“Antimilli qüvvələrin, hətta ermənilər tərəfindən maliyyələşməsi faktları var”
Tarix: 20.04.2018 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Tahir Kərimli:
“Prezident antimilli qüvvələrin yerinin tarixin zibilxanası olduğunu deməklə, çox orijinal və haqlı bir fikir söylədi”

Azər Həsrət:
“Ölkə başçısı marginallaşmış qrupları bir daha xəbərdar etdi ki, ermənilərə bağlı mərkəzlərə yox, xalqa xidmət etsinlər”

Prezident İlham Əliyev andiçmə mərasimində nitqi zamanı bir sıra vacib məsələlərə toxundu ki, bunlardan biri də antimilli qüvvələrlə bağlı idi. Prezident dedi: “O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.
Prezidentin səsləndirdiyi bu mesajlarla bağlı “Palitra”ya açıqlama verən millət vəkili Tahir Kərimli deyir ki, ölkə başçısı məlum çıxışı ilə həm də xalqın dağıdıcı qüvvələrə olan mövqeyini ortaya qoymuş oldu: “Hər şeydən əvvəl, Prezident konstruktiv müxalifətə qiymət verdi. O Prezidentliyə namizədlərin fikirlərinə, təklif və tənqidlərinə hörmətlə yanaşılacağını qeyd etdi, irəli sürülən təkliflərdən istifadə ediləcəyini bildirdi. Yəni bu, cənab Prezidentin özünün siyasi məsələlərə qərəzsiz münasibətinin təzahürü idi. Təbii ki, bu fonda antimilli qüvvələrin yerinin tarixin zibilxanası olduğunu deməklə, çox orijinal və haqlı bir fikir də söylədi. Çünki, doğrudan da, bunlar islah olunmayan qüvvələrdir. O qüvvələr ki, həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda Azərbaycan əleyhinə anormal bir şəkildə fəaliyyət göstərirlər. Heç çəkinmədən də özlərinin buyruq qulu olduqlarını ortaya qoyurlar. Çünki dəfələrlə sübut olunub ki, bu qüvvələr təkcə Azərbaycan kimi kiçik ölkələri sevməyən “Soros” fondu və digər mərkəzlər tərəfindən yox, həm də Avropada, ABŞ-da, hətta qonşu ölkələrdə olan erməni sponsorlar, ya da erməni əsilli şəxslərin rəhbərlik etdiyi təşkilatlar vasitəsilə də maliyyələşir, mükafatlar alırlar”. Tahir Kərimli deyir ki, bu cür faktlar həmişə olub və bu gün də belə hallar təkrarlanır. Prezident seçkisi ərəfəsində də bütün siyasi qüvvələrə şərait yaratmaq, hətta boykot tərəfdarlarının belə, açıq meydanda istənilən kütləvi tədbirlərinin keçirilməsinə şərait yaratmaq ölkədəki demokratik durumun bir nümunəsi idi: “Amma seçkilərdə iştirak etməmək onların özlərinə bir zərbə oldu. Çünki onlar yaxşı başa düşürdülər ki, prezident seçkilərində qalib gəlmələri üçün heç bir şansları yoxdur. Xalq artıq çoxdan onları dəstəkləmir, 90-cı illərdə bu qüvvələrin ölkəni hansı hala saldıqlarını yaxşı xatırlayır. Hətta iş o yerə çatıb ki, əvvəllər bu qüvvələri dəstəkləyən ayrı-ayrı qruplar, insanlar belə, bu siyasətçilərdən, partiyalardan imtina ediblər. Ona görə də bu qüvvələr seçkinin vaxtının dəyişdirilməsini əllərində bəhanə tutaraq, boykot qərarı verdilər. Dünya praktikasına baxdıqda isə görürük ki, yalnız bizdə müxalifət belə anormal qərarlar verir. İki gün öncə Türkiyədə də seçkilərlə bağlı oxşar qərar verildi. Yəni bu cür hallar digər ölkələrdə də olur. Bütün ölkələrdə müxalifət partiyaları belə hallara hazır olmalıdır. Lakin Azərbaycanda olan bu radikal müxalifət partiyaları seçkilərə hazır deyildi, heç oktyabrda olsaydı belə, seçkiyə hazır olmayacaqdı. Açıqdan-açığa cığallıq edərək seçkilərdə siyasi mübarizələrini ortaya qoymaq əvəzinə, stadionu seçdilər”.

