“Bizdə obyektiv təhsil ekspertləri institutu formalaşmayıb”
Tarix: 04.06.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Telman Cəfərov: “Ali məktəblər üçün dərslik yaradıcılığı
stimullaşdırılmalı, orta məktəblər üçün alternativ
dərsliklərin yazılmasına şərait yaradılmalıdır”


Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də geniş və dərinləşdirilmiş islahatlara ehtiyac duyulurdu. Hazırda isə təhsil sistemimiz dünya təhsil sisteminə sürətlə inteqrasiya edir, tələbələrimiz dünyanın bir çox mötəbər universitetlərində təhsil alırlar. Azərbaycan təhsil sisteminin ən böyük vəzifəsi intellektual, milli dövlətçilik şüuruna malik vətəndaşların yetişdirilməsidir. Bugünədək Azərbaycan təhsili bir çox böyük uğurlar əldə edib. Lakin problemlər, çatışmazlıqlar da var. Çatışmazlıqların aradan qaldırılması, problemlərin həll edilməsi üçün gələcəkdə də dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən olan təhsil siyasətinin daha da təkmilləşdirilməsinə, eyni zamanda təhsil sahəsində müəyyən tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Mövzu ilə bağlı suallarımızı Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin direktoru, filologiya elmləri doktoru, professor Telman Cəfərov cavablandırdı:

-Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra bugünədək təhsilimizdə əldə edilən uğurları, təhsilimizin inkişafını necə qiymətləndirirsiniz?
- Bu barədə müxtəlif vaxtlarda mətbuatda çıxışlarım olub. Bu gün ali və orta təhsil pillələrində mövcud problemlər və görülməli işlər barədə konkret təsəvvürlərimiz var. Bir təhsil işçisi və vətəndaş kimi fikir və düşüncələrimi daim həmkarlarımla, təhsil ekspertləri və valideynlərlə bölüşməyə hazır olmuşam. 1998-ci ildən respublikamızda həyata keçirilən təhsil islahatları və bu istiqamətdə qəbul edilən dövlət proqramlarının reallaşdırılması həm orta, həm də ali təhsilin məzmununa ciddi şəkildə təsir göstərməkdədir. Orta məktəblərimizdə milli kurikulum anlayışı, ali məktəblərimizdə isə kredit sistemi artıq təsdiqini tapıb. Ən əsası da odur ki, geniş ictimaiyyət bu proseslərin içindədir, ölkədə aparılan təhsil islahatları və onun məzmunu barədə hər kəsin məlumatı var, əldə edilən nəticələrə və üzə çıxan çatışmazlıqlara biganə qalan, demək olar ki, yoxdur. Təhsil sistemimizin Avropa və dünya təhsil məkanına sürətli inteqrasiyası göz qabağındadır. Bunun nəticəsidir ki, ölkəmizdə reallaşmaqda olan xaricdə təhsil proqramı ilə yanaşı, həm də xarici tələbələrin Azərbaycan ali məktəblərində təhsili üçün imkanlar genişlənir. Təbii ki, çatışmazlıqlar var. Daha çox və səmərəli işlər görə, təhsil qanunvericiliyi bazası yarada, qəbul edilmiş qanun və qaydaların işləmə mexanizmini tapa bilərdik. Mənə elə gəlir ki, daha böyük uğurlar qazanmamağımızın, subyektiv amillərin üstünlük təşkil etməsinin əsas səbəbi köhnə stereotiplərdən azad ola bilməməyimizdir. Anlaşılmalıdır ki, «bəlkə də qaytardılar» xülyası ilə yaşamağa yer qalmayıb. Yəni təmayül və ixtisası üzrə kifayət qədər biliyi, bacarıq və vərdişləri olmayan şagird və tələbənin qeyri-adekvat şəkildə qiymətləndirilməsinə, motivasiyasız təhsilin planlaşdırılmasına lüzum yoxdur. İndi işə qəbul olunan və irəli çəkilən şəxslərin orta məktəbi qızıl medalla və ya ali məktəbi qırmızı diplomla bitirməsinə yox, konkret dil və peşə bacarığına, şəxsi keyfiyyətləri və dünyagörüşünə diqqət verilir. Bu meyarların üstünlük təşkil etməsi, bizcə, təhsildə və ictimai şüurda uğurlarımızdan xəbər verir.
