Türkiyə hökuməti geri çəkildi
Tarix: 04.06.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini mətbuat konfransında şiddətə məruz
qalanlardan üzr istədi


İstanbulun Taksim meydanındakı parkda ağacların kəsilməsinə etiraz edən vətəndaşların aksiyası səngimək bilmir. Paytaxt Ankarada Kızılay meydanında etiraz edən insanlara polis müdaxilə edib və 500-dək insan həbs edilib. Polis şəhərin digər yerlərində də analoji aksiyaları dağıdıb. Qarşıdurma zamanı «Habertürk» qəzetinin müxbiri Bedirhan Özyiğit yaralanıb. Həmçinin polislərin istifadə etdiyi zirehli maşınlardan (TOMA) biri də yandırılıb. İstanbulda Taksim meydanında və İstiqlal küçəsində gecə nisbətən sakit keçib. Lakin Beşiktaş meydanında polislə etirazçılar arasında qarşıdurma baş verib.
Etiraz aksiyaları həmçinin Adana, Eskişehir, Malatya, Hatay, Kocaeli, Ədirnə, Tunceli, Trabzon, Antalya, Bodrum, İzmir, Kayseri və Samsun şəhərlərində də keçirilib. Türkiyə prezidenti Abdulla Gülün Çankaya köşkünə yaxınlaşan nümayişçilərə qaz bombaları atılmaması üçün polisə təlimat verdiyi ortaya çıxıb. “Milliyət” qəzetinin məlumatına görə, hadisə gecə saatlarında baş verib. İstanbulun Taksim meydanında etiraz aksiyası keçirənlərə dəstək məqsədilə Ankarada küçələrə çıxan kütlələrin bir qrupu prezidentin Çankaya iqamətgahına doğru yönəlib. Polis onların qarşısını kəsərək iqamətgaha yaxınlaşmalarına imkan verməyib. Vəziyyətdən xəbərdar edilən A. Gül nümayişçilərə qaz bombaları atılmaması üçün polisə tapşırıq verib. Bir müddət iqamətgahın yaxınlığında gözləyən etirazçılar dinc şəkildə dağılışıblar. Hatay şəhərində hökumətə qarşı keçirilən etiraz aksiyası zamanı bir nəfər odlu silahdan açılan atəş nəticəsində həlak olub. “Anadolu” agentliyinin məlumatına görə, Hatay valisi Cəlaləddin Ləkəsiz iyunun 3-də saat 23:35-də şəhərin Armudlu məhəlləsində naməlum şəxsin atəşi nəticəsində Abdulla Cömərt adlı 22 yaşlı vətəndaşın ağır yaralanaraq xəstəxanaya aparıldığını və orada öldüyünü açıqlayıb. Vali təhlükəsizlik qüvvələrinə də odlu silahdan atəş açıldığını söyləyərək hazırda təhqiqat aparıldığını deyib. O, olayın təxribat məqsədilə törədildiyi versiyası üzərində dayanıb. A.Cömərt ölümündən 8 saat əvvəl sosial mediada aşağıdakı mesajı paylaşıb: “Üç gündə sadəcə 5 saat yatmışam. Dəfələrlə qaz bombası hücumuna məruz qaldım, 3 dəfə ölüm təhlükəsi yaşadım. İnsanlar mənə nə deyir, bilirsinizmi? “Boşver, ölkəni sən xilas edəcəksən?” Xilas edə bilməsək də, bu yolda öləcəyik”.
Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın xalqdan üzr istəməli olduğunu bildirib. Bu barədə «CNNTürk» məlumat yayıb. «Bir baş nazirin «biz 50%-i evlərində güclə saxlamışıq» deməsi nə deməkdir? Ancaq məsuliyyətsiz baş nazir belə danışa bilər. Kütləni sakitliyə, sağlam düşüncəyə çağırmaq lazımdır, davaya yox. Əgər kütlənin «50%-i də mənim nəzarətimdədir, mən onları istədiyim an sahəyə çıxara bilərəm, əllərində dəyənəklərlə bir dava başlayar» deyə hədələyirsinizsə, bunun adı, belə bir danışığın adı demokratiya deyil. Bu ancaq diktatorların söyləyəcəyi, istifadə edəcəyi bir dildir»- deyə müxalifət lideri bəyan edib. Kılıçdaroğlu daha sonra baş nazirin xalqdan üzr istəməsini tələb edib: «Baş nazirin çıxıb xalqdan üzr istəməlidir. Bunu istəyirik. Bunu tələb edirik. Üzr dilədiyi andan etibarən ümid edirəm, olaylar başa çatar. Biz dövlət əmlakına zərər verən bir aksiyanı dəstəkləmirik. Heç bir aksiya zorakılığa çevrilməməlidir. Əks halda o artıq demokratik olmaz».
Partiya lideri həmçinin polisin qeyri-adekvat qüvvə tətbiq etdiyini bildirib. Qeyd edək ki, iyunun 3-də Kılıçdaroğlu ilə görüşən prezident Gül bir gün sonra baş nazirin müavini Bülənt Arıncı qəbul edib. Görüşdən sonra açıqlama verən Arınc baş verən olaylarla bağlı Gülə məlumat verdiyini qeyd edib: «Faydalı görüş oldu. Son günlərdə baş verən olaylarla bağlı nə edə biləcəyimizi müzakirə etdik. Təlimatlarımızı aldıq». Bu görüşdən sonra mətbuat konfransı keçirən Arınc hadisələrin ilk günündə polisin həddindən artıq sərt davranmasının hadisələrin bu səviyyəyə gəlib çatmasına səbəb olduğunu bildirib. Baş nazirin müavini ətraf mühitə bu qədər həssaslıqla yanaşanlara qarşı polisin bu davranışına görə üzr istəyib. Eyni zamanda bildirib ki, hadisələrdən istifadə edən bəzi qruplar vəziyyəti gərginləşdirməyə çalışır. O, vətəndaşları sakit olmağa çağırıb və onların dinc şəkildə fikirlərini ifadə etməyə hüquqlarını olduğunu bildirib.
Arınc bildirib ki, hökumət nümayişçilərin tələblərini müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, hökumət üçün ən əsası radikal tədbirlərin olmamasıdır. O, həmçinin bildirib ki, baş verənlərə baxmayaraq, hökumət bundan sonra da qeyri-leqal qruplaşmalara qarşı mübarizə aparacaq. Baş nazirin müavininin sözlərinə görə, Taksim meydanında baş verən hadisələr ölkənin beynəlxalq imicinə təsir edir və onlardan həmçinin Türkiyə iqtisadiyyatı ziyan çəkir. Proseslərin dövlətin nəzarəti altında olduğunu ifadə edən Arınc vətəndaşları sakit olmağa, aksiyaları dayandırmağa çağırıb.
Bu arada ABŞ-ın Ankaradakı səfirliyi Türkiyəyə səfər edən və Türkiyədə yaşayan amerikalılara müraciət edib. Səfirliyin saytında yerləşdirilən müraciətdə Türkiyə miqyasında baş verən hadisələrdən bəhs edilir və bildirilir: “Türkiyəyə səfər edən və ya bu ölkədə yaşayan amerikalılar mümkün təhlükələrə qarşı çox diqqətli olmalıdır. ABŞ vətəndaşlarına nümayişlərdən və mitinqlərdən uzaq durmalarını tövsiyə edirik. Dinc aksiyalar belə toqquşmalara və zorakılığa səbəb ola bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info