Ali təhsil sisteminin inkişafı zamanın tələbidir
Tarix: 19.04.2018 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini, təhsilin məzmununun səmərəli mənimsənilməsini, innovativ təlim metodlarının həyata keçirilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması, strateji bir istiqamət kimi dəyərləndirilir.
Pedaqoji ali təhsil sisteminin inkişafının müasir mərhələsi, elmi nailiyyətlərin vacib nəticələrini özündə əks etdirən, yeni təhsil standartlarının işlənilməsi və tətbiqi ilə xarakterizə olunur. Heç şübhəsiz, bu halda təhsilin fundamentallığının saxlanılması ən vacib məsələ kimi nəzərə alınır. Qeyd etmək lazımdır ki, hazırda tələb olunan informasiyanın öyrənənlər tərəfindən qəbul olunaraq mənimsənilməsində olan problemlər ilbəil artdığından və mürəkkəbləşdiyindən tədris-təlim prosesində bunların xarakterik xüsusiyyətlərinin nəzərə alınması tələb olunur. Fikrimizcə, bunların səbəbi, hələ də tədris prosesində informasiya cəmiyyətinin tələblərinə cavab verməyən və pedaqoji elmin müasir nəzəriyyələrinin əsas müddəalarını ödəməyən, köhnəlmiş texnologiyalardan istifadə olunması ilə bağlıdır. Son illərdə inkişaf etmiş aparıcı ölkələrin ali təhsil sistemində artıq kompetensialı səriştəli tədris-təlim prosesinin qurulması və səriştəli yanaşma modeli geniş tətbiq olunmağa başlamışdır. Səriştəlilik praktiki təfəkkürün yüksək inkişaf səviyyəsini nəzərdə tutmasına baxmayaraq, hazırda tədris-təlim prosesi müxtəlif pedaqoji ali təhsil müəssisələrində köhnəlmiş yanaşmalardan istifadə olunaraq, müəyyən informasiyanın hələ də sadə yadda saxlanılmasına yönəlmişdir. Araşdırmalar göstərir ki, bu səbəbdən gənclərin düşüncə tərzi ha­zırda abstrak qurulsa çox da istiqamətlənməyən bədii-emosional xarakter daşıyır. Ona görə də, hazırda emosional məna daşıyan hadisələrin, proseslərin mənimsənilməsi üstünlük təşkil edir. Bunların hamısı, yəni tədris-təlim prosesi ilə bağlı informasiyaların şərhinin, əsasən şifahi üslubda verilməsi koqnitiv uyğunsuzluğa gətirib çıxarır. Pedaqoji yönümlü ali təhsil müəssisələrində müxtəlif proseslərlə bağlı istifadəsi məqbul hesab edilən informasiyalardan daha çox, hazırda onlarla ziddiyyət təşkil edən alternativ informasiya mənbələrindən istifadəyə çox böyük ehtiyac duyulur. Alternativ informasiyanın üstünlüyü bir də onunla bağlıdır ki, prosesin dərk olunması fərdi xarakter daşıyır. Bunların hamısını, hazırda nə məktəb təlimi, nə də ali təhsil təmin edə bilmir.