- Sizcə, təhsil sistemimizin dünya standartları səviyyəsinə çatdırılması və beynəlxalq aləmdə rəqabətə davamlılığını artırmaq üçün daha hansı işlər görülməlidir?
- Diqqəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın müəllifi olduğu gözəl bir devizə yönəltmək istəyirəm: «Yeniləşən Azərbaycana yeni məktəblər». Söhbət təkcə tədris binalarının təmir və tikintisindən, müasir standartlara cavab verən maddi-texniki bazanın yaradılmasından, «bir şagird-bir kompyuter» kimi vacib layihələrin reallaşdırılmasından getmir. Burada həm də yeni və müasir təfəkkür tərzinin, kadrlar ordusunun, ictimaiyyət və məktəb münasibətlərinin formalaşdırılmasından, ölkənin sosial-iqtisadi-diplomatik inkişaf meyillərinə uyğun səmərəli elmi-pedaqoji-psixoloji yanaşmaların və mobil təlim texnologiyalarının reallaşdırılmasının zəruriliyindən danışmalıyıq.
Maraqlıdır ki, biz həm ali, həm də orta təhsil pillələri üçün tədris standartları hazırlamışıq və artıq müəyyən mərhələlərdə onların tətbiqinə başlamışıq. Hesab edirik ki, biz yeni standartlara əsaslanan təhsili köhnə metodikalarla hazırlanmış tədris vəsaitlərinin köməyi ilə həyata keçiririk. Ali məktəblər üçün dərslik yaradıcılığı stimullaşdırılmalı, orta məktəblər üçün alternativ dərsliklərin yazılmasına şərait yaradılmalıdır. Bu barədə fikirlərimizi bu yaxınlarda mətbuatda çap olunmuş yazıda geniş şəkildə ifadə etmişik. Təəssüf ki, indi heç kəs heç kəsi oxumur və yazılanlara reaksiya verilmir. Axı bu düşüncələr və rasional təkliflər 30 ilə yaxın pedaqoji iş təcrübəmizdən, ali və orta təhsil pillələrində gördüklərimizdən irəli gəlir...
Beynəlxalq səviyyəli təhsil verə bilməməyimizin başlıca səbəblərini təhsildə ardıcıllıq və davamlılıq prinsiplərinin gözlənilməməsində, həyata keçirilən eksperiment və layihələrin nəticələrinin (hətta qənaətbəxş olmasa belə) müzakirəyə çıxarılmamasında, distant təhsildə ciddi geriliyimizdə, elektron təhsil resursları bazasının lazımi səviyyədə formalaşdırılmamasında və əlbəttə, subyektiv amillərin mövcudluğunda görürük. Təəssüflər olsun ki, bizdə obyektiv təhsil ekspertləri institutu formalaşmayıb. Bu da bəzən yalançı ictimai rəylərə və ölkə rəhbərliyinin apardığı təhsil siyasəti barədə qeyri-adekvat fikirlərə meydan açır. Bəli, təhsil iştirakçısı olan hər kəs öz rəyini bildirə bilər, lakin bu rəylərin ekran və ya mətbuat vasitəsi ilə ictimai rəyə ötürülməsi yolverilməzdir. Deyilənlər nəzərə alınarsa, uğurlar da olacaq.
- Ölkəmizdə son dövrlərdə gənclər arasında Azərbaycanın inkişafını istəməyən qüvvələr tərəfindən müxtəlif fikir cərəyanlarının yayılmasına cəhdlər var. Sizcə, gənclərimizin belə zərərli yollara düşməsinin qarşısını almaq üçün orta və ali məktəblərin üzərinə hansı vəzifələr düşür?
