İlham Əliyev: “Sahibkarlara verilən kreditlər hesabına minlərlə yeni müəssisə yaradılıb”
Tarix: 19.04.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Bu il 15 aqropark istifadəyə veriləcək

Prezident İlham Əliyev dünən parlamentdəki çıxışında sahibkarların inkişafı məsələsinə toxunub: “Sahibkarlığın inkişafı sürətlə getmişdir. Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər hesabına və sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq”.

Şirzad Abdullayev: “Cari ildə daxili tələbatı 100 faiz ödəyəcək 39 istehsal-emal müəssisəsi fəaliyyətə başlayacaq”

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və 2018-ci ilin birinci rübü ərzində maliyyələşdirilən layihələr barədə məlumat verib. Vurğulanıb ki, Prezidentin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlarının icrasını təmin etmək məqsədilə sahibkarlığın təşviqi, sahibkarların iqtisadi fəallığının daha da artırılması və maliyyə təminatının yaxşılaşdırılması, idxalı əvəz edəcək məhsulların istehsalı və qeyri-neft ixracının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sistemli və ardıcıl tədbirləri davam etdirir.
Qeyd edək ki, özəl bölmədə investisiya layihələrinin maliyyələşdirmə mexanizmlərindən olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun əsas məqsədi sahibkarların uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması və rəqabət mühitinin yaradılmasıdır.

34 min 963 sahibkara 2,1 milyard manatdan artıq güzəştli kredit verilib, bu kreditlər hesabına 160 minədək yeni iş yeri yaradılıb

Mətbuat Konfransında məlumat verilib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə ümumi dəyəri 4,7 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 34963 sahibkara 2,1 milyard manatdan artıq güzəştli kredit verilib, bu kreditlər hesabına 160 minədək yeni iş yeri yaradılıb. Güzəştli kreditlərin 71%-i aqrar sektorun, 29%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75%-i ölkə regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 93%-ni kiçik və orta həcmli kreditlər təşkil edir. İndiyədək verilmiş 2,1 milyard manat güzəştli kreditin 1 milyard manatı büdcə (47%), 1,1 milyard manatı isə geri qaytarılan vəsaitlərin (53%) payına düşür. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu 2017-ci ildən etibarən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsini indiyədək verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitlər hesabına həyata keçirir. Şirzad Abdullayev məlumat verib ki, 2018-ci ilin birinci rübü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 357 milyon manat olan investisiya layihələrinin maliyyəşdirilməsi üçün 135 sahibkarlıq subyektinə 50 milyon manat dövlətin güzəştli kreditləri verilib və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5145 yeni iş yerinin açılması imkanı yaradır. Verilmiş kreditlərin 74%-i ölkə regionlarının, 26%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. 2018-ci ildə verilmiş kreditlərin həcmi minimum 170 milyon manat təşkil edəcəkr. Əhalinin həssas qruplarının, o cümlədən məcburi köçkün və qaçqınların, eləcə də qadın və gənc sahibkarların güzəştli kreditlərdən maksimum bəhrələnməklə biznes yaratmaları daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2076 məcburi köçkün sahibkara 47,3 milyon manat, 4101 qadın sahibkara 95,4 milyon manat və 5639 gənc sahibkara 435,3 milyon manat güzəştli kredit verilib.

45 aqroparkın yaradılması prosesi sürətlə davam etdirilir

Son illər ərzində müasir texnologiyaların tətbiqinə əsaslanan ümumi dəyəri 3,5 milyard manat olan 451 investisiya layihəsinə, o cümlədən 82 logistik mərkəz və taxıl anbarı, 62 müasir istixana və 27 cins heyvandarlıq kompleksi, 40 quşçuluq və 23 iri fermer təsərrüfatı, 18 ət və süd emalı müəssisəsi, 42 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 18 meyvə-tərəvəz emalı və 30 çörək zavodu, 28 tikinti materialları və 81 digər sahələr üzrə istehsal müəssisələrinə 1.4 milyard manatadək güzəştli kredit verilib. Bu müəssisələrdən 412-si (91%) artıq istifadəyə verilib, digər 39 (9%) müəssisədə tikinti-quraşdırma işləri aparılır. Aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, respublikanın 30 rayonu üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması prosesi sürətlə davam etdirilir. Ümumilikdə, aqroparkların yaradılması üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bununla əlaqədar dövlət vəsaitləri hesabına ümumilikdə 311,8 milyon manat, o cümlədən su, elektrik və qaz xətlərinin çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı vəsait qoyulub, ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 107,6 milyon manatdan çox dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 556,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib. 3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 26 aqroparkda tikinti-quraşdırma və 16 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabət qabiliyyətinin daha da artmasına səbəb olacaq. Pambıqçılığın inkişafı ilə bağlı layihələrinin ümumi dəyəri 145,6 milyon manat olan 591 sahibkara 82,4 milyon manat və tütünçülüyün inkişafı ilə bağlı layihələrinin ümumi dəyəri 6,1 milyon manat olan 117 sahibkara 3,3 milyon manat güzəştli kredit verilib. Ailə biznesinin formalaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə “ABAD”çılara dövlətin güzəştli kreditlərinin verilməsi ilə bağlı Sahibkarlığa Kömək Milli Fondu, “ABAD” publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb, ilkin olaraq 12 “ABAD”çıya illik 4%-lə 150 min manat güzəştli kredit verilib.