“Bu qüvvələr ilbəil daha çox ifşa olunurlar”
90-cı illərdən bu qüvvələri yaxşı tanıdığını deyən millət vəkili bildirdi ki, onların maliyyə mənbələri də ciddi suallar doğurur. Bu partiyaların maliyyə mənbələri Azərbaycan büdcəsindən gəlmir və qanunla qadağan olunmuş formada əldə edilir. Çünki siyasi partiyalar haqqında qanunda partiyaların xaricdən maliyyələşməsi birmənalı şəkildə qadağan edilir: “Qısası, onlar xaricdən maliyyələşən qüvvələrdirlər və seçki ərəfəsində aktivləşmişdilər. Özlərini radikal aparan, Azərbaycan hökuməti ilə dövləti qarışdırıb birbaşa dövlətə, dövlətçiliyə zərbə vuran, söyüşkən bir ritorikanı seçən, ölkəmizə heç bir xeyri dəyməyən, bulanıq suda balıq tutmaq sevdasında olan, ölkəmizdə sabitliyi pozmağa çalışan bu qüvvələrə ölkə başçısı ən yaxşı formada qiymət verdi! Prezident andiçmədə birmənalı şəkildə bildirdi ki, ölkədə sabitlik olmasa, heç bir inkişaf və demokratiyadan danışmağa dəyməz. Bunu bu gün bizə yaxın olan müsəlman ölkələrində baş verən proseslərdən aşkar görürük. Bu qüvvələr ilbəil daha çox ifşa olunurlar, xarici qüvvələrə daha çox sığınmağa başlayıblar”.
Tahir Kərimli deyir ki, ümumilikdə dəyərləndirdikdə Prezidentin çıxışı çox möhtəşəm və hərtərəfli alındı. Bu çıxışda Azərbaycanın bütün iqtisadi-siyasi inkişafının nəticələri göstərildi: “Kənd təsərrüfatının inkişafına, islahatların davam edəcəyinə, beynəlxalq münasibətlərə, qonşu dövlətlərlə olan münasibətlərə, logistika mərkəzlərinin açılmasına, beynəlxalq layihələrin mərkəzinə çevrilməyimizə - bütün bu və digər sahələrə diqqət çəkən ölkə başçısı yaxın gələcəkdə ölkəmizə böyük dividendlər gətirəcək, iqtisadiyyatımızı gücləndirəcək amilləri də vurğuladı. Yəni hər kəs, antimilli qüvvələr də çox yaxşı bilirlər ki, bu uğurların fonunda xalqın dəstəyini görməyən radikallar nəinki hökumətə, heç mitinq keçirdikləri ərazinin - Yasamal rayonunun İcra Hakimiyyətinə belə gücləri çatmaz! Onlar dövləti idarə etməyin nə dərəcədə mürəkkəb məsələ olduğunu da gözəl anlayırlar, sadəcə, yenidən xaos yaratmaq üçün rəhbərliyə gəlmələrinə can atırlar. Qısası, bu qüvvələrin xarici ağalarına özlərini göstərmək, müəyyən maliyyə qoparmaq istəkləri həmişə ortada olub, belə fəaliyyətləri də davam edəcək”.

“Özlərini radikal aparan, birbaşa dövlətə, dövlətçiliyə zərbə vuran, söyüşkən bir ritorikanı seçən, ölkəmizə heç bir xeyri dəyməyən, bulanıq suda balıq tutmaq sevdasında olan, ölkəmizdə sabitliyi pozmağa çalışan bu qüvvələrə ölkə başçısı ən yaxşı formada qiymət verdi!”

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət də Prezidentin səsləndirdiyi fikirlərdə ciddi mesajların olduğunu düşünür:
“Prezidentin çıxışına diqqətlə qulaq asdım və demək olar ki, o hər cümləsində bir mesaj olan bu çıxışda Azərbaycandakı ümumi siyasi mənzərəni çox gözəl analiz və təhlil etdi, eyni zamanda ölkəmizdə normal siyasətlə məşğul olmaq istəyən insanlara da bir növ çağırışlar etmiş oldu. Yəni konkret olaraq ölkə başçısı Azərbaycanda bütün azadlıqların təmin edildiyi mesajını verdi. O ötən 15 il ərzində bu azadlıqların ən yüksək səviyyədə təmin edilməsini vurğuladı. İlham Əliyev bir daha dünyaya çatdırdı ki, Azərbaycan demokratiya və ifadə azadlığına sadiq dövlətdir, bundan sonra da belə olacaq. İkinci bir tərəfdən o Azərbaycanda yaradılan bu şəraitdən sui-istifadə edən qüvvələrə də mesajlarını vermiş oldu. Yəni biz hüquqi dövlətdə yaşayırıq, Azərbaycan özünə hörmət edən layiqli hüquqi dövlətdir, bu dövlətdə hər şey qanunlar çərçivəsində həll edilir. Azadlıqlar mövcuddur, ondan istifadə etmək hər kəsin haqqıdır, amma heç kim bu azadlıqlardan istifadə edərkən özünün məsuliyyət hissini unutmamalıdır”.
Azər Həsrət deyir ki, marginallaşmış qruplar, yaxud da antimilli ünsürlər dediyimiz kəsimə dair olan fikirlərdə, çağırışlarda ölkə başçısı yenə səbir, təmkin nümayiş etdirdi: “Əslində, Prezident burada bir xoş məram nümayiş etdirdi və onları bir daha xəbərdar etmiş oldu ki, bu qüvvələr Azərbaycanın mənafelərinə, xalqa xidmət etsinlər. Hansısa şübhəli qüvvələrə, yaxud da ki, ermənilərə bağlı mərkəzlərə xidmət etməsinlər. Düşünürəm ki, Azərbaycanda siyasi müxalifətçiliklə məşğul olmaq istəyən qüvvələr bu çağırışlardan dərs almalıdırlar. Onlar bu fikirləri düzgün dəyərləndirməlidirlər. Burada açıq-aşkar deyilir ki, bəli, buyurun, ölkədə müxalifətçilik də edin, tənqidlərinizi də ortaya qoyun, siyasi mübarizə aparın, ölkənin siyasi həyatında yaxından iştirak edin, amma bütün bunları edərkən Azərbaycan dövlətinin və xalqının mənafelərini zərərli mərkəzlərə, qüvvələrə satmayın. Müxalifətdə olan insanlar bu çağırışı nəzərə almalıdırlar. Bunu nəzərə almayacaq insanlar və təşkilatlar antiazərbaycan qüvvələr kimi qəbul ediləcək və bundan sonra da onlara qarşı ümumxalq nifrətinin ayaqda olması qaçılmazdır. Düşünürəm ki, bütövlükdə götürəndə Prezidentin çıxışı ilə bağlı geniş təhlillər edilməli, xüsusən də, müxalifətdə olan insanlar bunu düzgün dəyərləndirməyi bacarmalıdırlar”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info