətimizi bilirik. Amma islam və yaxud Çin sivilizasiyası haqqında çox vaxt bilmirik. Çünki Avropa kolonist bir arealdır və öz mədəniyyət və sivilizasiyasını ixrac etməklə məşğuldur. Halbuki biz digər sivilizasiya və mədəniyyətləri bilməsək, əslində öz mahiyyətimizi də bilmərik və kim olduğumuzu anlamarıq. 1972-ci ildə bizim təşkilat yarananda mənim mühazirələrimdə belə məsələ qoyulurdu ki, biz özümüzü digərlərini tanımadan tanıya bilmərik.
- Siz Avropada multikulturalizmlə bağlı nə düşünürsünüz? Avropada bu sahədə problemlər varmı?
- Bəli, Avropada bu sahədə çoxlu problemlər var. Hazırda Avropaya çoxlu miqrantlar köçür, onlar Avropa ölkələrinin vətəndaşlığını qəbul edirlər, qalıb yaşayırlar və sair. Biz Avropa olaraq xarici işçiləri, miqrantları bizim qlobal sənayemizdə işləməsi üçün dəvət etmişik. Amma bu da öz növbəsində mədəniyyətlərarası dialoq məsələsində bir sıra problemlər yaradıb. Halbuki bizim siyasilər, biznes dairələri bu yeni situasiya barədə effektli bir şey düşünmürlər. Məsələn, əvvəllər Almaniyada ancaq almandilli insanlar yaşayırdılar. İndi isə situasiya dəyişib və Almaniyada milyonlarla insan yaşayır ki, almanca danışa bilmir. Həmçinin onların öz mədəniyyətləri, dinləri var. Belə olduğu halda, optimal yol tapılmalıdır ki, bu situasiyada necə birgə yaşamaq olar. Biz də hazırda bu məsələ ilə bağlı öyrənmə prosesindəyik. Bu yeni situasiya ilə bağlı yaxşı düşünülmədiyinə görə də indi bu sahədə siyasi və sosial gərginliklər, problemlər yaşanır. İcmalar arasında gərginliklərin olduğunu bir çox hallarda müşahidə edirik. Almaniyanın, Fransanın və Böyük Britaniyanın baş nazirləri də etiraf edirlər ki, multikulturalizm sistemi Avropada artıq çöküb. Amma bu etirafın özü çox təhlükəlidir. Çünki öz məkanımızda sülh olmalıdır. Biz yerli xalqı gəlmələrdən fərqləndirsək, bu baxımdan sülh, stabillik baxımından problemlər ola bilər. Biz bu baxımdan bərabər hüquqları tanımalıyıq. Ona görə də mənim üçün çox vacibdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda mədəniyyətlərarası dialoqla bağlı beynəlxalq konfransın açılışında bildirdi ki, multikulturalizmin alternativi yoxdur. Biz əgər demokratik, dünyəvi dövlətdə yaşayırıqsa, multikulturalizmi qorumalıyıq.
- Siz Azərbaycanda multikulturalizm mühiti barəsində nə düşünürsünüz?
- Azərbaycanda multikulturalizm mühiti daha rahat və yaxşı formalaşıb. Siyasətçiləriniz bu barədə yaxşı strategiyaya əsaslanırlar. Mən 10 ildən artıq bir müddətdir ki, Azərbaycana gedib-gəlirəm, bura dəfələrlə səfər etmişəm. Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələri öz fəaliyyətlərini sərbəst və rahat bir şəkildə həyata keçirməkdədirlər. Onlar öz identikliklərini çox yaxşı bir səviyyədə yaşatmaq, inkişaf etdirmək imkanlarına malikdirlər. Buraya müsəlmanlarla birgə, yəhudilər, xristianlar və digərləri aiddir.
- Azərbaycan xarici diplomatlar, beynəlxalq təşkilatlar və tədqiqatçılar tərəfindən milli və dini tolerantlıq mərkəzlərindən sayılır. Siz öz tədqiqatlarınızda Azərbaycanla bağlı bu sahədə olan vəziyyətə toxunursunuzmu? Yaxud bu sahə ilə bağlı sırf Azərbaycana aid tədqiqatlar aparmağı düşünürsünüzmü? Neçə illərdir ki, Azərbaycanda bu sahə ilə bağlı səfərlərdə olmusunuz...