Pedaqoji kadr hazırlığı sistemində pozitiv dinamikanın müasir tələblərə cavab verməməsinin bir səbəbi də istifadə olunan ənənəvi təlim texnologiyalarının, əsasən, idrak sferasına istinad etməməsi ilə bağlıdır. İnsan psixikası qeyri-şüuri (qeyri-iradi) sferada baş verən proseslər hesabına da öz aktivliyini saxladığından, hökmən təlim prosesində bunlar da nəzərə alınmalıdır. Araşdırmalar göstərir ki, qeyri-iradi hadisələr ünsiyyət, düşünmə, emosional təsirlənmə və hərəki aktivlik kimi müxtəlif stereotipləri əhəmiyyətli dərəcədə aktivləşdirir. Baxmayaraq ki, psixi aktivliyin çoxlu sayda əxlaq (davranış) stereotipləri vardır, fərdilik çox dar bir diapazonda şaxələndirilmiş sxemlərdən istifadə edə bilir. Bəs bunlar təhsilverənin müxtəlif fəaliyyət növlərinin müvvəffəqiyyətinə nejə təsir göstərir? Maraqlıdır, hansı təlim metodları müxtəlif təfəkkür və ünsiyyət stereotiplərinə malik təhsilalanlar üçün daha effektlidir, hansı kommunikativ və koqnitiv strategiyaları korrektə etmək, hansı interaktiv metodları inkişaf etdirmək və gücləndirmək lazımdır? Bu problemlərin hamısı yeni təlim texnologiyalarının işlənilməsini tələb edir. Sual olunur, müasir təlim texnologiyaları hansı məhsuldar koqnitiv stereotipləri ayırd etməlidir? Bütün bunlar praktikada baş verən problemlər çərçivəsində formalaşır və uyğun olaraq praktik təffəkürlə əlaqədardır. Ona görə də formal-məntiqi təffəkkür konvergent, praktik təffəkkür isə divergentdir. Əgər formal-məntiqi təffəkkür, yaxşı təşkil edilmiş və mütəşəkkil pedaqoji tədris-təlim prosesində formalaşırsa, əsasən, simvolik rəmzi informasiyadan istifadə edirsə, praktik təffəkkür yüksək səviyyədə sürətə əsaslanır. Beləliklə, təhsil sisteminin verdiyi və ya təsilalanların tədris-təlim prosesində qazandıqları biliklər sisitemi ilə, başqa mənbələrdən, ilk növbədə elektron vasitələrdən əldə edilmiş eklektik (eklektizm-bir-birinə zidd olan fikir və nəzəriyyələrin mexaniki olaraq birləşdirilməsi) informasiyalar arasındaki ziddiyətlərin mövcudluğu pedaqoji ali təhsil sisteminin inkişafında olan əsas metodoloji problemlərin həllini aktuallaşdırır. İnformasiya cəmiyyətinin xarakterik xüsusiyyətlərinə müvafiq təhsilin məzmununu və innovatik texnologiyaların elmi-pedaqoji əsaslarını işləyən zaman, nəzərə almaq lazımdır ki, informasiya şəbəkəsinin, sadəcə olaraq, texniki vasitə kimi istifadə olunması çoxdandır ki, artıq öz dövrünü başa vurmuş, məxsusi semiosferaya (müxtəlif təbiətli dillərlə doldurulmuş sfera) sahib yeni mədəniyyət statusu almışdır. Müasir dövrdə, elektron vasitələrilə daşınan informasiyalarla bağlı mətnlər sensor (sezici) və qavrayış etalonları kimi çıxış edirdisə, pedaqoji kadr hazırlığı ilə bağlı tədris-təlim prosesində qazanılmış biliklər sisitemi sosial qarşılıqlı təsirlərin və davranış normalarının tələblərini, qarşıya qoyulmuş məqsədləri yerinə yetirməyə istiqamətlənir. Belə xarakterli tədris-təlim prosesində baş verən hadisələrin izahında, müasir yanaşmalar səviyyəsində elmin rolu yüksək qiymətləndirildiyindən, həmişə bunlar nəzərə alınaraq inkişaf təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, əsas dəyərlərin elmi dərk edilməsində müxtəliflik vardır. Araşdırmalar göstərir ki, pedaqoji ali təhsil müəssisələrində şəxsiyyətin inkişaf prosesi yeni yanaşmalardan (interaktiv, modul, konvergen, avtomatlaşdırılmış və b.) istifadə edilərək, psixoloji faktorları da nəzərə almaqla həyata keçirilməlidir. Bu prosesdə internetin imkanlarından istifadəyə geniş şərait yaradılmalıdır. İnformasiya cəmiyyətində tədris materialının verbal texnologiyalar əsasında şərh edilməsi tədris-təlim prosesində perspektivsiz hal kimi qiymətləndirilir. Bunlar tədris-təlim prosesində tələb olunan motivasiyanı təmin edə bilmir. Ona görə də təhsil sferası informasiya sahəsində hakim mövqe tutulmalıdır. Qəbul olunan informasiyalar (təlim prosesinə dair müxtəlif məlumatlar), yalnız ayrı-ayrı insanlara (təh­silalanlara) kömək üçün nəzərdə tutulmamalı, bu informasiyalar bütövlükdə cəmiyyətin siyasi, iqtisadi, etik, ekoloji, milli və başqa problemlərini həll etmək, eyni zamanda insan həyatının daha xoşbəxt, dərk edilən və başa düşülən olması məqsədini daşımaldır. Məhz ona görə də müasir texnologiyalar kontekst yanaşma əsasında hazırlanmalıdır.