Şəkər tozu istehsalının yerli xammal hesabına təmin olunması məqsədilə illik 3%-lə güzəştli kredit verilib

Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan Sənaye Bankı” ASC və “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC arasında birgə əməkdaşlığa dair imzalanmış Niyyət Protokoluna uyğun olaraq, şəkər tozu istehsalının yerli xammal hesabına təmin olunması məqsədilə 7 min hektar sahədə şəkər çuğundurunun əkilməsi üçün illik 3%-lə 7 milyon manat güzəştli kredit verilib, 1472 fermerlə müqavilə bağlanıb və 3600 yeni iş yerinin açılması imkanı yaradılıb. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin Sahibklarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsi zamanı innovativ layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirilir ki, bunlardan hazırda tikintisi davam edən zeytun istehsalı və emalı, istixana şəraitində faraş meyvə, istixanalar üçün polietilen örtük, elektrod, süni mərmər və qranit istehsalı, balıq əti istehsalı və emalı müəssisələrini, eləcə də Qusardakı regional logistik mərkəzi xüsusi qeyd etmək olar.

Zeytun yağına olan tələbat daxili istehsal hesabına ödəniləcək

Cari ildə Sahibkarlığa Kömək Milli Fondunun maliyyələşdirdiyi minimum 39 istehsal-emal müəssisəsi istifadəyə veriləcək. Ş.Abdullayevin sözlərinə görə, istifadəyə veriləcək istehsal-emal müəssisələrinin hamısı idxalı əvəz edən məhsulların istehsalına yönəlib. “Hətta elə müəssisələr var ki, biz onunla 100 faiz daxili tələbatı ödəyəcəyik, idxalın qarşısı alınacaq, həm də ixrac edəcəyik. “Polietilen örtükləri istehsalı” müəssisəsi buna misaldır. Bizim hesablamamıza görə, daxili tələbatımız ildə 3500 tondur. Həmin müəssisənin istehsal gücü 7700 tondur. Bizim daxili tələbatdan iki dəfə artıq məhsul istehsal etmək gücümüz olacaq ki, bu, ixrac imkanlarımızı yaradacaq. Digər müəssisə Abşeron rayonunda damazlıq təsərrüfatıdır ki, bu il istifadəyə verilməsi ilə idxalı 100% qarşılayacağıq, həmçinin, ixrac imkanları yaradılacaq. Bundan başqa, “Elektrod” zavodu, “Sönmüş əhəng istehsalı” zavodu, “Transformator və yağ açarları istehsalı” zavodudur ki, bizim daxili tələbatı ödəyə biləcək. Biz maksimum çalışırıq rəqabətqabiliyyətli məhsullar istehsal edək ki, həm idxalı əvəz edə bilsin, həm də xarici bazarlarda rəqabətqabiliyyətli olsun”. Ş.Abdullayev qeyd edib ki, Azərbaycanda 3391 hektar ərazidə zeytun bağları var. Bu bağlar ötən illər ərzində formalaşmış bağlardır və bu bağlar daxili tələbatı ödəməyə imkan vermir: "Təəssüf ki, daxili tələbatımızı 100% ödəyə bilmirik. Təqribən 472 ton zeytun yağı istehsal edirik, amma 1711 ton da idxalımız var. Abşeron rayonunda 80 milyon manat dəyərində layihə həyata keçirilir. Bu layihə çərçivəsində 2600 hektar ərazidə zeytun və badam bağları salınacaq. Bununla da 3700 ton zeytun yağı istehsal olunacaq". Fondun icraçı direktoru deyib ki, hər il Azərbaycana 6-7 mln. dollar dəyərində faraş məhsullar idxal olunur: “Bunlar məhsullar alça, şaftalı, nektarin, gilas, albalı kimi məhsullardır. Həmin məhsullar Azərbaycana faraş yetişdirilən dövlətlərdən idxal olunur. Əvvəl belə təsəvvür var idi ki, bu məhsullar soyuducularda saxlanılır. Amma araşdırmalar nəticəsində məlum oldu ki, Türkiyədə, İranda istixana şəraitində, müdaxilə olmadan, bitkini iki ay vaxtından əvvəl oyatmaqla faraş məhsul istehsal edilir. Biz də faraş məhsul istehsal edə bilərik. Belə uğurlu layihə Zirə qəsəbəsində həyata keçirilib. Burada ildə 1000 ton keyfiyyətli və faraş albalı, gilas, şaftalı, üzüm kimi məhsulların istehsalı mümkün olacaq ki, bu da bizim istehlakçılara daha aşağı qiymətə, keyfiyyətli faraş məhsullarla təmin etməyə imlan yaradacaq. Əminik ki, növbəti ildə həmin məhsulları bazarda görə biləcəyik".

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”
21.09.2018
Aİ rəsmisi Azərbaycanda “bir pəncərə“ prinsipi ilə görülən işləri təqdir edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info