- Mən öz təcrübəmdən və səyahətlərimdən Azərbaycanı yaxşı tanıyıram. Mənim bu məsələlərlə bağlı burada çoxlu görüşlərim olub. Bu təməl üzərində də mən Azərbaycandakı mədəniyyətlərarası dialoq və tolerantlıq mühiti barədə fikirlərimi açıq bildirə bilərəm. Azərbaycandakı dini və milli tolerantlığı, bu sahədə olan azadlıqları çox yüksək qiymətləndirirəm. Azərbaycandakı icmalar bu baxımdan fəaliyyətlərində sərbəst və azaddırlar. O cümlədən mən burada yəhudi icmasının nümayəndələri ilə də görüşdüm və bu görüşü də çox yaxşı xatırlayıram. Onlar da Azərbaycandakı tolerantlıq mühitindən olduqca razılıq edirlər.
- Azərbaycanda bu sahədəki mövcud vəziyyətlə bağlı Avropa tədqiqatçılarının gələcəkdə tədqiqat aparmalarına necə yanaşırsınız?
- Əslində bu barədə tədqiqatlar və qiymətləndirmələr var. Mən fəlsəfə professoruyam. Bu baxımdan Azərbaycanda sözügedən məsələ ilə bağlı situasiya ilə elmi tədqiqatçı kimi də maraqlanmışam. Düşünürəm ki, gələcəkdə Azərbaycanla bağlı bu sahədə tədqiqat aparmağım mümkündür.
- Son dövrlərdə bir sıra Avropa ölkələrində ksenofobiya və rasizm meyilləri açıq müşahidə olunur. Bu problemlər elmi-fəlsəfi müstəvidə araşdırılırmı?
- Təəssüf ki, bu, Avropada yeni bir fenomen kimi üzə çıxmağa başlayıb. Xüsusən də islam icmalarına qarşı Avropada neqativ münasibət hiss olunur. Bu gün Avropada islamofobiya var və bunu akademik səviyyədə də müşahidə etmək mümkündür. Yəni yalnız aşağılarda yox, ümumiyyətlə, bütün səviyyələrdə islamofobiya hiss olunur. Mən bizim universitetdə dinlərarası dialoqla bağlı seminar təşkil etmişdim. Buraya müsəlman professorlarını da dəvət etmişdik. Bir sıra ölkələrdən olan tələbələr həmin seminarda antiislam sloqanları səsləndirməyə başladılar. Halbuki bunlar tələbə idilər, bakalavrlar və magistrlər idilər, cahil insanlar yox. Bununla belə, bu cür sloqanlara rəvac verdilər. Bu, islama neqativ və aqressiv bir münasibətin sərgilənməsi idi. Ankaradakı çıxışında Türkiyənin baş naziri dedi ki, biz antisemitizm deyirik, amma islamofobiya da deyirik. Fobiya artıq daha şiddətli bir şeydir və qorxu deməkdir. Bu, psixoloji və psixiatrik bir məqamdır. Bu anlayış özündə islamdan bu dərəcədə qorxunu aşılayır. Avropada bəzi partiyalar var ki, bu islamofobiyanı yayırlar. Onlar bu fobiya nüvəsindən istifadə edirlər. Bu baxımdan Avropada çox ziddiyyətli və antaqonistik bir gələcək görünür.
- Belə çıxır ki, islamofobiyanın Avropada yayılmasının keçmişi çox da uzağa getmir və bunun siyasi səbəbləri var?
- Bəli, belə də demək olar. Bunun bir neçə faktoru var. Bu faktorlardan biri də siyasi faktordur. Bu, yerlərdə siyasətin yürüdülməsidir. Avropa ölkələrində məskən salımış icmalar fərqli dil və din daşıyıcıları olduqlarına görə onlara qarşı daha çox qorxu hissi bəslənilir. Bu məsələdə beynəlxalq faktorlar da rol oynayır. Mərkəzi Asiyada, Orta Şərqdə baş verənlər də bu fobiyaya səbəb olur. Bu gün bütün bu faktorları bir yerə toplayıb “ümumi düşmən” obrazı yaradırlar və deyirlər ki, bu ümumi düşmən islamdır. Bu isə çox təhlükəli tendensiyadır. Çünki son nəticədə ümumi düşmən adı ilə ortaya islam çıxmış olur.
- Avropada miqrant və gəlmə icmaların inteqrasiya problemləri elmi müstəvidə araşdırılırmı? Bu məsələdə nə kimi problemlər var?