- Açığını desək, bugünkü gənclərimiz beş-on il bundan əvvəlkinə nisbətən daha ayıq və fərasətlidirlər; inkişafın, cəmiyyətdə öz yerini tutmağın, irəli getməyin, öz bacarığına uyğun işin qulpundan yapışmağın yollarını gözəl anlayırlar. 24-26 may 2013-cü il tarixlərdə İzmirdə keçirilən «Türkcə olimpiadaları. Mədəniyyətlər sərgisi» və bu tədbir çərçivəsində baş tutan «Azərbaycan günü»ndə qardaş ölkədə oxuyan tələbələrimizin Azərbaycan sevgisi, öz gələcəkləri barədə dürüst düşüncələri bizi əməlli-başlı təsirləndirmişdi. Təbii ki, təhsil müəssisələri bu yönümdə ciddi fəaliyyət göstərməlidirlər. Bakı Slavyan Universitetində keçirilən və universitetimizin iştirakı ilə təşkil olunan istənilən tədbirin, o cümlədən beynəlxalq konfrans və forumların ən fəal iştirakçıları tələbələrimizdir. Onlar qonaqları qarşılayır, respublikamızla tanış edir, tərcüməçi kimi özlərini sınayırlar. Rektorumuz, AMEA-nın müxbir üzvü, prof. Kamal Abdullayevin təşəbbüsü ilə yaradılan tələbələrdən ibarət Kölgə kabineti, «Bir günlük xəlifə» tədbiri, Tələbə və Şagird elmi cəmiyyətləri, Şagird parlamenti gənc nəslin təlim-tərbiyə işinin vacib həlqələrinə çevrilib. Bakı Slavyan Universiteti 2005-ci ildən başlayaraq ənənəvi olaraq tələbələrin pedaqoji təcrübəsinin qaçqın məktəblərində keçirilməsinə nail olmuş, qaçqın məktəblərinin istedadlı şagirdlərinin şagird-tələbə elmi konfranslarında iştirakına, onlara professor-müəllim heyətinin elmi rəhbərliyinə şərait yaratmışdır... Bu və digər addımlar sağlam gəncliyimizin formalaşması, hər bir tələbənin seçdiyi ixtisas üzrə lazımi hazırlıq keçməsi üçün imkanların bolluğuna işarədir. Ali məktəblərimizdə belə bir mühit yaransa, tələbənin marağı təmin edilərsə, başqa təmayüllərə yer qalarmı? Əsla yox! Dövlətin təhsil siyasətini həyata keçirən təhsil müəssisələri öz vəzifələrinin öhdəsindən gəlməlidirlər.
- BSU-nun Məktəb - Lisey Kompleksi ölkəmizdə ilk yeni tipli orta təhsil müəssisələrindən biridir. Bu təhsil ocağında şagirdlərin savadlı, intellektual, milli dövlətçiliyimizə sadiq şəkildə formalaşdırılması üçün nə kimi işlər görülür?
- Məktəb-lisey kompleksi Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərir. BSU Humanitar Liseyi və Bakı şəhər 15 nömrəli tam orta məktəbinin bazasında 2010-cu ildə yaradılıb. Kompleksin Azərbaycan və rus bölmələrində 41 sinif komplektində 900 nəfərədək şagird təhsil alır. Dərslər 110-dan artıq yüksək ixtisaslı fənn müəllimi tərəfindən aparılır. Kompleksdə ingilis, rus, alman, fransız dilləri tədris olunur. Müqavilə əsasında dil daşıyıcıları olan xarici mütəxəssislər də tədrisə cəlb olunur. Təmayül fənləri, maraq üzrə kurslar, fakultativ məşğələlər, günüuzadılmış qruplar və dərsanə məşğələləri hesabına lisey siniflərində ingilisdilli fənlər bloku (Azərbaycan və dünya tarixi, ingilis ədəbiyyatı, ifadəli oxu) tədris olunur ki, bu fənlər üçün tədris vəsaitləri müəllimlərimiz tərəfindən yazılıb. Ali və orta təhsil pillələri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan bu addım ali təhsil sistemində novatorluq kimi qiymətləndirilə bilər. Respublikamızın qabaqcıl universitetlərinin elmi-metodik potensialının orta məktəblərə ünvanlanması, professor-müəllim heyətinin elmi potensialından daha səmərəli istifadə məqsədi güdən bu təşəbbüs pedaqoji ictimaiyyət tərəfindən düzgün dəyərləndirilsə, təhsildə daha ciddi nailiyyətlər əldə edə bilərik.
Fəaliyyətimizə gəlincə, onu qeyd edək ki, şagirdlərimizin tədbirlərdə, müxtəlif məktəb və müştərək layihələrdə iştirakı, onlara fərdi yanaşma diqqət mərkəzindədir. Optimal tədris planlarının yaradılması və icrası, müəllimlərin professionallıq səviyyəsinin yüksəldilməsi, şagirdlərə bədii qiraət və yazı vərdişlərinin aşılanması, onların yaradıcılıq məşğələlərinə, təqdimat və debatlara cəlb olunması, şagirdlərin fiziki təlimi, valideyn-məktəb münasibətlərinin nizamlanması istiqamətində işlər görürük.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info