İnkişaf etmiş ölkələrdə ali təhsil sistemi, hazırda daha çox təlimin fərdiləşməsi istiqamətində inkişaf edir. Ona görə də təlim trayektoriyaları təhsilalan gənc müəllimlərin həyati məqsədlərini və sağlam düşüncə tərzini nəzərə alaraq, şəxsi və koqnitiv bacarıqların formalaşmasını təmin etməlidir. Belə yanaşmalar öyrənənlərdə özünütəlim və özünütərbiyə mexanizmlərinin formalaşdırılması əsasında reallaşdırılmalıdır. Pedaqoji ali təhsil müəssisələrində təlim təhsilalanların əxlaqi, şəxsi və koqnitiv keyfiyyətlərini nəzərə alaraq, şəxsiyyətin effektiv özünüreallaşdırılmasını təmin etməlidir. Araşdırmalar göstərir ki, cəmiyyətdə toplanan biliklərin həcmi hər 2-3 ildə, alim və ixtisaslı müəllimlərin sayı isə təxminən 15 ildə iki dəfə artır. Son 100 ildə alim və səriştəli müəllimlərin sayı təxminən 100 dəfə, biliklərin həcmi bir trilyon dəfə artmışdır. Məlumdur ki, universitetlərdə (xüsusi halda pedaqoji yönümlü ali təhsil müəssisələrində) hazırda tədris-təlim prosesində tətbiq olunan texnologiyalar, yeni təlim və pedaqoji metodlar təxminən yüz il bundan əvvəl tətbiq olunan üsullardan çox az fərqlənir. Bundan başqa, informasiya cəmiyyətində təhsilverənlərin bilik mənbəyinin potensialı və onun səviyyəsi müasir tələblərə tam cavab vermir. Ölkəmizdə pedaqoji təhsil sisteminin inkişafının vacib istiqamətlərindən biri də təhsil standartlarının liberallaşdırılmasını (barışdırıcı mövqe, güzəştə getmə), yəni bu standartların kadr hazırlığında baza rolunu oynayan ali məktəblər tərəfindən hazırlanmasına imkanların yaradılmasını tələb edir. Xüsusi halda, belə tendensiyalar korporativ təhsil proqramlarının reallaşdırılması istiqamətində özünü göstərməlidir. Digər tərəfdən, təhsilalanlarda informasiyanın elektron vasitələrinin təsirilə baş verən şəxsi, əxlaqi və koqnitiv inkişafın xüsusiyyətləri, pedaqoji ali təhsil müəssisələrinə tələbə qəbulunun forma və məzmunun yeniləşdirilməsini və tədris prosesində keyfiyyətin qiymətləndirilməsi üçün yeni kriteriyaların işlənilməsini tələb edir. Pedaqoji yönümlü ali təhsil müəssisələrinin məzunları, bu halda akademik müvəffəqiyyətlərindən başqa, aşağıdakı bir sıra keyfiyyətlərə də sahib olmalıdırlar:
* formalaşmış şifahi və yazılı kommunikativ vərdişlərə malik olmalı;
* eyni zamanda təbiət elmlərinin əsaslarına dərindən yiyələnməli;
* informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnməli;
* kritik (tənqidi) düşünmə qabiliyyətinə malik olmalı;
* fasiləsiz təhsilin tələblərini duymalı və hiss etməli;
* qruplarla işləməyi bacarmalı;
* yaradıcı və təşəbbüskar olmalı, özünüidarədə fəal, daima işində tələbkar olmağı və səy göstərməyi bacarmalı;
* sağlam rəqabət şəraitində öz işindən məmnunluk duymalı;
* mədəni qabiliyyətini beynəlxalq səviyyədə nümayiş etdirməyi bacarmalı;
* həmişə müsbət nəticəyə istiqamətlənməli, sərbəst qərar verməkdən qorxmamalıdır.