- Mən bu barədə Almaniya və Türkiyə baş nazirlərinin qatıldığı tədbirdə keçən il çıxış etdim. Bu inteqrasiya problemləri araşdırılır və daha yaxşı araşdırılmalıdır. Burada əsas problem bundadır ki, bir çoxları inteqrasiya ilə assimilyasiya məsələlərini qarışdırırlar. Məsələn, Almaniyada, Avstriyada yaşayan türklər öz identikliklərini ciddi bir şəkildə saxlayırlar və inteqrasiyaya tam meyil göstərmirlər. İnteqrasiya isə o deməkdir ki, onlar bizim mədəniyyətin bir hissəsinə çevrilməlidirlər. Halbuki türklər, ələlxüsus da ərəblər bu cür inteqrasiyaya meyilli olmalı və yaşadıqları cəmiyyətin dilində danışmalıdırlar. Məhz belə olduqda onlar proseslərin mahiyyətini anlaya və proseslərdə, ictimai həyatda tam gücləri ilə iştirak edə bilərlər. Mən onların vətəndaş kimi Avropa ölkələrindəki ictimai proseslərə qoşulmasının tərəfdarıyam. Onlar “identikliklərini qorumaq” adı ilə kənara çəkilib durmamalı, özlərini təcrid etməməlidirlər. İnteqrasiya əslində hər hansı mədəniyətlərin müxtəlifliyini qəbul etmək və harmonik şəkildə yaşamaq deməkdir.
-Avropa alimlərinin, tədqiqatçılarının tədqiqatlarında Şərq-Qərb məsələləri necə qoyulur? Bəzi hallarda Şərqə baxışda avropasentrizmin şahidi olmaqdayıq. Bu barədə sizin fikirlərinizi bilmək maraqlıdır.
- Bu da bir problemdir ki, biz adətən Şərqi tədqiq edəndə ənənəvi baxışlarımızdan çıxış edirik. Çünki biz öz düşüncələrimizdən çıxış edərək Şərqi öyrənirik... Bir məsələni də bildirim ki, bir var, mən bir avstriyalı və qərbli kimi çıxış edərək öz düşüncəmlə Azərbaycan və ya Çin mədəniyyətini tədqiq edirəm, bir də var kökündən araşdırmalar aparıram. Belə hallarda fərqli nəticələr əldə oluna bilər.
Bir məsələni də deyim ki, biz hələ o vaxt - təşkilatımızı yaradan vaxtlarda da Şərq ölkələrinə təkcə öz məhsullarımızı və maddi məsələləri ixrac etmirdik. Biz həm də öz mədəniyyət və yaradıcılığımızı Şərqə ixrac etməkdəydik. Ona görə də hələ o cavan vaxtlarımda ərəb ölkələrinə gedəndə, ərəb intellektualları ilə görüş keçirəndə onlar bizim mədəniyyətimiz və dəyərlərimiz haqqında çox yaxşı bilirdilər. Amma bu, o demək deyil ki, onlar mənim bildiyim kimi bilirdilər...
-Çox hallarda elan olunmuş demokratiya və insan haqları şüarları ilə Avropa ölkələrindəki gerçəkliklər uyğun gəlmir. Bu barədə hansısa tədqiqatlar aparılırmı?
- Təəssüf ki, bu uyğunsuzluqlar var. Mən bu məsələləri öyrənmişəm və bunlarla bağlı tədqiqatlarım, nəticə və qənaətlərim var. Bu məsələdə ideya ilə reallıqlar arasında fərqliliklər, ziddiyyətlər və ikili standartlar mövcuddur. Biz bütün dünyaya demokratiya dəyərlərini aşılamağa çalışırıq. Amma reallıqda bu məsələdə bizdə problemlər və ziddiyyətlər yaşanır. Çox vaxt demokratiya və insan haqları adı ilə seçki vaxtlarında siyasilər çıxış edirlər ki, burada da sırf öz maraqlarını güdürlər. Onlar əslində belə hallarda kütlənin və seçicilərin maraqlarını güdmürlər. Həmçinin onu da deyim ki, beynəlxalq siyasətdə də ikili standartlar mövcuddur. Çünki bir tərəfdən Qərb ölkələri sülh təşəbbüsçüsü və tərəfdarı kimi çıxış edirlər, digər tərəfdən isə ölkələrə hərbi müdaxilələrə əl atırlar. Beləliklə, sülh və demokratiya adı altında hərbi münaqişələr baş vermiş olur. Beləliklə, onlar sadəcə sözdə “demokratiya öyrədirik” deyirlər, amma davranışda tamam fərqli cür davranırlar.
-Siz bu problemləri də elmi-fəlsəfi müstəvidə tədqiq edirsinizmi?
- Bəli, mənim bu barədə də araşdırmam var. Əgər maraqlansanız, bu barədə bir neçə elmi məqaləm mənim veb-saytım olan “hanskoechler.com”da var.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info