Pedaqoji ali təhsil müəssisələri yeni pedaqoji və təlim texnologiyalarının və İKT-nin tətbiqində «beyin mərkəzi» rolunu oynamalı və cəmiyyətin dayanıqlı inkişafını təmin etməlidir. İlkin müəllim hazırlığında insanların fasiləsiz təhsilinin konseptual əsaslarının işlənilməsinə, fundamental və tətbiqi xarakterli tədqiqatların yerinə yetirilməsinə və onların nəticələrinin pedaqoji təhsil sisteminə operativ gətirilməsinə nail olunmalıdır. Pedaqoji təhsil geniş mənada mütəzəm fənlərarası layihələrlə məşğul olmalıdır. Səriştə əsaslı təhsil, təhsil islahatlarının uğurla həyata keçirilməsi və bütövlükdə təhsilin inkişafı üçün vacibdir. Səriştə əsaslı təhsil “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda həyata keçiriləcək əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Tələbə-gənclərə elmi-tədqiqat fəaliyyətinin aşılanması, onlarda elmi-tədqiqat metodologiyalarından istifadə bacarıqları formalaşdırılmalıdır. Bu istiqamətdə tədbirlər həyata keçirilir. Bu vəzifələrin uğurla həyata keçirilməsində səriştə əsaslı təhsil mühüm rol oynayır. Səriştəli pedaqoji kadrların hazırlanmasında təhsil sistemində idarəetmənin və maliyyələşmənin təkminləşdirilməsi də həlledici rol oynayır. Səriştə, bilik, bacarıq, təcrübə qabiliyyətdir. Səriştə biliyə əsaslanır, bacarıq və qabiliyyətin məcmusi kimi qiymətləndirilir. Səriştə məxsusi bilikdir, spesifik qabiliyyətdir Biliklərin praktiki istifadəsi vacibdir. Səriştə əsaslı təhsildə nəzəriyyə ilə praktika ilə birləşdirilir, elmi-nəzəri biliklər əməli fəaliyyətdə tətbiq edilir. Səriştə konkret fəaliyyət nəticəsində əldə edilir, konkret şəraitdə özünü büruzə verir Səriştə peşəkar fəaliyyət üçün başlıca meyardır. Səriştə əsaslı təhsil müasir dünyada geniş yayılmış ömür boyu təhsil üçün də vacibdir. Təhsil müəssisələri idarəetmədə onların fəaliyyət göstərdikləri mühitin tələblərini nəzərə alaraq, kompetensiyalı müəllim hazırlığını təmin etməli, adambaşına maliyyə sisteminə keçidin təmin olunması istiqamətində geniş, səmərəli işlər görməlidir. İlkin müəllim hazırlığında məzunların bilik səviyyəsini yüksəltməklə, səriştəli mütəxəssislər hazırlayaraq cəmiyyətdə yüksəkixtisaslı, müasir tələblərə cavab verən, rəqabətəqabil, geniş profilli müəllimlərin hazırlanması üçün pedaqoji təhsil sistemində aparılan səmərəli fəaliyyətlər sürətləndirilməlidir.
Zülfiyyə Vəliyeva
ADPU-nun “Pedaqoji təhsilin problemləri” ETL-nin
elmi işçisi.Respublikanın Əməkdar müəllimi
Akademik M.Mehdizadə mükafatı laureatı.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info